TƏDQİQATLAR
A- A A+

Arye Qut: Rimma Varjapetyan Sarkisyanın cinayətkar rejiminin sifarişini yerinə yetirir

2015-05-23 09:30:01

Təəssüf ki, Ermənistanın Varjapetyan soyadlı baş “yəhudi qadınının” hücumlarına, təhqirlərinə və ağ yalanlarına ilk dəfə deyil ki, cavab verirəm

O, bu yaxınlarda ABŞ Yəhudi Komitəsinin direktoru Devid Harrisə açıq məktubunda artıq mənim barəmdə aşkar yalanlara və şəxsi təhqirlərə keçib.

Mənə tam aydındır ki, xanım Varjapetyan Sarkisyanın cinayətkar rejiminin sifarişini yerinə yetirir. Əslində, bu rejimi doktor Aleksandr Murinsonun, fransalı tədqiqatçı alim Maksim Qauinin və mənim yazdığım məqalələrin İsrail və ABŞ mətbuatında dərc olunması narahat edir. Biz müəlliflər həmin məqalələrdə hakimiyyətə gələn və artıq öz erməni xalqına qarşı “ağ soyqırımı” həyata keçirən cinayətkar Qarabağ separatçıları klanının iç üzünü ifşa etməyə çalışmışıq.

Aydın məsələdir ki, mənim ABŞ-da çıxan nüfuzlu “Jewish Journal” jurnalında dərc olunmuş məqaləm Varjapetyanın, konkret olaraq Ermənistandakı rejimin xoşuna gəlməyəcək. Axı, bəndəniz həmin məqalədə yalnız tarixi faktlar əsasında göstərib ki, indiki Ermənistan və onun rəhbərliyi bəzi erməni faşistlərini qəhrəmanlaşdırır, hətta onların şərəfinə obelisklər ucaldır, adlarını isə Ermənistan paytaxtının prospektlərinə verir. R.Varjapetyanın Ermənistanda antisemitizmin olmaması barədə bəyanatı şəxsən məni çox təəccübləndirdi. Axı, elə bu qondarma “yəhudi icmasının” başçısının özü hələ bir neçə il əvvəl “Ermənistanda antisemitizm” adlı hesabatında “Daşnaksütyun”un fəalı, tanınmış antisemit və faşist, daha çox “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın Ermənistan tarixində, erməni dərslikləri və KİV-lərində qəhrəmanlaşdırılması faktını vurğulayıb. Qeyd edək ki, İkinci Dünya müharibəsi illərində nasist rejiminin nümayəndəsi olan general Dro erməni legionu batalyonlarının komandanı olub və minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak edib. Varjapetyanın fikrincə, ölkənin indiki rəhbərlərinin öz qəsbkarlıq və gənc nəslin başqa xalqlara nifrət ruhunda tərbiyə olunması planlarına bəraət qazandırmaları üçün simvol kimi azad Ermənistan uğrunda “mübarizə aparan” məhz belə qatı antisemitə ehtiyacı var. Bu da təkcə erməni olduqlarına görə nasist cinayətkarlarının əməllərinə haqq qazandırmağa hazır olan yəhudi Varjapetyandan parlaq vətənpərvərlik nümunəsi.

İnsan nə dərəcədə savadsız və ifadələrində nəzakətsiz olmalıdır ki, məni yəhudi adlandıranda “azər” olmadığımı vurğulasın. Mən də xanım Varjapetyana xatırlatmaq istəyirəm ki, ləyaqətli insanlar hətta bədxahlarına və düşmənlərinə yetərincə nəzakətlə müraciət edirlər. Amma siz azərbaycanlıları “azər” adlandırmağa davam etməklə, erməni şovinistləri rejiminin sifarişini o dərəcədə dəqiq yerinə yetirirsiniz ki, bu, Sarkisyan rejiminin tolerantlığının saxta olduğunu bir daha təsdiq edir.

Əlbəttə, Ermənistanda antisemitizmin olmadığı və Ermənistanın yəhudi icmasının hüquqlarının heç vaxt şübhə altına alınmaması barədə nağılları siz okeanın o tayındakı dostlarınıza və həmkarlarınıza danışa bilərsiniz. Gəlin bir daha faktlara müraciət edək. Əgər bir neçə il əvvəl Ermənistanın paytaxtı Yerevanda, Yazıçılar Evində Holokostun mif olduğunu ucadan söyləyən Romen Yepiskoposyanın “Milli sistem” kitabının təqdimatı keçirilirsə, Ermənistanda antisemitizmin olmamasından necə danışmaq olar. Məhz SSRİ-dən ayrılandan sonra Ermənistanda yəhudi azlığı və yəhudi xalqının irsi kəskin azaldı. Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və indiyə qədər davam edən iqtisadi tənəzzül yəhudiləri bu ölkəni tərk etməyə məcbur etdi. Bu, özünü antisemit xarakterli kitabların çap olunmasında, yerli televiziyada antisemit əhval-ruhiyyəli verilişlərin hazırlanmasında, Yerevanda Holokost qurbanlarının memorialının dəfələrlə təhqir edilməsində göstərdi.

Bəlkə Ermənistanın baş “yəhudisi” unudub ki, tarix İkinci Dünya müharibəsində vermaxt ordusunun tərkibində 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Millətçi komandir Dronun başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman faşistləri üçün yararsız olan digər şəxsləri ələ keçirərək məhv etmək olub. Bununla yanaşı, erməni legionu əsir düşərgələrində ölüm marşları təşkil edib. Mərhum Azərbaycan yazıçısı Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında yəhudilərin soyqırımında erməni birləşmələrinin iştirak etməsi barədə çoxsaylı faktlar gətirilir.

