MÜSAHİBƏ
A- A A+

“Tarixi zəfər naminə canımızı verərik, lakin heç vaxt ümidimizi dəfn etmərik!”

2017-12-24 12:15:38

Hərbi yazıçı-jurnalist İbrahim Məsim oğlu İsgəndərov 25 fevral 1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur

1985-ci ildə Azəbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. “Oğuz yurdu”, “Gəncənin səsi” və “Millət” qəzetlərində müxbir işləmişdir. 1993-cü ildən Azəbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayaraq “N” saylı hərbi hissənin tərkibində Murovdağ, Füzuli, Ağdam və Tərtər döyüş zonalarında erməni işğalçılarına qarşı aparılan uğurlu hərbi əməliyyatlarda iştirak etmişdir. Sonra Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetində müxtəlif vəzifələrdə xidmət göstərmişdir. 9 il “Hərbi bilik” və “Hərbi bülletenlər” jurnalları redaksiyasının baş redaktoru vəzifəsində xidmət edərək ehtiyata buraxılmışdır. Polkovnik-leytenant İbrahim İsgəndərov dəyərli səngər yazılarına görə Azərbaycan Respublikası Mətbuat Fondunun “Dan ulduzu” ali mükafatına layiq görülmüşdür. “İlk briqadanın ibrətli döyüş dərsləri” kitabına görə Azərbaycan Mətbuat Şurasının diplomu verilmişdir. Dövri mətbuatda tanınmış qələm sahibi və cəsarətli jurnalist olduğuna, həmçinin vətən yolunda Qarabağ veteranı adını şərəflə daşıdığına görə “Qafqaz – Media” İctimai Birliyinin təsis etdiyi “Ustad jurnalist” və “Cəsur döyüşçü” diplomları ilə təltif edilmişdir. Ölkədə hərbi vətənpərvərlik ideyalarının təbliğində fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “General Həzi Aslanov” medalı verilmişdir. Ulu öndərimiz H.Əliyevə həsr edilmiş çoxseriyalı televiziya filminin yaradıcı heyətinin fəal üzvlərindən biridir. Beləliklə, suallarımızı ehtiyatda olan polkovnik-leytenant, jurnalist İbrahim Məsim oğlu İsgəndərov cavablandırır.

- Dəyərli İbrahim müəllim, hərbi mətbuatımızın səhifələrindən bizə yaxşı bəllidir ki, Siz, Azərbaycan Ordusunda milli hərbi jurnalistikamızın inkişafında müstəsna xidməti olan vətəncanlı insanlardan birisiniz. Milli Ordu sıralarına nə vaxt daxil olmusunuz? -Vətən savaşı hər bir millətin yaşam prinsipini və varlığını ortaya qoyan ən çətin bir imtahandır. Silahların danışdığı bu imtahanda yalnız maddi güc və mənəvi dəyərlər bir-birini dəstəkləyəndə qələbə əldə edilir. Obyektiv səbəblər ucbatından biz savaşa hazır deyildik. Bu məsələ hamıya yaxşı bəllidir. Dövlət müstəqilliyimizi elan edən kimi məqsədli şəkildə bizi savaşa cəlb etdilər. Ov tüfəngi ilə başladığımız Qarabağ savaşının ilk cağları bizim üçün uzaq keçmiş deyil. Yeni doğulan ordumuz çətin sınaqlardan mərdanə çıxsa da, ağır itkilərə məruz qalırdıq. Ordu quruculuğu sahəsində qarşıya çıxan problemlərin həlli istiqamətində həmişə müvəffəqiyyət əldə etmək mümkün olmurdu. Qəhrəman döyüşçülərimizin hünəri hesabına düşmənə layiqli cavab verirdik. Ordumuzun hər uğurlu hərbi əməliyyat xəbərindən sevinir, dərin fərəh hissi keçirirdik. O dövrdə orduya səfərbərlik məsələsi bir sıra problemlərə müşayiət olunurdu. Peşəkar hərbçilərimiz çatışmırdı. Orduya çağırılan gənclər döyüş hazırlığı təlimindən keçirilmədən döyüşə salınırdı. Hərbi Komissarlığın əməkdaşları səfərbərlik işinin təşkilində çox çətinlik çəkirdilər. Könüllü döyüşçülərimiz də sayca az deyildi. Lakin kütləvi informasiya vasitələrində bəzən ölkəmizin müdafiəsində iştirak etmək baxımından qeyri-səmimi surətdə subyektiv fikirlər yayılırdı. Dilində vətənpərvərlikdən dəm vuraraq əməlində isə əks-mövqe tutan kəslər belə fikir söyləyirdilər ki, “mənə çağırış vərəqəsi verilsə, mən də döyüşə gedərəm.” Hərbi Komissarlığın əməkdaşları bu sayaq fikirləri qeyri-rəsmi şəkildə özlərinə qarşı yönəldilmiş məzəmmət kimi qəbul etdiklərinə görə ucdantutma hamıya çağırış vərəqəsi paylamağa başladılar. Hamı kimi mən də çağırış vərəqəsi aldım.

