MÜSAHİBƏ
A- A A+

“Azərxalça”Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov: “Azərbaycan xalçalarının beynəlxalq miqyasda mövqeyinin bərpasına və təbliğinə çalışırıq”

2017-09-14 11:50:31

Fact-info.az saytının suallarını “Azərxalça”Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov cavablandırır

- Vidadi müəllim, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaranması və formalaşma prosesi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyət xalçaçılığı inkişaf etdirərək ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoymuşdur. “Azərxalça” ASC-nin yaradılmasında əsas məqsəd xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Nəticədə respublika ərazisində xalçaçılıq şəbəkəsi yaratmaq və inkişaf etdirmək, ənənəvi xalq üsulu ilə kütləvi şəkildə xalça istehsalına nail olmaqla yanaşı, eyni zamanda yeni iş yerlərinin açılmasına nail olmaq əsas istiqamətlərimizə daxildir. Hal-hazırda Füzuli və Şəmkir rayon filialları fəaliyyət göstərir. Bu filialların hər birində 150 toxucu, 10 nəfər inzibati-texniki işçinin işlə təmin olunması üçün imkan vardır. Yeni və müasir filial binaları toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. 2017-ci ilin sonunadək isə Cəmiyyətin Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax filialları tikilib istifadəyə veriləcək. 2018-2019-cu illərdə respublikanın daha 20 rayonunda filialların yaradılması, bununla da Cəmiyyətin filiallarının ümumi sayının 30-a çatdırılması və 5000-ə yaxın vətəndaşın daimi iş yerləri ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
- Respublikamızda xalçaçılıq ənənələrinin vəziyyətini necə qiymətləndirirsiniz? Perspektivlər hansı səviyyədədir?

- Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biridir. Burada xalçaçılığı yaratmaq və inkişaf etdirmək üçün tarixən istedadlı və zövqlü xalçaçılar, eyni zamanda onun düzgün ticarətini təşkil etmək, beynəlxalq miqyasda tanıtmaq üçün tacirlər və səyyahlar olub. Zəngin xammal bazasının, xüsusilə qoyunçuluq təsərrüfatlarının və təbii boyaq maddələrinin olması bu ərazidə xalçaçılıq üçün geniş imkanlar yaratmışdır. Son orta əsrlər, xüsusilə XVII-XIX əsrin birinci yarısı dünyanın xalça ticarətində Azərbaycan xalçalarının dövriyyəsi yüksək olmuşdur. Bu da ilk növbədə bizim xalçaçıların əməyinin yüksək məhsuldarlığından irəli gəlmişdir. Bəzi sosial-iqtisadi amillərlə əlaqədar olaraq zəifləmələr və geriləmələr, hətta durğunluq yaransa da, istehsal miqyası daralsa da xalçaçılıq Azərbaycan ərazisində daima mövcud olmuşdur. Bu bir ailə sənəti olaraq öyrədilmiş, təbliğ edilmişdir. “Azərxalça” ASC-nin regionlar üzrə apardığı tədqiqatlar göstərir ki, ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün perspektivli toxucu kadrları, zəngin təbii və təsərrüfat imkanları vardır.

- Hansı xalçaların toxunmasına üstünlük verirsiniz?

- “Azərxalça”nın istehsalı olan xalçalar Cəmiyyətin “Bədii yaradıcılıq və keyfiyyətə nəzarət” şöbəsinin xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Azərbaycanda ilk dəfə olaraq qədim xalçalar əsasında yeni çeşnilərin elektron variantının hazırlanması və Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir.

- Azərbaycan xalçalarının beynəlxalq təbliğatını necə aparırsınız?

- Cəmiyyət xalçaçılıq üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla, şirkətlərlə, o cümlədən nüfuzlu nəşrlərlə əlaqələrin genişləndirilməsinə, bununla da Azərbaycan xalçalarının beynəlxalq xalça bazarında mövqeyinin bərpasına və təbliğinə çalışır. Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin 14-17 yanvar tarixlərində Almaniyanın Hannover şəhərində keçirilmiş ənənəvi DOMOTEX beynəlxalq satış sərgisində təqdim etdik. Bu tədbirdə bir daha yüksək keyfiyyətli Azərbaycan xalçasına olan marağın, diqqətin şahidi olduq. DOMOTEX beynəlxalq sərgisi əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbatın böyük olduğunu və “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərdi. Bu günlərdə Nyu-Yorkda keçirilən növbəti beynəlxalq xalça sərgisində “Azərxalça” daha geniş çeşidli istehsal nümunələri ilə iştirak edir.

– Cəmiyyət xalçaçı kadrların hazırlanması işini hansı prinsiplər əsasında aparır?

- Rayonlarda “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilmişdir. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1300 nəfərdən çoxdur. Bu toxucuların arasında gənclər də var. Gənclərin sayəsində toxuculuq sənəti nəsildən-nəslə ötürüləcək və dünya irsinin ayrılmaz parçasına çevrilən xalçalarımız daim diqqət mərkəzində qalacaq. Kurslarda tədris alan toxucular Cəmiyyətin yerli filiallarında daimi işlə təmin olunacaqlar. Qeyd etmək vacibdir ki, respublikamızın hər rayonunda xalçaçılıq sənəti ilə məşğul olmaq istəyənlərin sayı kifayət qədərdir. Və filiallar yaradılarkən hər bir rayonun məhz yerli kadr potensialına əsaslanılır.

-Azərbaycan xalçasının xammal bazanın yaradılması indi hansı səviyyədədir?

- “Azərxalça” ASC Azərbaycanın xammalı əsasında Azərbaycan xalçası toxumağı qarşısına məqsəd qoyub. Bunun üçün ölkəmizin geniş imkanlara malik olduğunu yerli və xarici ekspertlər də təsdiqləyirlər. Məlumat üçün bildirim ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək Əyirici-boyaq Fabrikinin yaradılması istiqamətində işlər görülür. Respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir. Bu ilin may ayından etibarən bir il ərazində 52 rayondan 1000 ton yunun tədarük olunması nəzərdə tutulur. Fabrikdə mövsümi yun və bitki tədarükçülərindən əlavə, 70 nəfər daimi iş yeri ilə təmin ediləcək. Gələcəkdə bu fabrikdə istehsal olunacaq məhsul həm “Azərxalça”nın filiallarında, həm respublikanın digər özəl xalçaçılıq müəssisələrində, həm də ümumilikdə müvafiq sənaye müəssisələrində istifadə ediləcəkdir. Belə bir müəssisənin yaradılması Azərbaycan yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək.
Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 872

QHT və MEDİA

2017-09-22 11:55:45

QHT və MEDİA
Ermənişünaslıq sahəsinin tədqiqinə dair:...
Ermənişünaslıq sahəsinin tədqiqinə dair:...

Ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, ...

2017-09-21 22:30:56

QHT və MEDİA
Şura Şəmkirdə QHT-hökumət münasibətləri ...
Şura Şəmkirdə QHT-hökumət münasibətləri ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2017-09-22 10:05:54

CƏMİYYƏT
Prezident İlham Əliyevin BMT-dəki çıxışı...
Prezident İlham Əliyevin BMT-dəki çıxışı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının ...

2017-09-21 09:55:18

CƏMİYYƏT
AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan...
AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan...

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və medi...

İQTİSADİ

2017-09-15 07:50:47

İQTİSADİ
Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir...
Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir...

Belə ki, Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokun...

2017-09-11 10:10:38

İQTİSADİ
Qırğızıstanın altı televiziya və radio k...
Qırğızıstanın altı televiziya və radio k...

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən y...