TƏDQİQATLAR
A- A A+

Ermənistan 2017-də: "Stratfor"un proqnozundakı xəbərdarlıqlar

2017-02-14 09:05:08

Araşdırma

Amerikanın tanınmış "beyin mərkəzlərindən" olan və Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığı haqqında informasiyalar yayılmış "Stratfor" analitik mərkəzi 2017-ci il üçün öz proqnozlarını verib. 
Orada həm dünyanın ümumi geosiyasi trendləri, həm də konkret regionlar üzrə irəli sürülən analitik müddəalar yer alıb.
Sənəddən görünür ki, 2017-ci ildə qlobal geosiyasi mənzərə öz mürəkkəbliyini saxlayacaq. Müxtəlif regionlardakı münaqişələr, ixtilaflar, silahlı toqquşmalar davam edəcək. Ayrıca Cənubi Qafqazdakı münaqişələrin həllini gözləmək də çətindir. O cümlədən Ermənistanın hansısa ciddi hərbi dəstəyə ümid etməsi real görünmür. Bütün bunların fonunda Cənubi Qafqazla bağlı hansı situasiyanın yarana biləcəyi aktual təsir bağışlayır.

Gərgin geosiyasi mübarizə: 2017-ci ilin bir sıra mürəkkəb məqamları

ABŞ-ın "Stratfor" analitik mərkəzi ənənəvi olaraq yeni il üçün geosiyasi proqnozlarını dərc edib (bax: 2017 Annual Forecast / www.stratfor.com, 27 dekabr 2016). Sənəddə dünyanın hər bir regionu ilə bağlı ayrıca bölmələr vardır. Avrasiya hissəsində Rusiya və başqa postsovet ölkələri haqqında proqnostik tezislər yer alıb (bax: 2017 Annual Forecast: Eurasia / www.stratfor.com, 27 dekabr 2016).

"Stratfor"un mövqeyinə görə, bütövlükdə Rusiyanın postsovet məkanında təsiri artacaq. Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində Kremlin qarşısına müəyyən maneələr çıxsa da, onlar elə bir ciddi dəyişikliyə səbəb olmayacaq. Qafqazda Gürcüstan Türkiyə və Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çalışacaq. Ankara isə həmin regionda öz mövqeyini qoruya biləcək (bax: əvvəlki mənbəyə).

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Moskva bu məsələni öz nəzarətində saxlamağa nail olacaq. Bununla bağlı "Stratfor"un analitikləri yazırlar: "Rusiya Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin baş hakimi rolunda qalmağa davam edəcək ki, onların hər ikisi ilə öz xeyrinə (yəni Rusiyanın xeyrinə – Newtimes.az) oynayacaq" (bax: əvvəlki mənbəyə).

Təbii ki, "Stratfor"un proqnozları hansısa imtiyaza malik deyillər – onlar özünü doğrultmaya bilər. Lakin təcrübə göstərir ki, Amerika kəşfiyyatı ilə bağlı olan bu mərkəz faktiki olaraq müəyyən ortaq mövqeni ifadə edə bilir. Bu baxımdan Cənubi Qafqazda Rusiya və Türkiyənin hansı siyasət yeridə biləcəkləri aspektində bu "beyin mərkəzi"nin fikirləri maraq doğurur. Həmin çərçivədə də Azərbaycan, Gürcüstan və Ermənistan haqqındakı tezislər diqqəti çəkir.

Ayrıca Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları barədə irəli sürülən tezisə ümumən Ermənistanın 2017-ci ildə qarşılaşa biləcəyi problemlər işığında nəzər salmaq maraqlı olardı. Əgər münaqişə Rusiyanın tərəflər arasında "baş hakim" rolu oynaması fonunda dondurulmuş vəziyyətdə qalacaqsa, onun həlli məsələsi çətin ki, sona çatsın. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üç həmsədr dövlət var və onların ikisi Qərbə aiddir. Ən azından həmin dövlətlər arasında ümumi razılıq olmasa, çətin ki, problem həllini tapsın. Eyni zamanda, Ermənistana havadarlıq edənlərin passivləşə biləcəyi haqqında da elə bir fikir yoxdur. Deməli, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ciddi irəliləyiş gözləmək ehtimalı, "Stratfor"un analizinə və proqnozuna görə, azdır.

Lakin məsələnin əhəmiyyətli bir özəlliyi də vardır. "Stratfor" ayrıca bir təhlili yazısında rəsmi İrəvana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nə dərəcədə dəstək verə biləcəyi məsələsini araşdırıb (bax: "Stratfor" Ermənistanla bağlı fikir ayrılığına toxundu / "Azadlıq" radiosu, 12 yanvar 2017). Bu mövzu Dağlıq Qarabağ münaqişəsi kontekstində ona görə əhəmiyyətlidir ki, İrəvan məhz KTMT-dən müdafiə sahəsində ciddi dəstək gözləyir. S.Sarkisyan bu təşkilatın iclaslarında bir neçə dəfə öz gileyini bildirib.

Hətta KTMT-ni NATO ilə müqayisə etməyə çalışaraq, vurğulamışdı ki, Yunanıstan belə hərbi təşkilatdakı müttəfiqi Türkiyəni müdafiə edir, ancaq KTMT-dəki bir sıra dövlətlər aprel müharibəsində Ermənistana dəstək vermədi. Üstəlik, həmin hadisədən sonra Qazaxıstan prezidenti İrəvanda təşkilatın iclasına belə qatılmadı. Belarus prezidenti A.Lukaşenko isə həmin tədbirdə birbaşa Azərbaycanın mövqeyinə uyğun fikir söylədi.

