SOSİAL
A- A A+

Qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxıla bilər

2016-12-07 11:20:52

"Qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər"

Bu təkliflə APA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə çıxış edib.
 Qeyd edək ki, 1990-cı illərdə qaçqın və məcburi köçkünlərə müvafiq güzəştlərin tətbiqinə başlanılıb, onlar kommunal xidmətlərdən azad edilib və aylıq yemək xərci ilə təmin olunublar.
Sonrakı illərdə bu kateqoriyaya aid insanların problemlərinin kompleks şəkildə həlli, habelə müxtəlif güzəştlər vasitəsilə onların maliyyə yükünün azaldılması üçün zəruri tədbirlər davam etdirilib.
Azərbaycan prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli fərmanına uyğun olaraq qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi qərara alındı. Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu kateqoriyanın istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir.
 Nazirlər Kabinetinin Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında 2005-ci il 23 iyun tarixli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50k V/saat, 2002-ci il 22 yanvar tarixli qərarına əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kV/saat təsdiq edilib.

Lakin Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri ilə bağlı məsələləri təftiş edərkən böyük çatışmazlıqlar və mənimsəmə faktları aşkarlayıb, limitdən artıq xərclər üzə çıxıb. Məsələn, 2012-ci ildə “Bakıelektrikşəbəkə” ASC-yə ödənilən vəsait müvafiq qaydada təsdiq edilmiş istehlakçı sayına uyğun olmayıb, kommunal xidmətlərin ödənişi zamanı bir sıra rayonlar üzrə məcburi köçkünlərin dislokasiya sayı artıq göstərilib. Onların bəzilərinin adı hətta bir neçə ərazi üzrə qeydiyyatda olduğu kimi təqdim edilib. Yeni salınmış qəsəbələrdə belə məcburi köçkünlərin sayının dəqiq aparılmaması nəticəsində dövlət büdcəsindən kommunal təşkilatlara 22 hal üzrə artıq vəsait ödənilib. Bəzi rayonlarda elektrik enerjisi ilə təmin olunmuş məcburi köçkünlərin sayı ilə su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödənişi aparılmış say arasında fərq var. Beləliklə, yoxlamalar zamanı 283,2 min manat büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkarlanıb.
 Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-c ilin birinci rübündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri bu problemin sonrakı illərdə də davam etdiyini göstərib. Audit tədbiri ilə Dövlət Komitəsi və tabeliyində olan 4 qurum üzrə ümumilikdə 560,2 mln. manat məbləğində vəsait əhatə olunub. İcra edilmiş vəsaitin 38,8 faizini xidmət göstərilmiş kontingentin kommunal və kommunikasiya xidmətləri və 47,7 faizini onlara verilən müavinətlərin ödənilməsi ilə bağlı xərclər təşkil edib. Hesabatda Dövlət Komitəsinin 2008-2011-ci illərdə fəaliyyətini əhatə edən əvvəlki audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin yetərli olmadığı, hazırkı auditin əhatə etdiyi dövrdə də oxşar nöqsanlara yol verildiyi müəyyən edilib. Müvafiq qaydada müəyyən edilmiş və haqqı dövlət büdcəsindən ödənilən adambaşına aylıq elektrik enerjisi istehlakı normasından artıq istifadə edilmiş elektrik enerjisi xidmətinə görə əlavə vəsait ödənildiyi, sayğac quraşdırılmış yaşayış yerlərində ödənişin faktiki sərfiyyat əsasında deyil, norma əsasında hesablandığı məlum olub. Aydın olub ki, məskunlaşmamış qaçqınlar və məcburi köçkünlər tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin həcmi yerli əhalinin istehlak həcmindən nəzərəçarpacaq dərəcədə çoxdur. Bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrin istehlakında da müşahidə edilib. Xidmət göstərən təşkilatlardan alınmış məlumatlara əsasən respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80 kV/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150 kV/saat, yəni normativ aktla müəyyən edilmiş həcmdədir. Bu meyil respublika üzrə qazla təchizat səviyyəsinin genişləndiyi şəraitdə də dəyişməz qalıb. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı də tərtib edilməyib, nəticədə artıq vəsait ödənişinə yol verilib.
Hesablama Palatasının yoxlamalarının nəticələri bu qənaətə gəlməyə əsas verir ki, həmin kateqoriyadan olan insanların kommunal xərclərinin ödənilməsində ciddi şişirtmələrə yol verilib və bu prosesdə həm də məcburi köçkün rayonların icra strukturları da fəal iştirak ediblər.
 Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Çingiz Qənizadə APA-ya açıqlamasında deyib ki, Azərbaycan prezidenti qaçqın və məcburi köçkünlərlə bağlı  məsələləri daim diqqət mərkəzində saxlayıb, onların sosial müdafiəsini gücləndirmək, məskunlaşma, məşğulluq problemini həll etmək çün çoxsaylı fərman və sərəncamlar imzalayıb, dövlət proqramları icra olunub. Bu proses artıq 25 il,  bir əsrin dörddə biri qədər davam edir. Ötən 25 ildə dövlətin diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərin hamısının həyat səviyyəsində mühüm dəyişikliklər olub. Bu kateqoriyadan olan insanların böyük əksəriyyətinin mənzil problemi həll olunub, az bir qismi isə hələ də yataqxanalarda və digər yerlərdə məskunlaşıblar. Qaçqınların və məcburi köçkünlərin istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir. Lakin Hesablama Palatasının apardığı auditlərin nəticələri göstərir ki, elektrik enerjisi ilə təmin olunmuş məcburi köçkünlərin sayı ilə su, qaz, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödənişi aparılmış say arasında böyük fərq var: “Sual ortaya çıxır ki, əgər 100 qaçqın və məcburi köçkünə mərkəzləşdirilmiş qaydada elektrik enerjisinə görə vəsait ödənirsə, su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə aparılan ödənişlər niyə fərqli olur? Deməli, yenə də insan amili, korrupsiyaya, mənimsəməyə meyllilik halları var. Bütün bunlar da dövlət büdcəsinə böyük zərər vurur. Bu baxımdan belə hesab edirəm ki, məcburi köçkün və qaçqınlarla bağlı güzəştləri daha da təkmilləşdirməklə, gələcəkdə bu kateqoriyadan olan insanların istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə ayrılmalı, onlar tərəfindən xidmət təşkilatlarına birbaşa ödənilməlidir”.


Kateqoriya : SOSİAL Baxış sayı : 556

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...