MƏDƏNİ
A- A A+

Ölümündən sonra da doğulan şair

Ədalət Əsgəroğlunun 60 yaşına

Ölümündən sonra da doğulan şair

Ədalət Əsgəroğlu... Yaşasaydı, bu il yanvarın 7-də öz ad gününü-60 yaşını qeyd edəcəkdi. Amma 57 yaşında qəfil, mən deyərdim gözlənilməz bir ölüm haqladı onu.
 Ədalət həyatda çox nikbin, xoşhal, xoşbəxt bir adam kimi görünürdü. Son iş yeri-Yazıçılar Birliyinin mətbuat xidmətinin rəisiydi. Dəfələrlə onun o balaca otağında görüşmüşük. Hər dəfə bir sorğuyla gəlirdim yanına, çıxıb getmək istəyəndə “Sən Allah, bir dayan!” deyib məni saxlayır, öz təzə şeirlərini oxuyurdu. Öz oxumağından ləzzət alırdı. 
Əslən göyçaylı idi. Böyük həmyerliləri Rəsul Rza və Əli Kərimlə fəxr edirdi. Onların hər ikisinə şeirlər həsr etmişdi. İlk şeiri -”Zirvələr”- “Azərbaycan pioneri” qəzetində dərc ediləndə cəmi 12 yaşı vardı. Ədalət deyirdi ki, uşaqlıqdan söz deməyə həvəsim olub. Anamın söylədiyi incə, həzin bayatılar içimdə qəribə duyğular oyadırdı. Çalışırdım ki, mən də bayatı yazım. Anam dünyasını vaxtsız dəyişdi, neçə bayatını da özüylə apardı. Doqquzuncu sinifdə oxuyanda Rəsul Rzanın - o böyük şairin qarşısında bir şeir oxudum. Bəyəndi, amma dedi ki, çox oxu, mütaliə elə...
ADU-nun Filologiya fakültəsini bitirmişdi. İlk şeir kitabı - “Yaz ilə gələn sevda” -1990-cı ildə işıq üzü gördü. Sonralar daha səkkiz kitabı çapdan çıxdı. 
Öz yaşıdları arasında seçilirdi. Axtarışdaydı, obrazlı fikir, təzə deyim axtarışında. Mərhum tənqidçimiz Aydın Məmmədovun vaxtında dəqiq ifadə etdiyi bir fikrini xatırlayıram: “Şeir axtarışlarının əsasını - obrazlı təxəyyülü dərinləşdirərək şeir fərdiyyətini, şeir orijinallığını, şeir bənzərsizliyini poeziyanın aparıcı amilinə çevirmək təşkil edir”. Ədalət də öz şair fərdiyyəti ilə seçilməyə can atırdı və artıq əhəmiyyətli dərəcədə seçilirdi.

Səhərin süd kimi
aydınlığından keçib
Axşamın əsmər üzünə
yağdı yağış.
Gözlərimdən ürəyimə
axdı yağış.
Ürəyimdə
yay yağmuru kimi ilıq,
Dəli-dolu sevdalar...
Baxışlarım
yelkənləri qabarmış
qayıqlar kimi üzər
dan yerinə;
ağbirçəkli anna!
ağ ləçəkli anna!
Dan yerinə qonan
göyərçin ana!
Könlümcə yağan yağış
Sənin yağışındı belə,
Səhərin aydınlığından keçib,
Yağdı axşamın
əsmər üzünə.

Bu, Ədalətin şeiridir. Kimsə yağışla anaya məhəbbəti belə ifadə etməz. Ədalət Əsgəroğlu həmişə belə inadla Sözə poetik məna verməyə can atırdı. Onun özünün də, mənim də, oxucularının da bəyəndiyi şeirlərin adlarını çəkmək istəyirəm. “Bənövşə qarının gülöyşə narı”- əkdiyi nar ağacının meyvələri hər payız beləcə quşların, uşaqların qisməti olur. Amma Bənövşə qarının dərdi bu deyil. Başqa bir dərdi var:

