CƏMİYYƏT
A- A A+

Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...

2017-01-18 10:05:07

BMT Təhlükəsizlik Şurası İsraillə bağlı bir sənəd qəbul edib

Orada Təl-Əvivin İordan çayının qərb sahillərində apardığı tikinti işlərini dayandırması tələb olunur. Bunun lehinə daimi üzvlərin 4-ü səs verib, yalnız ABŞ bitərəf qalıb. 
Buna baxmayaraq, rəsmi Təl-Əviv Vaşinqtonu sərt şəkildə ittiham edib. Baş nazir B.Netanyahu birbaşa B.Obamanı günahlandırıb. İsrail rəsmi dairələri qəbul edilən qətnamənin tələblərinə əməl etməyəcəklərini bildiriblər. Bu hadisənin fonunda işğalçı Ermənistanın Dağlıq Qarabağda və ətraf rayonlarda illərdir həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti barədə BMT TŞ-nin nədən söz açmaması sualı meydana gəlir. Bununla bir tərəfdən, ermənilərin təcavüzü davam etdirməsi üçün cəzasızlıq mühiti yaradılır, digər tərəfdən isə, başqa dövlətlərin də beynəlxalq hüququ pozması üçün presedent formalaşdırılır. Bu səbəbdən TŞ-nin qəbul etdiyi qətnamələr əsasən kağız üzərində qalır.

Təl-Əvivin Vaşinqtondan incikliyi: dostluğa zərbə, yoxsa ədalətə qayıdış?

BMT növbəti bir qətnamə də qəbul edib. 2016-ci il dekabrın 23-də İsrailin Fələstin ərazilərində, Şərqi Qüds də daxil olmaqla, apardığı məskunlaşma siyasətini pisləyən 2334 saylı sənəd Təhlükəsizlik Şurasından keçib. Son 8 ildə bu, TŞ-nin İsraillə bağlı səs verdiyi ilk sənəddir. Əvvəllər ABŞ bu tip qətnamələrin qəbul olunmasının qarşısını veto hüququndan istifadə edərək alırdı. Təl-Əviv də buna ciddi əhəmiyyət verir, hətta iki ölkə arasında əməkdaşlığın məhək daşı hesab edirdi. İndi isə Vaşinqton səsvermədə yalnız bitərəf qalıb. İsraildə bunu kəskin dəyişiklik kimi anlayıblar.

Rəsmi Təl-Əviv ağır ifadələrlə B.Obamanı ittiham edir. Baş nazir B.Netanyahu bununla bağlı deyib: "…Obama administrasiyası BMT-də utandırıcı İsrail sui-qəsdi həyata keçirib" (bax: Обама свел счеты с Израилем / "gazeta.ru", 25 dekabr 2016). Prezident Reuven Rivlin də öz qəzəbini gizlətməyib. O, ABŞ kimi böyük bir dostdan həmişə dəstək gözlədiklərini ifadə edib. Lakin indi Amerika "İsraili yad maraqları rəhbər tutan "həyasız" bir qurumun insafına buraxıb" (bax: əvvəlki mənbəyə).

Bir sıra İsrail ekspertləri baş verənləri Obama-Netanyahu münasibətlərinin gərginliyi ilə əlaqələndirirlər. Belə ki, B.Obama əslində 8 ildə Təl-Əvivə çox yardım edib. Son olaraq İsrailə yardım kimi hərbi xərcləri 33 milyard dollara çatdırıb. Lakin RTVi telekanalının Yaxın Şərq bürosunun baş redaktoru Y.Sova hesab edir ki, Obama ilə Netanyahu bir-birini şəxsi olaraq sevməyiblər. Hətta B.Netanyahu B.Obamanı birbaşa Amerika Konqresindəki çıxışı zamanı İranın nüvə proqramı ilə bağlı kəskin tənqid etmişdi.

