MÜSAHİBƏ
A- A A+

“Gəncləşən muğam” layihəsini bu il Avropa Oyunlarına həsr etmişik“

2015-05-26 09:40:25

XALQ ARTİSTİ MƏNSUM İBRAHİMOV: “AZƏRBAYCAN AVROPA OYUNLARI İLƏ TARİX YAZIR”

- Mənsum müəllim, bir müddət əvvəl Latın Amerikasından-Braziliyadan qastrol səfərindən qayıtmısınız. Səhv etmiriksə, bu Sizin simanızda Azərbaycan sənətçilərinin Latın Amerikası ölkəsinə ilk səfəri idi...

- İlk dəfə idi ki, Azərbaycanın Cənubi Amerika qitəsində-Braziliyada Mədəniyyət həftəsi keçirildi, özü də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə.  Mədəniyyət həftəsində də Azərbaycanı  Dövlət Rəqs Ansamblı, “Qarabağ” muğam qrupu, yəni, mənim qrupum, Əməkdar artistlər-tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov,  tələbəm Arzu Əliyeva və maestro-Xalq artisti Yalçın Adıgözəlov təmsil edirdi. Həmçinin, milli kinomuz, milli mətbəximiz, foto-sərgimiz də orada təmsil-mümayiş olundu. Orada 4 konsertimiz oldu ki, onlardan da ikisi  Rio-de-Janeyronun simfonik orkestri ilə oldu. Burada həm muğamlarımız, həm digər musiqi əsərlərimiz, eyni zamanda, mərhum Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası ifa olundu. Onu da böyük fəxr hissi ilə demək istəyirəm ki,Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını  tamaşaçıların israrı üzərinə iki dəfə ifa etdik...

- Bu maraq, bu israr nədən irəli gəldi, sizcə?

- Təbii ki, bizim muğamımıza, musiqimizə görə. Özü də bilirsiniz ki, orada erməni lobbisi çox güclüdür. 

Hətta, bizə  əvvəldən demişdilər ki, Qarabağ sözü, “Qarabağ şikəstəsi” oratoriyası, həmçinin, mənim qrupumun adının məhz “Qarabağ” olması çətinlik-filan yarada bilər.  Amma təbii ki, bizim dövlətimiz öz israrını orada nümayş etdirdi. Yəni, Azərbaycanın Braziliyadakı səfirliyi bu məsələdə çox israrlı oldu. Ümumiyyətlə, səfirliyimizin həmin günlərdə çox böyük zəhməti, fəaliyyəti oldu. Nəinki afişalarda, şəhərin bütün yerlərində böyük elektron tablolar vardı və orada da bizim üçlüyümüzün şəkli,  “Qarabağ” muğam qrupunun şəkli öz əksini tapdı. Bununla yanaşı, Braziliyanın əsas aparıcı mətbuat orqanları bizə çox geniş yer ayırdı, televiziya verilişlərində olduq.

Yeri gəlmişkən, yerli xalqın, millətin özü  çox emosionaldır. Azərbaycanın da muğamı belədir ki, bəşəri bir musiqidir və gözəl də qarşılanır. Bu baxımdan, Braziliya insanı da bizim musiqilərə dərhal reaksiya verirdi. 

Hətta,  mən orada dahi Fikrət Əmirovun “Kor ərəbin” mahnısını ifa edərkən, daha doğrusu,  məşq zamanı  onlar-braziliyalı sənətçilər maestro Yalçın Adıgözəlova sual verirdilər ki, bu, nə qəmli bir musiqidir, yəni, bu nədən bəhs edir? Yalçın müəllim isə cavab verdi ki, onun  sözlərini  Hüseyn Cavid yazıb, o, repressiya olunmuş şairdir, Azərbaycanın böyük şairidir, sözlərdə həqiqət axtaran bir insandır. Sonra gördük ki, onlar özləri həqiqətən bu mahnıdan çox qəmləndilər, çox doluxsundular.  Demək istəyirəm ki, çox uğurlu bir mədəniyyət həftəsi keçirdik. Görməli yerləri gəzdik, görüşlərimiz oldu. Oranın  sabiq mədəniyyət naziri ilə görüşdük, hansı ki, orda indi böyük bir mərkəzin prezidentidir - Emilio Xalil. O, əslən livanlıdır, əslən ərəbdir. Və elə onun tərəfindən San-Pauluda keçirilən festivalda iştirak etmək üzün bizə təklif gəldi. Beləliklə,  qastrol səfərimizlə bağlı təəssüratımız çox yaxşıdır, çox yüksəkdir. Əsas da odur ki, Azərbaycan musiqisi, muğamı bu gün dünyada təqdir olunur, maraqla qarşılanır.

