MƏDƏNİ
A- A A+

Qum dənəsində kainatı görən şair

2017-05-04 10:15:04

.

İlk dəfə böyük şairimiz Bəxtiyar Vahabzadənin 80 yaşının təntənəsini gördüm. Sonra gözəl şairlərimiz Nəbi Xəzrinin, Qabilin, Nəriman Həsənzadənin və Fikrət Qocanın 80 yaşlarına çatdıqlarına sevindim. 
Azərbaycan həm də uzunömürlü şairlər diyarıdır. Səməd Vurğunun və Əli Kərimin qısa şair ömürlükləri səni nə qədər sarsıtsa da, uzunömürlü şairlərimizin varlığı poeziyamızın toy-bayramıdır, - deyərdim. Musa Yaqub - müasir Azərbaycan poeziyasının öndər şairlərindən biri də 80 yaşına qədəm qoyur. Bütün ömrü, həyatı, aldığı nəfəs belə sözlə, şeirlə yoğrulan Musa Yaqub əsl POEZİYA HƏQİQƏTİDİR. Milli Azərbaycan şeirinin, bütün gözəllik və incəliklərini özündə əks etdirən Musa Yaqub şeiri XX və XXI əsrin söz inciləridir; torpaq kimi səxavətli, günəş kimi odlu, hərarətli, səma kimi aydın və işıqlıdır...
60 illik sənət yolunda o, nələr yaratmayıb? Doğrusu, heyrət içindəyəm: Musa Yaqub poeziyası qəlbimizin içindən göyümüzə qədər nə varsa, nə görünübsə və nə görünməyibsə hamısını özündə əks etdirib. 
Musa Yaqub bizim iç dünyamızı, mənəvi və ruhi dramamızı, uca Tanrıya gedən yolumuzu təbiət diliylə oxuyan şairdir. Təbiətdə təkcə gözəlliyi və sakitliyi yox, böyük dünyanın, yaşadığımız cəmiyyətin fırtınalarını arayan şairlərdəndi Musa. Mənim nəzərimdə təbiət, insan və Allah vəhdətini öz poeziyasının məhvərinə çevirən  Musa həmişə bu harmoniyaya can atır. O, bu harmoniyanı hiss edəndə məsud və bəxtiyar, hiss etməyəndə qəmgin və üzüntülü görünür.

Dünyaya gəlmədim hayla-harayla,
Bir sakit guşədə, bir döşdəyəm mən.
Gündüzlər günəşlə, gecələr ayla,
Səhərlər quşlarla görüşdəyəm mən.
Hansı çiçəklər ki burda uyuyar,
O  çay ki yanımdan axar sübhədək,
O yer ki nəğməmi eşidib duyar-
Mənim kainatım burdadır, demək.

Bəli, Musa Yaqubun “kainat”ı, dünyaya boylanışı o kənddən başlanır: “Yaxşı ki, sən varsan, ey ana kəndim!”
Şair var ki, dünyadan, ölkələrdən, qitələrdən yazır, amma dünyadan öz kəndinə boylana bilmir, Musa isə kəndindən kainatı görür.
Musa qum dənəsində kainatı arayan şairlərimizdəndir.
May ayı həmişə gözəl olur.Yüz il bundan əvvəl də, 1918-ci ildə də, lap elə 1 May bayramını keçirdiyimiz illərdə də...
80 il bundan əvvəl-gözəl may günlərinin birində dağlar qoynu İsmayıllının Buynuz kəndində bir oğlan uşağı dünyaya gələndə də... O may günlərində Azərbaycanda ziyalılara qarşı repressiya tüğyan çağlarını yaşayırdı və elə İsmayıllının özündən də neçə nəfəri gedər-gəlməzə yola salmışdılar. Cavidlərin, Cavadların, Müşfiqlərin bir də geri dönməyəcəyi 37-ci ildə, neçə ildən sonra bu boşluğu doldurmağa çalışacaq  gələcəyin şairləri, yazıçıları dünyaya göz açırdı.
Həmin ildə doğulanlardan biri də Musa Yaqub idi.
İndi Musa 80 yaşındadır. Taleyinə düşən bir ömür payını yaşayır. Tərcümeyi-halı da qətiyyən heyrət doğurmur. Orta məktəbi, sonra Göyçay pedaqoji məktəbini bitirib. ADU-nun Filologiya fakültəsində qiyabi təhsil almağını da bura əlavə etsək, düz 17 il öz kəndlərində müəllim və məktəb direktoru işləyib. Sonra dördcə il (1974-1978) Bakıda yaşayıb. “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri olub. Yaxşı yadımdadır, Musa Bakıya köçəndə Xalq şairi Süleyman Rüstəm ona  bir şeir həsr eləmişdi: “Kimə tapşırıb gəldin”. Mənası bu idi ki, bir vaxt hərarətlə vəsf etdiyin o buz bulaqları, o yaşıl meşələri , o göy çəmənləri kimə tapşırırsan? Axı, Musa o zaman da əsl təbiət şairi kimi sevilirdi, tanınırdı.
Təpədən-dırnağa təbiət şairi Musa şəhərə, bu sonsuz izdihama, bu göz qamaşdıran zahiri gözəlliklərə, bu par-par parıldayan asfalt yollara  çox tablaşmadı. Ürəyi orda-o dağlar qoynundaydı.

