SOSİAL
A- A A+

Mənə söz verilsəydi...

2016-12-01 10:45:29

Görkəmli jurnalist, pedaqoq Tofiq Rüstəmovun anadan olmasının 80 illiyinə

 

Azərbaycan Mətbuat Şurasının təşkilatçılığıyla noyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbəti tədbir görkəmli jurnalist, pedaqoq, ictimai xadim, tərcüməçi Tofiq Rüstəmovun anadan olmasının 80 illiyinə həsr olunmuşdu.
 Bir neçə gün əvvəl MŞ-nın bu münasibətlə sosial şəbəkədə paylaşdığı elan öz işini görmüşdü. Tədbirə axışıb gələnlər o qədərdi ki, necə deyərlər iynə atsaydın yerə düşməzdi. Kimlərdi bunlar? Təbii ki, mərhum yubilyarı tanıyanlar, vaxtilə onunla müxtəlif media qurumlarında. MK-da, Azərbaycan Dövlət Universitetində çalışanlar, ən çox da Tofiq müəllimlərindən heç zaman unutmayacaqları dərs alan çoxsaylı tələbələri.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov fərqli bir üsul seçdi; əvvəlcə sosial şəbəkələrdən bu xəbəri öyrənib də həmən öz reaksiyalarını bildirən, bu münasibətlə xoş sözlərini, minnətdarlıqlarını yetirənlərin fikirlərini toplanış iştirakçılarıyla bölüşdü. Bu rəylər o qədər çox, o qədər isti və təsirliydi ki, sonradan tədbirdə çıxış edənləri hörmətli professor Aqşin Babayevin təbirincə desək, “çətin” vəziyyətə saldı. Belə ki, onları Tofiq Rüstəmovla ilgili xatirələrini, bu maraqlı şəxsiyyəti səciyyələndirən insani cizgiləri dinləyicilərə çatdırmaq üçün daha canlı, orijinal ifadə vasitələri seçməyə “vadar” elədi ki, bu da tədbirin son dərəcə maraqlı ötüşməsinə səbəb oldu. Aqşin Babayevin, Məzahir Süleymanzadənin, Cahangir Məmmədlinin, Flora Xəlilzadə, Gülcahan Mirməmməd, Əntiqə Qonaq, Tahir Rüstəmlinin söylədikləri məclisə bir ayrı təravət, abu-hava bəxş elədi. Ümumiyyətlə bəzi çıxışçılar gözəl danışsalar da hərdən həddi aşıb “uzunçuluq” etmələri üzündən bir çoxlarının sözü necə deyərlər, ürəklərində qalsa da əslində Tofiq Rüstəmov xatirəsinin böyük coşqu, ehtiramla yad edilməsi hamının ürəyincə oldu.

Əgər tədbir yel qanadlarıyla gəlib üstümüzdən ötüşməsəydi və mənə də ürəyimi boşaltmaq imkanı verilsəydi təxminən aşağıdakıları söylərdim.

Ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində oxuyarkən Tofiq müəllim bizə redaktə işi fənnindən dərs deyərdi. Qrupumuzda yaşca hamıdan kiçik olduğuma görə məni “sonbeşik” adlandırardı. Şakəriydi, vaxtaşırı bizə sərbəst mövzular verər, sonra yazdıqlarımızı toplayıb növbəti seminar vaxtı onları öz redaktəsiylə bizə qaytarar, bununla da nəyi necə redaktə etməyin yollarını öyrədərdi. Yadımda qalan odur ki, mənim yazdıqlarımı Tofiq müəllim az qaralayardı. Sonra illər keçdi, mən 3 il əməkdaşı olduğum “Azərbaycan gəncləri” qəzetindən o zamankı Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə adladım və 30 ildən çox orada çalışdım. İş elə gətirdi ki, radionun “İncəsənət və radio teatrı” şöbəsinin müdiri olarkən Tofiq müəllimin radiomuz üçün səhnələşdirdiyi bir sıra tərcümə əsərlərini “redaktə” edəsi oldum. Nə redaktə canım, o radio möcüzələri necə qələmə alınıbsa o sayaq da bu gün ana radiomuzun səs saxlancında qorunmaqdadır. 
Mənə deyərdi ki, çəkinmə, harda gördün əsərin personajı yaşıyla, cəmiyyətdəki mövqeyi ilə fərqli qeyri-təbii danışır, deməli o mənim tərcüməmdən gələn səhvdir, müəllifi düz tutmamışam, dərhal düzəlt, incimərəm, sən axı, həm də “Bulaq” verilişinin redaktorusan, danışıq dilinə yaxşı bələdsən, radio verilişi üçün bu çox vacib şərtdir. Tofiq müəllimin işini diqqətlə oxuyar, onun radio dilinə olan həssas münasibətinə heyran olardım. İndi mən neçə vaxtdır ki, pensiyaçı taleyi yaşamaqdayam. 2007-ci ildə Az.TV-dən təqaüdə çıxandan sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləməyə dəvət olundum. Oranın ilk Mətbuat katibi və nəşriyyat şöbəsinin müdiri kimi 6 il çalışdım. Sonra Qubadakı regional “Xəyal” televiziyasının direktoru oldum. Daha sonra ailə vəziyyətimlə ilgili öz ərizəmlə işdən çıxdım. Hazırda işsizəm... Amma yo-o-x, neçə illər öncə məşhur teatr salnaməçisi, qocaman jurnalist Qulam Məmmədliylə söhbətim zamanı o mənə demişdi ki, jurnalisti pensiyaya çıxara bilərlər, amma qələmini yox. Odur ki, indilərdə özüm öz yazılarımın mükəmməl redaktəsiylə məşğulam, onların hər birisini kütləvi informasiya vasitələrinə təqdim etməzdən öncə sevimli müəllimim Tofiq Rüstəmovun xatirəsi işığında ələk-vələk eləməmiş, yetirmək istədiyim mətləbi cikinə-bikinəcən irdələyib-araşdırmamış oxucuya, dinləyici üzünə çıxarmağa qıymıram. Və hər dəfəsində də onları təkrar redaktə etmək üçün Tofiq müəllimin mənim üçün həmişə diri olan parlaq ruhunun öhdəsinə buraxıram.

Tofiq müəllimin gözündən uzaq, deyəsən, ürək sözlərim bir az uzun oldu. Oxucularım bağışlasın məni. Az da olsa ürəyimi boşaltmalıydım, axı.

İntiqam MEHDİZADƏ

 

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 693

QHT və MEDİA

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...