CƏMİYYƏT
A- A A+

Elm və incəsənət məbədinə aparan yolun bələdçisi

2017-01-29 11:20:45

Möhbəddin Səməd – 75

Bir vaxtlar,daha dəqiq desək, sovet dönəmində bədii ədəbiyyatın bir sahəsi olan  publisistikaya elə də ciddi əhəmiyyət verilmirdi. Ona jurnalistika ilə bədii ədəbiyyat arasında qalan, bədii vüsəti ol­ma­yan yararsız bir yaradıcılıq sahəsi kimi baxılırdı. Hətta bu sahədə fəaliyyət göstərən yazarları çox çətin­liklə Yazıçılar İttifaqına qəbul edirdilər. Amma unudurdular ki, dünya ədəbiyyatında bu janrda yazılmış

saysiz-hesabsız şedevrlər vardır. Hətta buna misal olaraq A.P.Çexovun “Saxalin”, V.Rasputinin, S.Zalı­ginin Baykalla əlaqədarelmi-publisistik oçerklərini, A.Dümanın “Qafqaz səfərinin” nümunə göstərmək olar. Bunlar elə publisistik nümunələrdir ki, çox uzaq keşmişdə yazılsalar da çağdaş günlərimizdə də öz gərəkliklərini, qaynaq və nümunə olduqlarını qoruyub saxlaya bilmişlər.

Bütün bunlar onu göstərir ki, bədii ədəbiyyat və jurnalistika arasinda qalan publisistika elə də asan sahə deyildir. Əksinə, çox çətin, mürəkkəb və üzücü bir sahədir. O, yazardan hərtərəfli savad,  geniş dünyagörüşü, sosioloji tədqiqat bacarığı, dözüm və zəhmətkeşlik tələb edir. Sözsüs ki, bu tələblərin öh­də­sindən gəlmək elə də asan iş deyil. Lakin elə yazarlar  var ki, onar öz üzərinə düşən vəzifəni yüksək pe­şəkarlıqla yerinə yetirməklə yanaşı seçdiyi mövzular spektri, apardığı  tədqiqatların elmiliyi və əha­tə­li­liyi ilə çalışdığı yaradıcılıq sahəsinin sərhədlərini genişləndirir, ona yeni nəfəs gətirirlər. Haqqında söhbət açacağımız yazıçı-publisist Möhbəddin Səməd belələrindəndir.

Möhbəddin Səməd kimdir? Çətin və mürəkkəb həyat və yaradıcılıq yolu keçmiş bir publisistdir.O, Uşaq­lıq­dan nənəsi Fatmanisənin dilindən bayatıları, nağılları eşitmiş, orta məktəbdə bədii ədə­biyyatı xüsusi ac­göz­lüklə mütaliə etmiş, kitab yazmaq həvəsinə düşmüş, ilk qələm təcrü­bələrini po­e­ziya sa­hə­sində sınaq­dan keçirmişdir. Yeddinci sinifdə oxuyarkən Tbilisidə çıxan “Şərqin şə­fəqi” qə­ze­tində bahara həsr edil­miş ilk şeiri çap olunmuşdur. Bu şeir onun həyatında mühüm rol oynamış, onu yaradıçılığa istiqamət­ləndirmişdir. O, həmin anlardan dərk etməyə başlamışdır ki, özünü realizə etmək üçün bu yön­də ali təhsil almalıdır. Beləliklə, orta məktəb təhsilini başa vurub ali təhsil almaq üçün Bakıya yol­lanmışdır. Lakin qəbul imtahanını keçə bilməyib bir müddət Bakı şin zavodunda çalışmışdır. Oradan da üç il müddətinə sovet ordusunda xidmətə getmişdir. Amma universitetin jurnalistika fakultəsinə daxil olmaq arzusundan əl çəkməmişdir. Xeyli gec olmasına baxmayaraq ordudan qayıtdıqdan sonra həmin fakultəyə qəbul olunmuşdur.

Möhbəddin Səməd Bakı Dövləy Universitetinin jurnalistika fakultəsini qurtardıqdan sonra bir müd­dət “Bakı”-“Baku” axşam qəzetində, sonra yeddi il “Azərbaycan gəncləri” qəzetində, on ol “Kom­munist” qəzetində, on altı il Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin Qapalı Səhmdar cəmiyyətində ədəbi işçi, baş müxbir, şöbə müdiri, baş redaktor  vəzifələrində  çalışmışdır.

Ötən əsrin 70-ci illərində “Azərbaycan gəncləri” qəzetində çalışan Möhbəddin Səmədin yaradıcılıq taleyində bu mətbuat orqanını mühüm rol oynamışdır. Onun sosioloji tədqiqatlar əsasında yazdığı silsilə puplisistik yazıları ilk dəfə məhz bu qəzetdə dərc olunmağa başlamışdır. Respublikanın məşhur alimləri ilə onun polemik qeydləri “Estetika bu gün, sabah və həmişə”, “Etika... Etika... Etika”,  yeni ruhlu, silsilə ya­zı­ları oxucuların və  mütəxəssislərin ürəyincə olmuşdur. Bundan ruhlanan müəllif 1984-cü ildə həmin yazıları toplayıb “Dialoqlar” adı ilə ayrıca kitab şəklində çap etdirmişdir. Lakin yuxarıların göstərişi ilə həmin kitab xeyli müddət satışa buraxılmamışdır. Bir qədər əvvəl bölgə kitab mağazalarına göndərilmiş həmin kitablar yığışdırılmışdır. Onların işıq üzü görməsi bir də “Yenidənqurma” başlayanda mümkün olmuşdur.