-Siz jurnalist kimi çağırıldınız, yoxsa...?

-Mən “Millət” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərirdim. Vaxtaşırı döyüş zonasından döyüşçülərimizin qəhrəmanlıq əməlləri barədə müxtəlif səpgili yazılar hazırlayırdım. Yəni peşəkar jurnalist kimi Qarabağ savaşı ilə bağlı öz vətəndaşlıq borcumu yerinə yetirirdim. Lakin ali məktəbin hərbi kafedrasında təhsil almış bir mütəxəssis kimi mənə zabit rütbəsi verilmişdi. Hərbi qeydiyyat ixtisası üzrə motoatıcı taqım komandiri sayılırdım və orduya da bu ixtisas üzrə çağırılmışdım. Çağırış vərəqəsini alanda çox şərəf duydum. Əvvəla, arxası köpəkli daşnak erməni işğalçıları artıq Murovdağın başına gəlib çıxmışdılar. Doğma şəhərim Gəncə işğal təhlükəsi qarşısında qalmışdı və bu barədə həyəcanlı fikirlər çox səsləndirilirdi. Yəni belə ağır vəziyyətdə hamı silaha sarılmalıydı. İkincisi, ana yurdumuzun müdafiəsində durmaq bir adi vətəndaş kimi hər birimizin müqəddəs vəzifəsi sayılır. Bu vəzifədən boyun qaçırmaq bizə haramdır. Axı, biz bəşər salnaməsinə misilsiz qəhrəmanlıq nümunələri həkk etmiş, dünyaya igidlik dərsi vermiş qədim türk oğuz tayfalarının gen daşıyıcılarıyıq. Qoy düşmənlərimiz yaxşı anlasınlar ki, biz ölərik, amma bir qarış torpağımızın zəbt olunmasına yol vermərik. Müxtəsər desək, aldığım çağırış vərəqəsi ürəyimin çağırışına tam cavab vermiş oldu. Beləliklə, ömrümün 33-cü baharını yenicə başa vurduğum bir vaxtda –1993-cü il may ayının 21-də mən ana yurdun müdafiəsi naminə doğma ordumuzun sıralarına daxil oldum.

-Çağırış vərəqəsinə cavab verməyənləri şəxsən tanıyırsınızmı?

-Bu sualın cavabı həm hüquqi, həm də mənəvi məsələ ilə bağlıdır. Mən kimsənin cavabdehliyini daşıya bilmərəm... Söz düşmüşkən hərbi komissarlıqda sənədləşmə zamanı yaşadığım bəzi məqamları yada salmaq istəyirəm. İlk söhbətləşmədə mənə təklif etdilər ki, “siz ali təhsilli qələm adamısınız, bacarığınıza da bələdik, istəyirsinizsə, hərbi çağırışın məqsədini dəyişə bilərik. Yuxarı komandanlıqdan yenicə göstəriş almışıq. Biz, hərbi məktəbə göndərmək üçün namizəd axtarırıq. Sizi Türkiyənin Qara Hərb Okuluna oxumağa göndərə bilərik. Bu, daha yaxşı variantdır. Sizdən gələcəkdə layiqli peşəkar hərbçi kimi istifadə edilə bilər.” Mən onlara öz fikrimi uzatmadan belə açıqladım ki, indi oxumaq vaxtı deyil, mən döyüşçü olmaq istəyirəm.

-Sizi hansı döyüş bölgəsində həqiqi hərbi xidmətə başladınız?

