2015-05-25 09:45:30 | MƏDƏNİYYƏT
Salman Mümtazın itmiş əlyazma kolleksiyası Qərb şərqşünaslığının diqqət mərkəzindədir

Tədqiqat

Avropanın şərqşünasliqla bağlı bir sıra nüfuzlu nəşrlərinin mərkəzi olan BRİLL nəşriyyatının dərc etdiyi İslam Əlyazmaları Jurnalının (Journal of Islamic Manuscripts) sonuncu nömrəsində Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, Stalin repressiyasının qurbanlarından biri Salman Mümtazla bağlı məqalə dərc edilib. Məqalənin müəllifi Bakı Dövlət Universitetinin professoru, ərəbşünas alim Aida Qasımovadır. “İslam Əlyazmalarına qarşı qırmızı terror: Salman Mümtazın əlyazma kolleksiyası” (Red Terror against Islamic Manuscripts: The Case of the Manuscript Collection of Salman Mumtaz) sərlövhəli məqalədə XX əsr Azərbaycan ictimai-siyasi fikrinin görkəmli simalarından olan ədəbiyyatşünas alim Salman Mümtazın faciəli taleyi, onun nadir əlyazma kolleksiyası barədə ətraflı məlumat verilir.

30 səhifəlik məqalənin əvvəlində müəllif Ədalət Tahirzadə, Cəlal Qasımov, Nəcəf Nəcəfov, Rasim Tağıyev və digər müəlliflərin əsərləri, eləcə də alimin Əlyazmalar İnstitutundakı şəxsi arxivi, Milli Təhlükəsizlik Nazirliyinin arxivindəki cinayət işinın qovluğunda hifz olunan materiallar və nəvəsi Urxun Qalabəyli ilə söhbətlər əsasında Salman Mümtazın tərcümeyi-halını təqdim edir. Əsərin bu hissəsində A.Qasımova bir sıra müəlliflərin əsərlərinə istinadən Azərbaycan ziyalılarına qarşı repressiya əməliyyatlarında türk-erməni düşmənçiliyinin acı nəticələrə gətirib çıxarmasını, Azərbaycanin repressiya maşınında mühüm hissələri idarə edən daşnak düşüncəli ermənilərin xalqımızın ziyalı təbəqəsinə vurduğu yaraları xüsusi qeyd edir. Sonrakı paraqraf əlyazma kitabına qarşı qırmızı terrora həsr olunub. Burada müəllif S.Mümtazla yanaşı, qırmızı terror qurbanı olmuş bir çox ziyalıların kitab kolleksiyalarının məhv edilməsindən söz açır.

Məqalənin dəyərli cəhətlərindən biri dipnotlarda Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Bəhlul Behcət və bir çox başqa terror qurbanları barədə qısa da olsa, məlumat verilməsidir.

Daha sonra məqalənin müəllifi S.Mümtazın öz əsərlərində qeyd etdiyi məlumatlar və 1963-cü ildə bir qrup ziyalı tərəfindən tərtib olunan siyahı əsasında S.Mümtazın kitabxanasında (Kitabxaney-i Mümtaziyyə) hifz edilmiş nadir əlyazma nüsxələrinin təsvirini verir. Surəti o dövrdə Dövlət Təhlükəsizlik Komitəsində köçürülmüş siyahı natamam və xətalarla dolu olsa da, Salman Mümtazın kitabxasının tutumu barədə mühüm qaynaq sayılır. A.Qasımova həmin siyahıdakı əsərlərin tam adını bərpa edir, bir çox hallarda bu və ya digər əsərin müəllifini göstərir və onları “Təzkirə ədəbiyyatı”, “Şeir divanları”, “Tibbə dair əsərlər”, “Antologiyalar”, “İzahlı lüğətlər və ensiklopediyalar”, “Sufizmə dair ədəbiyyat”, “Şiə məzhəbi ilə bağlı əsərlər”, “Tarix, cografiya və s. elm sahələri ilə bağlı ayrı-ayrı əsərlər”, “Şəxsi arxivlər” mövzular üzrə təsnif edir.

Məqalənin müəllifi S.Mümtazın itmiş kitabxanası barədə araşdırma zamanı belə bir nəticəyə gəlir ki, S.Mümtaz həbs olunarkən onun kitabları yük maşınına yığılıb, onun özünün aparıldığı maşına isə cəmi iki çemodan (121 ədəd) kitab qoyulub. Həbsxanaya ancaq həmin çemodanlardakı kitablar gedib çıxıb, onlar da istintaq əhəmiyyətli sayılmadığı üçün məhv edilib .Yük maşını isə yolda başqa istiqamətə yönəlib, yəni nadir əlyazma kitabları oğurlanaraq çox güman ki, başqa şəhərə aparılıb.

A.Qasımovanın məqaləsi Avropa şərqşünaslığının diqqətini Azərbaycanın bu görkəmli elm və mədəniyyət xadiminin həyat və fəaliyyətinə cəlb etməklə yanaşı, həm də ölkəmizin əlaqədar təşkilatları qarşısında Salman Mümtaz kitabxanasının axtarılması kimi mühüm bir məsələ də qaldırır.

A.Qasımova bu məqaləsi əsasında Hollandiyanın çoxtirajlı liberal qəzetlərindən birində Salman Mümtazla bağlı böyük bir materialın hazırlandığını da bildirib. Müəllif məqalənin ərsəyə gəlməsində, Salman Mümtazın şəkillərinin, bir sıra arxiv materiallarının və müvafiq ədəbiyyatın əldə edilməsində ona kömək göstərən Ədalət Tahirzadəyə, Cəlal Qasımova, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini Paşa Kərimova, Salman Mümtazın nəvəsi Urxun Qalabəyliyə və başqalarına dərin təşəkkürünü bildirir.(Azərtac)

 

 

 

 

Baxış sayı : 2436
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib