TƏDQİQATLAR
A- A A+

Qarabağ “sudetləri”: uzun sürən nəzəri legitimləşdirmə axtarışlarında

2018-01-29 10:05:30

.

Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən “sudetləşdirilməsinə” bəraət qazandırmaq üçün nəzəri legitimləşdirmə yolları və arqumentlər axtarışında müəyyən təkamül baş verib. Bu münaqişənin lap əvvəlində erməni tərəfi “miatsum” (yəni “birləşmə”) barədə, necə deyərlər, utanıb-qızarmadan, açıq-aşkar danışırdı. Erməni tərəfi hətta bahar vaxtı doğma diyara qayıdan durnanı (“Krunk”) öz iddialarının rəmzi kimi seçmişdi. Ərazi iddialarının bu klassik və açıq forması, xüsusən 1975-ci ildə Helsinki Yekun Aktı imzalanandan sonra o qədər də populyar hesab edilmirdi. “Miatsum”un erməni ideoloqlarını belə “xırda məsələni” bilməməyə görə qınamaq çox sərt olardı, çünki balayanlar, muradyanlar, manuçarovlar və başqaları heç vaxt parlaq intellektləri ilə fərqlənməyiblər. Akademik Aqanbeqyanın Fransa nəşrinə müsahibə şəklində “Avrora”nın siqnal yaylım atəşi ərəfəsində madam Qorbaçovaya brilyant üzüklər və təsviri sənət inciləri hədiyyə edən diaspor müşavirləri də yəqin güman etmirdilər ki, açıq-aşkar ərazi iddiaları barədə şüarlara dünya birliyinin münasibəti soyuq olacaq. Belə bir vaxtda məşhur Qalina Starovoytova gözlənilmədən erməni siyasi texnoloqlarına öz məsləhətlərini təklif etdi. Biz onun mahiyyəti ilə bağlı bəzi detalları açıqlamaq üçün bir haşiyə çıxmalı olacağıq.

X X X

1989-cu ildə Qalina Starovoytova İttifaqın Xalq Deputatları Qurultayına Ermənistan SSR-dən nümayəndə seçilməsi ərəfəsində kim olub? Ümumiyyətlə desək, heç kim. Onun vaxtılə müdafiə etdiyi dissertasiya işi kobud faktoloji səhvlərlə dolu idi (konseptual səhvlər də öz yerində). Bu işin elmi şuradan necə buraxılması müəmma kimi qalır. O, müəyyən məqamda Andrey Saxarovun ailəsi ilə yaxınlaşıb. Bu ailədə əsas söz sahibi akademikin xanımı Lüsine Gevorkovna Əlixanyan-Bonner idi. Xanım Bonnerin öz ərinə Dağlıq Qarabağ barədə necə məsləhətlər verə biləcəyini güman etmək çətin deyil (SSRİ DTK-nın məlumatına görə, Bonner hətta Saxarovu tez-tez döyürmüş). Belə bir vaxtda hələ gənc olan Qalya özü üçün gözlənilmədən bu mühitə düşür. Qarabağ münaqişəsi qızışanda o, münaqişənin həlli yollarını, necə deyərlər, yerində axtarmaq üçün SSRİ Elmlər Akademiyasının alimlərindən ibarət nümayəndə heyətinin tərkibində (Saxarov da həmin nümayəndə heyətinə daxil idi) Bakıya və Yerevana uçur. Məhz Moskva alimlərinin həmin “məkik diplomatiyası turnesi” çərçivəsində Azərbaycan SSR Elmlər Akademiyasında keçirilən görüşdə Andrey Saxarov gözlənilmədən azərbaycanlı həmkarlarına belə bir sxem təklif edir: “Ermənistan Vardenis və Krasnoselski rayonlarını (qeyd: Ermənistan ərazisində tarixən azərbaycanlıların məskunlaşdığı Şərqi Göyçə mahalı) sizə, siz isə Dağlıq Qarabağı ona verirsiniz. Saxarovun bu təklifinin müqabilində Azərbaycan SSR EA prezidenti Eldar Salayev ona ritorik suallarla müraciət edir: “Siz insanların talelərini belə asanlıqla həll etməyi və sərhədləri dəyişdirməyi Qorkidə sürgündə olarkən öyrənmisiniz? Bəs Dağlıq Qarabağın azərbaycanlı icması bircə anda öz vətənindən kənarda qalacağı barədə düşünmüsünüzmü? Zəngəzurlu, dərələyəzli, vedibasarlı, qərbi qazaxlı azərbaycanlıların birdən-birə Ermənistana düşməsi sizə azlıq edir? İndi şuşalıları da Yerevanın əlinə vermək istəyirsiniz?”

