TƏDQİQATLAR
A- A A+

Naxçıvan və Şərur-Dərələyəzdə qırğınlar

2016-09-05 09:15:53

XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı

 

 “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar. 
Ermənilər ilk növbədə azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək, həmin əraziləri ələ keçirmək və nəticədə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ərazisində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınların mahiyyətində məhz bu amil dayanırdı.
1905-1906-cı illərdə İrəvan quberniyasında baş verən qırğınlar həmin dövrün mətbuatında və o dövrün müəlliflərinin əsərlərində geniş şəkildə işıqlandırılmlşdır. M. S .Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi) kitabında erməni silahlı dəstələrinin 1905-ci ildə Naxçıvan və İrəvan qəzalarında törətdikləri qırğınların miqyasını oxuculara ətraflı təqdim edir. Qeyd etmək lazımdır ki, M. S .Ordubadinin göstərilən əsərində heç də bütün hadisələr öz əksini tapmamışdır. Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsərində erməni qmdatxanalarının (terror təşkilatlarının) muzdlu qatillərinin əli ilə neçə-neçə günahsız insanların, o cümlədən rusların və ermənilərin də ölümünə bais olduğunu yazır.
Erməni müəlliflərindən A-Donun irihəcmli “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində, S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”, İ. Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində 1905-1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verirlər.
M. S. Ordubadi “Qanlı illər” əsərində göstərir ki, 1905-1906-cı illər iğtişaşları zamanı ermənilərin başlıca məqsədləri İrəvanla Zəngəzurun arasındakı müsəlman kəndlərinin əhalisini silah gücünə, kütləvi qırğınlar törətməklə təmizləmək, həmin kəndlərdə Türkiyədən gəlmiş erməniləri yerləşdirməkdən,  Qarabağ erməniləri ilə birbaşa əlaqə qurmaqdan və sonradan həmin ərazilərdə erməni dövləti yaratmaqdan ibarət idi.
XX əsrin əvvəlində Naxçıvan qəzasında mövcud olan 170 kənddən 110-da azərbaycanlılar, 40-da ermənilər, 20 kənddə isə azərbaycanlılarla ermənilər qarışıq şəkildə yaşayırdılar. Naxçıvan qəzasının 101 min nəfər əhalisinin 64 min nəfərini azərbaycanlılar, 34 min nəfərini ermənilər, yerdə qalanını isə digər millətlər təşkil edirdi.
Şərur-Dərələyəz qəzasına gəldikdə isə, həmin vaxt qəzada 163 kənd mövcud olmuşdur ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində olmuşdur. Şərur nahiyəsində yalnız 6 erməni kəndi və 2 qarışıq kənd, Dərələyəz nahiyəsində isə 23 erməni kəndi və 2 qarışıq kənd mövcud olmuşdur. Şərur-Dərələyəz qəzasının 76 min nəfər əhalisinin 55 min nəfərini azərbaycanlılar, 21 min nəfərini ermənilər təşkil edirdi.
Əslində, Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə ermənilər əvvəlcə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən, daha sonra isə 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilmişdilər.
