MÜSAHİBƏ
A- A A+

Fərasət Qurbanov: “Dövlətimiz vətəndaş təşəşəbbüskarlığını yüksək qiymətləndirir”

2015-04-25 09:20:31

Müsahibə

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanda Atatürk Mərkəzinin “BÜLLETEN” dərgisinə müsahibə verib.

Fact-info.az həmin müsahibəni təqdim edir: 

-Fərasət müəllim, Azərbaycanda  dövlət və vətəndaş cəmiyyəti institutları arasında münasibətlər hansı prisiplərlə, necə tənzimlənir? 

- Vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan hər hansı inkişafı təsəvvür etmək mümkün deyil. Dünyanın inkişaf etmiş ölkələrində dövlətlə vətəndaş cəmiyyəti institutları arasında xüsusi münasibətlər mövcuddur.  Bu münasibətlər ilk növbədə dövlətçilik ənənlərinə, prinsiplərinə söykənir. Təcrübəyə görə, dövlət qurumlarının  QHT sektoru ilə əməkdaşlıgı dövlət  və cəmiyyət  üçün  problemlərin həllinin  gerçəkləşməsidir.  

Avropada olan təcrübəyə nəzər yetirir və görürük ki, vətəndaş cəmiyyəti quruluşları ilə dövlət qurumları arasında sıx münasibət əsasən iri ölkələrdə müşahidə edilir. Burada əsas amil odur ki, dövlətin, onun  rəhbərinin vətəndaş cəmiyyəti institutları istiqamətində siyasi iradəsi olsun. Sözsüz ki, Azərbaycanda bu siyasi iradə var. Azərbaycan Prezidenti vətəndaş cəmiyyəti quruluşlarının inkişafı üçün yüksək siyasi iradə nümayiş etdirir. QHT-lərin fəaliyyətinə bütün mümkün şərait yaradılıb. Bu gün qeyri-hökumət-dövlət münasibətləri yeni bir əməkdaşlıq müstəvisindədir. 

  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nda dövlət vətəndaş münasibətləri aydın şəkildə əks olunub, dövlətin vətəndaş cəmiyyəti institutlarını dəstəklədiyi prioritet sahələr, əsas istiqamətlər göstərilib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının modeli isə əksər Avropa ölkələri üçün də nümunə ola bilər. Biz Avropa ölkələrində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının hazırkı durumunu təqdim etdiyimiz zaman yaxşı mənada təəccüblə qarşılanırıq. Bu, dövlətimizin, cənab  Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına, QHT sektoruna verdiyi önəmin uğurlu nəticəsidir. 

 -Şura  vətəndaş cəmiyyəti institutlarının inkişafında dövlət siyasətini həyata keçirir. Bu fəaliyyətdə QHT-lərin inkişafı, cəmiyyətlə münasibətlərin  tənzimlənməsi məsələləri də var. Hazırda QHT-lərin təşəbbüskarlıq və fəallıq meyarları təcrübədə özünü doğruldurmu?

 -QHT sektorunun kimliyinə nəzər yetirək: QHT-lərdə təmsil olunan şəxslər kimlərdir? Əlbəttə, bunlar cəmiyyətin içində ictimai fəallığı ilə seçilən, könüllü şəkildə öz enerjisini ictimai işə sərf edən, cəmiyyət üzvləri,  müxtəlif peşə sahələrində seçkin insanlardır. Çalışırlar ki, cəmiyyətin mövcud olan problemlərinin həllinə könüllü olaraq ictimai töhfə versinlər. Bu,  QHT-lərin fəlsəfi təsviridir və hər zaman praktikayla uzlaşmaya, ayrı-ayrı fərdlərin də marağı ola bilər. Bəzən QHT-nin fəlsəfi mənadan kənara  çıxaraq bir qədər siyasətə  meyl etməsinə rast gəlinir. Bu cür yanaşmaları  başqa dövlətlərdə də görmək mümkündür. 

 

QHT sektoru  dövrün tələbləri ilə ayaqlaşmalıdır. Bugünün ictimai tələbi, dəstəyi nəyi diqtə edirsə, QHT sektoru da layihə və proqramlarını həmin istiqamətə yönəldir. Burda Şuranın üzərinə məsul vəzifələr düşür. Qeyri-hökumət təşkilatlarının potensialını, imkanlarını dqzgün istiqamətləndirmək üçün qrant müsabiqələrinə  elə mövzular təqdim edirik ki, cəmiyyətimiz  üçün   aktual olsun. 

