TƏDQİQATLAR
A- A A+

Qarabağın zümrüd tacı

2017-05-09 10:10:10

Şuşanın hər daşı, hər qayası mənim üçün doğma və əzizdir

Ötən 25 ili Şuşasız yaşamaq hamı kimi mənə də çox çətin olub. Yenidən Şuşanı görmək, uşaqlıq çağlarındakı kimi Cıdır Düzünün, Topxana meşəsinin seyrinə dalmaq, Girs, Üçmıx dağlarının gözəlliyini yaxından duymaq, gah yüksəkliklərə qalxan, gah da aşağı enən qartalların uçuşunu müşahidə etmək bir də mənə nəsib olacaqmı?

Vaxtilə Şuşaya qalxan yolun kənarında çinarlar sıra ilə əkilmişdi. İndi o yollar üçün darıxmışam, yəqin ki, o yollar da öz sakinləri üçün qəribsəyib. Hər dəfə Şuşaya gedəndə yol kənarındakı çiçəkləri seyr etməkdən doymazdım.  Dövtələbə yaxınlaşanda düşünürdüm ki, artıq Şuşaya çatmışam. Ərimgəldi, Çanaqqalanın adı çəkiləndə, istər-istəməz olub-keçənlər yadıma düşərdi. Dünyagörmüş Şuşa sakinləri həmişə danışardılar ki, qız-gəlinlər çox vaxt Çanaqqalaya, Ərimgəldiyə yığışar, kimisi uzaq səfərə gedən ailə başçısını, kimisi də istəklisinin yolunu gözləyərmiş. Deyilənə görə, sözügedən hər iki ərazi görüş yeri olubmuş.

Uşaq vaxtı ən çox ziyarət etdiyimiz yerlər Üzeyir bəyin, Bülbülün ev muzeyləri, Gövhərağa məscidi, Xurşid Banu Natəvanın malikanəsi idi. Vaxtilə şuşalılar içməli suyun azlığından əziyyət çəkirmişlər. Bunu hiss edən Xan qızı Natəvan öz vəsaiti hesabına 1873-cü ildə çox çətinliklə də olsa (ərazisinə görə), Şuşaya su kəməri çəkdirib. Yay aylarında “Xan qızı bulağı”ndan su içənlərin sayı-hesabı olmazdı.

Şuşanın bütün fəsilləri gözəldir. Yazda yaşıl çəmənlərində otların arasından bənövşələr, novruzgülülər, zanbaqlar, lalələr boylanardı. Ala-bəzək xalçaları xatırladardı bu mənzərə. Yuxudan bülbüllərin səsinə oyanardıq. Baharda elə gün olmazdı ki, məhəllə uşaqları ilə ya Cıdır düzünə, ya da Qayabaşına getməyək. Topxana meşəsinin gözəlliyi, Daşaltı çayının ana laylasını xatırladan səsi bizi öz ağuşuna alardı. Qırxpilləkəndən üzüaşağı Daşaltı çayına enmək, ayaqlarımızı islada-islada çayın yarpızlı sahilində gəzmək bizə başqa bir ləzzət verərdi. Qırxpilləkən deyəndə, zənn etməyin ki, bu, adi pillələrdir. Həmin pillələr qayalardan ibarət idi. 5-8 yaşında olanda bu “pillələr”dən necə düşdüyümüzü xatırlayanda, indi də həyəcanlanıram. Məhəllənin bütün uşaqları kimi Qayabaşının, Cıdır düzünün hər cığırına bələd idik. Bu cığırlar bizi dağların zirvəsinə, deyilənə görə, yalnız Şuşada bitən xarıbülbülün məskən saldığı qayalıqlara aparardı. Belə mənzərəli, gözəlliklər qoynunda böyüyənlər vətənini, torpağını necə sevməyə bilər? Elə-obaya məhəbbət, bağlılıq da dünyaya göz açdığın torpaqdan başlayır

Şuşanın çal-çağırlı günləri daha çox yay aylarında olurdu. Təmiz dağ havasına, saf suyuna, gözəl mənzərələrinə görə keçmiş SSRİ-nin bütün guşələrindən istirahət etmək üçün insanlar Şuşaya gələrdilər. Bu gözəlliyi bir dəfə görənlər hər il istirahətlərini Şuşada keçirmək istəyərdilər. Şuşanın məşhur İsa bulağının, Səkili bulağın başından, Cıdır düzündən ucalan musiqi sədaları pərdə-pərdə ətrafa yayılardı. Hərə öz məharətini göstərərdi. Muğam ustalarının oxuduqları “Qarabağ şikəstəsi”, “Segah”, “Bayatı-Şiraz”, “Heyratı”, “Şahnaz”, “Qatar”ın ecazkar musiqisi dağlarda əks-səda verərdi. Nahaq yerə Şuşanı Qafqazın konservatoriyası adlandırmamışdılar. Bütün həyətlərdən musiqi sədaları eşidilərdi.  Şuşanın İstirahət evində hər gün konsertlər təşkil olunardı. Konsertin aparıcısı uzaqdan gələn qonaqlara da söz verərdi. Rusların tez-tez işlətdikləri ilk kəlmə - “Şuşa-eto moya duşa” - sözləri indi də qulağımda səslənir.