Möhbəddin Səməd hələ “Azərbaycan gəncləri” qəzetində çalışdığı dövrlərdə öz yaradıcılığını elmi və bədii publisistika, incəsənət və musiqi sahələrində aparacağını qərarlaşdırmışdı. Və o, tədricən saysız-hesabsız yazılar ortaya qoymuş, kitablar çap etdirmişdir. Onun görkəmli Azərbaycan musiqiçilərinə həsr edilmiş ilk kitabı ”Nağıllar yalan olmur” (1993) adlanır. Bu kitabda müəllifin sənət haqqında hekayələri toplanmışdır. Orijinal formada qələmə alınmış bu hekayələr  ayrı-ayrı görkəmli sənətkarların görünən və görünməyən tərəflərinin bədii cizgilərlə, əlvan boyalarla rəsm edilməsi, həm də oxucuda emosional ovqat yaratması ilə maraqlıdır.

Yaradıcılığa qloballaşma prosesinin ilk dövrlərindən başlayan Möhbəddin Səməd insan və cəmiy­yət problemi ilə maraqlanmış, bir ziyalı kimi etnosun milli mentalitetinin təzahür formaları olan elm və mədəniyyət sahəsində əldə olunan nailiyyətləri tədqiq etməyə başlamışdır. Bu məsələdə o, həmişə za­ma­nın nəbzini tutmağa, problemlərə zamanın kontekstindən yanaşmağa çalışmışdır.

Bildiyimiz kimi keçən əsrin ikinci yarısından başlayan qloballaşma prosesi getdikcə total xarakter alaraq dünya sivilizasiyasının bütün sahələrini əhatə etmişdir. Gəlin unutmayaq ki, qloballaşma zid­diy­yətli bir prosesdir. Bu prosesdə bir tərəfdən etnik mədəniyyətlərin vahid dünya mədəniyyətinə inteq­ra­siya gedir, digər tərəfdən etnik özünəməxsusluğun silinməsi təhlükəsi yaranır. Bununla əlaqədar bu pro­sesə qarşı etnik identliyin qorunub saxlanması uğrunda mübarizə aparılır, milli mədəniyyətin universal­lığından istifadə edərək  yeni şəraitə adaptiv mexanizmlər işlənir.

Bax belə təzadlı şəraitdə Möhbəddin Səməd ilk araşdırmalarında insanın biososioloji varlıq kimi təlim və tərbiyəsini, onun harmonik inkişafının zaman və məkan çərçivəsində təyin edən amilləri öyrən­məyə çalışmışdır. Əlbəttə, məsələlərin qloballığı, çoxlaylığı, çoxspektrliyi, kompleks yanaşma, sistem ya­­naş­ması tələb edir. Bu məqsədlə o, müxtəlif elm sahələrinin tanınmış mütəxəssislərini – filosof, pe­da­qoq, təbib və fizioloqları müzakirəyə cəlb edir. Bundan sonra böyük ekspert kollektivi ilə intellektin inkişaf amilləri, genetik potensialın nisbiliyi, intellektual tərbiyə, gənclərdə yaradıcılıq vərdişlərinin aşı­­-l­an­ması  və inkişaf etdirilməsi, vətəndaşlıq mənliyi və şüuru, əxlaqi əqidə, etika maarifi,  əxlaqi şüur, etik təfəkkür mə­dəniyyəti, əxlaqi dəyərlər, mənəvi mədəniyyət, gerçəkliyə estetik münasibət  kimi geniş,  çoxsaylı problemlər spektri mü­za­kirə edilmişdir. Nəticədə bütün bu məsələlər “Dialoqlar”  kitabında öz əksini tapmışdır və bütövlükdə milli mentalitetə, etnik stereotiplərə həsr olunmuş problemlər canlı dialoqlar formasında, sadə və aydın dildə şərh olunmuşdur. Düzdür, həmin dövrlərdə “milli mentalitet”, “etnik dünyagörüşləri” terminlərindən istifadə edilmirdi. Amma müəllif dolayısı ilə onları oxuculara çatdırmağa ciddi cəhd göstərirdi.

Tam definasiyaya sığışmayan çoxlaylı, çoxçalarlı mentalitet anlayışı  etnosun təbiət və cəmiyyət haq­qında biliklər siste­mi, əxlaq normaları, düşüncə və dav­ranış stereotipləri, etnik və dini mənsu­biyyəti, mədə­niy­yəti və incəsənətini xarakterizə edən bir sistem anlayışıdır.

“Dialoqlar”  kitabında qoyulan problemləri milli mentalitetin üç əsas kateqoriyası - idrak, etika və estetika ətrafında qruplaşdırmaq olar. 

M. Səməd  gəncliyin gələcəyi ilə bağlı insanlığın intellektual vəzyyəti,  irsi xüsusiyyətləri elmi yolla dəyişdirmək, intellektin inkişaf amilləri kimi vacib məsələləri professorlar Əhməd Abbasquluyev, Zəhra Salayeva, Əkbər Bayramov, Mirəli Axundov, Cəmil Əh­məd­li ilə müzakirə etmişdir. Tanınmış mütəxəssislər  qeyd edirlər ki, əqli, intellektual in­kişafa  təsir edən iki əsas faktor, irsi və xarici mühitin-sosial həyat təsirləri, uşaqların genetik quruluşundakı istedad potensialını öyrənmək,  hər bir fərdin gələcək ixtisasının bu­na uyğun olaraq seçilməsi vacibdir. Uşaqları kiçik yaşlarından məqsəd­yön­lü idrak fə­aliy­yə­ti­nə alış­dır­maq, intellektual inkişafın qayğısına lap kiçik yaşlardan başlamaq lazım­dır. Gənc­lərimiz başa düşməlidirlər ki, yaradıcı fəallığın zirvəsi orta və erkən orta yaş dövr­lə­rin­dədir.

