MÜSAHİBƏ
A- A A+

Sərsəng su anbarına lazımi texniki xidmət göstərilmədiyi üçün onun aşağı axarında məskunlaşmış 400 min nəfər insanın həyatı üçün real təhlükə yaranmışdır

2017-06-17 11:55:41

Müsahibə

Bugünkü müsahibimiz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  şöbə müdiri Məmməd Əsədovdur.  O,  Azərbaycanın su ehtiyatları,  Sərsəng su anbarının taleyi və digər məqamlara aydınlıq gətirib

 - Azərbaycanın qeyri- neft sektoruna, xüsusilə aqrar sahəyə önəm verildiyi dövrdə,   2017-ci ildə meliorasiya tikinti işləri necə aparılır?

-“Azərbaycan Respublikası regionlarının 2014- 2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda  ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, meliorasiya və suvarma işlərinə daha böyük diqqət göstərilməsinin vacib  olduğu bildirilmiş, yeni əkin sahələrinin dövriyyəyə verilməsi ilə suvarılan torpaqların daha böyük dərəcədə artırılması, xüsusi ilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi sahəsində bizim qarşımızda mühüm vəzifələr qoyulmuşdur.

2017-ci ildə Səhmdar Cəmiyyəti qarşısına qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsini təmin etmək üçün əvvəlki illərdə olduğu kimi öz uğurlu fəaliyyətini davam etdirir.

Möhtərəm Prezidentimizin pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq,  bu sahənin inkişafında çox mühüm rol oynayan  layihələr üzrə  tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılmışdır. Taxtakörpü su anbarı zonasında 2017-ci ildə meliorativ tədbirləri davam etdirməklə Xızı, Siyəzən və Şabran rayonlarında 20728 hektar, o cümlədən 9759 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və 10969 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcəkdir. Bundan Xızı rayonunda 4833 hektar (ondan 3575 hektar yeni suvarılan torpaqlar), Siyəzən rayonunda 5965 hektar (ondan 2205 hektar yeni suvarılan torpaqlar) və Şabran rayonunda 9930 hektar (ondan 5189 hektar yeni suvarılan torpaqlar) suvarma suyu ilə təmin ediləcəkdir.

Cari ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər görülür.

Hazırda respublikanın su anbarlarında 15,5 mlrd.kmb su yığılmışdır ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaqdır.

Sudan istifadə planına əsasən, 2017-ci ildə ümumilikdə 1milyon 416 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 01 iyun 2017-ci il tarixə 546 min hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılmışdır.

Suvarma mövsümünə hazırlıqla əlaqədar Cəmiyyətin yerli istismar idarələri tərəfindən 1057 hidrotexniki qurğu, 193 hidropost, 37 nasos, 31 elektrik və dizel mühərriki, 950 subartezian nasosları təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 10,2 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.

Çay məcralarında  2,6 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 168,8 kbm şax-daş və faşın bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 3,4 min kbm həcmində təmir işləri görülmüşdür.

Əkin sahələrinin su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan təmir və bərpa işləri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaqdır.

  -Meliorasiya sahəsində görülən bu işlər regional iqtisadiyyatın formalaşmasına nə dərəcədə təkan verə bilir?

