TƏDQİQATLAR
A- A A+

Bütün ölkələrin multikulturistləri, birləşin!

2015-05-22 09:50:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır.”

Avropada yenidən bir kabus dolaşmaqdadır. Bu, daha marksizm klassiklərinin hələ XIX əsrin oratlarında  ictimai rəyə təlqin etdikləri kommunizm  kabusu deyildir. XXI əsrin kabusu–islamofobiyadır. Birincilər “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə dünya siyasi səhnəsinə çıxmışdılarsa, ikincilər əslində “Bütün ölkələrin islamofobları, birləşin!” şüarı ilə antislam cəbhəsi formalaşdırmaqla həmin siyasi səhnəni zəbt etmək niyyətindədirlər. Bu qorxulu və təhlükəli niyyətlərini həyata keçirmək üçün sözügedən qüvvələr  bəhanə və motivlər axtarışındadırlar. İlk bəhanəni  artıq tapıblar.  Bu, demoqrafiya amili ilə bağlıdır.

 İslamofob qüvvələr Avropa ölkələrində demoqrafik kollapsın  daha proqnoz deyil, reallıq olduğunu etiraf edir və bunun səbəbini özlərinin bioloji problemlərində deyil, müsəlmanlarda axtarırlar. Nəticədə  müasir dünyamız üçün olduqca təhlükəli bir ideologiya-islomofiya formalaşmağa başlamışdır. Həmin ideologiyanın konturlarını cızan “ekspert”lərdən biri  Bremen Universitetinin professoru Qunnar Xaynsonun 2003-cü ildə çap olunmuş “Oğullar və dünya hökmranlığı: millətin yüksəlişi və enişində terrorun rolu” adlı “tədqiqatı”nda iddia olunur ki, hər hansı millətin təbii üsulla (öz-özünə) məhvi üçün ailədə uşağ doğumu 1,5 və ondan aşağı səviyyədə olmalıdır. O, qeyd edir ki, artıq Avropanın 30 ölkəsində millət özü özünə ölüm hökmü çıxarmışdır. Bu fikirlərin ardınca o, həyəcanla aşağıdakı statistikanı önə çəkir:Avropa ölkələrində məskunlaşmış müsəlmanlarda doğum əmsalı 3,6 də dəfə artmışdır. İslamofob ideoloq fikrini davam etdirərək göstərir ki, 1900-2000-ci illərdə, yəni 100 il ərzində dünyada müsəlmanların sayı 150 milyon nəfərdən 1 milyard 300 milyona nəfərə qədər artmışdır. Gəldiyi “nəticə”nin effektini artırmaq və dinlərarası ədəvatın alovlanmasına yardım etmək məqsədilə Qunnar  Xaynson özünəməxsus müqayisə də aparır:1900-2000-ci illərdə Çinin əhalisi 400 milyindan 1 milyard  200 milyon nəfərə qədər (300%), Hindistanın əhalisi isə 250 milyondan 1 milyard nəfərə qədər (400%) artmışdır. Deməli, müəllif bu müqayisəni aparmaqla Avropa ictimai fikrinə müsəlmanların doğumda hətta lider dövlətlər olan Çin və Hindistanı da üstələdiyi fikrini açıq şəkildə təlqin edir. Özlərinin azalmasının səbəblərini araşdırmaqdansa, müsəlmanların artması ilə bağlı həyəcan təbili çalır.

 Eyni müəllif vahimə içərisndə qeyd edir ki, Fransanın silahlı qüvvələrinin şəxsi heyyətinin 15%-ni müsəlmanlar təşkil edir. Onun hesablamalrına görə, İsveçrədə anoloji göstərici 20%-dir. Bu rəqəmləri həyacanla səsləndirən Avropalı müəllif, hər il 50 min nəfər fransalının İslam dinini qəbul etdiyini də ürk ağrısı ilə etiraf edir. Zənnimizcə, bu yerdə müəllifin dini  baxışlarının  hansı səviyyədə radikallaşdığını əlavə olaraq şərh etməyə lüzum yoxdur.