Kompyuter texnologiyaları dövrü üçün xarakterik olan  infor­masiya se­linin durmadan artması,  cəmiyyətin yüksək inkişaf sürəti, elm və texnika sahəsində əldə olunan nailiy­yət­lər, intellektual inkişafı, etik təfəkkür mədəniyyətinin və estetik zövqünün formalaşdırılması məsə­ləsinə yenidən baxmaq zərurəti yaradır.   

Etika maarifi, əxlaqın mahiyyəti, onun prin­sip və normaları,  əxlaq tər­biyəsi  məsələlərin müza­kirəsinə  professorlar Ənvər Əhmədov, Fərrux Ramazanov və dosent Kamil Qurbanov cəlb edlimişdir. Mütəxəssislərin qənaəti belədir: Əxlaq tərbiyəsi ədalət və insanların bə­ra­bər olması prinsi­pinə əsaslan­ma­lıdır  və əxlaqi şüur oyat­ma­lıdır. Əxlaqın məzmunu yüksək amal uğrunda mübarizədədir, müasir gənc­likdə yaradıcı şəkildə özü­nü ifadə etmək vərdişi aşılamaq,  vətəndaş mən­li­­yi və şüuru, mənəvi  səbat­lıq, günün vacib məsələ­lə­rinə fəal vətəndaş münasibəti tərbiyə et­mək lazımdır.Et­no­sun  qədim zamanlardan bəri yaradıb nəsildən-nə­si­lə ötürdüyü mütərəqqi adət-ənə­nə­lər,  əxlaq nor­maları, yüksək mənəvi keyfiyyətlərə zamanın tələb­lərinə uyğun yeni məzmun və for­ma vermək, yük­sək mərhələyə çatdırmaq  zəruridir.  Gənclik   cəmiy­yət qarşısında öz borclarını dərindən başa düşməli, həyat və fəa­liy­yətini bəşəri də­yər­lər üzərində qurma­lıdır.

Əxlaqa dini-etnik münasibət etnosun həyatında həmişə mühüm rol oynamışdır. Dini dünyagö­rü­şü  etnosun davranış, düşüncə və həyat tərzinin determinantlarındandır. Ateizm təbliğatının tüğ­yan etdiyi bir dövrdə islam əxlaqı ilə bağlı müsahibə aparmaqdan söhbət belə gedə bilməzdi. Müx­təlif vaxtlarda təz­yiq və haqsızlıqlarla qarşılaşan müəllif bilərəkdən bu itgi ilə razılaşmalı olub. 

“Dialoqlar” kitabında müsahibələrin üçüncü qismi gənclərin estetik tərbiyəsi mövzusuna həsr olunub. Akademik Aslan Aslanovla professor Camal Mustafayevin bu barədə fikirləri milliliklə bəşəri­li­yin vəhdəti baxımından çox maraqlıdır.  Gö­zəllik bir tərəfdən əşya və ha­di­sələrin keyfiyyətlərini xarak­terizə edir, o biri tərəfdən də bu key­fiy­yət­lərə qiymət verən şəxsin estetik bədii zövq dərəcəsindən, onun fərdi yanaşması və seçdiyi kriteriyadan ası­lıdır.  Gözəlliyin təzahür formalarına biz geyimlərdə də rast gə­lirik. Geyim formaları mil­li menta­li­te­tin atributlarından biridir. Geyimin insanla üzvi vəhdəti, yaraşı­ğın özünüifadə forması olması, mənəvi alə­­min həma­həngliyi və yaxınlığı unudulmamalıdır. Milli geyi­min müsbət mənada “mühafi­zə­kar­lığı”  milli mentalitetin qorunması şərtlərindən bi­ridir. Vətən sevgisi, ana təbiətə vur­ğunluq, ondan ilham almaq insan təbiətinin bütövlüyü üçün vacib şərtdir. İnsanın sağlam estetik zövqü yüksək əxlaqi hisslərlə vəh­dətdə inkişaf edir, həmişə insani hissləri qidalandırır, mənəvi məzmun kəsb edir. Mətləb də gənclərdə məhz bu cür zövq tərbiyə etməkdən ibarətdir.

Bu kiçik həcmli kitabda geniş spektrli məsələlər respublikanın qabaqcıl alimləri ilə müzakirə edil­miş, bunula da əslində respublikada həmin dövr üçün bu baxışların məzmunu öz əksini tapmışdır.

 “Dialoqlar”  kitabı  çox uğurlu alındı və müəllifi doğru yolda olduğuna inandırdı, onu gələcək ax­tarışlara ruhlan­dırdı.Məsələlərin qoyuluşundakı peşəkar səlislik, əhatəlilik, problemlərin gələcəyi ilə bağlı ekspert rəy­lərinin toplanması metodoloji baxımdan mühüm əhəmiyyət kəsb edirdi.  Artıq gələcək fəaliyyətin is­ti­qa­məti, metodoloji əsasları və  əhatə dairəsinin konturları müəyyənləşdirilmişdi.