Varjapetyan ABŞ Yəhudi Komitəsinin rəhbəri Devid Harrisə məktubunda vurğulayır ki, ermənilər həmişə yəhudilərə dərin hörmət bəsləyiblər. Burada yenə də faktlarla danışacağıq: madam ki, ermənilər yəhudilərə hörmət ediblər, onda bəs nə üçün Ermənistanda keçirilən sosioloji sorğu dünyada antisemitizmin ən yüksək səviyyələrindən birini nümayiş etdirib. Abraham Foksmanın başçılıq etdiyi hüquq müdafiə təşkilatı - Antidiffamasiya Liqası düz bir il əvvəl maraqlı sorğu keçirib. Açıqlanan “Antisemizm indeksi”ndə MDB-də antisemitizm üzrə birinci yeri Ermənistan tutub. Antidiffamasiya Liqasının sorğusunun nəticələrinə görə, ermənilərin 63 faizi yəhudilərə davranışlarına görə nifrət edir, 45 faizi hesab edir ki, yəhudilər həmişəki kimi Holokostdan çox danışırlar, 38 faizi isə hesab edir ki, dünyada baş verən müharibələrin çoxuna görə yəhudilər məsuliyyət daşıyırlar. Məlum olub ki, antisemitizmin səviyyəsinə görə (58 faiz) Ermənistan Avropada üçüncü yeri, postsovet məkanda və Şərqi Avropa ölkələri arasında isə birinci yeri tutur. Aydın məsələdir ki, yəhudilərə nifrət İsrail Dövlətinin 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri prinsipial olaraq “soyqırımı” adlandırmağa razılaşmaması ilə bağlıdır. Məhz buna görə də ermənilərin böyük hissəsinin yəhudiləri görməyə gözü yoxdur. Bundan sonra erməni-yəhudi dostluğundan danışmağa dəyərmi? Bu yalnız Rimma Varjapetyanın şərhində mümkündür.

Xanım Varjapetyan, Ermənistanda heç kimin heç vaxt təqib olunmaması barədə yalanlara son qoyun. Bəlkə siz və havadarlarınız 1987-ci ilin sonunda azərbaycanlıların Ermənistanın Qafan rayonundakı əzəli torpaqlarından qovulduqlarını və bu günə qədər davam edən qanlı Qarabağ münaqişəsinin təşəbbüskarlarının məhz ermənilər olduğunu unudubsunuz? Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 185 yaşayış məntəqəsi azərbaycanlılardan təmizlənib, 250 mindən çox azərbaycanlı və 18 min kürd zorla doğma yurd-yuvalarından didərgin salınıb, 200-dən çox azərbaycanlı qətlə yetirilib. Bəs nə üçün Varjapetyan Ermənistanın bu “tolerantlğı” barədə susur? Bu “əzabkeş” xalq Azərbaycanın Xocalı şəhərini işğal edərək, bir gecənin içində viran qoyduqdan sonra ermənilərin hansı tolerantlığından danışmaq olar? O, hətta Devid Harrisə məktubunda Xocalı soyqırımını ört-basdır etməyə, gizlətməyə çalışıb, halbuki bu faciənin təşkilatçısı Ermənistanın indiki cinayətkar rəhbərliyidir. Bu, əsl soyqırımı, həqiqi və amansız kütləvi qırğın idi. Bütün bunlardan sonra İsrail xalqının erməni soyadı daşıyan nümayəndəsi mənə rəhbərliyinin əlləri Azərbaycanın Xocalı sakinlərinin qanına bulaşmış müasir Ermənistanın nə demək olduğunu izah edəcək. Məni - böyük ailəsini Holokost zamanı Ukraynada itirmiş və İkinci Dünya müharibəsinin sonuncu gününə qədər vuruşmuş bir babanın nəvəsini pis adam adlandırmaqla xanım Varjapetyan və onun havadarları özlərini ifşa ediblər və bununla da sübuta yetiriblər ki, mənim erməni legionerləri, bu faşistlərin qəhrəmanlaşdırılması, Xocalı soyqırımı barədə həqiqətlərim onların əsəblərini oynadıb. Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş rayonlarında, demək olar, bütün islam abidələrinin və məscidlərinin yerlə-yeksan edildiyi bir vaxtda Ermənistanda dini tolerantlıqdan necə danışmaq olar?

Azərbaycandakı və Ermənistandakı yəhudilərin vəziyyətini müqayisə etməyə son qoyun. Bu, hətta müqayisəyə belə gəlmir. Hamı gözəl bilir ki, yəhudilər heç vaxt özlərini Azərbaycanda qonaq kimi hiss etməyiblər və bu gün də Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidirlər. Bu tarixi faktdır ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətində dörd yəhudi nazir olub. Mən sizin necə bir təzyiq və siyasi basqı altında olduğunuzu bilirəm, amma həmişə Azərbaycan haqqında həqiqəti danışacağam. Təkcə mənim deyil, bir çox nüfuzlu dünya mərkəzlərinin qənaətinə görə Azərbaycan dini və milli tolerantlıq nümunəsidir. O, dözümlülük səviyyəsinə görə təkcə Asiya dövlətlərini deyil, həm də Avropa dövlətlərinin çoxunu qabaqlayıb. Prezident İlham Əliyev əbəs yerə vurğulamır ki, multikulturalizm və tolerantlıq dövlət siyasətidir və Azərbaycanın həyat tərzidir. O, Azərbaycanın bütün vətəndaşlarının faydalandığı etnik və dini tolerantlığı yüksək qiymətləndirir. Maraqlıdır, görəsən, Rimma Varjapetyan nə vaxtsa Ermənistan Prezidentindən buna bənzər bəyanat eşidibmi?

Arye Qut
politoloq, beynəlxalq  münasibətlər üzrə ekspert


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1092

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...