SOSİAL
A- A A+

Teleməkanın virusları: şüurumuzu onlardan necə qoruyaq?

2015-05-07 09:55:35

Ekrana çıxan aparıcının görünüşü, siması televiziyanın üzü, imicidir.

Son vaxtlar jurnalistika sahəsindəki  görkəmli alimlərimiz, nüfuzlu media ekspertlərimiz özəl televiziya kanallarında aparıcıların efir etikası, nitq mədəniyyəti və digər cəhətlərlə bağlı getdikcə artan qüsurlara görə KİV-də həyəcan təbili çalırlar.
 
Ulularımızın kəlamlarından biri belə səslənir: “El bir olsa, dağ oynadar yerindən, Güc bir olsa, zərbi kərən sındırar”. Bu inamla, mən də sözümü onların sözünə əlavə etmək istəyirəm. Bəlkə ekran və efirdəki naqislikləri dil birliyi ilə yerindən oynada, teleradio kanallarımızın düşdüyü tilsimi sözümüzün gücüylə sındıra bildik.

Demokratik bir ölkədə yaşamağın, müasir cəmiyyətin nümayəndəsi kimi həyatda, çağdaş dünyada öz yerini tutmağın məmnunluğu böyük olsa da, yolu çətin, məsuliyyəti ağırdır. Ancaq bu, təbii ki, hər kəsin arzusu, hədəfidir. Lakin “hər kəs” anlayışını formalaşdıran, həmin “hər kəs”in zövqünə, dünyagörüşünə birbaşa təsir göstərən, onu istiqamətləndirməkdə əyani-praktiki faktor rolunu oynayan bir vasitə var.  Bu isə hər bir evdə əksəriyyətin günün çox hissəsini aludəçiliklə, hərisliklə, ekran qarşısından çəkilmədən izlədiyi televiziyalar, işdə, yolda, bir sözlə, hər addımda dinlədiyi radiolardır. Əslində məsələ televiziyada, radioda deyil, onun vasitəsilə insanlara necə, hansı xidmətin göstərilməsindədir. Maraqlıdır ki, ümumən ictimaiyyət televiziya və radionu “Maariflənmə mənbəyi”, “Estetik dəyər qaynağı” hesab edir. Bəs vəziyyət reallıqda necədir? Televiziyalarda, radio dalğalarında əsasən hansı mövzulara güzgü tutulur? Bunları təxminən belə qruplaşdırmaq və guya “mənəviyyat, tərbiyə, savad” aşılamağa yönələn veriliş mövzularını bu cür sıralamaq olar:

- Hansı müğənni arvadını boşadı?

- Hansı artistin qeyri-qanuni nikahdan uşağı dünyaya gəldi?

- Qadınlar gözəl olmalıdır, yoxsa baxımlı?

- Kişilər arvadına ayda neçə dəfə xəyanət edirlər?

- İt niyə pişik doğdu və sairə...

Guya bütün məsələlər işıqlandırılıb, problemlər həllini tapıb, təkcə bunlar qalıb! Çox zaman bu kimi mövzuları müzakirəyə çıxaran “aparıcılar” problemin mahiyyəti barədə aydın təsəvvürə malik olmurlar. Onlar adicə bir məsələni bilmirlər ki, kamera qarşısında, ekrandan, efirdən insanlara nələri danışmaq və göstərmək olar, nələri isə olmaz. Danışmaq demişkən, özlərini jurnalist adlandıran, Jurnalistika fakültəsinin bəlkə qapısını da tanımayan “özündənjurnalistlər” efirdə, ekspertlər qarşısında “savadlılıq” nümayiş etdirməzdən öncə, düzgün danışmağı, dilimizin qayda-qanunlarını öyrənsələr, çox yaxşı olar! Brend geyim ancaq görüntü üçündür, insanın dəyəri danışdığındadır. Axı insanı geyiminə görə qarşılasalar da, danışığına görə yola salırlar.

Kamera qarşısında və ya mikrofon arxasında dayanıb mövzuları pərakəndə şəkildə açıqlamaqla aparıcı adlanmağa layiq olduqlarını düşünənlər ən adi vəziyyətlərdə özlərini itirir, üslubsuz, nizamsız  danışıqları ilə gülünc vəziyyətə düşdüklərinin fərqində deyillər. Ən sadə tələblərə cavab verməyənlərin ekrana-efirə aparıcı kimi yol tapmaları, yumşaq desək, təəssüf doğurur. Reallıq budur ki, indi bizdə televiziya və radio aparıcılarının bir çoxunun tələffüzü olduqca qüsurludur. Səs tonu, tembri, diksiyası yerində deyil. Bu, efirdə sözlərin mənasının düzgün anlaşılmamasına səbəb olur. Səs beyinə informasiya ötürülməsində çox mühüm amil olduğu üçün, onun ahəngdarlığı, aydınlığı əsasdır. Əgər səs qalın, xırıltılı, zəif tonlu və ya qışqırıqlı, kobud, xoşagəlməzdirsə, bu, dinləyicinin beynində xaos yaradır və şüur o səsi inkar edir. Bu zaman tək çarə kanalı dəyişməkdir. Əfsus ki, adətən, növbəti kanalda da belə halla qarşılaşırıq.

