TƏDQİQATLAR
A- A A+

Vidadi yaradıcılığına yeni baxış

2017-11-06 22:50:34

.

XVIII əsr klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Molla Vəli Vidadi həyatı, yaradıcılığı ən az öyrənilən və tədqiq edilən şairlərimizdəndir.

Onun ədəbi irsinin çox az bir hissəsi əlimizə çatmışdır. Müxtəlif vaxtlarda həyatı, yaradıcılığı haqqında dərsliklərdə müəyyən məlumatlar verilmiş, bəzən isə bu məlumatlar da çıxarılmışdır. Lakin onun həyatı ilə bağlı bir sıra söyləmələr, rəvayətlər danışılmaqdadır. Bu rəvayətlərin bir qismi onun Qarabağ həyatı ilə – daha dəqiq desək, Cəbrayıl rayonunun Çələbilər kəndi ilə bağlıdır.

Cəbrayıl şəhər sakini Hüseyn Əhmədov hələ 30-35 il öncə həmin əhvalatlardan birini vaxtilə Söyüdlü kəndində yaşamış 110 yaşlı mərhum Məmiş Əhmədovdan eşitmişdi. Rəvayətdə deyilirdi ki, M.V.Vidadi uzun müddət Cəbrayıl rayonunun Çələbilər kəndində yaşamış, buradakı məscid-mədrəsədə dərs demiş, burada ailə həyatı qurmuş, Dağtumaslı Dəli Kazımın ( «Dəli» indiki mənasında yox, igid, qəhrəman mənasında başa düşülməlidir-T.A.) bacısı ilə evlənmişdir.

M.V.Vidadi Çələbilərdə yaşayarkən Vaqif Qarabağda İbrahim xanın vəziri idi. Onlar məktublaşırdılar. Hətta Vaqif ona zarafatyana şeirlər yazmış, orada qaldığı üçün onu məzəmmət etmiş, onu saraya dəvət etmişdir. Sonralar Ağa Məhəmməd Şah Qacar Şuşanı tutarkən Vaqifi də həbs edir və şair ölümə məhkum olunur. Bu zaman Vaqif Vidadiyə gizli məktub yazıb ondan kömək istəyir. O vaxt bu ərazilərdə ən güclü və sayılıb-seçilən adam Teymur ağa adlı birisi hesab olunurdu. Vidadi Vaqifin məktubunu ona göstərir və kömək etməsini xahiş edir. Teymur ağa razılaşır və Dəli Kazımın rəhbərliyi ilə kiçik bir dəstə düzəldib Şuşaya yola salır. Dağtumasdan meşə yolu ilə Şuşaya 25-30 km ancaq olardı. Lakin dəstə oraya çatana qədər məlum hadisələr baş verir və Qacar öz keşikçiləri tərəfindən qətlə yetirilir.

Qeyd etmək lazımdır ki, hər bir rəvayətdə müəyyən bir həqiqət nişanələri olur. Xalq şairi Səməd Vurğun yazırdı ki, hər bir əfsanə, əsatir və rəvayətdə həqiqətə oxşar məqamlar vardır. Məlumdur ki, Vidadi Qazağın Şıxlı kəndindəndir. Tarixi faktlardan aydındır ki, XVIII əsrin ikinci yarısında 1759-cu ildə ictimai iğtişaşlarla əlaqədar olaraq qazaxlılar köçüb Qarabağa gəlmiş və o yerdə məskunlaşmışlar. Firudin bəy Köçərli yazırdı: «Gürcüstan padşahı İrakli xanın vaxtında və Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat Gürcüstan hökumətinin zülm və təbiəsindən təngə gəlib Qarabağ vilayətinə köçüb gediblər. Məzkur elat bunlardır: Qarəcəlu, Çinlü, Dəmirçi, Həsənlü, Qızıl Hacılı, Qaraqoyunlu, Alpovuz, Sofikürd, Boyəhmədli, Kəngərli, Xəlfəli və qeyriləri. Molla Pənah dəxi öz obası ilə müttəfiq Qarabağa hicrət edir, Cavanşir mahalında sakin olur. («Azərbaycan ədəbiyyatı tarixi materialları»- 1 cild, səh 99.)

Bu dövrdə Vaqiflə birlikdə Vidadi də öz qohumları ilə köçüb Qarabağa gəlmişdi. Filologiya elmləri doktoru Şamil Cəmşidov yazırdı: «Qazax eli Qarabağın Tərtərbasar yox, Vərəndə mahalına köçmüşdür. Qazax elinin Vərəndə sahəsinə- indiki Cəbrayıl, Füzuli, Ağcabədi, Martuni ərazisinə ( indiki Xocavənd- T.A.) köçüb sakin olduğunu həm tarixi mənbə, həm də Vaqiflə Vidadinin öz şeirlərindəki yer adları təsdiq edir. («Azərbaycan» jurnalı 1970, N1)

Vaxtilə Füzuli və Cəbrayıl rayonları ərazisində Qazax elindən köçüb gəlmiş kənd və tayfa adları vardır ki, bunlar indi həmin yerlərdə kənd adları kimi sabitləşmişdir: Hacılı, Sofulu, Qazaxlar, Həsənli və s. Lakin Vaqiflə Vidadinin Vərəndə mahalının hansı oymağında yaşadıqları bir qədər mübahisəlidir. Salman Mümtaz qeyd edir ki, Vaqif Qarabağa gəldikdən sonra bir müddət Füzuli rayonunun Veysəlli və Arayatılı kəndlərində yaşamış və sonralar isə Şuşaya- İbrahim xanın sarayına getmiş və ömrünün sonuna qədər orada yaşamışdır.