 Bu qəbildən “təbil ifaçı”ları sırasında Fransa yazıçısı Mişel Uelbek özünün islamofob təxəyyülünün “zənginliyi” ilə diqqəti cəlb edir. O, özünün son romanında 2022-ci il Fransasını təsvir edir.  Müəllifin “siyasi sayıqlamaları”ndan bəlli olur ki, həmin ildə Fransa artıq İslam dövlətidir. Universitetlər Quranı-Kərimin öyrənilməsini tədris proqramlarına icbari fənn kimi salmışlar. Qadınlar birmənalı olaraq hicab örtürlər, poliqamiya qanuni xarakter daşıyır. Göründüyü kimi, fransız müəllifin irqçı təxəyyülünə görə, artıq 7 ildən sonra bu proseslər Fransada baş verməlidir. Zənnimizcə, Mişel Uelbekin Fransada, eləcə də bütün Avropada islamofobiya dalğasının yüksəlməsi mənafeyinə xidmət göstərən bu kitabının ilk dəfə  məhz 2015-ci il yanvarın 7-də satışa çıxarılması heç də təsadüfi addım sayılmamalıdır. Məlum olduğu kimi, məhz həmin gün özünü müsəlman kimi təqdim edən şəxslər Parisdə “Şarli Ebdo” satirik jurnalının ofisində terror aktını həyata keçirmişdilər. Nəticədə Fransada və digər Avropa dövlətlərində müsəlmanlar əleyhinə yeni təzyiq kampaniyalarına start verilmişdi.

 Həmin “təbil”in yeni və “parlaq” ifaçıları sırasında 2014-cü ilin oktaybr ayında Almaniyanın Drezden şəhərində qatı  irqçi  B. Lults tərəfindən yaradılmış  PEGİDA-Qərbin İslamlaşdırılması Əleyhinə Avropalı Vətənpərvərlər Hərəkatı “qoca qitə”də şovinist qüvvələrin  antiislam mübarizəsinin  bayraqdarı roluna iddialıdır. Artıq hərəkat Almaniyanın bir sıra şəhərlərində öz şəbəkəsini və “brend”ini yaratmışdır: Dyüsseldorfda-DÜDİGA, Leypsiqdə-LEGİDA, Vyurtsburqda –WÜGIDA, Kölndə-KÖGİDA. Almaniya kansleri Angela Merkel  bir müddət öncə Berlində Türkiyənin Baş naziri Əhməd Davıdoğlu ilə birlikdə keçirdikləri mətbuat konfransında “İslam  alman həyatının tərkib hissəsidir. PEGİDA-nın tərəfdarları ürəklərində nifrət bəsləyən insanlardır,”-fikrini səsləndirsə də, antiislam hərəkatın  2015-ci ilin yanvarın 12-də Drezdendə keçirdikləri yürüşdə 25 min nəfərdən artıq insanın iştirak etməsi artıq sivil dünya üçün  həyəcan siqnalı kimi qəbul edilməlidir. Unutmaq olmaz ki, nasional-sosialistlər  də XX əsrin 20-ci illərində Münhendə  şovinist hərəkat formalaşdıranda almanların mütləq əksəriyyət onları ciddi bir qüvvə kimi qəbul etməmişdi. Bu məsuliyyətsiz yanaşmanın bəşəriyyəti hansı fəlakətə sürüklədiyini isbat etməyə lüzum yoxdur.

 İslamofob qüvvələr hətta ABŞ Prezidenti Barak Obamanı da eyni motivlərlə hədəfə almaqdan da çəkinmir, onu gizli müsəlman olmaqda ittiham edirlər. Onların mövqeyinə görə, Barak Obama müsahibələrinin birində “ABŞ-ın 57 ştatı vardır” ifadəsini işlədərkən heç də texniki səhvə yol verməmişdir. Onların islamofob təxəyyülünə görə, “prezident çox gözəl bilir k, ABŞ 50 ştatdan ibarətdir. O sadəcə olaraq dini mənsubiyyəti ilə bağlı şüuraltı mövqeyini qeyri-ixtiyari dilinə gətirmişdir. Prezident İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan 57 müsəlman dövlətinə özünün dini  məxsusluğu  hissinin təsiri altında belə ifadə işlətmişdir.”

