MƏDƏNİ
A- A A+

Vidadi Muradov: “Azərxalça” dünya xalçaçılığında müasir Azərbaycan modelidir

2017-12-29 10:25:18

Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biridir

Ölkəmizin milli-mədəni vəsiqəsi olan xalça, eyni zamanda ümumbəşəri dəyərdir. Bu sənəti yaratmaq və inkişaf etdirmək üçün istedadlı, zövqlü xalçaçılar, həmçinin onun düzgün ticarətini təşkil etmək, beynəlxalq miqyasda tanıtmaq üçün tacirlər və səyyahlar olub. Zəngin xammal bazasının, xüsusilə qoyunçuluq təsərrüfatlarının və təbii boyaq maddələrinin mövcudluğu xalçaçılığın müstəqil bir sənət və istehsal sahəsi kimi formalaşması üçün geniş imkanlar yaradıb. Xalçaçılığın həm bədii, həm də texnoloji baxımdan rəngarəngliyinə zəngin tarixi xalçaçılıq ənənələri olan İran, Anadolu, Uzaq Şərq ölkələri də öz müsbət təsirini göstərib. Ümumilikdə, ölkəmiz Qafqaz xalçaçılığında əsas və dominant rolunu oynamaqla, burada yaşayan müxtəlif xalqların, etnosların xalçaçılıq ənənələrinin yaranmasına və inkişafına təkan verib. Bu qədim sənətin təbliği, inkişafı istiqamətində görülən işlər, əldə olunan uğurlar barədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun AZƏRTAC-a müsahibəsini Fact-info.az həmin mənbəyə istinadən təqdim edir.

- Prezident İlham Əliyevin 2016-cı il mayın 5-də imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Ölkə başçısının bu tarixi qərarından sonra ötən müddət ərzində “Azərxalça” hansı yeniliklərə imza atıb?

- Xalçaçılıq Azərbaycanın tarixi qədər qədim və zəngin bir sənət sahəsi olsa da, “Azərxalça” ASC-nin yaradılması ümumilikdə ölkəmizdə yeni bir hadisədir. “Azərxalça” dünya xalçaçılığında müasir Azərbaycan modelidir. Xalçaçılıq sənətinin ənənəvi xalq üsulu ilə davam etdirilməsi, beynəlxalq xalça bazarına Azərbaycan xalça brendinin çıxarılması və mövqelərinin qorunması və s. kimi məsələlər cəmiyyətin əsas fəaliyyət istiqamətlərini təşkil edir. Cəmiyyətimizin əsas məqsədindən biri də respublika ərazisində xalçaçılıq şəbəkəsini yaratmaq və inkişaf etdirməkdir. Bu məqsədlə cəmiyyətin Füzuli, Şəmkir, Quba, Xaçmaz, Ağdam, Qəbələ, İsmayıllı, Tovuz, Ağstafa və Qazax rayonlarında yerli rayon filialları yaradılıb. Hazırda bu filialların hər birində 150 toxucunun və 12 texniki-inzibati işçinin çalışması üçün münbit şərait var.

- Bu yaxınlarda ölkə başçısının iştirakı ilə “Azərxalça”nın Quba filialının açılışı oldu. Qarşıdakı ildə bu istiqamətdə hansı addımların atılması nəzərdə tutulur?

- Növbəti iki ildə cəmiyyət respublikanın daha 20 rayonunda filialların yaradılmasını, bununla da onların ümumi sayının 30-a çatdırılmasını və 5 minə yaxın vətəndaşın daimi iş yeri ilə təmin edilməsini nəzərdə tutur. “Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün ölkəmiz həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensiala malikdir. Bölgələrdə işlərimiz yalnız filialların yaradılması ilə məhdudlaşmır. Respublika ictimaiyyəti Sumqayıt Sənaye Parkında “Azərxalça” ASC-nin Əyirici-Boyaq Fabrikinin yaradılması haqqında məlumatlıdır. Bu fabrikin beş rayonda regional yerli yun və boyaq bitkiləri tədarükü məntəqələrinin yaradılması istiqamətində də işlər görülür. Boyaq bitkilərinin və yun təsərrüfatlarının xammal ehtiyatları öyrənilir, mütəxəssislər toplanır. Bu fabrik fəaliyyətə başladıqdan sonra Azərbaycan xalçaçılığının xammal problemi həll olunacaq. Biz artıq xaricə təmiz yun, yun iplik, təbii boyaq maddələrinin ixracına da başlaya biləcəyik.

- Hər bir müəssisənin inkişafı üçün peşəkarlara ehtiyac var. “Azərxalça” işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün hansı işləri görür?

- Rayonlarda “Azərxalça”nın təşkil etdiyi xalçaçılıq üzrə tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təchiz edilib. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1500-dən çoxdur. Onlar cəmiyyətin yerli filiallarında daimi işlə təmin olunacaqlar. Qeyd etmək vacibdir ki, respublikamızın bölgələrində xalçaçılıq sənəti ilə məşğul olmaq istəyənlərin sayı kifayət qədərdir. Bu filiallar yaradılarkən hər bir rayonun yerli kadr potensialı nəzərə alınır.

- Vidadi müəllim, Azərbaycan xalçalarının beynəlxalq aləmdə təbliğatı istiqamətində hansı işlər görülür?

-Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin yanvarın 14-dən 17-dək Almaniyanın Hannover şəhərində ənənəvi DOMOTEX beynəlxalq sərgisində, sentyabrın 10-dan 13-dək isə Nyu-Yorkda növbəti beynəlxalq xalça sərgisində təqdim etmişik. Bu tədbirlər zamanı əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında böyük tələbatın olduğunu gördük. Bu isə “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərir.

- Xalçalarda tarixilik, yoxsa müasirlik prinsipinə üstünlük verilir?

- “Azərxalça”nın istehsalı olan xalçalar cəmiyyətin “Bədii yaradıcılıq və keyfiyyətə nəzarət” şöbəsinin xalçaçı-rəssamları tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Ölkəmizdə ilk dəfə olaraq qədim xalçalar əsasında yeni çeşnilərin elektron variantının hazırlanması və Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir. İndiyədək şöbədə 400-ə yaxın xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib.

- Milli təqvimimizə peşə bayramları sırasına “Xalçaçı Günü” də daxil edilib... - Bu gün xalçalarımız dünyanı dolaşır. Azərbaycan ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Prezident İlham Əliyevin 2016-cı ilin noyabrın 25-də imzaladığı Sərəncama əsasən hər il mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd edilir. Bu Sərəncam xalçaçı əməyinə verilən yüksək dəyərdir. Dünya ölkələrinin heç birinin təqvimində belə bir tarixi gün təsis olunmayıb. Bu Sərəncamla Azərbaycan xalçaçısının tarixi hüquqları bərpa olundu və dünyaya “qədim xalçaçılıq sənətinin vətəni məhz Azərbaycandır” elan edildi. Xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək qeyri-mümkündür. - Maraqlı müsahibəyə görə çox sağ olun.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 391

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...