Bunların fonunda İsraildə yeni prezident Donald Trampa daha çox ümid edirlər. D.Tramp BMT-də qəbul edilən qətnamə ilə bağlı öz tvitter səhifəsində yazıb ki, "İsrailin dünən BMT-dəki böyük məğlubiyyəti sülh danışıqlarını ciddi şəkildə mürəkkəbləşdirəcək. Kədərlidir, lakin biz hər bir halda buna nail olacağıq" (bax: əvvəlki mənbəyə).

Təl-Əviv bəyan edib ki, qəbul edilən qətnaməyə əməl etməyəcək. O, həmin sənədə səs verən Ukraynanın baş nazirinin ölkəyə nəzərdə tutulan səfərini ləğv edib. İsrail hakimiyyəti digər addımları da atacağını bildirir. Bəs bu qədər hay-küy qoparan həmin sənəddə nələr var?

Məlumdur ki, 1967-ci ildən sonra İsrail İordan çayının qərb sahilini nəzarətə alıb. Keçən müddət ərzində burada 100 yaşayış yeri tikilib ki, orada 500 mindən çox yəhudi yerləşib. Beynəlxalq ictimaiyyət bunu qanunsuz məskunlaşma kimi qəbul edib. Dəfələrlə həmin ərazidə məskunlaşma prosesini dayandırmağa cəhd edilib. İsrail-Fələstin danışıqlarında bu məqam daim diqqət mərkəzinə gətirilib. Lakin bütün hallarda Təl-Əviv həmin tələbi rədd edib.

İsrailin bu hərəkəti ilə bağlı BMT-də hansısa sənədin qəbul edilməsini isə Vaşinqton əngəlləyib. Deməli, uzun illərdir ki, Amerika səssiz qaydada İsrailin tutduğu Fələstin ərazisində qanunsuz məskunlaşmaya dəstək verib. B.Obama isə bu "zənciri qırmağa" cəhd göstərən ilk ABŞ prezidentidir. Ona qarşı rəsmi Təl-Əvivin qəzəbinin kökündə həmin məqam dayanır?

Onu vurğulayaq ki, BMT TŞ-nin 2334 saylı qətnaməsinə daimi üzvlərin hamısı səs verib (ABŞ bitərəf qalıb). Bütövlükdə TŞ-nin 14 üzvü sənədə "hə" deyib. Bu, yüksək nəticə hesab edilir.

İrəvanın cəzasızlığı: pis nümunənin yaratdığı beynəlxalq ziddiyyətlər

Biz bu məsələdə kimin haqlı, kimin haqsız olduğu haqqında fikir bildirmək niyyətində deyilik. Çünki bizi başqa məqamlar maraqlandırır. Onlar həm böyük dövlətlərin münaqişələrlə bağlı atdığı addımlar, həm də BMT Təhlükəsizlik Şurasının özünün qəbul etdiyi sənədlərin məzmunu ilə əlaqəlidir. Konkret olaraq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həyata keçirdiyi əməllərə münasibəti nəzərdə tuturuq.

Heç kəsə sirr deyil ki, ermənilər Dağlıq Qarabağda və onun ətrafında olan bir neçə rayonda çox qəddarlıq ediblər. Onlar insanları diri-diri yandırıb, qocaları, qadınları, uşaqları qətlə yetiriblər. Bununla kifayətlənməyərək, işğal etdikləri Azərbaycan torpaqlarında daşı daş üstündə qoymayıblar. Mədəni abidələri, yaşayış yerlərini, qəbiristanlıqları, ümumiyyətlə, dağıdılmalı nə varsa, hamısını məhv ediblər. Bundan sonra həmin ərazilərə İraqdan, Suriyadan və bəzi digər ölkələrdən erməniləri gətirərək qanunsuz məskunlaşdırıblar. Bu barədə dəqiq informasiyalar vardır. Məsələn, Laçın rayonunda Suriyadan köçürülmüş ermənilər yerləşdirilib. Eyni qaydada Şuşada, Ağdərədə, Kəlbəcərdə, Xocalıda və s. yerlərdə yad adamlara ev verib, torpaq sahəsi ayırıb, bir sözlə, sözün həqiqi mənasında demoqrafik işğal siyasəti aparıblar.