 Həmin qüvvələri Barak Obamanın prezident seçildikdən sonra ilk səfərlərə yollandığı ölkələrin siyahısı da təsadüfən maraqlandırmir. Siyahını təqdim edirlər: Türkiyə, Misir və Səudiyyə Ərəbistanı. Hər biri müsəlman ölkəsi. Deməli, islamofob qüvvələrin məntiqincə, bu dəlillər bir daha sübüt edir ki, müsəlman qüvvələri nəinki kəmiyyət baxımından artmaqdadırlar, habelə onların fəaliyyətində keyfiyyət sıçrayışı da göz önündədir. Dünyanın yeganə fövqəldövlətinin prezidenti postuna müsəlman olan şəxsi yüksəltməyə nail olmuşlar. Həmin qüvvələr bu adi tənqidə dözməyən cılız “analiz”lərini apararkən bilərəkdən həmin səfərlərin səbəb-nəticə əlaqəsinə göz yumurlar. Məhz həmin səfərlərin ardınca Yaxın və Orta Şərqi xaosa sürükləyən “Ərəb baharı”nın başlandığı, vətəndaş müharibələrinin həyat normasına çevriliyi, yeni və olduqca təhlükəli  “İŞID” beynəlxalq terror qruplaşmasının yarandığı hər kəsə gün kimi aydındır.  Bu, islamofob qüvvələrə  hamıdan yaxşı bəllidir. Həmin  qüvvələr əslində XXI əsrin “vəbası” heasab edilən beynəlxalq terrorçuluq ilə İslam arasında bərabərlik işarəsi qoymaqla ikinciyə qarşı yeni “səlib yürüşü”nü təşkil etmək niyyətindədirlər. Təhlükənin kifayət qədər ciddiliyini nəzərə alıb, beynəlxalq terrorçuluq və İslamın əslində tam əks qütblər olduğunu  təhlil etməyə və müvafiq nəticələr çıxarmağa çalışaq.

İslamofob qüvvələr məqsədyönlü şəkildə beynəlxalq terrorizmi dünyaya “İslam terrorizmi» kimi də sırımağa cəhdlər göstərirlər. Məsələyə belə yanaşıldıqda, onlar gərək unutmasınlar ki, XIX əsrdə Afrikanın müstəmləkəyə çevrilməsi müstəmləkəçi dövlətlərin dini mənsubiyyətinə görə «xristian müstəmləkəçiliyi» adlandırılmalıdır. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilib işlədilməlidir. Müsəlmanlar «Nyu-York göydələnlərini dağıtdılar» kimi ifadələrin işlədilməsi yolverilməzdir, çünki məsələnin belə qoyuluşu bütün müsəlman dünyasını terrorizmdə ittiham etmək deməkdir. Çox qəribədir ki, heç kim «induslar Mahatma Qandini öldürdülər» və ya «yəhudilər İshaq Rabini öldürdülər» kimi fikirlər söyləmirlər. Eyni məntiqə söykənilsə, ABŞ prezidenti C.Kennedini öldürən Li Harvi Osvalda görə bütün Amerika xalqını müttəhim kürsüsündə əyləşdirmək lazım gələrdi.