- Azərbaycanı necə, tanıyırlarmı, ölkəmiz haqqında məlumatlar varmı?

-Bəli,  cox tanıyırlar. Düzdür,  10 il bundan qabaq belə deyildi, amma son illər Azərbaycanı Braziliyada çox tanınır. Təbii ki, mən Braziliyada birinci dəfə olmuşdum, amma mənə deyilənə görə, əvvəllər Azərbaycan indiki kimi tanınmırdı. Özü də  nəinki Braziliyada, vaxtı ilə bir çox yerlərdə Azərbaycanı tanımırdılar. 

Azərbaycan deyəndə biz izah etməyə, başa salmağa çox əziyyət çəkirdik ki, bu ölkə hardadır, harda yerləşir və sair. Gah İran deyirdilər, gah Rusiya deyirdilər. Amma şükürlər olsun Allaha ki, bugünləri dünyanın ən ucqar bir nöqtəsinə gedəndə  də  Azərbaycan deyəndə, ölkəmizi o dəqiqə tanıyırlar.

Bunlar da təsadüfi deyil, artıq həm iqtisadi cəhətdən inkişafımıza, həm “Eurovision”a,  həm mədəniyyətimizə görə  bugünləri artıq ölkəmizlə bağlı problem yoxdur. Özü də yenə deyirəm ki, o mənfur qonşularımız ki, orada çox güclüdürlər, amma buna baxmayaraq, bizim orda səfirliyimiz, şəxsən səfir Elnur Sultanov öz komandası ilə çox böyük işlər aparır. Yəni,  Braziliya mətbuatı, siyasətçiləri, televiziyaları, önəmli məmurları, dövlət xadimləri vasitəsi ilə artıq Azərbaycanın haqq səsi, demək olar ki, oradakı insanlara çatdırılır və nəticədə də  Azərbaycan daha çox tanınır, qəbul edilir...

-Braziliya insanı Avropa Oyunları ilə də məlumatlı idimi?

- Bəli. Bildiyiniz kimi, Braziliya əslində nəhəng idman ölkəsidir. Xüsusi olaraq futbolla bağlı məhz bu ölkə futbolçu yetişdirib ixrac edir bütün dünyaya. Demək olar ki, bu ölkə başdan-başa idmançıdır. Hər iki nəfərdən biri idmanla məşğul olur.  Hara gedirsən, görürsən ki,  hər kəç idman formasındadır,  qaçır, gəzir, velosiped sürür. Bilirsiniz, bu ölkə çox maraqlı ölkədir. İnsanları çox hərəkətli insanlardır. İnsanların üzü çox gülərüzdür, hamısının üzləri gülür. Həmçinin, emosionaldırlar, anında hər bir məqama, o cümlədən,  musiqiyə reaksiya verirlər. Yenə deyirəm, biz  “Qarabağ şikəstəsi” oratoriyasını oxuyub qurtarmışdıq ki, israr etdilər ki, təkrar ifa edək. Bu, bir qürurverici hadisədir ki, dilimizi bilməyən insanlar, braziliyalı ifaçılar, simfonik orkestrin ifaçıları təbii ki, notla olsa belə,  bizim “Qarabağ şikəstəsi”ni çalır və biz də oxuyurduq...

- İlk Avropa Oyunlarını izləmək üçün Azərbaycana gəlmək istəyənlər necə, vardımı?

- Belə insanların sayı Braziliyada həqiqətən çoxdur. Hətta, orada bir nəfər yaxınlaşdı və söylədi ki, mən  Azərbaycanın adını ilk dəfədir duyuram. Yəni, bütün millət hamısını bilə bilməz, Azərbaycanı hamısı tanıya bilməz ki. İlk dəfə duyur və deyir, əbədi olaraq  bunu  yaddaşımda saxlayacağam.  Bu musiqiyə,  bu mədəniyyətə görə mən bu milləti əbədi yaddaşıma köçürəcəyəm. Sonra orada Elçin Həşimov  orkestrlə bir əsər çaldı -  “Çahargah” rapsodiyasını. Elnur Hacı Xanməmmədovun əsərini ifa etdi və  bunlar çox möhtəşəm qarşılandı. Sonra tələbəm Arzu Əliyeva çox gözəl çıxış etdi... Yəni demək istəyirəm ki, bütün bunlar nəticə etibarı ilə Azərbaycan haqqında müsbəf fikirlərin formalaşmasına öz töhfəsini verdi və bu baxımdan, Avropa Oyunlarını izləmək üçün braziliyalılarda da belə demək mümkünsə,  bir stimul yaratdı...

