TƏDQİQATLAR
A- A A+

Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur

2017-10-16 09:40:57

.

2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

Fact-info.az AZƏRTAC-a istinadən Rusiyanın Ermənistana müasir silahlar almaq üçün daha 100 milyon dollarlıq güzəştli kredit ayırması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun yazısını təqdim edir: Şübhəsiz ki, əvvəllər də müxtəlif vaxtlarda təcavüzkar Ermənistanın Rusiya tərəfindən silahlandırılması haqqında kifayət qədər faktlar var. Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixinə nəzər salsaq və bunu şərti olaraq mərhələlərə bölsək görərik ki, bu mərhələnin hər biri xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının nəticəsi idi. 1992-ci ilin martında Minsk qrupu yaradılan zaman ATƏT-in vasitəçiliyi bir növ Rusiyaya alternativ kimi qəbul edilirdi. 1993-cü ilin ikinci yarısından 1994-cü ilin dekabrına, yəni, Budapeşt sammitinə qədər olan dövr Rusiyanın regionda nüfuzunun daha da artması ilə xarakterizə olunurdu.

Budapeşt sammitindən sonra isə Rusiyanın və ATƏT-in vasitəçilik fəaliyyəti birləşdirildi və Minsk qrupunda Rusiyanın daimi həmsədrliyi möhkəmləndirildi. Güman edilirdi ki, Minsk qrupunda iki həmsədrin olması, Rusiya ilə ATƏT arasında rəqabətin aradan qaldırılmasına və sülh prosesində müsbət nəticələrin əldə ediləcəyinə gətirib çıxaracaq. Lakin 1995-ci ilin əvvəllərindən Qərbin regionda fəallığının artması və sülh prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində getməsi Rusiyanı qane etmirdi.

1995-ci il martın 16-da Moskvada Rusiya və Ermənistan arasında 25 il müddətinə müqavilə imzalandı. Bu müqaviləyə görə Ermənistan Respublikasındakı Rusiya hərbi düşərgələrinə hərbi baza statusu verildi və Rusiya qoşunlarının Ermənistanda fəaliyyəti hüquqiləşdirildi. Bununla da Qafqazda hərbi iştirakına hüquqi don geydirmək yolunda növbəti addım atan Rusiya yaxın xarici şəriksiz təsir altında saxlamaq istədiyini bir daha nümayiş etdirdi. Eyni zamanda, Rusiya MDB üzvü olan iki dövlətdən biri - Ermənistanla hərbi əməkdaşlığı gücləndirərək, onunla 1996-cı ilin iyun ayına qədər hərbi sahədə 18 müqavilə imzaladı.

Bu ərəfədə Rusiya Federasiyasının MDB ölkələri üzrə əməkdaşlıq naziri Aman Tuleyevin Rusiyanın Ermənistana 1994-1996-cı illərdə müxtəlif növ silah, sursat, o cümlədən 84 tank və 50 PDM satması barədə açıqlaması Azərbaycanda böyük narazılıqla qarşılandı. Azərbaycan Respublikası XİN-nin yaydığı bəyanatda qeyd edilirdi ki, Ermənistan hətta nüvə hücumu vasitələrini daşımağa qadir olan uçuş məsafəsi 300 kilometrə çatan raket komplekslərinə də malikdir.

1997-ci il aprelin 11-də Dövlət Duması müdafiə komitəsinin sədri Lev Roxlinin Ermənistana qanunsuz olaraq silah, hərbi texnika və sursat göndərilməsi barədə məruzəsini dinlədi. Məruzədə deyilirdi ki, 1993-1995-ci illərdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin müəyyən vəzifəli şəxsləri tərəfindən Ermənistana qanunsuz, gizli və əvəzsiz olaraq Rusiya silahı, o cümlədən 84 ədəd T-72 tankı, 50 ədəd PDM, külli miqdarda R-17 raketi, “Kruq” zenit raket kompleksi, “OSA” zenit raket kompleksi üçün raketlər, “Qrad” yaylım atəşli reaktiv sistemlər, “İqla” səyyar zenit raket qurğuları və bir çox başqa silahlar göndərilmişdir ki, bunların da məbləği 1 milyard Amerika dollarına bərabərdir.

Beləliklə, A.Tuleyevin 2 ay öncə dedikləri L.Roxlinin bu məlumatı ilə dövlət səviyyəsində təsdiq olundu. Rusiyanın Ermənistanı Azərbaycanla uzun sürən münaqişədə silahla təmin etməsi faktı yaxşı məlum olsa da, göndərilən çoxlu sayda və müxtəlif növ silahların miqdarı təəccübləndirici idi. Maraq doğuran həm də o idi ki, əvvəl məsələyə çox etinasız yanaşan Rusiya hakim dairələri yeni faktları özləri etiraf edirdilər. Və Rusiyadakı rəhbər vəzifəli şəxslər bu informasiyanın üzə çıxmasından demək olar ki, təəssüflənmirdilər. Bir qədər sonra aydın oldu ki, Rusiyadan Ermənistana silahların göndərilməsi Rusiya hakim dairələrinin birbaşa göstərişi ilə və demək olar ki, dövlət səviyyəsində həyata keçirilmişdir. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim Ermənistanı müdafiə etməsi onu göstərirdi ki, Ermənistan regionda Rusiyanın ən yaxın müttəfiqidir.