 

Bu vəziyyətdə belə bir mif yayılmaqdadır ki, guya islam dininin mahiyyətində zorakılığa hüsn-rəğbət vardır. Əslində isə tanınmış Rusiyalı şərqşünas alim A.M.Xazanovun fikrincə desək, «terrorizm heç də müsəlmanların ixtirası deyildir. Xristian Avropanın tarixi eyni zamanda müsəlmanlara qarşı kütləvi qətllər və terror aktları ilə zəngindir. Səlib yürüşləri və Rekonkista müsəlmanların və iudeylərin zorən katolikliyə keçirilməsi, onların «müqəddəs inkvizisiyaya» və autodafeyə tuş gətirilməsi ilə müşaiyət olunmuşdur» Bu bir həqiqətdir ki, terrorçunun dini və milli mənsubiyyəti olmur. Hitlerin başkəsənlərinin qayışlarının toqqasında «Allah bizimlədir» ifadəsi həkk olunmuşdu. Bunu əsas götürüb, «faşist xristian orduları» ifadəsi işlətmək olarmı? Əlbəttə, yox. Öz antimüsəlman mövqelərinə haqq qazandırmaq üçün «psevdoislamşünasların» ən çox müraciət etdiyi məsələ «cihad»termini ilə bağlıdır. Onlar səhvən və ya bilərəkdən «cihadı» «qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə» kimi yozmaqda davam edirlər. Bu isə, guya ki, müsəlmanları qeyri-müsəlman dünyasına qarşı mübarizəyə və bu mübarizədə bütün üsullardan, hətta terrordan da belə bəhrələnməyə sövq edir.

 Başqa sözlə, guya ki, «cihad» konsepsiyası terrorizmə haqq qazandırır. Əslində «cihad» hərfi mənasına görə «ən yüksək səy» deməkdir. İslam ideologiyasının təqdimatına görə, «cihad» İslamın yayılması və müdafiəsi uğrunda mübarizə deməkdir .

 Amerikalı alim Tomas Lippmanın fikrincə, «cihad» sözü Məhəmməd peyğəmbərin öz ardıcılları üzərinə qoyduğu öhdəliyi-dinin qorunmasını» əks etdirir. Həqiqətən də Quranın 2-ci surəsində («İnək surəsi») deyilir: «Allah qoyduğu yol naminə sizi öldürənləri öldürün, lakin ölçülərdən kənara çıxmayın, çünki Allah həddini aşanları sevmir». Nəhayət, İslamı həddindən artıq döyüşkənlikdə və hərbə çağırışda ittiham edənlər ədalət naminə İisus Xristosun məşhur fikrini unutmamalıdırlar: «Düşünməyin ki, mən Yer üzünə sülh gətirmək üçün gəlmişəm. Mən sülh yox, qılınc gətirdim».

 Bu yerdə «təməlçilik» məsələsinə də aydınlıq gətirmək lazımdır. Təəssüf ki, çox zaman səhv olaraq bu anlayışla radikalizm, ekstrimizm və hətta terrorizm arasında bərabərlik işarəsi qoyurlar. Təməlçilik-dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin hifz edilib qorunmasını təbliğ edir. Belə yanaşma tərzi istənilən dində ola bilər. Yeri gəlmişkən, o, ABŞ-da yaranmışdır. Belə ki, 1919-cu ildə pres-viterian, baptis və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya Xristian Fundamental Assosiasiyasını yaratmışlar. Məqsədləri-inamlarının fundamental əsasları saydıqları məsələlərin qorunub saxlanılması olmuşdur. (Məsələn, onlar insanın yaranışı haqqında Darvinin nəzəriyyəsini inkar edirlər).

 İslam təməlçiləri nümayəndələri də (ərəbcə «əs-sələf-ayi»-»ulular») öz dinlərinin köklərinə qayıdışa çağırırlar və bu heç bir qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalıdır.

 Buna görə də İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir və yuxarıdakı araşdırmalarımız belə yanaşma tərzinin nə qədər təhlükəli olduğunu bir daha sübut edir. Bu yerdə «mərdi qova-qova namərd edərlər» xalq deyimimiz yada düşür.

 Obyektivlik naminə onu da qeyd edək ki, son zamanlar böyük insan tələfatlarına gətirib çıxaran terror aksiyalarında özünü müsəlman kimi təqdim edənlərin xüsusi çəkisi artmaqdadır. Şübhəsiz ki, bu tendensiya səbəbsiz deyildir. Araşdırmağa çalışaq.