Hələ yaşanmamış günlər içindən,
Hələ deyilməmiş sözlər içindən,
Hələ dərilməmiş, hələ dəyməmiş,
Meyvələr içindən,
Baxır bir qarı-
Qarabağ adlanan həsrətə sarı.
Ədalətin Qarabağ dərdi ilə bağ lı şeirləri də ayrıca bir söhbətin mövzusudur.
Həmişə tədbirlərdə oxuduğu bir şeiri vardı ki, Ədalət o şeirdə şairliyin məşəqqətini, əzabını, amma bu əzabların onu ruhən sakitləşdirdiyini qələmə almışdı - “Mən şeir yazıram min bir günahnan, Günah taleyimdi, yazmasam olmur”. Bir şeiri də vardı: “Qırmızı lalələrin içindən boylanan kədər”. Bir körpənin-Fəridənin ölümündən kədərlənib yazmışdı bu şeiri. Şeir başdan-ayağa təşbih və metafora ilə “rənglənib”. 
“Gül...sevimli Fəridə! Dağ döşündə bitən qırmızı lalələrin içindən boylanan kədər”.
2011-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülmüşdü. Bir il sonra “Vektor” Nəşrlər evi “Ədalət Əsgəroğlu-Haqdan gələn gözəl gəlir” kitabını nəşr etdi və bu kitabda Ədalət haqqında, onun poeziyası barədə qələmə alınan yazılar toplanıb. Mən iki yazının üzərində lap qısaca dayanmaq istərdim. Yazıçı-filosof Firuz Mustafa yazır: “Ədalət Əsgəroğlu dünyanın adi seyrçisi deyil. O, içində yaşadığı və içində yaşatdığı dünyanı dərk etməyə, anlamağa çalışır. 
Ə.Əsgəroğlunun şeirlərində təsəvvüfdən gələn poetik məqamlar diqqəti cəlb edir”. Bu sitatı niyə gətirdim? Ədalət son illərdə sufiyanə şeirlər yazırdı, təsəvvüfü, onun məntiqini qavramağa can atırdı. Təsəvvüf fəlsəfəsi bu gün-keşməkeşli zamanın təzadlı, son dərəcə mürəkkəb olayları içində çırpınan, mütərəddid hallar keçirən insana poeziyanın dililə əsl həqiqətin ünvanını göstərir.

Ağam, məni sınağa çək,
Suallar sirr olan yerdə.
Alın yazım möhürlənir,
Mövlanə pir olan yerdə.

Sevənlər eşqdən bayılır,
Qumrusu erkən ayılır.
Tikanlar güldən ayrılır,
Aşiqlər bir olan yerdə.

Əsgəroğlum, haqqın qulu,
Sevdalıdır ömür yolu.
Qansızlar qan tökmür, durur,
Kön üllər şürr olan yerdə.

“Qansızlar qan tökmür, durur, Könüllər hürr olan yerdə” - məncə, müasir ürfani şeirin təyinedici gücünü də bunda axtarmaq lazımdır. İnsan mənən saflaşmalı, haqqa gedən yolda Allah eşqinə tapınmalı, bu yolda tikanları güldən seçməyi bacarmalıdır. İrfan yolu seçənlərin hamısı divanədir. Haqq divanəsi. Bu yolda ölüm varsa, o da haqqdan gəlir.
 Ölüm, ölüm haqq işidir,
O da gözəl, bu da gözəl.
Yarın yara can borcu var,
Yar bağrımı, buda gözəl.

Sığmır səbətə bir çiçək,
Tər çiçəyin özü gerçək.
Söz də zamanında göyçək,
Aynasında buta gözəl.

Əsgəroğlum, eşqimdi şah,
Şaxələnib budaq-budaq.
Qüdrətdən çəkilib bu dağ
Könlümcədir bu dağ, gözəl.

Həmin adını çəkdiyim kitabda şair Zahir Əzəmət yazır ki Ədalətin “Xocam Xocalı” poeması Xocalı faciəsi haqqında yazılan çoxsaylı əsərlərdən bir neçə məziyyətinə görə köklü surətdə fərqlənir. Əsərdə Xocalının fərqli obrazı yaradılıb. Mən də bu fikirlə şərikəm. Poemada hədəf daha genişdir. Burada son iyirmi beş ilin Azərbaycan məmləkəti DƏRDİMİZİN QAN RƏNGİ obrazında metaforikləşib. Qan burada Xocalıdan bütün dünyaya yayılan, ahın, kədərin rəmzidir. Qan burada tarixdir- o zaman bir məmləkətin təklənməsi, səsinin, fəryadının boğulması, öz içində qərq olmasıdır.Ədalət Əsgəroğlu qan kəlməsinin doğurduğu bütün mənalara, metaforik çalarlara üz tutur.

...nə əcəb,
dərd deyirlər buna?
Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan
Axır...axır...axıracan...
Xocalıdan Bakıyacan,
Qan boyalı villalardan
Cana doymuş çadıracan.

Bu təsvirdən sonra Ədalət poetik ahəngi zəiflətmədən publisistik ahəngi qüvvətləndirir. Dərdimizin niyə qan rənginə boyanmasının səbəblərini arayır. Aşıb-daşan sərt ehtiraslar gəlir, bu ehtriaslar, əslində, ittihamlardır. Bu gün də təəssüf ki, bu dərdi içində yaşatmayanlar, milli sərvəti mənimsəyib talan edənlər tapılır.

Milli Sərvət-
qanım mənim
gah tıncıxan,
gah üzülən canım mənim.
Bu boyda qan
bu yolda can
niyə olmur sənə qurban,
Azərbaycan!