 -Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusi ilə pambıqçılıq, taxılçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və heyvandarlığın inkişaf etdirilməsi, yeni əkin sahələrinin dövriyyəyə verilməsi barədə verdiyi tapşırıqlar ilə əlaqədar qarşıda qoyulmuş mühüm vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədi ilə Səhmdar Cəmiyyəti tərəfindən səlahiyyətlərinə aid bütün lazımi tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətlərinin təklifləri əsasında Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” institutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan  (5 min  hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min 800 hektar), İmişli (3 min hektar), Neftçala (8 min hektar) və Samux (2 min hektar) rayonlarının ümumilikdə 49 min 250 hektar sahələrinə suvarma suyunun çatdırılması üçün müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə layihə- smeta sənədləri hazırlanaraq rayon icra hakimiyyətlərinə təhvil verilmişdir.
Səhmdar Cəmiyyəti tərəfindən əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də  "Azərbaycan Respublikası regionlarının   2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda və digər proqramlarda səlahiyyətlərinə aid nəzərdə tutulmuş tədbirləri uğurla həyata keçirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə respublikanın 40 şəhər və rayonunun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.
Respublikanın  Ağdaş, Göyçay, Hacıqabul, Ağsu, Kürdəmir, İmişli, Biləsuvar, Saatlı, Sabirabad, Neftçala, Salyan, Ağstafa, Qazax, Tovuz, Quba, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Astara, Lerik, Masallı, Cəlilabad, Lənkəran, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Ağdam, Füzuli, Tərtər və digər rayonlarda suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni suvarılan torpaqların kənd təsərrüfatı əkin dövriyyəsinə cəlb edilməsi, içməli su təchizatı və kanalizasiya sistemləri  infrastrukturunun bərpası və tikintisi, əkin sahələrinin və yaşayış məntəqələrinin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsi, təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin bərpası və yeidən qurulması tədbirləri yerinə yetirilmişdir. Bu istiqamətdə işlər hazırda müvəffəqiyyətlə davam etdirilməkdədir. Bütün bu tədbirlərin həyata keçirilməsi nəticəsində torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranmaqla respublikamızın  regionlarının sürətli və ahəngdar inkişafı təmin ediləcəkdir.    
-Hansı beynəlxalq maliyyə qurumları ilə birlikdə layihələr həyata keçirirsiniz və həmin    qurumların ekspertlərinin bu layihələr barədə reytinq göstəriciləri necədir?
-Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Qədim suvarma kanallarının və su anbarlarının indiyə qədər qalmış izləri bunun əyani sübutudur. Bütün şərq ölkələrində olduğu kimi,  suvarma  Azərbaycanda da ölkə əhalisinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasında tarix boyu çox mühüm rol oynamış və hazırda bütün dünyada  tədricən daha artıq dərəcədə hiss olunmaqda olan iqlim anomaliyaları nəticəsində onun rolu və əhəmiyyəti   getdikcə artmaqdadır.

Ölkəmiz kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli iqlim və  zəngin təbiətə malik olan coğrafi bir regionda yerləşmişdir.  Lakin əsas əkinçilik bazası sayılan Kür- Araz düzənliyinin  arid bir zonada yerləşməsi, ərazidə  minerallaşmış qrunt sularının təbii axınının zəif olması burada suvarmanın və  digər müvafiq kompleks meliorativ tədbirlərin  mütəmadi olaraq  həyata keçirilməsini tələb edir. Hazırda ölkədə suvarılan sahələr 1,4 mln. hektar təşkil edir və kənd təsərrüfatı məhsullarının 90%-ə qədəri bu torpaqlardan əldə edilir. Perspektivdə suvarılan torpaq sahələrinin artırılaraq 1,6 mln. hektara çatdırılması imkanları olsa da, su ehtiyatlarının çatışmaması bu tədbirin həyata keçirilməsində əsas maneədir.

Azərbaycanın su ehtiyatlarının  məhdudluğu, daxili çayların suyunun  ərazi üzrə qeyri- bərabər paylanması, yerüstü suların 70 %-nin öz hüdudlarından kənarda formalaşması və transsərhəd çay sularının yüksək dərəcədə çirklənmiş formada ölkə ərazisinə daxil olması ilə xarakterizə olunur. 

 Dünya şöhrətli siyasətçi, müdrik qüdrətli tarixi şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını böyük uzaq görənliklə qeyd etmiş, meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət vermiş, bu sahənin rolunu yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır.

Ulu Öndərin göstərişlərini əsas tutaraq, respublikaya ayrılan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Dünya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və digər beynəlxalq maliyyə qurumları tərəfindən ölkəyə kredit xətləri açıldı.

Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədi ilə bərpası, yenidənqurulması və tikintisi yarımçıq qalmış 150 obyektdən ölkəmizin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt müəyyənləşdirildi. Bu obyektlərdən isə ən vaciblərinin – Baş Mil-Mugan kollektorunun tikintisinin, Samur- Abşeron suvarma sisteminin yenidənqurulmasının və Vayxır su anbarının inşasının birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ulu Öndər Heydər Əliyevin meliorasiya və su təsərrüfatına olan diqqət və qayğısı hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

Dünya Bankının krediti ilə Azərbaycanda suvarma-drenaj  infrastrukturunun bərpası və  tamamlanması Layihəsi    ( İrriqasiya – 1 )  tərkibində 2001-2007-ci illərdə  Samur Baş Suqəbuledici və Baş Sudurulducu qurğuların bərpası aparılmış, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin,  Quba, Qusar və  Xaçmaz rayonlarında 185,7 km uzunluğunda  təsərrüfatlararası kanalların bərpası, yenidən qurulması və tikintisi ilə 49400 ha sahədə mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmışdır.

- İslam İnkişaf Bankının krediti ilə 2001-2006- cı illərdə 67,2 km uzunluğunda olan Xanarx kanalının (hidrotexniki qurğularla birlikdə) tikintisi layihəsi həyata keçirilmişdir ki, bununla da 49978 ha sahədə mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış və 12569 ha yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.

İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Fondlarının krediti ilə «Samur- Abşeron suvarma sisteminin yenidənqurulması» layihəsi çərçivəsində 2008-2011-ci illərdə  Vəlvələçay-Taxtakörpü kanalının 1-ci mərhələsinin  tikintisi işləri yerinə yetirilmişdir ki, bununla da 3000 ha sahədə mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış və 1000 ha yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.

   -Sərsəng su anbarı bu gün işğal ərazisində qalsa da əhəmiyyətli su mənbəyidir.  Həmin mənbənin real təhlükəliliyi barədə nə deyə bilərsiniz?

 - Hazırda  Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və onun respublikanın  20 faizdən çox ərazisini  işğal etməsi nəticəsində onunla transsərhəd çayların su ehtiyatlarının istifadəsi və mühafizəsi məsələlərinin həlli mümkün deyildir. Bu təcavüz nəticəsində uzun illərdən bəri işğal zonasında qalmış və respublikanın iqtisadiyyatında mühüm rol oynayan su təsərrüfatı fondu tamamilə dağılmış və məhv edilmişdir.

 Yalnız ümumi sututumu 565 mln.kub.m olan Sərsəng su anbarının işğal zonasında qalması nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz  zərər vurmuşdur. Bununla yanaşı, su anbarına lazımi texniki xidmət göstərilmədiyi üçün  onun aşağı axarında məskunlaşmış 400 min nəfər insanın həyatı üçün real təhlükə yaranmışdır.

- Cəbhəyanı ərazilərdə, sərhəd rayonlarında belə meliorasiya layihələri həyata  keçirilirmi?

- 2005-2016-cı illərdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə  əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1803 ədəd, o cümlədən 2013, 2014, 2015 və 2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları  ilə Prezidentin ehtyat fondundan ayrılmış vəsait hesabına respublikanın 40 şəhər və rayonlarının əhalisi 1,3 milyon nəfərə yaxın olan 560 yaşayış  məntəqəsində  957 subartezian quyusu qazılmışdır. O cümlədən 2016-cı ildə 11 pambıqçılıq (Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Samux, Tərtər və Yevlax) rayonunda Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1628 nömrəli və 01 iyul 2016-cı il tarixli 2189 nömrəli Sərəncamlarına əsasən125 ədəd, Nazirlər Kabinetinin 9 may 2016-cı il tarixli 291s  Sərəncamı  ilə 10 ədəd subartezian quyusu qazılmışdır,  o cümlədən respublikanın cəbhə xəttində yerləşən 10 (Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Qazax, Tərtər, Tovuz) rayonunun  suvarma və içməli  suya olan tələbatının ödənilməsi üçün 2005-2016-cı illər ərzində  998 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

- Azərbaycanda su mənbələrinin mühafizəsi sahəsində hansı addımları atmaq zəruridir və nəyi tövsiyə edərdiniz?

  - Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Ölkə ərazisi quru iqlimə malik (arid) zonada yerləşdiyinə görə burada kənd təsərrüfatının inkişafı əsasən suvarma aparmaqla mümkündür. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85- 90 %-ə qədəri suvarılan torpaqlardan əldə edilir. Suvarılan torpaqlardan yüksək məhsul götürülməsi üçün bu torpaqlarda daim irriqasya- meliorasiya tədbirlərinin aparılması tələb olunur. Azərbaycanda hazırda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemlərinə, kollektor- drenaj şəbəkələrinə, nasols stansiyalarına, su anbarlarından ibarət güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi- tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya  və su təsərrüfatı kompleksi yaradılmışdır.
 Respublikanın daxili çayları  ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış və onların axınının əsas hissəsi yaz dövrünə düşür.
Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır.  İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

  Ölkənin su ehtiyatları sahəsində aşağıdakı əsas problemləri göstərmək olar:

-  su ehtiyatlarının 70%-ni transsərhəd çayların təşkil etməsi;

-  transsərhəd  çay sularının artıq şiddətli dərəcədə çirklənmiş şəkildə sərhədlərimizə daxil olması;

- ölkə daxili çayların respublika ərazisində qeyri- bərabər paylanması və onların axınının nizamlanmaması;

-  sulu dövrlərin qış, yaz aylarına təsadüf etməsi;

-  kənd təsərrüfatı bitkilərinin su tələbatının tüksək olduğu yay aylarında bu çayların sularının quruması;

 Azərbaycanın su ehtiyatları məhdud olub, yerüstü su axınlarının  illik həcmi 30-32 kub km təşkil edir. Quraqlıq illərində isə onun həcmi 22-24 kub km-ə qədər azalır. Ümumiyyətlə, respublikada il ərzində 10-13 kub km su istifadə edilir ki, onun 60-70%-i kənd təsərrüfatının, 20-25%-i sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir.

  Bu və digər səbəblərdən respublikanın ayrı-ayrı  bölgələrində kəskin su çatışmamazlığı özünü büruzə verir. Bu bölgələrin suya olan tələbatının ödənilməsi məqsədilə, çaylarda nizamlayıcı qurğuların tikilməsi və onların axınlarının ərazi üzrə yenidən bölüşdürülməsi tələb olunur.  Azərbaycanda sel və daşqın təhlükəli çayların dağ və  dağətəyi zonalarının əhalisinə və iqtisadiyyatına vurduğu zərərlər də ciddi problemə və təhlükəyə çevrilmişdir. Ölkəmizdə 154 selgətirən çayı vardır ki, onların 61-i ən təhlükəli çaylardır.

  Qlobal  iqlim dəyişmələrli ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzunsürən quraqlıqlar və son  illərdə   çaylarda baş verən sel və daşqınlar ölkə iqtisadiyyatına və əhalisinə xeyli zərər vurmuşdur.

    Ölkənin bazar iqtisadiyyatına keçməsi və aparılan aqrar islahatlar nəticəsində su istifadəçilərinin strukturunda müxtəlif növlü sahələr formalaşmış, onların suyun kəmiyyətinə və keyfiyyətinə tələbləri dəyişmiş, su bölgüsünə və istifadəsinə nəzarət mürəkkəbləşmişdir.

   Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq su ehtiyatlarından daha səmərəli istifadə etmək üçün respublikada 1997-ci ildən  pullu istifadəyə keçilmişdir.