 Müasir beynəlxalq terrorçuları fəal terrorçuluq fəaliyyətinə sövq edən motivləri üç istiqamətdə nəzərdən keçirmək olar:

 Antiqərb yönümü- bu, antimüstəmləkə ruhunun birbaşa nəticəsi və yeni formada onun saxlanılması kimi qavranılmalıdır. Antimüstəmləkə hərəkatı ilk növbədə birinci dünya müharibəsindən, xüsusilə də ikinci dünya müharibəsindən sonra Asiya və Afrika xalqlarını bürümüşdü. Kütləvi milli-azadlıq hərəkatı siyasi, milli hökumətlərin fəaliyyəti isə iqtisadi azadlığın hərəkətverici qüvvəsi qismində çıxış etsə də, bu ərazilərdə müstəmləkəçiliyin tamamilə qeybə çəkildiyini düşünmək səhv olardı. O, praktik səviyyədə, işgüzar və məişət münasibətlərində özünü bildirməsə də, mentalitetdə, psixikada və ideologiyada hələ də yaşamaqdadır. Asiya və Afrika sakinləri hələ lap keçmişdən avropalılarla və şimali amerikalılarla ünsiyyətdə olarkən özlərində «natamamlıq kompleksi»ni hiss edir, «ikinci növ» insanlar statusunun faktiki daşıyıcıları kimi davranırlar. Bu kompleks indi də qalmaqdadır. Bu kompleks bütün sıxışdırılan xalqlarda özünü göstərir. Məsələn, antisemitizmin az və ya çox olduğu ölkədə hətta varlı və tanınmış yəhudi də belə özünə münasibətdə «yuxarıdan aşağıya» baxışın olduğu hissindən azad deyildir. Həmin yəhudidə qazandığı müvəffəqiyyətlərdən «yerli əhalinin» nəinki sevinmədiyi, əksinə nifrətinin daha da artdığı haqqında düşüncələrin yaranması labüddür və bu artıq «natamamlıq kompleksinin» aşkar əlamətidir.

 İsraildə yaşayan zəngin ərəb də analoji hissləri yaşayır. Yeri gəlmişkən, onu da qeyd edək ki, belə «natamamlıq kompleksi» təkcə üçüncü dünya sakinlərinə xas deyildir. ABŞ-da yaşayan asiyalı və afrikalılar da (qismən latın Amerikası sakinləri də) oxşar hisslərin daşıyıcılarıdırlar. Fikrimizi ABŞ-ın yaxın tarixindən bir hadisə ilə əsaslandıraq. Bir neçə il əvvəl ABŞ məhkəməsi tanınmış qaradərili idmançı O.S.Simpsona bəraət verilməsi haqqında hökm çıxarmışdı. O, ağ dərili arvadını qətlə yetirməkdə ittiham olunurdu. Simpsonun bəraət qazanmasını ABŞ-ın bütün zənci əhalisi toy-bayram içində qeyd etmişdi. Onların şadyanalığının səbəbi onda idi ki, ağların əksəriyyət təşkil etdikləri bir cəmiyyətdə məhkəmə ağdərili arvadını öldürən qaradərili insana bəraət vermişdi. Deməli, bu hadisə göstərir ki, ilk dəfə 1619-cu ildə Yeni Dünyaya gətirilən və uzun bir tarixi dövrdə olmazın həqarətlərlə üzləşən qaradərili insanlarda «natamamlıq kompleksi» hələ də yaşamaqdadır. Bu, qan yaddaşı və genlərlə ötürülür.

 Bütün bu sadalanan faktlar əsasında belə bir qənaətə gəlmək olar ki, müsəlmanların etirazı çoxsaylı və çoxtərəfli etirazların təzahürlərindən biridir, həm də ən ciddisidir, çünki müsəlman dünyası, xüsusilə də ərəb cəmiyyəti müasir geosiyasi şəraitdə ən çox narazı qalan tərəfdir. Fikrimizi konkret misallarla əsaslandırmağa çalışaq.