İnsanları daim düşündürən, onları heyrətə gətirən qeyri-adi hadisə­lərlə, möcü­zəvi feno­menlərlə ma­­­­raq­­­lanan M.Səməd  insan zəkasının nəhayətsizliyi,  rənglər və səsin sehrinə düşür, bu sa­hənin yara­dı­cı şəxsiyyətləri ilə yaxından tanış olub, onların əsərlərini tədqiq edir.

2000 ildən çox dünya elminin qəbul etdiyi Aristotel məntiqinə alternativ nəzəriyyənin müəllifi Lütfi Zadəni Azərbaycan ictimaiyyətinə ilk dəfə layiqincə tanıdan məhz M.Səməd olmuşdur. O, bunun üçün üç il əziyyətlərə qatlaşıb hazırlıq işi görmüş, ancaq bundan sonra ABŞ-a gedərək  onunla tanış ola bilmiş­dir. Lütfi Zadənin bu gün ictimaiyyət tərəfindən belə tanınması, hətta dərsliklərə düşməsi onun səmərəli fəaliyyətinin nəticəsidir. M.Səməd bu elm dühası və fədaisinin həyat və yaradıcılığını, onun ya­ra­dıcılıq psixologiyasını incəliklərinə qədər öyrənmiş, bunun nəticısin­də böyük alimə həsr olunmuş 4 seriyalı "Uzaq və yaxın Lütfü-Zadə" sənədli filminin ssenarisini, “Dünya dahilərsiz yaşaya bil­mir” (Azərbaycan, Türk və Rus dillərində) kitabını yazmaqla onun monumental portretini yarada bil­mişdir. 

Qeyd edək ki, yaradıcılıq psixologiyası çox mürəkkəb bir sahədir. Dahi fransız alimi Puankare ya­ra­dıcılıq prosesinin dörd mər­hələ­dən ibarət olduğunu göstərir:Birinci hazırlıq, problemin dərk edilməsi mərhələsi. İkinci inkubasiya və ya yetişmə, şü­urdankənar işlər, evristik seçim mərhələsi. Uçüncü  insayd, yəni işıqlandırma və ya aydınlat­ma mərhələsi. Dördüncü  alınan nəticənin yoxlanması mərhələsi, burada intuisiya öz yerini məntiqə verir.

Lütfi Zadəni beynəlxalq miqyasda daha çox tanıdan “Qeyri-səlis məntiq və çoxluqlar nəzəriy­yə­si”nin yaranması za­ma­nı, məkanı və şəraiti kitabda müfəssəl təsvir edilmişdir. 1964-cü ilin mülayim iyul günləri, Nyu-Yorka uçub orada yaşayan valideynləri ilə görüşməyə getməsi, orada Bakı, Tehran və Ame­rika həyatlarını xatırlamaları, görüşmək üçün əvvəlcədən zəng edib vaxt və yer təyin etdiyi dostu ilə görüşün baş tutmaması, boş vaxtını səmərəli keçirməyə çalışan Lütfinin yenidən kompleks elmi sistem­lər ətarfında düşünüb daşınmağa başlaması, həmin anda onun beynindən özü də hiss etmədən qeyri-səlis məntiq anlayışının gəlib keçməsi. Yaradıcılıq prosesinin yuxarıda sadalanan ardıcıllığını M.Səməd hadisələrin fonunda təbii şəkildə elə əridir ki, bu kəşfin labüdlüyünə inanırsan.

M.Səməd sonra bu böyük alimin kəşflərindən və onun cəmiyyət üçün faydasından bəhs edir.Lütfi Zadə dünya elminin inkişafında mühüm rol oynamış ”Təəssüratlar nəzəriy­yəsi”, “Və­ziyyətlər fəzası nə­zə­riyyəsi”, “Sözlərlə hesablama nəzə­riy­­yə­si”, “Yumşaq hesablama nəzəriyyəsi”, “Qeyri-səlis məntiq və çoxluqlar nəzəriyyəsi”, SOFT Compyutinq nəzəriyyəsi,  dinamik sistemlərin ida­rə­olun­ma və müşahidə­olunma nəzəriyyələrinin müəllifidir.

Müasir dövrdə cəmiyyəti ən çox düşündürən məsələlərdən biri nəqliyyat vasitələrinin sayının və onların törətdikləri qə­za­ların durmadan artmasıdır. Bu vacib problemin həllində də Lütfi Zadənin nəzəriy­yə­lərindən biri, məhz “Təəssürat nəzəriyyəsi” ciddi rol oynadı. Bu nəzəriyyə əsasında “gör­dük­lərini” bütün detalları ilə yadda saxlayan kompyuter hazırlandı və sürücü üçün ən etibarlı bələdçi ol­du. Be­lə­lik­lə, qəzaların sayını minimuma endirmək üçün real zəmin yarandı.