Bəs Vidadi harada yaşamışdır? Hazırda Cəbrayılın Dağtumas kəndi yaxınlığında yerləşən Çələbilər kəndi XVI-XVIII əsrlərdə Qarabağda tanınan ən böyük yaşayış məntəqələrindən hesab olunurdu. Burada 700-dən çox ev var idi və bu kənddəki məscid-mədrəsə o dövrdə demək olar ki, ən məşhur dini tədris müəssisəsi idi.

Qeyd etməliyəm ki, 1937-38-ci illərin ağır repressiya illərində bu kəndin böyükdən-kiçiyə bütün sakinləri repressiyaya məruz qaldı. Güllələnən güllələndi, güllələnməyənlər ailə üzvləri ilə birlikdə sürgün olundu. Bu gün Qazaxıstanda, Sibirdə, Türkiyədə Çələbilər kəndinin törəmələri yaşamaqdadır. Sovet dövründə büsbütün boşalan bu kənddə cəmi 2-3 ailə yaşayırdı ki, onlar da sonradan ata-baba yurduna qayıdanlar idi. Ermənilərin 1993-cü ildə Cəbrayıl rayonunu işğal etmələrinə qədər bu məscidin əzəmətli binası məscid binası həyətindəki hücrələrin, hamamın və kompleksə daxil olan digər binaların görkəmi onun, doğrudan da zəngin keçmişə malik olduğundan xəbər verirdi. Şübhəsiz, o dövrdə şöhrəti hər tərəfə yayılmış bir məscid-mədrəsə ömrü boyu məktəbdarlıqla məşğul olan Vidadi kimi bir adamın diqqətindən kənarda qalmamış, o, Çələbilərə gələrək uzun müddət burada dərs demişdir. Onu da qeyd etmək lazımdır ki, bu kəndin camaatının sünnü məzhəb olması da Vidadinin buraya gəlməsinə güclü təkan vermişdir. Çünki Vaqif Qarabağa gələn kimi şiə məzhəbini qəbul etsə də, Vidadi şiəliyi qəbul etməmişdir. Şamil Cəmşidov da yuxarıda adı çəkilən məqaləsində qeyd edirdi ki, Vidadi Qarabağdakı sünnü məscidlərinin birində dərs demişdir. Lakin o məscidin harada olduğu haqqında heç bir məlumat verə bilməmişdir. Bizim gəldiyimiz qənaət isə belədir ki, o dövrdə Qarabağda ən məşhur sünnü məscidi məhz Çələbilər kəndində yerləşirdi. O vaxtlar bu məsciddə Şərqin ən mötəbər dini-tədris ocaqlarında təhsil almış din xadimləri dini və dünyəvi elmlərdən dərs deyirdilər. M.V.Vidadi də belə bir məşhur dini tədris ocağında dərs deməyi özünə böyük şərəf bilmişdir.

Bizə belə gəlir ki, Vaqiflə Vidadi arasındakı yazışma- şeirləşmə də elə bu vaxt- Vaqif Şuşada, Vidadi isə Çələbilərdə olan vaxt baş vermişdir. Əgər belə olmasaydı, Vaqif Vidadiyə aşağıdakı mənzum məktubu yazmazdı:

Sən deyirdin gücü gedib bazumun,

Bəs nə yavuz arvad oldu lazımun?

Ardına tumaslı Dəli Kazımın

Xub düşübsən, xub şücaət eylərsən.

Düşmüsən bir Çələbinin cəbrinə,

Söz yox idi o iyidin səbrinə.

Kişi olsan, gedib onun qəbrinə

Hər həftədə bir ziyarət eylərsən.

Bütün bu yaxınlıq və yazışmaların bir səbəbi də bu iki böyük sənətkarın bir-biri ilə qohum-quda olması idi. Bu şeirləşmələrin bəzilərində Vaqif Ağqız oğlu Piri təxəllüsü ilə yazırdı. Bunu isə yalnız Vidadi bilirdi.

Buradan da yuxarıdakı rəvayətin gerçəkliyinə heç bir şübhə yeri qalmır. Deməli, Vidadi Çələbilərdə yaşayarkən 2-ci və yaxud da 3-cü dəfə evlənmiş, bu isə Vaqifin, onun digər müasirlərinin rişxəndinə səbəb olmuşdur. Vidadi dünyasını da 1809-cu ildə Çələbilər kəndində dəyişmiş, onun nəşini isə doğma kəndində- Qazax rayonunun İkinci Şıxlı kəndində dəfn eləmişlər.

Tariyel Abbaslı Filologiya üzrə fəlsəfə doktoru

  • @continue

Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 358

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...