Şuşa çox məşhur insanların vətənidir. Üzeyir, Zülfüqar, Ceyhun Hacıbəylilər bu torpaqda dünyaya göz açıblar. Şuşanın qeyri-adi mənzərələri Üzeyir bəyin bəstəsində ecazkar musiqiyə çevrilərək, dünyanın konsert salonlarını dolaşıb. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi Məhəmməd, Bülbül, Xan Şuşinski, Süleyman Ələsgərov, Məşədi Cəmil Əmirov kimi şəxsiyyətlər musiqi aləminə öz töhfələrini veriblər. Burada anadan olan Qasım bəy Zakir, Xurşid Banu Natəvan, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, F.Köçərli və Ə.Ağayev də  Azərbaycanın tanınmış simalarından olublar.

Mənə ən çox təsir edən ermənilər tərəfindən Azərbaycan tarixini özündə yaşadan yüzlərlə abidələrimizin vəhşicəsinə məhv edilməsidir. Hələ 1980-ci ildə Mədəniyyət Nazirliyinin Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanasının Şuşada bərpa etdiyi abidələrlə tanışlıq zamanı bərpaçıların işlərinə çox məsuliyyətlə yanaşdıqlarının şahidi oldum. Burada hər bir abidə tarixdə baş verən müxtəlif hadisələri əks etdirirdi. Bərpa olunan abidələri gördükcə, sanki tarix vərəqlənər, olub-keçənlər yada düşərdi. Şuşanı düşmənlərdən qoruyan Qala divarları öz əzəməti ilə qarşımızda idi. Şəhərin başına dolanan bu divarların tikintisində demək olar ki, əhalinin bütün təbəqələri iştirak etmişdi. Vətən məhəbbəti, torpaq sevgisi, düşmənə nifrət  hissi bu Qalanın tez bir zamanda ərsəyə gəlməsinə səbəb olmuşdu. Gözətçi bürclərində gecə-gündüz keşik çəkənlər təhlükə hiss edən kimi şəhər əhalisini vaxtında xəbərdar edərdilər. Elə buna görə də Şuşa saysız-hesabsız düşmən hücumlarına sinə gərə bilmişdi.

Vaxtilə Şuşada 549 qədim bina, 15 məscid, 6 karvansara, 2 mədrəsə, 2 qəsr, 3 türbə, qala bürcləri, 17 məhəllə bulağı abidə kimi qeydə alınaraq qorunurdu. Qədim binaların zahiri gözəlliyi ilə yanaşı, daxili də cəzbedici idi. Xəttatların zəhməti ilə bəzədilmiş bu otaqlar uzun illər keçməsinə baxmayaraq, öz təravətini saxlayırdı. Xəttat, rəssam, şair, musiqişünas Mir Möhsün Nəvvabın çəkdiyi rəsmlər demək olar ki, Şuşanın bir çox abidələrini bəzəyirdi. Bu rəsmlərə baxdıqca insan özünü gül-gülü, bülbül-bülbülü çağıran əsrarəngiz bir çəməndə hiss edirdi. Bu qədim binaların layihəsini verən memarlardan Kərbəlayi Səfixan Qarabaği, Qarabağlı Kərbəlayi Əkbər, mühəndislərdən Məşədi Xaspoladın, Məşədi Əliqulunun, şəbəkə ustası Məmmədyarın zəhməti ilə həmin tikililər zamanın sınağına tab gətirmişdi. Bu tikililər Azərbaycan memarlıq məktəbinin nadir inciləri idi. Xurşid Banu Natəvanın mülkündə, general-leytenant Səməd bəy Mehmandarovun evində, vaxtilə ustad şair Molla Pənah Vaqifin dərs dediyi mədrəsədə rəssam və xəttatların əl işləri ilə tanış olduq. Şuşanın təbiətindəki bütün gözəlliklər sanki bu tikililərin divarlarına köçürülmüşdü.

Vaxtilə bərpa olunan abidələrin hər biri qorunurdu. Gövhərağa Məscidi son vaxtlar Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. İndi bu məscid və yuxarıda qeyd edilən abidələrin əksəriyyəti ermənilər tərəfindən yerlə-yeksan edilib.

Onlarla məşhur şəxsiyyət Cıdır düzündəki Mirzə Həsən qəbiristanlığında dəfn olunmuşdu. 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsi də burada ucaldılmışdı. Tarixin sınağına dözən abidələri, ata-babalarımızın uyuduqları qəbiristanlıqları ermənilər dağıtsalar da, istədiklərinə nail ola bilməyəcəklər. Ötənilki Aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu son dərəcə qüdrətlidir və torpaqlarımızı azad etməyə qadirdir.

Təəssüf ki, 25 ildir  Şuşanın səmasını qara buludlar alıb. Gün gələcək qara buludları günəşli günlər əvəz edəcək. Ermənilərin əsiri olan Qarabağ torpağı, o cümlədən Qarabağın zümrüd tacı Şuşa azad olacaqdır. Əvvəllər olduğu kimi, Şuşanın toy-büsatlı çağları başlayacaq. Bütün Azərbaycan xalqı kimi biz də dağlar gözəlini görməyə tələsəcək, uşaqlıq çağlarındakı kimi yenidən Şuşaya qovuşacağıq.

 Mehparə AXUNDOVA
  AJB-nin üzvü 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 194

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...