-Göndəriş məsələsinin həllində əməl olundu. Məni Murovdağ döyüş bölgəsinə göndərdilər. Həmin vaxt bu strateji mövqedə ordumuzun bünövrə daşını qoyan “N” saylı motoatıcı briqada yerləşirdi. Onların keşməkeşli döyüş yolundan xəbərim vardı. Çox fədakar və rəşadətli döyüşçülərdən ibarət olan bu hərbi hissənin döyüşçü heyətinə daxil olmağımdan hədsiz qürur duymağa başladım. Komandir mənimlə fərdi söhbət apardıqdan sonra mövcud tələbləri nəzərə alaraq hərbi qeydiyyat ixtisasımın dəyişilməsi barədə qərar qəbul etdi. Mənə mülki ixtisasıma uyğun vəzifə həvalə olundu. Motoatıcı briqadanın qərargahında təyin edildiyim “ictimai-siyasi işlər üzrə təlimatçı” vəzifəsi sovet hərbi ştat strukturunda “komissar köməkçisi” vəzifəsinə uyğun gəlir. Tədricən məşəqqətli səngər ruzigarının acılı günlərinə dözə-dözə döyüşçü yoldaşlarımın rəğbətini qazandım, mənən onlara qaynayıb qarışdım.

-Söz yox ki, Siz qanlı-qadalı savaş meydanlarında çox ibrətamiz və həyəcanlı hadisələrin şahidi olmusunuz. Savaş tariximizin hər günü bizdən ötrü qiymətlidir. Məncə, onları daim səhifə-səhifə xatırlamağa dəyər...

-Azərbaycan xalqı qəhrəman xalqdır. Bu, tarixin sınağından çıxmış bir məsələdir və heç bir halda mübahisə obyekti ola bilməz.Biz canımızla, qanımızla, və bütün varlığımızla vətənə mənsubuq və vətənsiz heş nəyik. Mən Qarabağ savaşında mənfur erməni quldurlarına qarşı döyüşlərdə xalqımızın igid oğullarının qəhrəmanlığının canlı şahid olmuşam. Bu barədə bir-birindən dəyərli çox misallar çəkə bilərəm. Düzdür, ailədə aldığımız tərbiyənin, düşdüyümüz psixoloji mühitin də müəyyən təsirləri olur. Lakin bu təsirlər ötəri xarakter daşıyır. Düşünürəm ki, milli qəhrəmanlığımız genetikamızla bağlı bir məsələdir. Qətiyyətli deyirəm: Mən, ucsuz-bucaqsız haqq dünyamızda bizimlə bahəm yaşayanlar arasında qorxaq azərbaycanlı tanımıram. Həmçinin adi həyatımızda üzləşdiyimiz bəzi qorxaq soydaşlarımızın iç dünyasında qorxaqlıqla yanaşı qorxmazlıq işığını da görürəm. Ekstremal vəziyyət yetişəndə bu sönməz işıq daha da gurlaşır və igidlik möcüzələri yaradır. Biz dünya hərb tarixini yaradan qədim Oğuz türklərinin layiqli varisləriyik.

Briqadamızın basılmaz 1-ci taborunun maddi-texniki təminat taqımında Mobil Qarsalanoğlu adlı bir əsgər xidmət edirdi. O, qərargah yeməkxanasına aşpaz təyin edilmişdi. Çox ləzzətli xörəklər bişirirdi. Ağır hərbi əməliyyatların gedişində Kəlbəcərə ikinci hücum zamanı şəhidlərimiz çox olduğuna görə ehtiyat qüvvələrimiz azalmışdı. Əksər hallarda maddi-texniki təminat işində olan əsgərlərimizi ön xəttə cəlb etmirdik. Əsgər Mobil Qarsalanoğlu isə aşpaz təyin olunmazdan əvvəl döyüş təcrübəsi keçmişdi. Tabor komandiri ehtiyacı nəzərə alaraq şəxsi təşəbbüsü ilə Mobilə ön xətdə məsul bir tapşırıq verdi. Bəzi döyüşçülər aşpaz Mobilin cəsarətsizlik göstərəcəyini ehtimal etsələr də komandir ona yüksək inamla etibar etdi. Beləliklə əsgər Mobil Qarsalanoğlu təcrübəli döyüşçü Akif Hüseynovla birgə Haçaqaya yüksəkliyi uğrunda döyüşə atılır. Yarım saatlıq döyüşdə erməni postunu iki cəngavərimiz mərdliklə ələ keçirir. Üç erməni gəbərir. Dördü qorxub qaçır. Lakin arxadan köməyimiz gələnədək həmin dörd nəfər “PK” ilə növbəti postdan əks-hücuma keçir. Akifgilin aldığı post elə güllətutan açıq dağ mövqeyində yerləşir ki, düşmən “PK”larının əlindən nə arxadan bizim köməkçi qüvvələr gələ bilir, nə özləri yeni mövqeyə çıxış yolu tapır, nə də düşmənin özü yaxınlaşmağa cürət edir. Akif və Mobil axşamdan səhərədək mərdanə vuruşurlar. Mobil aldadıcı manevr edərək yerini dəyişəndə ayağından yaralanır. Güllə Akifdən də yan keçmir. Hər ikisi qan itirir. Dar macalda bir-birinin yarasını bağlayırlar. Nəmli səngər, soyuq qar... Güclü qarşıdurma səngimir. Hər iki igidimizi qan-tər basır. Mobil yüksəkliyə taxmaq üçün götürdüyü üçrəngli bayrağımızı özünə bürüyərək düşmən atəşlərini cavabsız qoymur. Səhərə yaxın Mobil ikinci güllə yarasından şəhid olur. Akif isə həm yalqız qalır, həm də patronsuz. Düşmən onların səssiz durmasını anlayır və “PK” ilə Akifə sarı sürünür. Akif ratsiya ilə son sözlərini deyir: ” Əlvida, qardaşlar, mən əsir düşməkdənsə, ölümü üstün tuturam!” Akif səngərdə qalan son ümidini – qumbaranı düz ürəyinin başına sıxır. Düşmənin gəlməsini gözləyir. Halqanı çəkir. Son nəfəsdə iki erməni quldurunu da cəhənnəmə göndərir... Bax, budur Azərbaycan xalqının cəsarəti, qorxmazlığı! Ana Vətəni uğrunda şirin canından keçən əsgərlərimizə Ulu Tanrıdan rəhmət diləyirik!... Hər bir qəhrəmanlıq döyüşü öz-özlüyündə ana vətənə döyüşçü heyranlığının canlı məftunluq nümunəsidir. Qəhrəman şəhidlərimiz daim sitayişə layiqdir. Dünya durduqca onların dəyəri artacaqdır...