Teleradio kanallarındakı aparıcıların əksəriyyəti evdə, işdə danışdıqları məişət nitqi ilə efir nitqini seçə bilmirlər. Görünür, evdə bişmədiyi kimi, qonşudan da düşməyib. Ona görə də bu qüsurun kökü ilk növbədə televiziya və radioda kadr seçimi aparanlarda, insan resursları ilə işləyənlərdədir. İşçiyə 3 və ya 6 aylıq sınaq müddəti təyin edilərkən, onlara ritorik bacarıqları öyrədə bilməsələr də, hec olmazsa, ədəbi dillə məişət dilinin fərqini, publisistik üslubla elmi üslubun fərqli anlayışlar olduğunu öyrətmək mümkündür. Hər bir müxbir, aparıcı mütləq ədəbi dilin normalarını, heç olmasa, orta məktəb səviyyəsində bilməlidir. Düzgün nitqlə dəqiq nitqin ayrı-ayrı mənalar ifadə etdiyini bilməmələri, mürəkkəb cümlənin işlənmə yeri dedikdə hansı anlama gəldiyini təsəvvür belə etməmələri onların öz ana dilini bilmək xoşbəxtliyindən və bunun verdiyi üstünlüklərdən məhrum olduqlarını göstərir. Belə adi biliklərdən məhrumluq ona gətirib çıxarır ki, aparıcı Balakəni Naxçıvanın şəhəri hesab edir. Axı aparıcı analitik təfəkkürə, universal biliyə, düzgün qurulmuş, sistemli, ardıcıl nitqə sahib olmadan müsahibləri ilə dolğun fikir mübadiləsi apara bilərmi?! 

Başqa bir qüsur isə aparıcıların efirdə etik davranış normalarını pozmalarıdır. Bu hal yoluxucu virus kimidir. Bu xəstəliyə tutulan aparıcıların sayı günbəgün artır. Aparıcı ekranda ikən harda gəldi oturur, atılıb-düşür, “şpaqat” açır, ağlına və ağzına gələni danışır, hətta efir rejissorları ilə qaş-göz oynadıb şit-şit zarafatlaşır, redaktorların yalnışına  “əsəbiləşib”  əlindəki kağızları efirdə onların üstünə tullayır.  Bu cürəti haradan alıblar, anlamaq olmur.  Nəinki jurnalistikanın təməl prinsipləri, adi tərbiyədən məhrum olanların, hərəkət və davranışlarını tənzimləməyi bacarmayanların ekrana-efirə çıxmaları mədəniyyətimizə və mənəviyyatımıza ağır zərbələr vurmaqdadır. Baxırsan, guya aparıcıdır, amma qonağın sözünü kəsir, ekspertin də əvəzinə danışır, studiyadakılara da, tamaşaçılara da “həyat dərsi” keçir. Səbəb isə ilk növbədə qeyri-peşəkarlıqdır. Hər nə qədər arzuolunmazdırsa da, nümunə verməyə məcburam. Bu yaxınlarda canlı efirdə bir aparıcı öz  müsahibinin dediyi “çirkin qadın yoxdur, baxımsız qadın var” ifadəsinə belə reaksiya verdi: “Üff, çimin də, iy verirsiniz, üfunətdir eyy, qabaqdan yay gəlir, metroda iydən durmaq olmur”. Burada hansı tərbiyədən, etikadan, estetik zövqdən, necə bir peşəkarlıqdan söhbət gedə bilər?!  Bu, sadəcə, özbaşınalığın, təkcə verilişi yox, özünü də apara bilməməyin bariz təzahürüdür! Belə təzahürlər isə, cüzi istisnalarla, bütün efir məkanımızda tez-tez ortaya çıxır.

Aparıcıların jestləri də bir başqa dərddir. Əl-ayaqlarını tərpətmədən, lal-dinməz dayansalar, bundan yaxşıdır. Barmaqlarını ekspertlərə, qonaqlara, hətta ekranın bu üzündəki tamaşaçılara tərəf uzada-uzada danışmaqla elə bil hərbə-zorba gəlirlər. Bəlkə də evdə ailə üzvlərini, işdə yoldaşlarını, dost-tanışı çox hədələməkdəndir bu vərdiş. Efirdə aparıcının jest və mimika ilə işləməsi qaydaları, bunların yeri və məqamı mütləq öyrənilməlidir ki, belə xoşagəlməz vəziyyətlər yaranmasın.

Ekrana çıxan aparıcının görünüşü, siması televiziyanın üzü, imicidir. Əfsus ki, bizim televiziyaların imici bu baxımdan da ürəkaçan deyil. Aparıcını tamaşaçı qarşısına çıxarmazdan öncə zahiri nəzərə alınmır. Aparıcı efirdə estetik zövq bəxş etməlidir. Bəsit şəkildə desək, gərək efirdəki əsas şəxs ekran qarşısındakı yatan xəstəni öz siması ilə dirçəldə, onun əhvali-ruhiyyəsini yüksəldə bilsin. Amma bizim telekanallarda aparıcı seçiminin nəticələri əksərən tam tərs vəziyyət yaradır, əsəb və qıcıq doğurur.

Yuxarıda sadalanan nöqsanların, problemlərin aradan qaldırılması, ekran və efirin naşı, naqis davranışlı, qeyri-peşəkar aparıcılardan, onların yarıtmaz təqdimatından qurtulması üçün bu sahədə, tibbi ifadəylə desək, sanitar-profilaktik işə çox ciddi ehtiyac var. Həm də bu iş yubanmadan görülməlidir. Əks təqdirdə, ekrandan, efirdən yayılaraq gözlərimizi, qulaqlarımızı hədəf alan qorxunc virus - zövqsüzlük, savadsızlıq, bayağılıq virusu bütün şüurumuza yayıla, təfəkkürümüzü bürüyə bilər. O zaman isə artıq çox gec olar.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1733

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...