M. S. Ordubadinin yazdığına görə, 1905-ci il mayın 5-də erməni silahlılarının ermənilər yaşayan Şıxmahmud kəndinin yaxınlığından keçərkən üç nəfər Cəhri kəndinin sakinlərini yaralamaları ilə Naxçıvan qəzasında erməni-müsəlman qırğınları başlamışdır. Bu hadisə siqnal olmuş, mayın 7-də qarışıq yaşayış məntəqəsi olan Tumbul kəndində bir müsəlmanı ermənilər qətlə yetirirlər. Naxçıvan şəhərində ermənilər dükanlarını bağlayıb evlərinə və kilsəyə yığışırlar. Mayın 8-də İrəvan quberniyasının vitse-qubernatoru V. Baranovski, İrəvan şəhərinin qlavası (başçısı) İ. Məlik-Ağamalov və Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski (həmin vaxt o, Peterburqdan qayıdırmış) Naxçıvana gəlirlər. Onların gəlişindən bir nəticə hasil olmur.
Mayın 9-da Cəhri müsəlmanları Naxçıvan qubernatorunun hüzuruna gəlib, şikayət edirlər ki, kəndin yolları hər tərəfdən ermənilərin əlindədir, ona görə də yolları hökumətin mühafizə etməsini xahiş edirlər. Lakin bu cür şikayətlər cavabsız qalır. Şikayətləri cavabsız qalan müsəlmanları ermənilər cürbəcür söyüşlərlə incidirlər. May ayının 9-da Əli Hacı Bayramzadə Naxçıvan şəhərinin ətrafındakı Əliabad kəndinin erməniləri tərəfindən çeşmə kənarında gecə vaxtı yeddi güllə yarası ilə qətlə yetirilir. Bu xəbər şəhərdə daha böyük çaxnaşmaya səbəb olur. Ayın 11-də Kültəpə adlı erməni kəndinin varlısı Xaçatur ailəsi ilə birlikdə qətlə yetirilir. Ermənilər bunu da müsəlmanların üstünə yıxmaq istəyirlər. Lakin istintaq müəyyən edir ki, qətli “Daşnaksutyun” partiyasının silahlı dəstəsinin üzvləri törətmişlər. Həmin günün gecəsi vitse-qubernator Baranovski yol ilə gedən bir ermənidən çoxlu bomba müsadirə edir. Yenə həmin gecə ermənilər bütün Naxçıvan şəhərini atəşə tuturlar. İki saat yarım müddətində şəhərdə atəş kəsilmir. Müsəlmanlar da tək-tək qarşı tərəfə atəş açırlar.
Mayın 12-də səhər saat 10 radələrində erməni fədailəri Naxçıvan bazarında müsəlmanları gülləbəran etməyə başlayırlar. Atışma səsinə vitse-qubernator Baranovski, şəhər qlavası Cəfərqulu xan, İrəvan qlavası Məlik-Ağamalov və pristav Mehdi xan Ordubadski gəlirlər. Ermənilərə məxsus bazardan və dükanlardan onlar atəşə tutulurlar. Müsəlman dükanlarından da ermənilər tərəfə atəşlər açılır. Həmin gün ermənilərə məxsus dükanların əksəriyyəti, müsəlmanlara məxsus isə 10 dükan qarət edilir, hər iki tərəfdən xeyli adam tələf olur.
M. S. Ordubadi Naxçıvan hadisələrini şərh edərkən yerli hakimiyyətin, xüsusilə də  qəza polis rəisi kapitan Angilin (Aksel Enkel nəzərdə tutulur – N.M.) qırğınlara laqeyd qaldığını vurğulayır.
Naxçıvanda qırğınların başlanması barədə “Novoe Obozrenie” qəzetinə istinadən “Kaspi” qəzeti yazırdı: “… son günlər Naxçıvan şəhərində və onun yaxınlığındakı kəndlərdə nə isə qeyri-adi hadisələr baş verir. Əvvəlcə ermənilərlə tatarlar arasında hiss olunan gərginlik sonradan düşmənçiliyə çevrildi və tək-tək ölümlə nəticələndi. Nəhayət, mayın 10-da və sonra 11-də gündüz və gecələr bu münasibətlər daha kəskin forma aldı. Ayın 12-də gündüz şəhərdə, onun bütün küçələrində tüfəng və tapançalardan atəş yayılmağa başladı. Axşama yaxın ölən və yaralananların sayı onlarla idi. Ayın 13-nə keçən gecə çox ağır oldu. Şəhərin küçələrində və ayrı-ayrı hissələrində şiddətli mübarizə ilə yanaşı yanğınlar başlandı. Evlər və köşklər yandı…”.
“Kavkaz” qəzeti isə mayın 12-də Naxçıvandan vurulan teleqram əsasında yazmışdı ki, öldürülən, yandırılan və yaralananların sayı 100-ü ötmüşdür. Qəzet qarışıqlığın ətraf kəndlərə də yayıldığını xəbər verirdi.