  Demokratik dövlət yaratmaq yolunu seçmiş Azərbaycan ətraf mühit sahəsində 20-dən artıq Beynəlxalq Konvensiyaya qoşulmuş və ratifikasiya etmişdir. Hazırda o transsərhəd çayların su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində beynəlxalq su yurisdiksiyasına əsaslanmış dövlət siyasəti aparır.

  Azərbaycanın Rusiya ilə şimal sərhədi boyunca axan Samur çayının su ehtiyatlarından uzun illər boyu bu ölkələrin xalqları birgə istifadə edirlər. 2010-cu  ilin sentyabr ayında Rusiya və Azərbaycan arasında transsərhəd Samur çayının  su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi üzrə Hökumətlərarası Saziş  imzalanmışdır.

Gürcüstanla transsərhəd, xüsusən Kür və Xram çaylarının su ehtiyatlarından istifadəsi,  hər iki ölkənin bu sahəyə cavabdeh olan təşkilatların ikitərəfli  müqavilələri əsasında nizamlanır.

  Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə üzrə İran-Azərbaycan daimi fəaliyyət göstərən komissiyası yaradılmışdır. Bu komissiya hər il  bu çayın su ehtiyatlarının bölünməsini və yaranmış məsələlərin həllini həyata keçirir.

Su çatışmamazlığı ilə yanaşı, çayların, xüsusi ilə transsərhəd çaylarının sularının  qonşu Ermənistan və Gürcüstan respublikalarının ərazisində çirklənməsi və keyfiyyətlərinin   pisləşməsi  ölkədə sosial-ekoloji gərginliyi gücləndirən əsas amildir.

 Bir çox illərdir ki, bu dövlətlərin ərazisindən axan Kür, Araz, Oxçuçay və digər transsərhəd çayları yüksək dərəcədə çirklənmiş halda Azərbaycan ərazisinə daxil olur. Hətta Ermənistandan axan Oxçuçay kritik dərəcədə çirkləndiyinə görə ölü çay adlanır.

Azərbaycanda əhalinin 75%-nin sanitar-gigiyena tələblərinə cavab verməyən bu çayların sularından içməli su kimi istifadə etməsi həyəcan doğuran ən ciddi  problemlərdən biridir. Əgər bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, onun hansı fəsadlar  törədəcəyini təsəvvür etmək çətin deyildir.

 Əgər nəzərə alsaq ki, Azərbaycanın əsas su arteriyaları transsərhəd çayları olan Kür, Araz, Qanıx (Alazan), Qabırrı (İori), Samur və digərləridir (onların sayı 20 -dən çoxdur), onda bu çayların suyunun səmərəli istifadəsi və mühafizəsi məsələləri ölkəmiz üçün nə qədər vacibdir. Bu baxımdan ölkəmizdə ekoloji mühitn sağlamlaşdırılması və stabil iqtisadi inkişafın təmin edilməsi üçün aşağıdakıların həyata keçirilməsini təklif edirik:

   - Transsərhəd çayların suyunun keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün hövzə dövlətlərinin hər birinin ərazisində monitorinqlərin aparılması, beynəlxalq hüquqi normalara uyğun olaraq çayların ekosisteminə dəyən zərərin qiymətləndirilməsi, onun aradan qaldırılması yollarının və dəymiş ziyanın ödənilməsi mexanizminin işlənib hazırlanmasını;

  - Transsərhəd çayların yuxarı hövzələrində yerləşən dövlətlər tərəfindən həyata keçirilən hər hansı bir təsərrüfat fəaliyyətinin aşağıdakı hövzə dövlətləri ilə razılaşdırılmasını;

  - Cənubi Qafqazın bütün hövzə dövlətləri tərəfindən transsərhəd çayların suyunun keyfiyyət göstəricilərinin Avropa Birliyinin standartlarına görə təyin edilməsini;
- Gürcüstan və Ermənistan Respublikalarının Helsinki Konvensiyasına  qoşulmalarının tezləşdirilməsini. 

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 421

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...