-İbrahim müəllim, bəzən belə fikir söylənilir: “Biz azərbaycanlıların ailə sevgisi Vətən sevgisindən güclü olur”...

-Bu fikir yalnız xəstə adamlar tərəfindən deyilə bilər. Bu nöqsanı özündə görən adamlar tədricən milli mövqedən uzaqlaşaraq başqalaşırlar. Bir və ya bir neçə xəstə adamın inkişafdan qalmış qeyri-milli xarakterindən doğan düşüncələr xalqın adına yazıla bilməz. Vətən elə Vətən olduğuna görə gözəldir. Onun boynuna minnət qoymaq, çiyninə yük salmaq, yaxud ona yönəlmiş məhəbbət hisslərini qara kölgə altına salmaq əsl vətən övladı üçün heç vaxt məqbul sayıla bilməz. Vətən sevgisi döyüşçü ruhunun ölməzliyidir, xoşbəxtliyidir. Bu sevgini itirmək olarmı?! Məna baxımından bu fikirlə bağlı bir hadisəni yada salmaq yerinə düşər. 1994-cü il Kəlbəcər əməliyyatı zamanı uğurla keçirilən Meydançay döyüşündə qəhrəmancasına şəhid olmuş iki qardaş haqqında danışmaq istəyirəm. Böyük qardaş qanuni yolla səfərbər edilmişdi. Döyüşlərdə çox cəsarətli və vətəncanlı bir igid kimi seçilirdi. Damarında xain düşmənə qarşı coşan intiqam hissi daim onu narahat edirdi. Qəfil və riskli həmlələrdə elə güçlü manevrlər edirdi ki, əcəl ondan yan keçirdi. Nəhayət, Meydançay döyüşündə amansız ölüm onu yaxaladı. Cəsədi düşmən nəzarəti altında olduğuna görə bir həftə onu götürməyə fürsət yaranmadı. Bu xəbəri eşidən kiçik qardaş könüllü olaraq komandanlığın müvafiq razılığı əsasında hərbi əməliyyata qoşuldu. Qardaşının intiqamını almaq və qardaş cəsədini götürmək üçün ən təhlükəli həmlələrin iştirakçısı kimi döyüş fəaliyyətinə başladı, amma son anda özü də şəhidliyə qovuşdu.

Bu adi döyüş faktının doğurduğu mənalar çox düşündürücüdür. Bir ailədə iki qardaş böyüyür, eyni ata-anadan eyni tərbiyəni alır. Qardaşlardan biri Vətəninin namusunu hər şeydən önəmli sayır, könüllü olaraq Qarabağ uğrunda müqəddəs savaşa atılır. Digərində isə yurd sevgisi zəifdir. Qardaş məhəbbəti isə bütün duyğuları üstələyir. Son nəticədə onlar müqəddəs amallar uğrunda qovuşmaq məcburiyyəti qarşısında qalırlar. Bu döyüş faktının müqayisəli çözümündə Vətən sevgisini qalib hesab edirəm. Təki Vətən yaşasın!... -Sizcə, əsl döyüşçü necə yetişir?