Möhbəddin Səmədin 2003- cü ildə nəşr edilmiş “Yaddaşımızın yaşıdlari” adlı bir fundamental kitabı da var. Bu kitab əhatəliyinə görə bir növ ensiklopediyanı xatırladır. Kimlər yox­dur bu kitabda? İlk qadın xanəndə Mirzə Güllərdən başlamış, bəstəkar Şəfiqə Axundovaya qədər, ilk peşəkar  bəstəkar Üzeyir Hacıbəylidən tutmuş Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Səid Rüstə­mo­va, Cahangir Cahangirova, eləcə də  dünya elmində kəşfləri olan professorlar Lütfi Zadəyə, Əli Cavana, El­yaz Babayevə qədər onlarca görkəmli Azərbaycan alimi bu kitabda özlərinə yer tapmışdır. Bu şəx­siy­yət­lərə həsr olunmuş elmi-publisistik və bədii yazıların başlıca üstünlüyü ondadır ki, onların bəziləri müəl­lifin ciddi elmi araşdırmalarından, bəziləri isə yaxın ünsiyyətdən, şəxsiyyətlərinə və yaradı­cı­lıq­la­rı­na dərindən bələdçilikdən sonra yaranmışdır. Məhz buna görə də canlı, dinamik və oxunaqlıdır.

Öncə qeyd etdik ki, M.Səməd Lütfi Zadə ilə yanaşı elmdə kəşflər etmiş daha iki Azəbaycan alimi, Əli Cavan və Elyaz Babayevlə görüşmüş, onların elmi fəaliyyətləri haqqında məqalələr yazmış və onları ictimaiyytə tanıt­dır­mışdır:Əslən Quzey Azərbaycandan olan və uzun illərdir ki, ABŞ-də yaşayan Əli Cavan dünya miqyasında yaxşı tanınan fizikdir. Alimin lazer texnologiyasının işlənməsi sahəsindəki apardığı tədqiqatlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onun adını elm tarixində əbədiləşdirən kəşfi qaz lazeri ilə bağlıdır.M.Səməd alimin kəşfi ilə bağlı məlumatı onun öz dilindən qələmə alır:1959-cu ilin iyun ayında mən “Fizikal Revyü Letters” jurnalında lazer haqqında bir elmi məqalə çap etdirdim. Amma kəşfin tarixini bütünlüklə 12 dekabr 1960-cı illə bağlamaq olar. Mən həmin tarixdə ilk dəfə olaraq qaz-lazer aparatından lazer  şüası al­ma­ğa müvəffəq oldum. Hazırda get­dik­cə geniş vüsət alan lazer kommu­ni­ka­siyası onun kəşfi əsasında yaradılmışdır.  

Hal-hazırda ABŞ-də yaşayan həmvətənimiz Elyaz Babayev keşməkeşli həyat yaşayan, daim çə­tinlik və haqsızlıqlarla qarşılaşan, ancaq heç bir zaman özünə inamını itirməyən alimlərdəndir.  Öz dərin tədqiqatları ilə başda 25 deyil 26 enerji nöqtəsinin olduğunu kəşf etmişdir. Alimin kəşfi “İnsanın və hey­va­nın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu” adlanır və dünyanın tanınmış mü­təxəssislərinin fikrincə bu kəşfin biomexanika və ortopediya üçün çox böyük elmi əhə­miy­yəti ol­muş­dur.  E.Babayev sübut etmişdir ki, insan və heyvanların hər hansı bir sümüyü öz quru­luş və for­ma­sın­dan asılı olaraq müxtəlif gərginliyə malikdir.

Azərbaycan elmi kosmonavtika sahəsinə ciddi töhvələr vermişdir. “Xəzər” elm mərkəzi, Təbii ehtiyatların Kosmik tədqiqat İnstitutu, Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyi kimi aparıcı təşki­lat­ların yaradıcısı akademik Tofiq İsmayılovla əlaqə yaradan M.Səməd kosmik tədqiqatlar sahəsində Azər­bay­can elminin ciddi nailiyyətlərini öz elmi-publisistik yazılarında işıqlandırmışdır. Yerin təbii ehtiyat­larını kos­mos­dan öyrənmək üçün dəqiq cihazlar Tofiq İsmayılovun rəhbərliyi altında hazır­lan­mışdır. Kosmik Tədqiqatlar Elm-İs­teh­salat Birliyində hazırlanan mükəmməl cihazların bəziləri, konkret olaraq “RS-17 BK” rentgen teleskopu “Salyut-7” -”Soyuz T-11” orbital elmi kompleksində, “Pulsar X-1” teleskopu “Mir” orbital el­mi stan­si­yasının astrofiziki modulunun tərkibində kosmosa çıxarıl­mış­dır.Tofiq İsmayılov sözün tam mənasında alovlu vətənpərvər idi. 1990-cı ilin 20 yanvarında Bakıda keçmiş sovet ordusunun tərətdiyi qırğın və bununla əlaqədar SSRİ Ali Sovetin sessiyasının həmin hadisəyə qarşı biganə münasibətinə qarşı   Tofiq İsmayılovun sərt çıxışını xatırlamaq kifayətdir.