Özü də bunları BMT TŞ-nin həmin ərazilərdən erməni işğalçı qüvvələrinin çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin (1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr) mövcud olduğu vaxtda etməkdədirlər. Təkrar edirik ki, onların hamısında Ermənistan işğalçı qüvvələrinin Azərbaycanın zəbt etdikləri rayonlarından bir-bir konkret adları göstərilməklə birmənalı olaraq çıxarılması tələb olunur. Ancaq rəsmi İrəvan nə edib?

Nəinki bu sənədlərin tələblərini yerinə yetirməyib, hətta işğal ərazilərini erməniləşdirməklə də məşğuldur. Bir tərəfdən, o yerlərin həqiqi sahiblərinə məxsus mədəniyyət abidələrini məhv edir, digər tərəfdən isə, dünyanın müxtəlif regionlarında əllərinə keçən imkansız erməniləri zorla bu ərazilərdə məskunlaşdırırlar. Bəs bütün bunlara dünya birliyi, ilk növbədə BMT TŞ-nin daimi üzvləri niyə sükutla reaksiya verirlər?

Biz İsrailin, yaxud Fələstinin tərəfini tutmaq fikrindən uzağıq. Sadəcə, hansı səbəblərdən İsrailə qadağan olunan şey Ermənistana tətbiq edilmir? BMT indiyə qədər rəsmi İrəvanın işğal etdiyi ərazilərdə yad adamların qanunsuz məskunlaşdırılması siyasətinə niyə münasibət bildirmir? Azərbaycanın rəsmi orqanları dəfələrlə bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırıblar. Ancaq beynəlxalq hüququn və ədalətin tələb etdiyi qaydada cavab yoxdur.

Təbii ki, bu cür ayrı-seçkiliyi dünyanın bütün dövlətləri görür və uyğun nəticələr çıxarırlar. İsrail kimi güclü və inkişaf etmiş bir dövlət də kifayət qədər ayıqdır. Təl-Əviv BMT TŞ-nin 2334 saylı qətnaməsinə əməl etməyəcəyini açıq bəyan edə bilər. Çünki o görür ki, TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri düz 23 ildir ki, həyata keçməmiş qalır. Özü də Ermənistan qədər qəddar, işğalçı, soyğunçu, barbar xislətli dövlət yoxdur. Əgər buna BMT TŞ-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin laqeyd yanaşırlarsa, onda İsrail hansı səbəblərdən İordan çayının qərb sahillərindəki məskunlaşmanı dayandırmalıdır? Eyni tələb niyə Ermənistan qarşısında qoyulmur?

Deməli, indi Rusiya rəsmi dairələrinin də İsraillə bağlı mövqeyini geniş şərh etməsi fonunda başqa işğalçıya – Ermənistana müasir silahları bağışlamasını hansı məntiqlə izah edəcəyi maraqlıdır. Hətta "İskəndər" raketlərini təcavüzkara verib, Azərbaycana qarşı hədələrə imkan yaratmaqla nələrə nail olunduğunu demək lazım gəlir. Demokratiyadan, insan haqlarından, humanitar yardımdan danışan Vaşinqton Azərbaycanın işğal altındakı rayonlarında qanunsuz yerləşdirilən ermənilər barədə danışmamasının səbəbini necə izah edəcək? Bu sualı Londona, Parisə və Pekinə də ünvanlaya bilərik.

Belə çıxır ki, digərləri kimi, 2334 saylı qətnamə də kağız statusunda qalacaq. Görünür, böyük dövlətlər, o cümlədən Təhlükəsizlik Şurasının 5 daimi üzvü BMT-ni beynəlxalq arxiv məkanına çevirmək niyyətindədirlər! Lakin bunun insanlığa faydası nədir?

 

Newtimes.az


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 421

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...