MÜSAHİBƏ
A- A A+

Olqa Qurina: Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında olması ədalətsizlikdir

2015-05-10 10:25:16

İşğal altında qalan Dağlıq Qarabağ ərazisində keçirilmiş üzdəniraq “parlament seçkiləri” ilə əlaqədar Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat verərək “seçkiləri” qeyri-legitim hesab etdiyini bildirib.

Ukraynanın “Faktı i kommentarii” adlı nüfuzlu gündəlik qəzetinin icmalçısı Olqa QurinaAZƏRTAC-ın Kiyevdəki xüsusi müxbirinə eksklüziv müsahibəsində deyib: “Çox məmnunam ki, mənim ölkəm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, Azərbaycan Respublikasının suverenliyinə və onun beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinə tərəfdardır”.

Ukrayna jurnalisti söhbət zamanı Azərbaycana səfəri, Ukrayna nümayəndə heyətinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü, məcburi köçkün və qaçqın düşərgəsində olması barədə xatirələrini bölüşüb.

- Olqa, düz 17 il bundan əvvəl Siz gənc jurnalist kimi Azərbaycana ezamiyyətə getmişdiniz. Bu barədə ətraflı danışa bilərsinizmi?

- Azərbaycanla tanışlığım doğrudan da 1998-ci ilin iyulunda olub. O zaman Azərbaycanın Ukraynadakı səfirliyi ictimai-siyasi vəziyyətlə tanış olmaq üçün Ukrayna jurnalistlərinin ölkənizə səfərini təşkil etmişdi. Etiraf edim ki, üç əsas dinin – İslamın, xristianlığın və iudaizmin qovuşduğu bir ərazidə yerləşən ölkə mənim üçün həmişə maraqlı olub.

O zaman Azərbaycan prezident seçkilərinə hazırlaşırdı və Ukraynaya dost ölkədə bu prosesin necə keçdiyini görmək çox maraqlı idi. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi aktual məsələ olaraq qalırdı və əlbəttə, Azərbaycan hökuməti bununla bağlı bir çox problemləri həll etməli idi. Hesab edirəm ki, Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında olması ədalətsizlikdir.

Bəri başdan deyim ki, Azərbaycana səfərim çox zəngin və mənalı oldu. Yeni informasiyalar, yeni tanışlıqlar və əlbəttə, yeni təəssüratlar...

Ukrayna jurnalistlərinin Heydər Əliyevlə görüşü unudulmaz təəssürat bağışladı. İş cədvəlinin gərgin olduğuna baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri nümayəndə heyətimiz üçün də vaxt tapdı. Yeri gəlmişkən deyim ki, Kiyevdəki gözəl Heydər Əliyev parkında və ailəmlə birlikdə yaşadığım İrpen şəhərində (Ukraynanın peyk-şəhəri - AZƏRTAC) akademik Zərifə Əliyevanın adını daşıyan yaraşıqlı parkda gəzməyi çox xoşlayıram.

Azərbaycana səfər barədə söhbətə qayıdaraq qeyd etmək istəyirəm ki, yadda qalan məqamlardan biri Biləsuvar rayonuna getməyimiz, orada qaçqınların və məcburi köçkünlərin yaşadıqları düşərgəyə baş çəkməyimiz oldu. Onu da deyim ki, xarici jurnalistlərin düşərgəyə gəlişi ilə bağlı heç bir xüsusi tədbir görülməmişdi.

O vaxt bu düşərgədə müharibənin bütün ağrı-acısını öz çiyinlərində daşıyan təqribən 20 min adam yaşayırdı. Yaşayış şəraiti çətin idi. İnsanlar başa düşürdülər ki, bu, müvəqqətidir, ən başlıcası ölümsaçan mərmi və güllə səsindən uzaq, təhlükəsiz yerdə olmaqdır.

-Qaçqınların yaşadıqları düşərgədə Sizi ən çox heyrətləndirən nə oldu?

-Məni heyrətləndirən xalqınızın bu çətin şəraitdə toparlana bilməsi idi. Düşərgənin böyük ərazisində bir neçə orta məktəb açılmışdı. Onları adət etdiyimiz anlamda məktəb adlandırmaq mümkün olmasa da (bunlar sadəcə geniş otaqlar idi), həmin vaxt üçün zəruri məsələ uşaqların bilik alması idi. Dərsləri uşaqlara elə köçkün müəllimlər keçirdi. Uşaqların bu dərsləri necə səbirsizliklə və sevinclə gözlədiklərini gərək öz gözünlə görəsən. Yəqin ki, bu şagirdlərin bir qismi artıq ali məktəblərdə təhsil alır.

Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycan hökuməti 1 milyon 200 min qaçqın və məcburi köçkünlə bağlı məsələni həll etməli olub. İnsanların mənzilə, işə, sosial təminatlara və müdafiəyə ehtiyacı vardı. Bilirəm ki, ilk vaxtlarda Azərbaycana Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Komitəsi, Ümumdünya Ərzaq Təşkilatı, müxtəlif beynəlxalq xeyriyyə təşkilatları fəal yardım göstərirdilər. Lakin görünür, özgənin problemləri hamını tez yorur və biz köçkün düşərgəsində olarkən bu yardımın müntəzəm xarakter daşımadığının və tədricən sona yetdiyinin şahidi olduq.

Heydər Əliyev başda olmaqla Azərbaycan bu problemlərlə təkbətək üz-üzə qaldı, amma onları uğurla həll edə bildi. Düşünürəm ki, indi biz ukraynalıların qardaş xalqdan öyrənməli olduğumuz çox şey var. Bu məsələnin həllində Azərbaycanın təcrübəsi misilsizdir. Bakılı dostlarımız deyirlər ki, qaçqınlar və məcburi köçkünlər rahat mənzillərə köçüblər, işlə təmin olunublar.

 

Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində on minlərlə azərbaycanlı həlak olub, təqribən beş min nəfər itkin düşüb, 100 min adam yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq şikəst qalıb. Təəssüf ki, Azərbaycan kimi, Ukrayna da zərər çəkmiş insanların psixoloji və fiziki reabilitasiyası ilə bağlı məsələləri həll etməli olacaq. Zənnimcə, bu problemlərin həllində ölkənizin mütəxəssislərinin böyük təcrübəsi var. Lakin hər şeydən əvvəl istərdim ki, ölkələrimiz – Azərbaycan da, Ukrayna da sülh və əmin-amanlıq içində yaşasınlar, müharibə birdəfəlik keçmişdə qalsın.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1645

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...