Sarkisyanın şikayətləri: KTMT-nin "ürəyi yumşalmır"

Ermənistan prezidenti öz narazılığını Moskvada V.Putinə də bildirmişdi. Ancaq onun bütün bu şikayətləri KTMT-də Ermənistana olan münasibəti zərrə qədər də dəyişmədi. Əlavə olaraq, "Stratfor" bu məqamı ciddi arqument kimi KTMT-Ermənistan münasibətlərində nəzərə alan tezislər irəli sürüb. Mərkəzin analitik məqaləsində vurğulanır: "Üzümüzə gələn aylar təşkilat üçün asan olmayacaq. Həm baş katib vəzifəsi, həm də Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları yenə qalacaq. Əlbəttə, Moskva bu ziddiyyətləri yumşaltmaq üçün əlindən gələni edəcək" (bax: əvvəlki mənbəyə).

"Stratfor" burada fikir ayrılığı aspektində iki məqamı diqqətə çatdırır. Birincisi, Belarus və Qazaxıstan, ümumiyyətlə, KTMT-də Ermənistanın tərəfini saxlaya biləcək hansısa sənədin qəbuluna imkan verməyəcəklər. İkincisi, əslində, Kreml də bu kontekstdə İrəvanı sona qədər müdafiə etmək fikrində deyil. Çünki Rusiya Cənubi Qafqazda Azərbaycanın roluna daha çox əhəmiyyət verir. Enerji məsələlərində Astana və Moskva üçün Bakı ayrıca əhəmiyyəti olan faktordur (bax: əvvəlki mənbəyə).

Deməli, analitik mərkəzin proqnozuna görə, Ermənistanın 2017-ci ildə təhlükəsizliyi qeyri-müəyyənliyini saxlamaqda davam edəcək. Üstəlik, KTMT-də ona olan ikili münasibət qalacaq. Belarus və Qazaxıstan İrəvan üçün başağrısı yarada bilən mövqelərini saxlayacaqlar. Rusiya isə incə manevrlərlə nə Ermənistanı, nə Qazaxıstanı, nə də Azərbaycanı narazı salmayacaq.

Bu kontekstdə Ermənistan nümayəndəsinin bir neçə aydan sonra KTMT-yə baş katib seçilə bilməsi müəmmalı məsələ təsiri bağışlayır. Əslində, Kreml bununla əlaqədar öz mesajını artıq verib. KTMT-nin artıq keçmiş baş katibi 2016-cı ilin dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlərlə bağlı verdiyi şərhdə "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlətmişdi. Bu, Azərbaycanda kəskin etirazlara səbəb oldu, bir sıra ekspertlər Kremli Ermənistana dəstək verməkdə ittiham etməyə başladı. Lakin rəsmi Moskva N.Bordyujanı vəzifəsindən dərhal uzaqlaşdırmaqla göstərdi ki, onun mövqeyi daha tarazlıdır. Rusiya açıqca kiminsə tərəfini tutmaq niyyətində deyil, bu qaydanı pozanlar da dərhal öz cəzasını alacaqlar.

Görünür, "Stratfor" kimi "beyin mərkəzləri" buna bənzər olayları nəzərə alaraq, Ermənistan nümayəndəsinin KTMT-yə baş katib seçilməsi işinin ciddi maneələrlə qarşılaşacağını proqnozlaşdırırlar. Bütövlükdə bu cür vəziyyət Ermənistanın 2017-ci ildə təhlükəsizlik sahəsində KTMT-dən əhəmiyyətli dəstək ala bilməyəcəyini göstərir. Rəsmi İrəvan yarıtmaz xarici siyasət kursu ilə KTMT-dəki tərəfdaşlarının belə hörmətini qazana bilməyib. Belə çıxır ki, 2017-ci ildə İrəvanın bu istiqamətdə ciddi problemləri meydana çıxa bilər.

Çünki Azərbaycan tərəddüd etmədən ərazi bütövlüyünü bərpa etmək istiqamətində qətiyyətli addımlarını atmaqda davam edəcək. Bakının İrəvana olan təzyiqləri bütün sahələr üzrə yüksələn xətlə gedəcək. Buna qarşılıq mövqeyi ədalətli olmayan Ermənistan tutarlı addım ata bilməyəcək. KTMT isə hərbi yardım göstərməyəcək. Bununla da Ermənistan ordusu güclü rəqibi ilə üz-üzə qalmalı olacaq. Azərbaycan tərəfi daim vurğulayır ki, işğalçılar ərazilərimizi tərk etməsələr, yeni uğurlu hərbi əməliyyatlara baş vura bilər.

"Stratfor"un təhlili də rəsmi Bakının bu mövqeyində tam haqlı olduğunu bir daha təsdiqləyir. Heç bir ciddi faktor Ermənistana haqq qazandırmır. Əksinə, konkret gedişat göstərir ki, İrəvanın ən yaxın tərəfdaşları belə onu haqsız əməlində dəstəkləmək fikrində deyillər. Ermənistan rəhbərliyinin bütövlükdə dünyada cərəyan edən prosesləri bir daha təhlil edib, ağlını başına toplaması lazım gəlir. İndi beynəlxalq birlik İsrail kimi güclü bir dövlətdən Fələstin məsələsində anlayış tələb edirsə, İrəvan nəyə ümid edə bilər? Bu suala erməni müxalifəti sıralarında da cavab axtaranlar vardır. Ancaq İrəvan onu ciddiyə almasa, ən çox itirən erməni xalqı olacaq.

 Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 720

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...