 Məsələn, Türkiyəli alim Ozlem Kavli Əlcəzairdə vəziyyəti belə şərh edir: «Şəhərin kasıb gəncləri daimi iş yerləri tapa bilmədiklərindən günlərini tinlərdə və çayxanalarda keçirir, zaman keçdikcə məyus və aqressiv bir qüvvəyə çevrilirlər. Onları «divar oğlanları» (wall boys) adlandırırlar, çünki işsiz olduqlarından veyillənir və divarlara söykənirlər».

 Terrorçu təşkilat olan «İslam Nicat Cəbhəsi»ni (İNC) müdafiə etməsini sıravi əlcəzairli belə izah edir: «Bu ölkədə sən gəncsənsə, qarşında 4 seçim duracaqdır: a) iş və mənzilin olmadığından işsiz və subay qalacaqsan; b) həbsxanaya düşmək təhlükəsinin real olduğu «qara bazar»da işləyəcəksən; c) Parisdə və ya Marseldə süpürgəçi işləyəcəksən; d) İNC-yə daxil olub, məlum fəaliyyətlə məşğul olacaqsan».

 Düzdür, birləşmiş böyük ərəb dünyasının yaradılması ilə bağlı Ə.Nasirin arzuları həyata keçməsə də, bu faktı da danmaq olmaz ki, bir çox ərəb dövlətləri zəngin neft ehtiyatlarının sayəsində xeyli dərəcədə inkişaf etmişlər. Buna baxmayaraq, bütövlükdə ərəb dünyası postmüstəmləkə dövrünün inkişaf prosesində xeyli dərəcədə qayğılıdırlar. Bütün dünyanın alimləri içərisində müsəlmanların cəmisi 1% təşkil etməsi acınacaqlı faktdır. Ərəb ölkələrində ildə 330-a qədər xarici kitab tərcümə olunur ki, bu da Yunanıstandakı eyni proseslə müqayisədə beş dəfə aşağı göstəricidir. Bütün ərəb ölkələrinin 1999-cu ildə istehsal etdikləri Ümumi daxili məhsul 531,2 mlrd. dollar təşkil etmişdir ki, bu da müqayisə üçün İspaniyanın müvafiq göstəricisindən (595,5 mlrd. dollar) azdır. Müsəlman dünyasını, xüsusilə də ərəb cəmiyyətini son dərəcə sıxan və dözümsüzlük həddinə çatdıran belə acınacaqlı şəraitdə aşağıdakı fikirlər daha çox səslənir: ərəblərin bütün uğursuzluqlarının kökündə əsl islamdan uzaqlaşmaq, peyğəmbərin vəsiyyətləri ilə bağlı unutqanlıq, yad qeyri-müsəlman sivilizasiyaların «nailiyyətləri» qarşısında kölə pərəstişi və s. dayanır, nəticədə isə mənəviyyat erroziyaya uğrayır, milli dəyərlər itirilir və cəmiyyət öz içində dağılmağa başlayır. Qərbpərəstlik, Qərb həyat tərzinə kor-koranə səcdə ən qorxulu təhlükə kimi qavranılır və çıxış kimi «Əl islam hua əl hal»-»islam-nicat yolu budur» şüarı irəli sürülür.

 Narazı və məyus ərəb dünyası iqtisadi tənəzzülün, yoxsulluğun, mənəviyyatsızlığın, narkomaniyanın, əyyaşlığın və s. eybəcərliklərin «ilhamçısı» olan bir «günahkar-cavabdeh» qüvvənin axtarışındadır. Belə vəziyyətdə obyektiv, lakin üzücü axtarışlardansa, subyektiv, lakin daha çevik qan yaddaşını işə salmaq az «məsrəfli» görünür. Axtarışların tapıntısı isə bəllidir.-Bu, Qərbdir.

 Qərb isə özünə qarşı belə bir münasibətin formalaşması üçün kifayət qədər bəhanələr verir.