 Şura ölkədə yaranmış ilk donor olaraq 14 fəaliyyət istiqamətni dəstəkləyir. Buna sosial məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  ictimai dəstək, müdaxilə  tələb edən problemlər təsbit olunub. Buna uyğun da  üçün qrant və müsabiqələr elan edilir. QHT-lərin təklifləri heç də hər zaman müsabiqə mövzuları ilə uzlaşmır. Təbii ki. bunların içərisindən ən yaxşılarını, faydalı olanları  seçirik. 

 -Siz cəmiyyətin inkişafında və idarəsində QHT-lərin önəmli rolunu vurğuladınız. bizim QHT-lərin cəmiyyətin inkişafındakı rolunun səviyyəsini necə dəyərləndirirsiniz?

 -Azərbaycanda QHT-lərin səviyyəsini belə təsnifatlaşdırmaq olar: inkişaf etmiş təşkilatlar, inkişafa keçid mərhələsində olanlar və yeni yarananlar. Cəmiyyətdə  tanınan  təşkilatlarımız var.  Dövlətimiz belə QHT-lərlə  əməkdaşlıq edir. Şura təsnifatlaşdırma  üzrə  xüsusi proqram həyata keçirməyi nəzərdə tutur. İnkişaf etmiş ölkələrdə ictimai faydalı təşkilatların faizi ayrıca təsnifatlaşdırılıb. Bəzi ölkələrdə QHT Standarları deyilən bir sənəd var. İnkişaf etmiş, inkişafa keçid mərhələsində olan və həmçinin yeni yaranmış təşkilatlara sertifikatlar verilir. Dövlət də, beynəlxalq təşkilatlar da QHT-lərə münasibətdə  sertifikat  amilini əsas götürür, Nüfuzlu təşkilatlara böyük qrant müsabiqələrində üstünlük verir. 

 Ölkəmizdə də QHT işinin böyük tarixi olmasına baxmayaraq, bu sektora dövlət dəstəyi 2008-ci ildən başlayır. Ötən 7 ildə dünya səviyyəsində tanınan bir QHT fəaliyyəti ortaya qoymaq çətin olsa da, Avropa ölkələrinin  keçdiyi yolun cox hissəsini qət etmişik. Dünyada  mövcud olan elə bir praktika yoxdur ki, bizdə onu tətbiq olunmasın. 

 -Fərasət müəllim, Şuranın Türk dünyası ölkələri ilə əlaqələri necədir? Həmin ölkələrədə analoji qurumlar varmı və bu təşkilatlarla əməkdaşlıq münasibətləri hansı səviyyədədir? Şura tərəfindən xarici ölkələrin QHT-ləri üçün ayrılan qrantlar hansı mövzuları əhatə edir?  

 -Türk dünyasının bir hissəsi olaraq  qardaş ölklələrlə  əməkdaşlığa can atırıq. Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdindəki Dərnəklər Dairə Başkanlığı ilə işgüzar təmaslarımız var. Qeyri-hökumət təşkilatlarına dövlətin verdiyi dəstəyin prinsip və mexanizmlərində oxşar cəhətlərimiz var. Türkiyədə müxtəlif dərnəklər, Sivil toplum Kuruluşları (STK), fondlar var ki bunların hamısı humanitar fəaliyyətlə məşğuldur. Vaqfların  forması və fəaliyyət dairəsi xüsusilə fərqlidir. Vaqflar əldə etdiyi gəliri məhz xidmət etdiyi sahəyə yönəldirlər. Fikrimcə, cəmiyyətin inkişafı üçün olduqca faydalı model olan bu vaqfların təcrübəsini öyrənməliyik.  TİKA ilə yaxından əməkdaşlıq edirik. Təşkilat Bakıda QHT-lər üçün bir təlim-resurs mərkəzinin yaradılmasında Şuraya dəstək olub. Yaxınlarda isə  Şura TİKA ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.

  Dost ölkənin bir neçə STK-na ümumi maraqlarımızla, xüsusilə də  Dağlıq Qarabağ problemi ilə bağlı layihələrin maliyyələşməsinə dəstək veririk. Türkiyənin iri şəhərlərində və Avropada Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində, həmçinin Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra tədbirlər, sərgilər təşkil olunub.  

