.jpg)
Sərgi
İtaliyanın Turin şəhərində keçirilən kitab sərgisində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun italyan dilinə tərcümə edilmiş mükəmməl elmi nəşrlərindən ikisi - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (“Il kanato di Irevan. La conquista russa e la migrazione degli armeni nelle terre dell’Azerbaigian settenttrionale”), Yaqub Mahmudovun “Azərbaycan və Avropa” (Yagub Mahmudov. “Azerbaigian e Europa”) monoqrafiyası nümayiş olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görkəmli tarixçilər tərəfindən ilk mənbələr əsasında Azərbaycan dilində hazırlanan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyası Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Bu əsər rus, ingilis, rumın dillərində nəşr olunub. Kitabın alman və türk dillərinə tərcümə olunmuş variantları hazırda çapa hazırlanır.
Görkəmli tarixçi alim Y.Mahmudovun “Azərbaycan və Avropa” əsərində orta əsr Azərbaycan dövlətlərinin – Ağqoyunlu və Səfəvi imperiyalarının Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri ilkin qaynaqlar əsasında tədqiq edilib. “Azərbaycan və Avropa” monoqrafiyası Azərbaycan, rus və ingilis dillərində çap olunub. Kitab, həmçinin türk dilinə də tərcümə olunub və hazırda çapa hazırlıq mərhələsindədir.