 Bu, hər şeydən əvvəl, Qərb mənəviyyatı, əxlaqı, mədəniyyəti, həyat tərzi, dəyərləri və ideyalarının ixracında özünü göstərir.

 Qədim və zəngin sivilizasiyası ilə fəxr edən müsəlman dünyası müasir dünyanın iyerarxiya strukturunda Qərblə müqayisədə aşağı pillədə dayandığının fərqindədir. Bu reallıqla barışa bilməyən müsəlman dünyası yuxarıda qeyd etdiyimiz «natamamlıq kompleksi»ndən qurtulmaq, daimi emosional və psixoloji gərginlikdən boşalmaq istəyir. Bu istək isə çox zaman ekstremist baxışları formalaşdırır. Nəticədə eyni zəncirin müxtəlif həlqələri olan dini təməlçilik-siyasi radikalizm-ekstrimizm terrorizm müstəvisində özünün ifrat təzahürünü tapa bilir.

 Bu şəraitdə üçüncü dünya ölkələrindəki antiqərb əhval-ruhiyyəsi güclənməkdə olan antiqlobalist hərəkatı ilə çulğalaşır, onun mühüm komponentlərindən birinə çevrilmək prosesini yaşayır. Burada söhbət güclülər tərəfindən hakimiyyətin və təsirin inhisarlaşmasından, transmilli qüvvələr tərəfindən xalqlara vahid Qərb mənəvi dəyərləri və standartların təlqin olunmasından, habelə suveren dövlətlərin iqtisadiyyatının transmilli korporasiyaların maraqlarına tabe edilməsindən və buna qarşı etirazdan gedir.

 Antiamerika yönümü. Bu hal özündən əvvəlki yönümdən qaynaqlanır, onun davamı və mühüm tərkib hissəsi kimi qavranılır.

 Müsəlman radikalları və ekstremistləri üçün Qərbə nifrətin canlı nümunəsi məhz Amerikadır. İranın ruhani lideri A.Xomeyni vaxtilə ABŞ-ı «Böyük şeytan» andandırmaqdan belə çəkinməmişdir. Bu anlamda dəhşətli 11 sentyabr terror aktlarının həyata keçirilməsi üçün hədəf qismində məhz ABŞ-ın seçilməsi islam təməlçilərin yuxarıda bəhs etdiyimiz antiqərb dünyagörüşünün təzahürüdür.

 Nəhayət, antiisrail yönümü. Burada dar mənada Fələstin ərəblərinin faciəsi ön plana çəkilir. İsrail dövlətinin yaranması fəlakət kimi qiymətləndirilir və dövlətlə aparılan çoxsaylı müharibələr və elə o qədər də məğlubiyyətlər fonunda fələstinlilərdə «natamamlıq kompleksi»nin yaranması üçün münbit şərait formalaşır. Həmin kompleksin «bic övladı» isə yuxarıda qeyd etdiyimiz kimi, əksər hallarda məhz terrorizm olur.

Geniş mənada isə antisrail baxışların formalaşması Yerusəlimlə bağlıdır. Burada söhbət artıq yalnız ərəblərdən deyil, bütövlükdə müsəlman dünyasından gedir, çünki Yerusəlim (ərəbcə «Əl-Qüds»- «Müqəddəs») öz müqəddəsliyi baxımından Məkkə və Mədinədən sonra üçüncü şəhərdir.

 Şəhərə sahibliyin ərəblərin əlindən alınmasını da onlar islama zərbə kimi qiymətləndirirlər. Ərəb dünyası İsrailin altı müharibə gedişində qazandığı uğurları Vaşinqtonun Təl-Əvivə göstərdiyi hərtərəfli himayə və yardımlarla bağlayırlar. Həmin məntiqə görə, düşmənə (İsrailə) qalib gəlmək üçün onun güc mənbəyinə (ABŞ-a) zərbələr zəruridir. Bu baxımdan dəhşətli terror aksiyasını həyata keçirmək üçün ABŞ-ın hədəf seçilməsi təsadüfi sayılmamalıdır.