Əlbəttə, Saxarov belə suallara hazır deyildi, buna görə tezcə öz təklifini geri götürdü. Bu görüşdə akademikin iki ay əvvəlki çıxışına görə də onu utandırdılar. O, həmin çıxışında (təbii ki, özünün erməni xanımının məsləhəti ilə) bütün dünyaya bəyan etmişdi ki, Sumqayıtda üç yüz erməni qadın və uşaq öldürülüb. Ona SSRİ Baş Prokurorluğunun rəsmi məlumatını təqdim etdilər. Həmin məlumata görə Sumqayıtda cəmi 32 adam, o cümlədən 26 erməni və 6 azərbaycanlı həlak olub. Ölənlər arasında heç bir uşaq olmayıb. Bundan əlavə, SSRİ Baş Prokurorluğunun məşhur residivist, iyirmi altı ermənidən altısını şəxsən özü öldürmüş Eduard Qriqoryan barədə rəsmi materiallarını da Saxarova təqdim etdilər. Saxarov bu sənədlərə baxandan sonra qızarıb üzr istədi: “Bağışlayın, məni lazımınca məlumatlandırmayıblar”. Akademik Saxarov arvadı Lüsyanın “icazəsi” olmadan üzrxahlıq edəndən sonra evdə necə cəzalandırıldığını bilmirik, amma bunu bilirik ki, Saxarov “üç yüz erməni qadın və uşaq” barədə məsuliyyətsiz və yalan bəyanatını bütün dünya qarşısında səsləndirmiş, üzrxahlığı alimlərin kiçik qrupu qarşısında dörd qapalı divar arasında etmiş, amma sonradan özünün çadırdığı dünya auditoriyası qarşısında bu üzrxahlığı təkrar etməmişdi.

Biz SSRİ EA nümayəndə heyətinin Bakıya və Yerevana bu səfərini heç də təsadüfən xatırlamadıq. İş burasındadır ki, Qalina Starovoytova da nə yollasa, çox güman ki, Saxarovun suflyoru kimi həmin nümayəndə heyətinin tərkibinə düşmüşdü. O vaxt özünün maksimal elmi həddi olan “elmlər namizədi” dərəcəsi almış Starovoytovanı yəqin ki, Saxarov özü götürmüşdü. Nümayəndə heyətinin səfər proqramı çox zəngin idi, proqrama əsasən bir neçə başqa görüş də nəzərdə tutulmuşdu. Belə görüşlərin birində Qalina Starovoytova bossun xəbəri olmadan “aradan çıxaraq” yenə Azərbaycan SSR Elmlər Akademiyasına, Azərbaycan alimlərindən israrla xahiş edərək razılıq aldığı separat görüşə getmişdi. Mənim mərhum atamın da iştirak etdiyi həmin görüşdə Starovoytova Moskvada geniş əlaqələri olduğunu bildirir və heç kəsin gözləmədiyi halda Azərbaycanın mövqeyini “piar etmək” xidmətlərini təklif edir. Onun Moskvadakı əlaqələrinin nə dərəcədə “geniş” olduğunu deyə bilmərik, amma özünün “informasiya dəstəyi” müqabilində Bakıdan “boş bir şey” – bir ildən sonra keçiriləcək SSRİ Xalq Deputatları Qurultayına Azərbaycandan nümayəndə seçilməsini xahiş edir. Ona sadəlövhcəsinə cavab verirlər ki, Azərbaycan tərəfin işi haqq işidir və bizim muzdlu lobbiçilərə ehtiyacımız yoxdur.

Bundan sonra Starovoytova Yerevana uçur və orada onun analoji təklifini məmnuniyyətlə qəbul edirlər. Beləliklə o, Ermənistandan SSRİ xalq deputatı olur və “arsax xalqının öz müqəddəratını təyinetmə hüquqları uğrunda alovlu mübariz” kimi adı Vikipediyaya düşür. Həmin gün axşam atam moskvalı qonağın şokedici təklifi barədə danışanda biz çaşıb qalmışdıq: Azərbaycanın apriori ədalətli mövqeyinin müdafiə olunması müqabilində haqq istəmək olarmı! İlahi, o vaxt biz necə də sadəlövh olmuşuq. Bizə elə gəlirdi ki, əgər həqiqət varsa onu hamı bilməlidir və bunun müqabilində heç kəsə heç bir haqq ödəmək lazım deyil, çünki həqiqət elə həqiqətdir. O vaxt biz bilmirdik ki, bu riyakar dünyada vəziyyət başqadır. Biz hələ bilmirdik ki, bu dünyada “apriori” heç nə olmur. Yeri gələndə südə ağ, kömürə isə qara demələri üçün kimlərəsə balıq kürüsü də yedirtmək lazım imiş. Biz onu da bilmirdik ki, erməni diasporundan bəxşiş kimi əla markalı bir şüşə erməni konyakı alanda, illah da brilyant üzük alanda əsla utanıb-çəkinmədən südə qara deyərlərmiş. O vaxta qədər Qərbdə özlərinin yüz illik tarixə malik diasporu olan ermənilər isə bu riyakar dünyanın mahiyyətini öyrənməkdə bizi çox qabaqlamışdılar.