- Ümumiyyətlə əsl döyüşçü kimi yetişmək fəlsəfəsinin dəyişməz bir məntiqi mövcuddur. Yüzlərə hərbi kitab oxumaq bu müqəddəs niyyətin gerçəkləşməsinə tam kifayət etməz. Birinci növbədə gərək Vətən sevgisinə sahib olasan. Daha sonra gərək ağrılı-acılı səngər ab-havasına alışasan. Cürbəsür güllələrin, müxtəlif dərəcəli barıtın iyini yaxından duyasan. Minaatanların, qumbaraların, topların, mərmilərin səsini öyrənəsən. Gərək bütün silahların, döyüş texnikalarının və ən nəhayət, hiylə dolu hərbi taktikanın sirlərinə dərindən bələd olmaqla yanaşı cəsarət nümunəsi göstərəsən. Bu dəyərlərə lazımi qədər yiyələnən hər bir vətən oğlu əsl döyüşçü sayıla bilər. Azərbaycan Ordusunun döyüşçü potensialı tükənməzdir. Çünki bizim ordumuz səngərdə doğulmuşdur və üstəlik güclü dövlətə malikik...

-Deyirlər ki, indiki döyüşçülər əvvəlki döyüşçülərdən güclüdür. Belə müqayisə aparmaq olarmı?...

-Döyüşçü kontekstində ətraflı düşünmədən belə yersiz müqayisə aparmaq şərəfimizə xələl gətirə bilər. Hər iki dövrün canlı şahidi kimi onu deyə bilərəm ki, Azərbaycan Ordusu heç vaxt igid döyüşçü sarıdan korluq çəkməmişdir. Ordumuz həmişə xalqın maddi-mənəvi dünyasının zirehli qalxanı olmuşdur. Bu qalxanın zirehi heç vaxt deşilən zirehlərdən deyil. Başqa sözlə desək, gündən-günə ehtiyatı artan dövlət xəzinəmiz hesabına ordumuzun silah və texnikası xeyli modernləşdirilmişdir. Silahlı Qüvvələrimizin maddi-texniki təminatına bu gün tamamilə yeni baxış tələb edilir. Birinci növbədə təminatın icra üsulları həyatın real prosesləri ilə hərtərəfli uyğunlaşdırılır, köhnə mexanizm yeni formalaşma mexanizmi ilə əvəz olunur. Ordumuz, bir qayda olaraq, bu gün dünənkinə, sabah isə bugünkünə nisbətən öz qüdrətinin, döyüş potensialının mənbələrini zənginləşdirir. Göstərilən maksimum səylər kifayət qədər geniş miqyaslı səmərə verir və son nəticədə ordumuz məğlubedilməz qüvvəyə çevrilir.

Hərbi jurnalistik fəaliyyətimin 25-ci baharını yaşamaqdayam. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılsam da Silahlı Qüvvələrimizdən ayrılmamışam. Ordu həyatı ilə bağlı yaradıcılığım daha da vüsətlənir. Şərəf və qürur dolu həyatımdan çox məmnunam. İstəsək də, istəməsək də, kədər və sevinc hər kəsin ömür yolunda daimi yol yoldaşı sayılır. Onlar qoşa addımlamasa da ardıcıl hərəkət edirlər. Kədərin yükü ağır olur. Amma bəzən sevinc də ağırlaşır. Şükürlər olsun ki, sırası müasir döyüşçü və texnikalarla zənginləşdirilən Silahlı Qüvvələrimiz tərəfindən erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda uğurlu aprel döyüşlərinin sevicini yaşamaq bizə də qismət oldu. İki min hektar ərazi murdar erməni işğalçılarının tapdağından azad edildi, çox mühüm sayılan hərbi strateji yüksəkliklər ələ keçirildi. Lakin bu sevincin yükü çox ağır gəldi. Neçə-neçə nər igidimizi itirdik... Bu gün möhtərəm Ali Baş Komandandan tutmuş əsgərimizədək, xalqımızın ağsaçlısından tutmuş qarasaçlısınadək hamı bir mövqedədir: dədə-baba yurdumuz olan Dağlıq Qarabağın azadlığı üçün ya ədalətli sülh, ya da müharibə! Bəli, başqa yol yoxdur! Zəfər üçün canımızı verərik, lakin heç vaxt ümidimizi dəfn etmərik. Ümidsizlik bizə haramdır...

Söhbəti yazdılar:

Şamil Sabiroğlu,

Nərmin İsgəndər


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 939

QHT və MEDİA

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...