MƏDƏNİ
A- A A+

Qarabağın monumentalçı rəssamı

2017-08-19 09:25:20

.

Usta Qənbər Qarabaği (1830-1906) XIX əsr Azərbaycan təsviri sənətinin ən parlaq simalarından biridir. O, təsviri sənətin müxtəlif sahələrində əsərlər yaratsa da, onu Azərbaycan monumental sənətinə duyulası töhfələr vermiş sənətkar kimi tanıyırlar. Doğrudan da onun Şuşa və Şəkidə yerləşən binaların interyerlərini bəzəyən divar rəsmləri milli monumental sənətimizin özündə ənənə və müasirliyi birləşdirən gözəl nümunələridir. Yeri gəlmişkən deyək ki, əsasən XIX əsrdə gerçəkləşən bu divar rəsmləri bütünlükdə Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixi üçün ölçüyəgəlməz bədii və tarixi əhəmiyyət kəsb edir. Bu yerdə onu da əlavə edək ki, Şuşada və Şəkidə ərsəyə gətirilən bu monumental sənət nümunələrinin yaradılmasında Usta Qənbər, onun qardaşı Səfər və oğlu Şükür, eləcə də Mir Möhsün Nəvvabla yanaşı, bir neçə şamaxılı rəssam (Əliqulu, Qurbanəli və s.) iştirak etmişdir. Şəkidə məşhur Şəki Xan sarayının XIX əsrin sonu XX əsrin əvvəllərində yenidən işlənmiş birinci və ikinci mərtəbələrinin, Şuşada Səfibəyov, Mir Möhsün Nəvvab, Kərim bəy Mehmandarov, İskəndər Rüstəmov və Hacı Məmmədovun yaşayış evlərinin divar bəzəklərində ifadə olunan yüksək sənətkarlıq, ilk növbədə, Qarabağ rəssamlıq mühitinin necəliyini və bu inkişafın XIX əsr Azərbaycan təsiredici gücünün səviyyəsini əks etdirir. Bu divar rəsmlərinin duyulası yaddaqalanlığını şərtləndirən bədii məziyyət heç şübhəsiz onlarda Azərbaycanda qədim tarixə malik olan monumental divar rəssamlığının klassik ifadə prinsiplərini yaşatması və onların fərdi yaradıcılıq axtarışlarının nəticəsi olan estetik keyfiyyətlərlə zənginləşdirməsidir. İnteryerinə daxil olduğu hər bir binanın daxili tərtibatına duyulası rəngarənglik bəxş edən bu divar rəsmləri göstərir ki, uzun müddət əvəzsiz sayılan ecazkar kaşıları çox uğurla əvəz edə bilmişdir. Şəki Xan sarayının divarlarını bəzəyən və onların qonşuluğundakı əlvan şəbəkələrlə uğurla vəhdət təşkil etməsi də bunun təsdiqidir. Qeyd etmək lazımdır ki, Azərbaycan monumental sənətinin tərkib hissəsi olan divar rəsmlərinin qarabağlı sənətkarlar tərəfindən çəkilmiş nümunələri bilavasitə vahid və milli üsluba malik olmaları ilə diqqəti cəlb edir və yadda qalır. Bu mənada Şəki Xan sarayı bəzəklərinin ayrı-ayrı dövrlərdə müxtəlif rəssamlar tərəfindən işlənilməsinə baxmayaraq, onların ifadə və bədii şərh vasitələrində danılmaz yaxınlıq-bütövlük hiss olunur. Şux boyalarla işlənmiş bu kompozisiyaların özünəməxsusluğu kifayət qədər duyulandır. Onların bədii həllində qədim təsviri sənətimizin fərdi və fərqli xüsusiyyətlərini şərtləndirən “miniatür üslub”un özünəməxsus, bir qədər də müasirləşmiş təqdimatındakı cəlbedicilik və təsirlilik əslində bu məşhur bədii şərh vasitəsinin onun interyerində yer almış ilkin nümunələri ilə anım-assosiasiya yaradır desək, yanılmarıq. Şəki Xan sarayının divar örtüyünü bəzəyən təsvirlər arasında döyüş səhnələri ilə yanaşı, quşlarla vəhdətdə ifadə olunmuş gül motivi üstünlük təşkil edir. Saraydakı monumental döyüş motivlərinin qonşuluğunda təqdim olunan bu motivlər öz-özlüyündə Şərq ədəbiyyatı və incəsənəti üçün səciyyəvi olan rəmzi mənalı olduqlarından, həmin təsvirlərlə təzadlı ahəngdarlıq yaratmaqla, həm də bura ayaq basanları, sözün əsl mənasında, ovsunlayır. Usta Qənbər tərəfindən Şəki Xan sarayının divarlarına çəkilmiş quş və gül təsvirləri interyerin