X X X

Lakin gəlin “miatsum” məsələsinə qayıdaq.

SSRİ Ali Soveti Rəyasət heyətinin 18 iyul 1988-ci il tarixli iclasında digər dövlətin razılığı olmadan “birləşmə” barədə tezisin həddən artıq kobud olması qeyd ediləndə o vaxta qədər Ermənistan Respublikasından deputat seçilməsi vədi edilmiş Starovoytova bu vədin əvəzini ödəmək üçün ermənilərin köməyinə gəldi. Bu dəfə o, taktiki gediş təklif etdi: açıq-aşkar “miatsum” ideyasını “xalqların təyini-müqəddarat hüququ” adı ilə pərdələdi. Bu arqumentin zəif olması və onun nəzəri mahiyyətinin ermənilər tərəfindən düzgün şərh olunmaması dəfələrlə sübut edilib, lakin Ermənistanda onu əvvəlki şəklində təkrar edirlər. İndi - BMT-nin Kosovo üzrə Beynəlxalq Məhkəməsi Kosovo ilə digər separatist keyslər arasında presedent əlaqə olmadığı birmənalı şəkildə qeyd edildiyi, Krımda keçirilmiş “referendum”un dünyada tanınmadığı, Kataloniyada separatizmin hər yerdə qınandığı bir vaxtda Yerevanda narahat olublar: “Dağlıq Qarabağ üzrə Minsk konfransı toplaşanda bizə də eyni cavab verilməyəcəkmi?”

Ermənilər gec başa düşüblər ki, qeyri-məhdud təyini-müqəddərat barədə tezis özbaşına işləmir, onu xoşagələn və inandırıcı şəkildə möhkəmlətmək lazımdır. Bax, bu məqamda erməni tərəfinin leksikonunda (ola bilsin ki, Brüsseldə və ya Vaşinqtonda növbəti bir “starovoytova”nın məsləhəti ilə) yeni gəlişigözəl ifadələr yaranıb. Son vaxtlar Ermənistanın siyasi dairələrində Qarabağ məsələsini ... insan haqları ilə əlaqələndirmək dəb düşüb. Belə çıxır ki, Dağlıq Qarabağ məsələsi insan haqları sahəsinə aiddir. Qəşəng səslənir, elədirmi? Razılaşın ki, indi insan haqları mövzusu dəbdədir və Qərbdəki siyasətçilər sözün hərfi mənasında bu mövzuya aludə olublar. Bəs necə! Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkün olmadığını əsaslandırmaq üçün “Freedom House” təşkilatının “azadlıq kartı”ndan istifadə etməmək olarmı!

Mən bir dəfə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın “Alman dalğası” nəşrinə müsahibəsini şərh etmişdim. Həmin müsahibə zamanı jurnalist Janna Nemtsova özünün kəskin və “naqolay” sualları ilə naziri sıxışdırır. Buna görə əsəbiləşən Nalbandyan müxbirin şəxsiyyətinə toxunaraq, onun müsahibə almağa “hazır olmadığını” demişdi (bax: http://azertag.az/ru/xeber/1037652). İndi isə prezident Serj Sarkisyan insan haqlarının Dağlıq Qarabağda münaqişənin əsas tərkib hissəsi olması barədə sözləri AŞPA tribunasından tutuquşu kimi təkrar etməyə başlayıb. Onun sözlərinə görə, “əgər Qarabağ Azərbaycana qaytarılsa, bunun ardınca soyqırımı törədiləcək”.

Amma təbii ki, günəşli Ermənistandan olan qonaq, nüfuzlu auditoriya qarşısında bir məqamı dəqiqləşdirməyib ki, Qarabağda (həmçinin Ermənistanın özündə) elə həmin “arsaxlılar”, amma (bir dəqiqə dözün) Azərbaycan millətindən olan “arsaxlılar” barəsində soyqırımı artıq törədilib və orada insan haqları (ən başlıcası – insanın öz evində təhlükəsiz yaşamaq hüququ) çoxdan, özü də şəxsən Serj Sarkisyanın iştirakı ilə pozulub.

Amma bu dəqiqləşdirməni Sarkisyanın əvəzinə başqa natiqlər edəcəklər. Heç şübhə etməyin, onlara da mikrofon çatacaq.

Ona görə, starovoytovaların, engellərin, müxtəlif baronessaların və digər müftə konyak həvəskarlarının əziz podratçıları, Dağlıq Qarabağın “sudetləşdirilməsi”nə haqq qazandırmaq yolları axtarışında sizin “miatsum” və “xalqların təyini-müqəddərat hüququ” barədə tezisiniz kimi, insan haqları sahəsində bu məsələ barədə nağıllarınız da biabırçı şəkildə puç olacaq. Vüqar Seyidov (AZƏRTAC)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 209

QHT və MEDİA

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

2018-05-21 21:40:59

QHT və MEDİA
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT P...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...