Və qayıtdı öz doğma Buynuz kəndinə. O kənd ki:

Üstündən sehirli küləklər əsən,
Meşələr öyrətdi dilini mənə.
Özümü kimsəsiz sayanda bəzən
Çinarlar uzadıb əlini mənə.
Qapıda, eyvanda eldən qorunub
Armud ağacının qızıl yarpağı.
Dövlət quşu kimi çiynimə qonub
Artırar rütbəmi hər payız çağı.

Musanın tərcümeyi-halı bax beləcə, öz kəndinə dirənir.

Nə var o Buynuz kəndində?
Təmizlik, saflıq, ülvilik, gözəllik...

Musa Yaqub o kənddən bu dünyaya baxır və bu boyda kainatı o balaca kəndin qoynuna sığışdıra bilir.
Və Musanın təbiət şeirlərini oxuyandan sonra təbiətin möcüzələrinə heyrət etdiyin bir yana, sənə elə gəlir ki, Musanın özü də elə bu möcüzəli təbiətin bir parçasıdır: ya günəş şüalarının işıldatdığı, müxtəlif rənglərə boyatdığı qızıl bir yarpaqdır, ya suyu qurumaz bir bulaqdı, ya da bir ağacdı ki, heç vaxt quruyan deyil. Nə qədər mübaliğəli olsa da, qoy deyim: Musa təbiət şairi yox, bəlkə elə təbiətin özüdür. Və bu misraları da təbiətlə qovuşan bir şair yaza bilər:

Otaqda yazmıram bu şeirimi mən,
Yapışıb payızın titrək əlindən
Qızıl bədənini sıxıb köksümə,
Lap belə təpədən dırnağa kimi
Payıza bürünüb yazdım şeirimi.

Geydim libasını,
gördüm barını, 
Atımın xəzana sürdüm bu payız.
Ömrümün saralmış yarpaqlarını 
Gözümlə çox aydın gördüm bu payız.

Ovcuma da baxdım,
bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.

Bir kövrək budağa atdım əlimi,
Gördüm nəfəs alır yarpaqlar hələ.
Əvvəl  payızlanıb o budaq kimi,
Sonra bu şeirimi gətirdim dilə.

Musa Yaqub elə şairdir ki, bu gün onun haqqında söz demək üçün gərək təbiəti Musa kimi sevəsən, otun, gülün-çiçəyin, dağın, çayın, zəminin, bulağın, meşənin dilini biləsən, gərək sən də o Buynuz kəndindən dünyaya, kainata boylana biləsən və bir də bu təbiətin fəlsəfəsinə bələd olasan. Çünki təbiətin özü də insandı, torpaqdı, daşdı, keçmişdi, bu gündü... Əslində, Musanın şeirləri təbiətdən cəmiyyətə bir xitabdır.
Yenidənqurmanın puç və yalançı xülyaları üzə çıxanda Musa yazmışdı:

Ey əldə ləngiyib, dildə quranlar,
Ay zəncir döyənlər, bizi yoranlar,
Düşün o kürsüdən, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan.
Bir görək əkində-biçində nə var,
Bir görək sünbülün içində nə var,
Bir görək çayımız hayana axır,
Bir görək yolumuz hayana baxır,
Qaldırdıq kürsüyə bütün ölkəni,
Nə yaman uzandı bu dil örkəni.