tağ və taxça formalı səthlərinin kifayət qədər məhdud görünən sahələrinə yerləşdirilsə də, rəssamın onları gül şaxələri və güllərlə, eləcə də budaqlara xüsusi yaraşıq verən quşlarla doldurması təsvirlərə duyulası ritmli dinamika bəxş etmişdir. Rəssamın sarayın tavanını bəzəyən ornamental bəzəkləri də zənginliyi ilə yanaşı, həm də onların icrasındakı yüksək sənətkarlıq nümayişi ilə diqqət çəkir. Burada açıq yerlik üzərində xüsusi axıcı ritmlə səpələnən naxışlar bütünlükdə mürəkkəb xalı çeşnilərini xatırladır. Usta Qənbərin sarayın otaqlarına bənzərsizlik bəxş edən digər işləri də bütün mənalarda yüksək bədii-estetik dəyər daşıyıcısı kimi qəbul olunurlar. Rəssamın görüntüyə gətirdiyi çeşidli nemətlər, fauna və flora motivləri – gül-çiçəklər, heyvan və quş təsvirləri ecazkar görkəminə və rəng ovqatına görə göz oxşayır. Onun təqdim etdiyi qızılgül, lalə, yasəmən, zanbaq, nar, sərv, çinar, gül və ağac, eləcə də maral, həm də rəssamın yurdumuzun zəngin təbii sərvətlərə malik olduğunu sərgiləmək istəyini özündə yaşadır. Rəssamın ümumi kompozisiyanı təşkil edən bu atribut-detalların bir-biri ilə uğurla çulğalaşmasına nail olmasındandır ki, son nəticədə divar rəsmlərinin ümumi tutumu mürəkkəbliyini sərgiləməklə yanaşı, onların özünəməxsusluğu duyulan yeni biçimini də əyaniləşdirilmişdir. Vazalarda qərarlaşmış gül və çiçəklərin səmaya “can atan” ifadəli görkəmini sarayın neçə-neçə yerində onlarla vəhdət təşkil edən quşlarla qovuşaqda təqdim edən şuşalı sənətkar bütünlükdə milli təsviri sənətimizdə “taxçada güllər” adını qazanmış motivin yaradıcısı kimi çıxış etmişdir. Bu cür motivlərin tez-tez yan tərəflərdən simmetrik olaraq sərv ağacları, qarşı-qarşıya dayanmış heyvan və quş təsvirləri ilə əhatələnməsi də fərqli Usta Qənbər təxəyyülünün nəticəsidir... Şuşalı rəssamın doğma şəhərində gerçəkləşən yaradıcılığının ən parlaq səhifələri isə Kərim bəy Mehmandarovun evinin (şəhərin işğalına kimi orada xəstəxana yerləşirdi) tərtibatı ilə bağlıdır. Tədqiqatçılar burada yer almış divar rəsmlərini rəssamın yaradıcılığının ilk dövrünün məhsulu sayırlar. Evin böyük zalının divarlarını bəzəyən rəsmlər arasında gül-çiçək motivləri üstünlük təşkil edir. Kiçik otağın bədii tərtibatında Şəki Xan sarayının təsvirləri ilə eyniyyət yaradan məqamlar daha çox olsa da, onların arasında fərqli olanları da az deyil. Burada da divarlarla tavanı bəzəyən nəbati naxış örtüyü bütünlükdə böyük xalça təəssüratı yaradır. İnteryeri zənginləşdirən bəzək elementləri sırasında bir-birinin qonşuluğunda görüntüyə gətirilən ağ və göy rəngli gül-çiçəklərdən “hörülmüş” medalyonlar bütünlükdə bəzəkli çərçivəni andırması otağın ümumi görünüşünə özünəməxsusluq bəxş edib. Milli monumental sənətimizi zənginləşdirən Mehmandarovların evindəki rəsmlərin elə ilk baxışda görünən fərqli xüsusiyyəti burada insan təsvirlərinin yoxluğudur desək, yanılmarıq. Şuşada Mehmandarovun, Rüstəmovun və Məmmədovun evlərində rəssamın çəkdiyi süjetli və ornamentli pannolar özündə onun milli bədii ənənələrə tapındığını əks etdirir. Buradakı gül-çiçək, quş və heyvan təsvirləri də yüksək sənətkarlıqla işlənilmişdir. Sonrakı taleyindən xəbərsiz olduğumuz bu əvəzsiz sənət nümunələrində Usta Qənbərin miniatür ənənələri ilə gerçəkçi-real sənətin bədii xüsusiyyətlərinin vəhdətinə nail olması, onları bütünlükdə yeni və özünəməxsus bədii həllə çevirməsi duyulur. Tədqiqatçılar rəssamın Rüstəmovların evindəki