1997-ci il avqustun 29-da Moskvada Rusiya və Ermənistan prezidentləri qarşılıqlı yardım, əməkdaşlıq və dostluq barədə saziş imzaladılar. 23 maddədən ibarət 12 səhifəlik bu sənəddə Rusiya və Ermənistanın öhdəlikləri göstərilirdi. Sənəddə iki dövlət arasında hərbi-strateji, iqtisadi sahələrdə maraqların üst-üstə düşdüyü, qlobal və eləcə də regional problemlərə münasibətdə mövqelərin yaxınlaşdığı qeyd edilirdi. Bu sənəd hər iki dövlətin uzunmüddətli maraqlarına cavab verən və strateji tərəfdaşlıq yolunda ikitərəfli münasibətlərin yeni mərhələsi demək idi.

Saziş 25 il müddətinə imzalanmışdı və bu müddətdən sonra 10 ildən bir uzadılması qərara alınmışdı. Sənəd BMT nizamnaməsinin kollektiv müdafiə haqqında 51-ci maddəsinə əsaslanıb qarşılıqlı hərbi yardımın mümkünlüyünü nəzərdə tuturdu. Müqavilədə, həmçinin Ermənistan sərhədlərinin Rusiya ilə birgə qorunması da öz əksini tapmışdı. Bu müqavilənin imzalanması Rusiyanın strateji müttəfiqi olmaqla bərabər, Ermənistanın bütövlükdə Rusiyanın hərbi, siyasi və iqtisadi təsiri altına düşdüyünü bir daha göstərirdi.

1998-ci ilin fevralında Ermənistana “S-300 “raketləri, dekabr ayında isə “MİQ-29” təyyarələri göndərildi. Rusiya tərəfi bu dəfə də öz ənənəsinə sadiq qalaraq, bunun Ermənistanda yerləşən Rusiya hərbi bazalarının silahlarının təzələnməsi proqramı çərçivəsində edildiyini bildirdi.

Qeyd edək ki, 2013-cü ilin əvvəllərində Rusiya ilə Ermənistan arasında hava vasitəsilə hərbi daşımaların həyata keçirildiyi, Rusiyadan Ermənistana çoxlu sayda silah və sursatın ötürüldüyünə dair məlumatlar da üzə çıxmışdı. Ermənistana verilən silah və texnikalar arasında BMP-2 və BMP-3 tipli piyadaların döyüş maşınları, BTR-70 və BTR-80 tipli zirehli transportyorlar, 2A65 “Msta-B” haubitsaları, 2A36 “Qiatsint-B” topları, 2S3M “Akasiya” özüyeriyən artilleriya qurğuları, habelə çox sayda müxtəlif döyüş sursatları, raketlər, bir divizion “KUB” zenit-raket kompleksi və s. yer almışdı.

Beləliklə, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu birtərəfli mövqeyi nəinki problemin dinc vasitələrlə nizama salınması imkanlarını məhdudlaşdırır, eyni zamanda, Qafqaz regionunda sülhün əldə edilməsi yolunda Rusiyanın nüfuzuna da xələl gətirir.

Təcavüzkarı silahlandırmaq açıq-açığına onu dəstəkləmək deməkdir. Hesab edirik ki, Rusiya hakimiyyəti bu cür addımlardan çəkinməli və bölgədə sülh və əmin-amanlıq yaradılması üçün səylər artırılmalıdır. Hazırda Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyanın inhisarındadır. Bundan əlavə, Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edərək, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da ermənilərin hesabına saxlanılır. Əvəzində isə, Ermənistandakı mövcud rejimi silahlandırmaq bir tərəfdən həmin rejimin yaşamasına dəstək verməkdirsə, digər tərəfdən onun təcavüzkarlığına rəvac verməkdir. Bütövlükdə Rusiyanın Ermənistana silah göndərməsi bölgədəki vəziyyəti kəskinləşdirməyə yönələn addımdır. Bu addım, həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması deməkdir.

Təhlil belə bir fikir söyləməyə əsas verir ki, münaqişənin nizama salınması prosesində “sülhpərvərlik” missiyasını üzərinə götürmüş Rusiyanın MDB kollektiv təhlükəsizlik sistemində müttəfiqi olan və Azərbaycana qarşı təcavüz edən Ermənistanla ayrıca müqavilə bağlayaraq ona hərbi yardım etməsi Rusiyanın Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarını pozaraq birtərəfli mövqedə durduğunu göstərir. Bununla yanaşı, Rusiyanın Ermənistanı kredit adı altında silahlandırması, əslində, Azərbaycanla olan dostluq və strateji tərəfdaşlıq prinsiplərinə də tamamilə ziddir. Eyni zamanda, belə bir addım Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkar Ermənistana hərbi yardımı artırması fonunda baş verirsə, bu, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da şübhə altında qoyur.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 144

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...