 Sağlam düşüncəyə əsaslanaraq qeyd etmək lazımdır ki, 11 sentyabr aksiyası heç də fələstinlilərin vəziyyətin yaxşılaşdırılmasına və onların əsas probleminin həlli üçün hesablanmamışdır. Əgər İsrail fələstinlilərə Yerusəlimin şərq hissəsini belə güzəştə gedərdisə, onda bu əslində terrorçuları bəhanəsiz vəziyyətə salardı, lakin bu özü də ona görə mümkün deyildir ki, Yerusəlim məsələsi ərəb-israil münaqişəsinin əsasında dayanan digər iki problemdən kənarda tənzimlənə bilməz. Bunlardan biri Fələstin qaçqınlarının geri qaytarılması, digəri isə işğal olunmuş ərazilərdəki yəhudi məskənlərinin taleyi ilə bağlıdır. Elə məhz bu iki məsələ üzrə 2001-ci ildə keçirilən Kemp-Devid danışıqları nəticəsiz qaldıqdan və yeni intifad başladıqdan sonra bu məsələlərlə bağlı nikbin proqnozlar vermək olduqca çətin idi. Şübhəsiz ki, 11 sentyabr aksiyasının təşkilatçıları bunu yaxşı dərk edirdilər. Onlar elə sadəlövh deyildilər ki, güman etsinlər ki, Nyu-Yorkda Beynəlxalq Ticarət Mərkəzinin dağıdılması prezident C.Buşu məcbur edəcəkdir ki, İsrailin baş naziri A.Şarona təzyiqləri gücləndirsin və o da öz növbəsində Fələstin muxtariyyətinin başçısı Y.Ərəfat qarşısında təslim olsun. Əksinə, onlar dərk etməyə bilməzdilər ki, belə bir addım fələstinlilərin mövqeyini nəinki İsrail qarşısında, həm də dünya ictimaiyyəti qarşısında zəiflədir. Deməli, terrorçular «mövqe zəifliyi» itkisinin yerini digər daha böyük «qazancla» doldurmaq niyyətində idilər. Daha dəqiq desək, terrorçuların «fövqəlvəzifəsi» ABŞ-ı bütün islam dünyası əleyhinə nəinki adekvat addımlar atmağa təhrik etmək, eləcə də müsəlman ölkələrində, o cümlədən bütün üçüncü dünya ölkələrində hüdudsuz antivaşinqton dalğasının yaranmasına nail olmaq idi.

 Bir sözlə, özünü müsəlman kimi təqdim edən terrorçular antiqərb, antiamerika və antiisrail müstəvisində bütün narazı qüvvələrin «cəfakeşi» statusuna iddia edir və bunu təkcə sözdə deyil, həm də əməli «işdə»- dəhşətli terror aktlarının törədilməsi ilə təsdiqləməyə çalışırdılar. 11 sentyabr hadisələrinə və ondan sonra baş vermiş  və  “müsəlmanlar”ın ittiham tərəfi kimi seçildiyi digər terror aktlarına da elə bu kontekstdə yanaşılmalıdır. Sadalanan reallıqlar fonunda formalaşmış mürəkkəb şəraitdən yeganə çıxış yolu dünyanın multikultuarist qüvvələrinin birləşməsi yolu ilə tapıla bilər. Multikulturalizmin həyat tərzinə çevrildiyi  Azərbaycan Respublikasında bu sahədə qazanılmış təcrübə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası toqquşmalardan hifz olumması işinə mühüm töhfə ola bilər. Həmin töhfənin mahiyyət və məzmunu ilə bağlı Prezident İlham Əliyevin ibrətamiz fikirləri multikulturalizmin ciddi əleyhdarlarının  antibəşəri siyasəti ucbatından formalaşmış müasir dövlətlərarası etimadsızlıq böhranı kontekstində olduqca aktual və dəyərlidir: “biz istəyirik ki, bütün xalqların, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün də müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Hesab edirəm ki, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər”.

 Elman Nəsirov
 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi siyasi elmlər doktoru, professor


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1235

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...