Rənglərin sehrini o, dostu Toğrul Nərimanbəyovun zəngin və özünəməxsus yaradıcılığında  axtar­mışdır. M. Səməd Toğrul Nərimanbəyov yaradıcılığının formalaşma prosesini publisist kimi fəaliyyət gös­tərdiyi dövr­lər­dən başlayaraq izləmiş, sonralar hətta Toğrulun 72 il gizli qalan nəsil şəcərəsini də əldə edərək bu nəsil barədə ilk dəfə dolğun yazı ilə çıxış etmişdir: Toğrul Şuşanın varlı-hallı, bu gün də adları hörmətlə çəkilən Nərimanbəyovlar nəslin­dın­dir. Nəslin ağsaqqalı Nəriman bəy, onun oğlanları Ha­şım bəy və Əmir bəydir.Əmir bəy Azərbaycan Xalq Cümhu­riy­yəti dövründə Bakının general-qu­ber­na­toru olub. Əmir bəyin oğlu Yaqub Fərman bəy 1919-cu ildə AXC-nin göndərişi ilə Fransaya təhsil al­ma­ğa getmişdir. Yaqub Fərman bəy Fransada yüksək ixtisaslı mühəndis diplomu alıb, orada əslən Kos­ko­­niyalı olan İmra adlı fransış qızı ilə evlənmişdir. Bu izdi­vac­dan 1926 –cı ildə Fransada Vidadi, 1930-cu ildə Bakıda Toğrul adlı oğulları dünyaya gəlmişdir. O, Azər­baycan SSR Dövlət Plan Ko­mi­təsində elek­trik­ləşdirmə bölməsinin rəisi vəzifəsində çalışmışdır. 1937-ci ildə həbs olunmuş, “əks­in­qi­la­bi fəaliy­yə­tinə görə” 5 il azadlıqdan məhrum edlmişdir.

Toğrul uşaqlıq və gənclik illərini Bakıda, anası və qardaşı ilə birlikdə sürgün olduqları Özbə­kistanda və oxuduğu Litvada keçir­mişdir. M.Səməd bir-birindən tamam fərqli Bakı, Səmərqənd və Vilnüs həyatı yaşayan bu dahi filosof-rəssamın yaradıcılığındakı özünəməxsusluğun, şərq və qərb dünyagörüşlərinin harmonik sintezinin qaynaqlarını, araşdırıb üzə çıxarmışdır:Vilnüsda Çürlonisin yaradıcılığından sə­nət­kar üçün çox vacib olan rəssam təxəyyülü­nün sərbəst ifadə formasını əxz etməsi, xalq sənətinə əsas­lı şəkildə yiyələnməyin vacibliyini dərk edərək Q.Qara­yev, F.Əmi­rov və Ni­ya­zi kimi dahi bəs­tə­kar­lar­la yaradıcılıq əlaqələri nəticəsində milli folk­­lora dərin­dən yiyə­lənə bilməsi, müxtəlif mək­təblərə mənsub olan rəssamlardan həyatsevərlik, ro­mantik gözəllik, səmimiyyət, fikirlərin vüsəti kimi keyfiy­yət­lərin harmonik sintezinə çalışması. Bunun nəticəsində Toğrulun yaradıcılığında Azər­bay­­ca­nın qədim xalça­çı­lıq məktəbinin rəngarəng ornamentləri, XVI əsr Təbriz miniatür məktə­bi­nin  Sol­tan Mə­həm­məd, Ağa­mürək və Behzad yaradıcılı­ğın­dakı melodiklik, milli kolorit, şərqin oriji­nal­lığı ilə qər­bin analitik təfək­kürü ustalıqla yeni formada, uzvi şəkildə sintez edildi. Mükəmməl musiqi təh­si­li almış Toğrul Nəri­manbəyovun əsərləri rənglə musiqinin harmonik sintezindən yaran­mış­dır. Bu sintez rəssamın əsər­lə­rinə bir tamlıq, bütövlük gətirmişdir. Toğrul yaradıcılığının kredosu, domi­nant prinsipi olan  in­san­lığın gələcəyi haqqında düşüncələr onun bütün əsərlərindən qırmızı xətlə keçir.

M.Səməd Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Səid Rüstəmov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Qənbər Hüseynli haqıında analitik məzmunlu oçerk­lə­rin müəllifidir.

M.Səməd Qara Qarayevin cəmiyyətdə baş verən hadisələrə zamanın fövqündən yanaşmasını haq­lı olaraq Azərbaycan professional opera sənətinin banisi, dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin fəa­liyyəti ilə bağlayır. Azərbaycan Dövlət Konservatoriya­sında oxuduğu müddətdə ona Üzeyir bəy Azər­baycan Xalq Musiqisinin Əsaslarından dərs keçmiş,  öz istedadlı tələbəsində gələcəyin filosof dü­şün­cəli böyük bəstəkarını görmüş, ona gələcək inkişafı üçün hər cür kömək göstərmişdir. Xalq musi­qi­si­nə də­rin­dən yiyələnən gənc bəstəkar xalq musiqisinin, muğamlarımızın zənginliyi və ahəng­darlığının əsasında mükəmməl və mürəkkəb bir sistemin dayandığı qənaətinə gəlmişdi. P.İ.Çaykovski adına Moskva Dövlər konservatoriyasında D.Şostakoviçdən dərs almışdır, özünün dediyi kimi “bədii idealının formalaşması onun adı ilə bağlıdır ”. Uzunmüddətli araşdırmalardan sonra M.Sə­məd Qarayev yaradıcılığı haqqında bu nəticəyə gəlir: ”Qara Qarayev öz dövrünün intellektual səviy­yə­sini əks etdirməklə yanaşı bütün za­man­ların fövqündə dayanır”.   

