SİYASƏT
A- A A+

Əli Həsənov: Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı hesab olunur

2016-11-19 10:05:28

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib

Iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Azərbaycanın müasir geosiyasi inkişaf reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə postsovet məkanı, Xəzər dənizi–Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda geosiyasi inkişafın əsas parametrləri, ölkələrin coğrafi mövqeyinin, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətinin xarakteristikası, geostrateji vəzifələri və perspektivləri təhlil edilib. Bildirilib ki, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf meyilləri və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən Azərbaycan Respublikası bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir. Azərbaycan coğrafi mövqeyi, təbii ehtiyatları və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər təşkil edib.

Əli Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə, İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri ilə, Rusiya, Çin, Türkiyə, İran, İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.

2015-ci ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard ABŞ dolları dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard ABŞ dolları məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları (72 faizi) Azərbaycana aiddir. Bu məbləğin 10,7 milyard dolları xarici kapital olub. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib.

Beləliklə, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır. Qeyd edilən parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər.

Professor Əli Həsənov bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisəolunmazdır. Azərbaycanın təsdiq olunmuş enerji ehtiyatları 4,6 milyard ton şərti yanacaq - 2 milyard ton neft, 2,6 trilyon kubmetr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb.

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına mühüm təsir göstərir.

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətinin xarakteristikası barədə danışan Əli Həsənov qeyd edib ki, Azərbaycan milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il böyük həcmdə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.

Sərhədlərin vəziyyətini təhlil edən Əli Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən bilavasitə işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərtilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması, Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır.

Prezidentin köməkçisi, tarix elmləri doktoru Əli Həsənov müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə danışıb.

İclasda Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamının icrası, “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi, ikinci Azərbaycan Elm Festivalının nəticələri və digər elmi-təşkilati məsələlərə baxılacaq.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 524

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...