SOSİAL
A- A A+

“Media və zamanın çağırışları” təqdim edildi

2017-12-15 10:15:40

“Media və zamanın çağırışları” – AzərTAc-ın geniş oxucu auditoriyasına təqdim etdiyi kitab belə adlanır

Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda təxminən bir il əvvəl – 2016-cı ilin noyabrında Heydər Əliyev Fondunun və AzərTAc-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş iki mötəbər media forumunun – Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının materialları toplanıb.

Müasir dövrümüzdə media, xüsusən xəbər agentlikləri hansı çağırışlarla üzləşirlər? Hazırda qlobal informasiya məkanında nələr baş verir, redaksiyalar və jurnalist kollektivləri öz işlərini zamanın tələbinə necə uyğunlaşdırırlar? Bu sahədə nə kimi təcrübə və yeniliklər var? Nəfis tərtibatla nəşr olunmuş kitabda oxucular, xüsusən media mütəxəssisləri və jurnalistlər, informasiya agentliklərinin və xəbər portallarının əməkdaşları onları maraqlandıran bu və digər suallara cavab tapa bilərlər. Belə ki, dünyanın informasiya siyasətini müəyyənləşdirən tanınmış simaların, məsələn, Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Saudi Press agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Yonas Erikson, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Düeyc Əl-İbrahim Əl-Sabah, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, AzərTAc-ın baş direktoru Aslan Aslanov və başqalarının Konqresdə və Baş Assambleyadakı çıxışlarında, habelə media üzrə ekspertlərin təqdimatlarında KİV-in üzləşdiyi çağırışlar, yeni həllər, müasir informasiya texnologiyalarının tətbiqi barədə bir çox maraqlı fikirlər və diqqətçəkən məqamlar var. Təbii ki, bütün bunlar Azərbaycanın media işçiləri üçün də aktualdır və həyati əhəmiyyət daşıyır.

Konqresdə və Baş Assambleyada səslənən çıxışları və təqdimatları, rəyləri və digər informasiyaları bir yerə toplayaraq nəşr etmək ideyası təsadüfən yaranmayıb. Tərtibatçının məqsədi, ilk növbədə, hər iki qlobal miqyaslı tədbirin Azərbaycan üçün böyük əhəmiyyətini nəzərə alaraq bu hadisəni tarixləşdirməkdir.

Prezident İlham Əliyev belə bir vacib, qlobal və beynəlxalq tədbirlərə ev sahibliyi etməyi ölkəmiz üçün böyük şərəf adlandırıb, bunu, eyni zamanda, müasir medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi səciyyələndirib. BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forumlara müraciətlər ünvanlaması da, tədbirlərin qlobal əhəmiyyətindən xəbər verir.

Bakı ilk dəfə belə irimiqyaslı, geniş tərkibli media forumlarına ev sahibliyi edib. AzərTAc həm Konqresə, həm də OANA-ya rəhbərlik etmək hüququ qazanıb. Bununla da Azərbaycanın və AzərTAc-ın adları dünya media tarixinə həkk olunub. İştirakçıların sayı və tərkibi haqqında statistika özü hər şeyi deyir: Bakıya 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə ekspertlər, BMT-nin rəsmi nümayəndəsi, habelə regional media qurumlarının rəhbərləri gəlmişdi. Onların sırasında Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77, Afrikadan 16 agentliyin 25, Amerika qitəsindən 9 agentliyin 17, Avstraliyadan 3 agentliyin 4 nümayəndəsi vardı. Kitabı vərəqlədikcə aydın görmək olur ki, Azərbaycana informasiya işinin əsl biliciləri, peşəkarları toplaşmışdılar.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı, geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupunu qəbul etməsi bu genişmiqyaslı, dünyanın beş qitəsini əhatə edən tədbirlərə xüsusi ahəng və məna verdi. V Konqres və XVI Baş Assambleya nəticə etibarilə müasir media institutları, jurnalistlər üçün bir məktəb, qabaqcıl təcrübəni bölüşmək üçün bənzərsiz platforma oldu.

Oxucuya təqdim olunan kitaba Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin və Baş Assambleyanın birgə açılış mərasimindəki nitqinin tam mətni, habelə tədbir iştirakçılarının bir qrupu ilə görüşünün xülasəsi daxil edilib. Dövlətimizin başçısı nitqində demokratiya və mətbuat azadlığı, medianın müasir dövrdəki missiyası və məsuliyyəti barədə maraqlı fikir və mülahizələr irəli sürüb. İştirakçılardan bir qrupu ilə görüşü zamanı onların suallarını cavablandırıb və yeri gəldikcə açıq söhbət edərək polemikaya girib, KİV-in beynəlxalq hadisələrdəki roluna dair baxışlarını bölüşüb. Bunlar əslində, jurnalistika dərsləridir və burada diqqətəlayiq bir çox məqamlar var.

Konqresin aktuallığını beş sessiya çərçivəsində müzakirəyə çıxarılan mövzulardan aydın görmək olar: “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları”. Kitabda bu sessiyaların hər birinin materialları ayrı-ayrılıqda dərc olunub.

Topluda “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi ilə işləyən Bakı Konqresində, OANA-nın Baş Assambleyasında səslənən bütün çıxış və təqdimatlar, habelə BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forum iştirakçılarına ünvanlanan müraciətlərinin mətni yer alıb. Kitabda, həmçinin hər iki forumla bağlı çoxsaylı rəylər, müsahibələr, dünya mediasında yer alan informasiyalar ilə tanış olmaq mümkündür. Bütün bu materiallar fotolarla müşayiət olunur. AzərTAc tədbirlərin qlobal əhəmiyyətini, müzakirə olunan mövzuların bütün KİV-lər üçün aktuallığını nəzərə alaraq, V Konqresin və XVI Baş Assambleyanın materiallarını bir kitabda toplamağı, maraqlanan hər kəs üçün əlçatan olmasını təmin etməyi lazım bilib. Doğrudan da burada öyrəniləsi, nəticə çıxarılası bir çox məsələlər, jurnalistlər üçün faydalı məqamlar, düşünmək üçün yetərincə mövzu var.


Kateqoriya : SOSİAL Baxış sayı : 157

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...