rəsmlərini onun dünyasını dəyişməsindən (1906) bir qədər əvvəl çəkdiyi qənaətindədirlər... Usta Qənbər Azərbaycan təsviri sənətində geniş yayılmış rəmzi ifadə vasitələrindən özünün ərsəyə gətirdiyi divar rəsmlərində tez-tez istifadə etmişdir. Buna Şəki Xan sarayı ilə yanaşı, onun Şuşada Mehmandarovun evində işlədiyi pannolarda da rast gəlmək mümkündür. Məşhur müqəddəs ağacı görüntüyə gətirən rəssam onu tərəflərdən maral təsviri ilə əhatələməklə təsviri fəlsəfi məna-məzmun daşıyıcısına çevirməyə nail olmuşdur. Onun Rüstəmov və Məmmədovun evindəki sobaları bəzəyən qırqovulla gül təsvirləri də rəssamın düşüncələrini obrazlı ifadə etmək potensialını nümayiş etdirir. Bu sətirlərin müəllifinin axtarışları və apardığı elmi atribusiyanın sayəsində Usta Qənbər Qarabağinin elmə məlum olmayan 23 yeni əsəri üzə çıxarılıb. Tanınmış sənətkarın bədii irsini duyulası dərəcədə zənginləşdirən bu qrafik əsərlər “Nuşəfərin və Gövhərtac” (XIX əsr) adlı əlyazmasına çəkilmiş rəsmlərdir. Bu çoxsaylı əsərlərdə təzadlarla dolu məhəbbət dastanının ən önəmli anlarına yaddaqalan rəssam münasibətini görmək mümkündür. Demək lazımdır ki, Azərbaycan Milli İncəsənət Muzeyində də rəssamın bir neçə əsəri vardır. Usta Qənbər Qarabağinin Şuşada yerləşən divar rəsmlərindən söz açanda heç şübhəsiz onun Səfibəyovun evində icra olunmuş əsərlərini də qeyd etməyə ehtiyac duyulur. Təəssüf ki, buradakı rəsmlərin böyük əksəriyyəti zamanın sərt sınağından çıxa və bizim dövrə gəlib çata bilməyib. Sonralar uşaq evinə çevrilən bu tikilidə şəhərin işğalına qədər həmin rəsmlərin az bir qismi qalmaqda idi. Onlar başlıca olaraq mərkəzi zalın tavanında yerləşən rəsmlər idi. On iki müxtəlif rəngli zolağa bölünmüş tavandakı rəsmlər əsasən nəbati elementlərlə quşların, vəhşi heyvanların və müxtəlif güllərin təsvirlərindən yaradılmış motivlərdən ibarətdir. Buradakı motivlərin bədii həllində Şəki Xan sarayındakı və Şuşanın digər evlərində gerçəkləşən rəsmlərlə zahiri oxşarlıq duyulsa da, bütünlükdə icra sənətkarlığı baxımından müəyyən qədər onlardan geri qalır. Tədqiqatçılar Səfibəyovun evindəki bu rəsmlərin Usta Qənbərin qardaşı Səfər tərəfindən işləndiyi qənaətindədirlər... Ziyadxan Əliyev Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 150

QHT və MEDİA

2017-09-22 11:55:45

QHT və MEDİA
Ermənişünaslıq sahəsinin tədqiqinə dair:...
Ermənişünaslıq sahəsinin tədqiqinə dair:...

Ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, ...

2017-09-21 22:30:56

QHT və MEDİA
Şura Şəmkirdə QHT-hökumət münasibətləri ...
Şura Şəmkirdə QHT-hökumət münasibətləri ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2017-09-22 10:05:54

CƏMİYYƏT
Prezident İlham Əliyevin BMT-dəki çıxışı...
Prezident İlham Əliyevin BMT-dəki çıxışı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının ...

2017-09-21 09:55:18

CƏMİYYƏT
AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan...
AŞPA-da ermənilərin dağıtdığı Azərbaycan...

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və medi...

İQTİSADİ

2017-09-15 07:50:47

İQTİSADİ
Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir...
Yeni "Əsrin müqaviləsi" bizə nə vəd edir...

Belə ki, Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokun...

2017-09-11 10:10:38

İQTİSADİ
Qırğızıstanın altı televiziya və radio k...
Qırğızıstanın altı televiziya və radio k...

Qırğızıstanın altı televiziya və radio kanalı “Azerspace-1” peyki üzərindən y...