- Avropa Oyunlarından söz düşmüşkən, bu haqda nə deyərdiniz, bu oyunlar bütövlükdə Azərbaycana nə verəcək?

- 24 ildir ki, biz artıq müstəqilik. Yeni yaranmış müstəqil bir dövlətik. Odur ki, bu oyunlar, ümumiyyətlə, bu cür tədbirlər Azərbaycanın tanınmasında müsbət rol oynayır. Azərbaycanın imicinə, Azərbaycanın güclənməsinə, Azərbaycanın inkişafına böyük təsir edir, Azərbaycana olan  münasibətləri müsbət mənada dəyişir. Bilirsiniz, yenə deyirəm, bəzən kənardan baxanda başqa cür görsənir, amma onlar gəlib bizim həm idmanımızla, həm də milli mətbəximizlə, milli mədəniyyətimizlə, insanlarımızla, ölkəmizlə tanışlıq imkanı əldə edirlər.  Ölkəmizdə gedən quruculuq-abadlıq işləri, iqtisadi-siyasi vəziyyətimiz və sair,  bunlar hamısı Azərbaycana gələn və gələcək insanlara kompleks şəkildə  təqdim olunur.
 
Ona görə deyərdim ki, Azərbaycan bu oyunlarla bağlı bir tarix yazır.Necə ki, “Eurovision”la belə bir tarix yazmışdı. O zamanlar da məsələn, bəziləri deyirdilər ki, əşşi bu, bizə lazımdır? Amma tarix sübut etdi ki, bu, bizə çox lazımdır. Bu baxımdan, bir daha deyirəm, Azərbaycanın tanınmasında, imicinin, nüfuzunun yüksəlməsində bu tipli tədbirlərin, oyunların böyük rolu var. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və bu, həqiqətdir. Bunu bütün dünyaya sübut edib. Və bu az illər içərisində Azərbaycanın bu cür sürətli inkişafı bəlkə də dünyanın heç bir ölkəsində  olmayıb. Hətta,  Avropa  Olimpiya Komitəsinin  prezidenti özü dedi ki,  bu cür oyunları təşkil etmək üçün adətən yeddi ilə yaxın vaxt verilir, yeddi ilə hazırlıq görülür. Amma  Azərbaycan  cəmi iki il-iki il yarım ərzində hazırlıq işlərini başa çatdıra bilib. Odur ki, belə tədbirlər-oyunlar ölkəmiz üçün sözün əsl mənasında hər baxımdan lazımdır. Ölkəmizin inkişafı üçün lazımdır. Əlbəttə, mən bir vətəndaş kimi, bir sənətkar kimi buna çox sevinirəm və dəstəkləyirəm. Dəstəkləməliyəm, çünki bu, mənim ölkəmdir.

- Avropa Oyunları ilə bağlı Sizin hansısa bir musiqi layihəniz varmı, olacaqmı, bu yöndə dövlət sifarişi almısınızmı?

- İyunun 18-də Heydər Əliyev adına Respublika Sarayında böyük muğam konserti olacaq. Gələn nümayəndələr üçün muğam axşamı olacaq. O konsert də mənə həvalə olunub. Mən və mənim tələbələrim o konsertdə iştirak edəcəyik. Bizim belə bir layihəmiz var - “Gəncləşən muğam” . Biz onu  hər il edirik. Bu il də həmin layihəni ilk Avropa Oyunlarına həsr etmişik və təbii ki, nazirliyimiz, dövlətimiz tərəfindən də yüksək səviyyədə təsdiq olunub. Biz artıq  onun hazırlıqlarına da  başlamışıq. Həmçinin, sırf Avropa Oyunları ilə bağlı ayın 20-də Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operasını ifa edəcəyik.

Kamil HƏMZƏOĞLU (525.az)

 

 


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 789

QHT və MEDİA

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

2017-12-08 09:40:27

QHT və MEDİA
Fransalı gənclər Azərbaycana tanışlıq sə...
Fransalı gənclər Azərbaycana tanışlıq sə...

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin...

CƏMİYYƏT

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

2017-12-07 21:05:37

CƏMİYYƏT
Şura qrant müsabiqəsi elan edib
Şura qrant müsabiqəsi elan edib

Şura sədrinin müavini Vusal Quliyev iclası açaraq gündəliyə təklif olunan “...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...