Təbiət murdarlıq, rəzillik götürmədiyi kimi, Musa Yaqub da öz insani, təbii saflığını beləcə qoruyub. Və şair üçün bu dünyada ən böyük nemət onun azadlığıdır. Musa bir şair kimi fikrən, ruhən, mənən azaddır, sərbəstdir. 
Mən Musanın son illərdə “Azərbaycan” jurnalında çap olunan silsilə şeirlərində kimsənin, hansı şairinsə yaza bilməyəcəyi elə poetik mənalar, fikirlər tapıram ki, onun müdrikliyinin poeziyada təcəssümünün şahidi oluram. Fikirləşirsən: şair yaşa dolanda onun ömründən nəsə silinib gedə bilər. Poetik istedadı və yaddaşı zəifləyə bilər. Çox belə hadisələrin şahidi olmuşuq. Amma Musa Yaqub, bu 80 yaşında, nəinki əvvəlki poetik tempini, ritmini saxlaya bilib, hətta bu mənada özü-özünü də ötüb keçib. Azərbaycan poeziyasında ömrün payız lirikasını yalnız Musa Yaqub şeirlərində gördüm:

Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim qovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.

Mən dərdimi pıçıldadım dağlara,
Dağlar alıb payladı oymaqlara.
Dövrüm verdi haqqımı nahaqlara,
Bundan sonra nə olacaq, olacaq.
Musanın son illərdə yazdığı şeirlərdə ömrün o tayı ilə bu tayı-cavanlıqla qocalıq, baharla payız çox tez-tez qarşılaşdırılır və şairin səsində bir hüzn, bir təəssüf nidası duyursan. Arxın o tayında yarpızlar əsir, Bu tayda yuyunur qum dənələri  misralarıyla başlayan şeir belə bitir: Daha o sellərin alındı köpü, Bu günüm o haya, haraya çatmaz. Mən kiməm, bu arxda bir saman çöpü, Dəyirmana çatar, dəryaya çatmaz. Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici notlar səslənib. Halbuki, keçmişi xatırlamaq, ömrün gözəl çağları üçün bir nisgil duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət də, bu təbiətin bütün atributları da üzə gülürdü. Amma indi:

Nə tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz burda ələnir,
Göydə xəlbirimiz burda fırlanır-
Daha söz deməyə tutarım gedib,
Dostları aparan qatarım gedib,
Bu daşı özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım gedim?!
Qalsın süfrə daşım mamır bağlasın,
Üstünə yağışlar yağsın, ağlasın...

Əlbəttə, Musa Yaqubun “dostlarını aparan qatar” gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq “təbiət şairi” deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, İsmayıllının Buynuz kəndində-Azərbaycanın balaca bir cənnətində oturub təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəmə-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil.  Şair yaşlaşanda,  onun içindəki FİLOSOF da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə. Dünyanın gözəlliyini o balaca cənnətdə-Buynuz kəndində ruhuna hopduran, o meşələrdəki quşlar kimi azad yaşayan Musa, indi “dustaq” ruhuna üz tutub deyir:

Salam Ruhum, salam! Salam dustağım!
Hərdən özüm kimi boylanıb göyə,
Qışqırma içimdə azadlıq deyə.
Azadlıq nə gəzir bu yer üzündə.

Musa Yaqubun “qəmli filosofu” üçün bu sayaq düşünməyi təbii hesab etmək olarmı? Axı, “azadlıq nə gəzir bu yer üzündə” deyən şairin özü azad deyilsə, bunu necə deyə bilər?  Əslində, “azadlıq nə gəzir bu yer üzündə” özü başdan- ayağa azadlıq içindədir və poeziyasındakı azadlıq zərrələrini də, o atəşi, o odu da bizim ruhumuza çiləyir. Musa Yaqub poeziyasında bu mənada bir həqiqət günəşi boylanır...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru 

   

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 431

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...