 “Şur”, “Kürd ovşarı”, “Gülüstan bayatı-şiraz” simfonik muğamları, “Sevil” operası, “1001 gecə”  baleti və onlarla ölməz əsərlərin müəllifi, simfonik muğam janrı yaratmış dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun haqqında M.Səmədin qənaəti: O, bütün vücudu ilə sevdiyi Azərbaycanın və Şərqin öl­məz nəğməkarı milli musiqimizin benəlxalq miqyasda tanınmasında çox böyük xidmətlər göstərmişdir. Milli musiqinin zənginliyi, unikallığı, bəşəri­liyi onun bütün əsərlərində qabarıq şəkildə, əlvan boyalarla nü­ma­yiş etdirilmişdir. Milli musiqinin nəzəri məsələləri, onun gələcək taleyi Fikrət Əmirovu həmişə dü­şün­­dütmüşdür. Apardığım müsahibələrin birində o, öz narahatçılığını belə ifadə etdi: Musiqimizdə əməl­li-başlı deqradasiya ge­dir.Yad meyllər, xoşa gəlməyən notlar çoxalıb. Belə  getsə, vay bizim halı­mı­za.

 “Əfsanəvi maestro” məqaləsini "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası, “Çitra” baleti, onlarla dram tamaşaları və filmlərə yazılmış musiqinin müəllifi, dahi dirijor Niyaziyə həsr edən müəllif Niyazi sənətinin incəliklə­rini müvəffəqiyyətə açmışdır. Niyazi heç bir dirijorluq məktəbi olmayan mühitdə milli dirijorluq məktəbi yaratmışdır. Hələ sağlığında əfsanələşmiş dirijor Azərbaycan musiqi sənəti tarixində ayrıca bir dövrdür, onun barmaqlarındakı plastikaya, di­rijor çubuğuna sehrli, mö­cüzəli demişlər. Müstəsna musiqi du­yumu sayəsində böyük orkestrdə hər hansı bir musiqi alətində “xa­ric” səsi dərhal seçə bilib, dünyanın ən tanınmış bəs­tə­karlarından biri olub. Onun  Azərbaycan simfonik musuqisi qarşısındakı xidmətlərini Yevgeni Svet­la­nov belə qiymətləndirib:“Azərbaycan simfonik mu­si­qisi dirijor Niyaziyə çox borcludur”.

M.Səmədin maraq sahələrindən biri də, insanın fövqəltəbii hissi, uzaqdan fikirləri oxumaq, öncə­görmələrdir. Hələ açıl­mamış çox sirləin yatağı olan baş beynin fəaliyyəti ilə bağlı məsələləri yaxından izləmək üçün para­psi­xoloq Tofiq Dadaşovla əməkdaşlıq etmiş, apardığı müşahidə və tədqiqatların əsa­sın­da  “Tofiq Da­daşov və onun psixoloji etüdləri” ki­ta­bını yazmışdır. Kitabda Tofiq Dadaşovun psi­xo­loji təcrü­bə­lə­rinin mexanizmini onun öz dili ilə şərh edilmişdir:  Mən baş­qa­larının fikrini oxumuram. İn­­san özü də öz fikir­lərini impulslar şəklində ətrafa yayır. Mən yalnız həmin impulsları tuturam. Bu hadi­sə­lərdə qeyri-şüuru qavrayışın rolunun da əhəmiyyəyini vardır: Beynin siqnallarını tuturam, in­dikatorun parametrlərinin də­yiş­məsinin qəbul edilməsi qeyri-şüur səviyyəsində gedir. Tofiqin ən çox yadda qalan kəşflərindən biri Leonardo da Vinçinin “Mona Liza”(Cokonda) əsərinə verdiyi təhlildir: Cokonda zəh­mət­sevər ailədə böyüyüb, onu seviblər, ancaq ərkəsöyün böyütməyiblər. Təhsilini evdə alıb, həyatı monoton və bir vəzndə keçib. O dar bir dairədə yaşayıb və insanlarla təmasda olub.

Yaradıcılığının bütün dövrlərində insan və cəmiyyət probleminə dönə-dönə müraciət etmiş M. Sə­mədin  “Dünyanın ən qiymətli sərvəti onun insan potensialıdır” adlı böyük həcmli məqaləsində insan poten­sialı qlobal şəkildə qoyulmuşdur. Çağdaş dünyada mövcud olan 65 faiz sərvətin demək olar ki,  ha­mısı insan poten­si­alının hesabınadır. O, diqqəti BMT inkişaf proqramı araşdırıcılarının önəm verdiyi 4 əsas amilə yönəldir:  1.insan ömrünün orta-uzun yaşam həddi, 2.Əhalinin sağlamlının vəziyyəti. 3. Əhalinin savad səviyyəsi. 4. Adambaşına düşən ümumi daxili məhsulun miqdarı. İnnovasiya idtisadi inkişaf mo­deli yönündə işləyən ölkələrin əsas sər­vətləri insan potensialı, elm və təhsildir. Təhsil strateji problemdir. Yaponiya xarici ölkələrə bilik ixrac edir, öz uni­versitet­lərinə əcnəbi tələbələr qəbul edir. Elm və təhsil əsa­sında mükəmməl sosial texnolo­gi­yalar yaradılaraq həm öz ölkəsində istifadə edilir, həm də bu və ya digər ölkələrə ixrac olunur. İnsan potensialı  XXI əsrdə gələcək sivilizasiyanın inkişafı üçün əsas və baş­lıca resurs mənbəyi olacaqdır.