Ədalət Əsgəroğlu haqqında ondan yaşlı söz adamları da hərarətlə tam səmimi söz açırdılar. Həm istedadlı şair olduğuna görə, həm də vəzifəsini ləyaqətlə, doğru-dürüst yerinə yetirdiyinə görə. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar onun haqqında yazmışdı: “Mən Ədalətin yaradıcılığı ilə yaxından tanış olanlardanam. Bu zəngin yaradıcılıq içərisində hər kəsin seçdiyi, bəyəndiyi şeirlər, poemalar çoxdur. O, həm də adında olan ədalət keyfiyyətini özündə daşıyan bir şəxsdir”. Xalq şairi Fikrət Qoca Ədalətin 50 illik yubileyində ürək sözlərini belə ifadə etmişdi: “Böyük təsəvvüf piri Mövlanə Cəlaləddin Ruminin YUNESKO-nun təşəbbüsü ilə keçirilən 800 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərindən biri Ədalət Əsgəroğlu oldu. Şeirlərində cəsurluq, qorxmazlıq, həyat eşqi aşılayan söz adamını gördüm”. Rəşad Məcid isə yazıb: “Ədalət Əsgəroğlu gözəl şairdir, gözəl insandır, gözəl yol yoldaşıdır, gözəl ailə başçısıdır. Onun bu maddiləşmiş, ədəbiyyatın, sözün arxa plana keçdiyi zəmanəmizdə poeziyanı uca tutması, sözə verdiyi qədir-qiymət hörmətə layiqdir. Onun şeirlərinin kökü dilimizin, genimizin qədimliyindən süzülüb gəlir”. Bu gün sıralarımızda olmayan, amma heç vaxt unutmadığımız Arif Əmrahoğlu deyirdi: “Ədalət Əsgəroğlu üçün də söz candı”. Nəhayət, Musa Yaqub: “Mən Əsgəroğlunun “Ədəbiyyat qəzeti”ndə şeirlərini oxudum. Təəccübləndim və təəccübümü bu gün də gizlətmirəm. Şair öz dərdini, kədərini, ağrı-acısını nə qədər sevə-sevə, əzizləyə-əzizləyə tərənnüm edərmiş...və şair öz ürəyini necə sərbəst, azad qoruyub saxlaya bilərmiş...”
Ədalət bir şeirində yazmışdı ki: “Ölümdən bu yana sözün dəlisi, O yana yenə də şair doğula”. Ədalət Əsgəroğlu ölümündən əvvəl də gözəl şair idi, dost idi, ölümdən sonra yenə unudulmur, yenə bir şair kimi doğulur. 

 

Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 172

SOSİAL

2017-03-24 10:45:27

SOSİAL
Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb
Lukaşenko: Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb

.

2017-03-22 12:40:46

SOSİAL
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycan reallıqlarından söhbət açılıb
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycan reallıqlarından söhbət açılıb

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu ölkənin “Radio Courtoisie” radiosunun qonağı olub

İQTİSADİ

2017-03-09 08:55:48

İQTİSADİ
"BTC və TANAP bölgəyə sülh və stabillik gətirəcək"
"BTC və TANAP bölgəyə sülh və stabillik gətirəcək"

.

2017-03-05 22:50:03

İQTİSADİ
"Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur"
"Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur"

"Bakı-Tblisi-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur".

MƏDƏNİ

2017-03-16 22:00:55

MƏDƏNİ
Litvalı müəlliflərin “Qara Bağın Faciəsi” kitabı təqdim olunub
Litvalı müəlliflərin “Qara Bağın Faciəsi” kitabı təqdim olunub

.

2017-03-14 10:45:49

MƏDƏNİ
“Arşın mal alan” yeni təqdimatda
“Arşın mal alan” yeni təqdimatda

Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan” operası əsasında hazırlanan eyniadlı səhnə əsəri nümayiş olunub

TƏDQİQATLAR

2017-03-16 09:45:24

TƏDQİQATLAR
“EU Observer” portalı: Ermənistan Dağlıq Qarabağı hələ də işğal altında saxlayır
“EU Observer” portalı: Ermənistan Dağlıq Qarabağı hələ də işğal altında saxlayır

.

2017-03-15 08:30:38

TƏDQİQATLAR
2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları
2017-ci ildə beynəlxalq siyasi mühit: risklər, təhlükələr və dialoq imkanları

2017-ci ildə dünyanı hansı siyasi proseslərin gözlədiyi barədə çoxlu sayda proqnozlar verilir

QHT və MEDİA

2017-03-20 08:50:19

QHT və MEDİA
Əli Həsənovun məqaləsi Mərakeş qəzetində dərc edilib
Əli Həsənovun məqaləsi Mərakeş qəzetində dərc edilib

.

2017-03-17 22:10:02

QHT və MEDİA
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı

.

DİGƏR

2017-03-23 20:00:35

DİGƏR
İşğalçı Ermənistan Azərbaycan mədəni sərvətlərinin ticarətindən əldə etdiyi gəlirləri terrorizmin dəstəklənməsinə yönəldir
İşğalçı Ermənistan Azərbaycan mədəni sərvətlərinin ticarətindən əldə etdiyi gəlirləri terrorizmin dəstəklənməsinə yönəldir

.

2017-03-20 08:55:18

DİGƏR
Franko Frattini: Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələri yerinə yetirilməlidir
Franko Frattini: Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələri yerinə yetirilməlidir

.