 Digər türk ölkələri ilə əməkdaşlıq sahəsində də müəyyən işlər görülüb. Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatları Forumunun keçirilməsi ideyasını irəli sürmüşük.  Bu Forumu təsis etməklə, digər türk respublikalarını da  quruma cəlb etmək nəzərimizdədi. Forumun ictimai əlaqələrin vasitəsi ilə regionda sülhə və sabitliyə töhfə  verəcəyini düşünürük.

 - Ölkəmizdə elə QHT- lər var ki, dövlətin QHT sektoruna böyük dəstək və qayğısı müqabilində xarici donorlara üz tuturlar. Şübhəsiz ki, bu işdə xarici donorlar da öz maraqlarını güdürlər. Onların birgə fəaliyyəti isə cox zaman cəmiyyətdə birmənalı qarşılanmır… 

 - Qanunvericilikdə xarici donorlara əməkdaşlığı   məhdudlaşdıran heç bir müddəa yoxdur. Hökumət QHT-lərin xarici partnyorlarla əlaqələrinə qanunla hər cür şərait yaradıb. QHT və ictimai birliklərin rəhbərlərinin  əsas qayəsi  millətinə, Vətənə xidmət olmalıdır. Əgər bir QHT rəhbəri  xarici donorun maliyyəsinə görə ölkənin milli maraqlarına zərər vurursa, deməli, o, xəstə təxəyyüllü bir insandır. İnsan heç bir maddi yardıma, qranta öz milli kimliyini, milli dövlətçilik maraqlarını qurban verməməlidir. Hansısa yerli təşkilat xarici donorla əməkdaşlıq edərək ölkəmizdə sosial vəziyyətin yaxşılaşması, uşaqlarla, ətraf mühitlə, xəstəliklərlə bağlı məsələlərə dair layihələr həyata keçrirsə, bunu alqışlayır, dəstək oluruq. Amma məqsədli şəkildə Azərbaycanın fondlarına deyil, xarici donorlara üz tutanların niyyətinin saf və xoş olmadığı ortaya çıxır. Niyyətin də xoş olmaması dövlətçiliyə, milli maraqlara zərbədir. 

 Xarici donorla əməkdaşlıq edən QHT  onun barəsində  bütün məlumatları bilməlidir: bu donorun maliyyəsi hardandır, vəsaiti hansı niyyətlə verir və s. Bu əməkdaşlığa gedən hər bir şəxs  milli dövlətçilik maraqlarına sadiqlik nümayiş etdirməlidir.

 -Fərasət müəllim, perspektivdə QHT sektorunu daha da inkişaf etdirmək, fəaliyyətini stimullaşdırmaq üçün nə kimi tədbirlər nəzərdə tutulub?

 -Biz yeni proqramlar üzərində çalışırıq. Bunlardan biri  ictimai-faydalı təşkilatların müəyyən edilməsi ilə bağlı konsepsiya sənədinin hazırlanmasıdır. Bu sənəd imkan verəcək ki, gələcəkdə QHT-lər arasında bir təsnifatlaşma aparılsın. Eyni zamanda, biznes qurumları arasında korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşması istiqamətində  müəyyən işlərə başlamışıq. Hazırda biznes qurumlarının QHT sektoruna yardımı heç bir qanunla tənzimlənmir. Biznes qurumları ilə QHT-lər arasında vətənpərvərliyə əsaslanan əməkdaşlıq ideyasını təbliğ etmək fikrindəyik. QHT-lərə  müxtəlif  pusuz  xidmətlərin  təşkili reallaşıb,  Bakı Təlim-resurs mərkəzində ofis və texniki imkanı olmayan qurumlar pulsuz xidmətlərdən istifadə edə bilərlər. 

 Perspektivdə elektron TV yaratmağı da nəzərdə tutmuşuq. Bu, QHT-lər üçün yeni bir tribuna olacaq. QHT-lərlə dövlət qurumlarının əməkdaşlığını işgüzar münasibətlər səviyyəsinə qaldırmaq üçün sosial sifarişlərdə QHT-lərin iştirakını təmin etmək yönündə araşdırma aparırıq. Dövlətimiz QHT sektoru ilə əməkdaşlıqda olduqca maraqlıdır, vətəndaş təşəşəbbüskarlığını yüksək qiymətləndirir. Cəmiyyətimiz, dövlətimiz də  QHT-lərin faydasını hiss etməlidir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1649

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...