M.Səməd hər biri 1 saat olmaqla “Dünya beş günlük deyil” silsilə veriliş, 30-a yaxin görkəmli Azər­baycan musiqiçiləri ilə müsahibə aparıb, onların səsləri indi qızıl fonddadır. O, “Bəstə­karlarımızın” və “ifaçılarımızın” portreti seriyasından 50-yə yaxın görkəmli bəstəkar və ifaçı  haq­qın­da verilişin, Azər­baycan dram teatrının aktyorlarının ifasında lentə alınmış Üzeyir Haçıbəyli, İslam Abdul­layev, Məşədi Məmməd Fərzəliyev, Keçəçi Məhəmməd, Şəkili Ələsgər, Bülbül, ilk Azərbaycanlı qadın xanənədə Mirzə Güllər haqqında musiqili hekayələrin müəllifidir.

Yalnız kitablarının natamam siyahısı onun yaradıcılıq diapazonu haqqında real təsəvvür yaradır: “Nağıllar yalan olmur”(1983), “Dialoqlar”(1983), “Toğrul Nəri­man­bəyov”(1984), “İncəsənət ustala­rı”(1987), “To­fiq Dadaşov və onun psixoloji etüdləri”(1987), “Səsin sehri varmış”(1994), “Rənglə musiqinin harmo­ni­yası”(1998), “Dünya dahilərsiz yaşaya bilmir”(2000), “Yad­daşımın yaşıdları”(2003), “Şux rənglərin təranəsi” (2011), “Мир не может существовать без гениев”( 2011), “Səsin rəngi və sehri varmış”(2014). 

Azərbaycan mədəniyyətini beynəlxaq miqyasda tanıtmaq üçün səmərəli fəaliyət göstərmiş M.Sə­mə­din əsər­ləri Yaponiya, Almaniya, Fransa, Türkiyə, Amerika və Lüksemburq, Argentina, Meksi­ka, Ka­na­dada dərc edilmişdir.

Publisist Möhbəddin Səmədin sənədli filmlər sahəsində də xidmətləri az olmamışdır. Onun sse­na­risi əsasında indiyə qədər xeyli sayda sənədli film çəkilmişdir. Dörd seriyalı "Uzaq və yaxın Lütfü-Za­də", “Toğrul”, “Adi və qeyri-adi Səttar Bəhlulzadə”, “Rənglə yazılmış tarix”(M.Abdullayev)  və onlarla başqa sənədli filmlər onun ideya və qələminin məhsuludur. “Toğrul” filmi 2011-ci ildə Kiyevdə ke­çi­ril­miş Beynəlxalq Sənədli Filmlər festivalında ən yüksək mükafata-Teffi mükafatına layiq görülmüşdür.

Bir yazıda  onun yaradıcılığını tam xarakterizə etmək imkan xaricindədir. Biz ancaq xüsusi əhə­miyyət kəsb edən bəzi məqamlara toxunmağa çalışdıq. Nəticə olaraq bunları qeyd etmək istərdik. 

M.Səməd məsələlərin mahiyyətinə elə nüfuz edir, hər bir mövzu ilə bağlı apardığı müşahidə və araş­­dır­malarının nəticəsi olaraq elə fikirlər söyləyir ki,  bu fikirlərin jurnalist tərəfindən yox,  peşəkar mütəxəssis  tə­rəfindən söyləndiyi qənaətinə gəlirsən. Çalışdığı vacib sahələrdə “mövcud vəziyyət necə­dir və gələcəkdə bizi nələr gözləyir?” sualı ilə  mütəxəssislərin ekspert proqnozlarını öyrənir və öz fə­aliy­yətində zamanı qabaqlamağa çalışır. Buna görə də onun ayrı-ayrı yazılarında qaldırdığı məsələlər bu gün də aktualdır. Milli mentalitetin tədqiqi, onun şərhi və rekonstruksiyası üçün Möhbəddin Səmədin əsərləri etibarlı qaynaqlar sırasındadır.O,  bir ziyalı kimi sadalanan elmi tədqiqatların nəticələrini elmi-populyar şəkildə ictimaiyyətə çat­dırır, cəmiyyətin maariflənməsinə xidmət edir. Məqalə və kitab­larında tədqiqat apardığı hər bir yara­dı­cı­lıq sahəsinin terminləri, leksikonu, tezariusundan ustalıqla isti­fadə edir. M.Səməd tədqiqatlarının nəticələri nəşr olunduqdan sonra da zaman-zaman seçdiyi mövzulara qa­yıdır, axtarışlarını davam etdirir, kitabların növbəti nəşrinə yeni fəsillər artırır. 

Mövzuların sayı və rəngərəngliyi  haqda düşünəndə  bu tədqiqatların hansı intellektual enerji və zəhmət hesabına başa gəldiyini təsəvvür etmək olar.

Azərbaycanda elmi-publisistik janrın yaradıcılarından biri kimi tanınan Möhbəddin Səməd öz əqi­də­sinə, mövzularına, dostlarına sadiq bir ziyalıdır, bu onun şəx­siy­yətinin bütövlüyündən irəli gəlir. Yara­dıcılığı və həyatının müdrik çağlarını yaşayan Möhbəddin Səməddən ictima­iy­yət yeni əsərlər göz­ləyir. 

Yazıçı – publisist Möhbəddin Səməd yaşının bu müdrik çağında da öz qələmi ilə baş-başadır. O, uzun illərdən bəri üzərində işlədiyi-“Görkəmli adamların həyatı” sırasından olan ”Adi və qeyri-adi Səttar Bəhlulzadə”,  “Toğrul” kitablarını yazıb başa çatdırmışdır. İnanırıq ki, başqa kitabları kimi bu əsərləri də oxucular tərəfindən rəğbətlə qarşınacaqdır.

 Fəxrəddin Quliyev, texnika elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1952

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...