Naxçıvanda qırğınların başlanması haqqında xəbər alan Voronsov-Daşkovun köməkçisi Sultan Krım-Girey (Gəray) Cəfərqulu xan Naxçıvanskiyə teleqram göndərmişdi ki, zorakılıqların və qan tökülməsinin qarşısını alsın. Cəfərqulu xan Naxçıvanski isə cavab teleqramında bildirmişdi ki, İrəvandan əlavə batalyon gələnədək barışığa nail olmaq çətin ki mümkün olsun. “Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən xəbər verirdi ki, mayın 14-dən 15-nə keçən gecə qoşunların Naxçıvana gəlməsindən sonra şəhərdə sakitlik bərqərar olsa da, vəziyyət ciddidir. Daha sonra qəzet Tumbul kəndinin (Tumbulda yaşayan əhalinin iki hissəsi müsəlman, bir hissəsi isə ermənilərdən ibarət olmuşdur – N.M.) yandırıldığını, 40 nəfər həlak olduğunu yazırdı.
Mayın 15-də Qafqazın şeyxülislamı Abdussalam Axundzadə Naxçıvana gedir. O, İrəvan, Şərur və Naxçıvan qazıları, İrəvan arximandriti Karapetlə və Cəfərqulu xanla birlikdə Qaraxanbəyli, Tumbul, Qoşadizə və Şıxmahmud kəndlərinə baş çəkir. Müsəlmanların yaşadıqları Qaracıq və Bulqan kəndlərinin müsəlmanlarını ermənilərin məskunlaşdığı Qaraxanbəyli kəndinə yığıb and içdirirlər ki, bir-birləri ilə işləri olmayacaq.
Ermənilər Naxçıvan qəzasında müsəlmanlardan layiqli cavab aldıqdan sonra, qınlarına çəkilmiş, qırğınların mərkəzinin Şərur-Dərələyəz və İrəvan qəzalarına keçirməyə cəhd etmişdilər.
Qafqaz Canişinliyindən sakitliyi bərqərar etmək üçün Naxçıvan qəzasına ezam edilən general Maqsud Əlixanov-Avarski Naxçıvandan Sultan Krım-Gireyə göndərdiyi teleqramda bildirirdi ki, yolüstü müsəlman və erməni kəndlərini sakitləşdirirdim. Şərur-Dərələyəzin dağlıq hissəsində və Ordubad məntəqəsində isə vəziyyət gərgindir.
Ermənilər növbəti qırğınları Dərələyəz mahalında törətmişdilər. İlk qırğınlar azərbaycanlıların ermənilərlə qarışıq yaşadıqları kəndlərdə – Qndevaz və Herher kəndlərində törədilmişdi. A-Do dolayısı ilə olsa da qırğınların törədilməsində “təcrübəli daşhaksakanların bir neçə “özünümüdafiə” dəstələrinin” fəal rolunu etiraf edir. Erməni müəllifi Şərur nahiyəsində erməniləri məsum göstərməyə çalışdığı kimi, Dərələyəzdə də hücum edən tərəfin türklərin və Əyricə dağındakı yaylaqlardan enib gələn kürdlərin olduğunu, lakin təcrübəli erməni silahlı dəstələrinin daha ağır zərbələrlə onları daha çox itkilərə məruz qoyduqlarını yazır. A-donun verdiyi məlumatlardan aydın olur ki, mayın 12-dən iyulun 10-dək Dərələyəzdə milli zəmində toqquşmalar qısa fasilələrlə davam etmişdir. Oktyabrın 27-də ətraf erməni kəndlərindən cəmləşən silahlı dəstələr azərbaycanlılar yaşayan Hors kəndinə hücum etmişlər. A-Donun yazdığına görə, türklər bir az müqavimət göstərdikdən sonra 40 nəfər itki verərək kənddən qaçmışlar. Ermənilər əvvəlcə kəndi talan etmiş, sonra isə bütün evlərə od vuraraq yandırmışdılar.
Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan “Ermənilər və müsəlmanlar arasında silahlı toqquşmalar haqqında canişinə hesabat məruzəsi” adlı sənəddə 1905-ci ilin oktyabr ayının sonlarında Dərələyəzin azərbaycanlılar yaşayan kəndlərinin ermənilər tərəfindən yandırılıb talan olunduğu, dinc əhalinin isə kütləvi şəkildə qətl edildiyi qeyd edilir. Sənəddən məlum olur ki, 1905-ci il oktyabrın 27-də Şərur-Dərələyəz qəzasının 6 erməni kəndindən 700-ə yaxın silahlı erməni Hors kəndinə hücum etmişlər. Sənəddə 53 azərbaycanlının öldürüldüyü və 255 evin yandırıldığı, mal-qaranın oğurlanıb aparıldığı qeyd olunur. Horsdakı hadisələrlə əlaqədar İrəvan və Yeni-Bəyazid qəzasının müsəlmanlarını həyəcan dalğası bürüdüyü də sənəddə öz əksini tapmışdır.
Təqribən bir ay sürən nisbi sakitlikdən sonra 1905-ci il noyabrın 26-30-da ermənilər yenidən Naxçıvanda iğtişaşlar törətmişlər. Bu barədə M. S. Ordubadi “Qanlı illər” əsərində yığcam da olsa məlumat vermişdir. Noyabrın 30-da ermənilər və kazaklar əlbir olaraq Cəhri kəndini yandırmış və talan etmişdilər.
M.S.Ordubadinin “Angil” adlandırdığı Naxçıvan qəza rəisi kapitan Aksel Enkel 1905-ci ildə baş verən erməni-müsəlman davasında təxribatçılıqla məşğul olduğuna, günün-günorta çağı öz gözətçilərinin köməyi ilə müsəlman kəndlərini qarət etdiyinə görə 1906-cı ilin dekabrında “Difai” partiyasının üzvləri tərəfindən qətlə yetirilmişdi.
Naxçıvan qəzasında yerli əhalinin mütəşəkkilliyi, özünümüdafiə dəstələrinin mütəşəkkil erməni silahlı dəstələrinə qarşı ciddi müqavimət göstərmələri ermənilərin yeni-yeni əraziləri ələ keçirmək planlarını alt-üst etmişdi. Ona görə də Naxçıvan qəzasında ermənilər uzun müddət qınlarına çəkilərək silahlı hücumlara son qoymuşdular.
1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirdikləri zaman qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçmişdilər. 800 nəfərə yaxın Ordubadlı könüllülərinin və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilmişdi. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanmışdı.
1905-1906-cı illərdə ermənilərin təsir dairəsində olan qəzetlər Naxçıvanda və Şərur-Dərələyəzdə baş verən toqquşmaların səbəbini birtərəfli qaydada açıqlayır, qarşıdurmanın əsl mahiyyətinə toxunmadan, hadisələri qərəzli şəkildə təhrif edərək işıqlandırırdılar. Hakimiyyət orqanları da verdikləri rəsmi məlumat və xəbərlərdə adətən ermənipərəst mövqe tutur, ermənilərin törətdikləri qırğınların miqyasını kiçildir, azərbaycanlıların özünümüdafiə tədbirlərini və yaxud düşünülməmiş hər hansı bir addımını ermənilərə qarşı planlı aksiyalar kimi qələmə verirdilər.
Fakt odur ki, 1905-1906-cı illərdə erməni kilsəsinin və erməni siyasi partiyalarının maliyyələşdirdikləri silahlı dəstələrin Naxçıvan qəzasında silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməklə, yeni erməni anklavı yaratmaq cəhdləri yerli əhalinin ciddi müqaviməti nəticəsində baş tutmamışdır.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 300-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur.
Ermənilərin İrəvan quberniyası ərazisində, o cümlədən də Naxçıvan və Şərur-Dərələyəz qəzalarında 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XIX-XX əsrlərdə soydaşlarımızın məruz qoyulduqları soyqırım və deportasiyalar silsiləsinin bir mərhələsidir.

Nazim Mustafa, 
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi

 

http://genocide.preslib.az/az_a1-5.html#


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 323

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...