TƏDQİQATLAR
A- A A+

Referendum ölkəmizə nə verəcək? - Elman Nəsirov şərh edir

2016-07-22 10:55:57

Konstitusiya islahatları

Zəmanəmizin dühası, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 

Bu tədbirlər təsadüfi və xaotik məzmunlu olmayıb, demokratik dövlət quruculuğu prosesinin daxili məntiqi və dialektikasından qaynaqlanır, eyni zamanda oxşar tendensiyaların yeni reallıqlar fonunda perspektivdə də təkrarlanması gerçəkliyini inikas etdirir. 
Məhz həmin reallıqların nəticəsi olaraq, bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün hələ 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilmiş, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir. Xalqın siyasi iradəsinin təcəssümü olan həmin referendum nəticəsində proporsional seçki sistemi ləğv olunmuş, müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqlənmiş, prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşmiş, habelə, hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. kimi prinsipial məsələlər hüquqi həllini tapmışdır. 
Yeddi il sonra, tam konstitusion qaydalara uyğun olaraq Milli Məclis 26 dekabr 2008-ci il tarixdə keçirilmiş iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-də referendumun keçirilməsi ilə bağlı tarixi qərar qəbul etmişdir. Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdur. Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə olunması, 2-si maddələrin yeni redaksiyada verilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlı idi. 
Cəmiyyətdə heç nə statik deyil, dəyişən zaman kontekstində mövcud meyar və dəyərlərə də müvafiq fərqli yanaşma labüddür. 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər-hüquq sisteminin təkmilləşməsi, demokratikləşmə prosesinin dərinləşməsi, təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət strukturlarının yenilənməsi, ictimai təsisatların inkişafı, yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılması və digər mühüm proseslər Konstitusiyaya bir daha nəzər salmaq, Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir. 
Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır.  Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulmuşdur. 
Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi xüsusi aktuallıq kəsb edir: "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir." Heç şübhəsiz, bu dəyişikliyin konstitusion norma səviyyəsinə qaldırılması qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdırmış olur. Regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və onların artma tendensiyasının müşayiət olunması sözügedən məsələlərin konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir.  
Demokratik inkişaf yolunu seçmiş dövlətlərdə plüralizm və tolerant münasibətlərin daha da inkişafı cəmiyyətin hər bir üzvünün öz hüquq və azadlıqlarından maksimum istifadə üçün unikal imkanlar yaratması artıq öz təsdiqini tapıb. Vətəndaş cəmiyyətinin mahiyyətindən doğan və onun təcəssümü olan bu reallıq nə qədər paradoksal səslənsə də, konkret şəraitdə bu hüquqlardan sui-istifadə olunması gerçəkliyini də istisna etmir. Başqa sözlə, qanunvericilikdə boşluqların olduğu təqdirdə demokratik cəmiyyətin yaratdığı münbit şəraitdən antidemokratik davranışın realizə olunması üçün faydalanmaq təhlükəsi real məzmun kəsb edə bilir. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 24-cü maddəsinə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir" məzmunlu I hissənin, habelə III hissəyə "Hüquqlardan sui-istifadəyə yol verilmir" məzmunlu cümlənin əlavə edilməsinin təklif olunması olduqca vacib addım sayılmalıdır. 
Bu, bir həqiqətdir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq kimi xarakteristikaya malik məlumat azadlığı hüququ başqalarının hüquq və qanuni mənafelərinin pozulması hesabına həyata keçirilməməli, həmin şəxslərin müvafiq qanuni vasitələrlə özünü müdafiə hüququnu istisna etməməlidir. Bu, Konstitusiyanın 50-ci maddəsinin tələbidir. Buna baxmayaraq, müvafiq sahədə hələ də müəyyən hüquqi vakuum mövcud idi.  Belə ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədilə elektron formada və kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qanunla qadağan edilməsi həllini tapmayan hüquqi məsələlər sırasında idi. Referendum Aktı layihəsinin 32-ci maddəsinə edilən VI, VII və VIII hissələr bu sahədə mövcud hüquqi boşluğun doldurulması baxımından mütərəqqidir, fərdi məlumatların dairəsi, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərini müəyyən edir, insanların informasiya təhlükəsizliyi ilə bağlı hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən neqativ halların aradan qaldırılmasına xidmət göstərir. 
Məlum olduğu kimi, ölkəmizdə siyasi və iqtisadi islahatlar paralel olaraq aparılmaqdadır. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirən mühüm amildir. İqtisadi müstəqilliyimizin təminatı və möhkəmləndirilməsində Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi şaxələndirmə siyasəti həlledici rola malikdir. Bu siyasət ilk növbədə enerji resurslarından asılılığın minimuma endirilməsini, qeyri-neft sektorunun inkişafını özündə ehtiva edir. Ölkəmiz üçün qeyri-neft sektoruna daxil olan prioritet sahə kənd təsərrüfatıdır. Təsadüfi deyildir ki, 2015-ci il Prezident İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı" ili elan edilmiş, habelə hər sonrakı ilin bir kənd təsərrüfatı ili kimi qeyd edilməsinın vacibliyi vurğulanmışdır. Bundan savayı, iyul ayının 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının inkişafı perspektivlərindən bəhs edərkən bildirdi ki, torpaqlardan səmərəli istifadə olunmalıdır. Bəzi hallarda torpaqlar zəbt edilib. Orada heç bir fəaliyyət göstərilmir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və onlar insanlara verilməlidir ki,  əkilib-becərilsin. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. 
Məhz dövlət başçısının yuxarıda səslənən mövqeyindən qaynaqlanaraq təşəbbüsçüsü olduğu Referendum Aktı layihəsinə çıxarılan məsələlər sırasında Konstitusiyanın 29-cu maddəsinə   aşağıdakı məzmunda V və VII hissələrin əlavə edilməsi  nəzərdə tutulmuşdur: "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.", "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər". 
Heç şübhəsiz, bu əlavələrin Konstitusiyada əks olunması təklifinin irəli sürülməsi Azərbaycan üçün strateji xarakterli aqrar sahənin (taxılçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və s), daha da inkişafı və möhkəmləndirilməsi mənafeyinə xidmət göstərir. 
Referendum Aktı layihəsinin 36-cı maddəsinə təklif olunan dəyişiklik  əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə ehtiva edir və elə bu səbəbdən də kifayət qədər böyük ictimai maraq doğurur. Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilmişdir. Məlum olduğu kimi, Əmək Məcəlləsində işçilərin tətil, işəgötürənin isə lokaut hüququ təsbit olunmuşdur. Dəyişikliyə əsasən isə  əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər isə tətil etmək hüququna malik deyillər. Dəyişikliklərə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, konstitusion səviyyədə lokautun tətbiqi qadağan edilmişdir. 
Referendum Aktı layihəsində böyük ictimai maraq və rezonansa səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi ("yaşı 25-dən aşağı olmayan" sözləri " seçkilərdə iştirak etmək hüququna  malik olan" sözləri ilə əvəz edilsin) və 100-cü maddəsi ilə bağlı dəyişiklik ("yaşı 35-dən aşağı olmayan" sözləri çıxarılsın) üzərində xüsusi olaraq dayanaraq qeyd edək ki, hər iki halda söhbət müvafiq olaraq parlament və prezident seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal tənzimlənməsindən gedir. Məlum olduğu kimi, mövcud qanunvericiliyin tələbinə əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər  baş nazir yaxud hakim, 21 yaşına qədər  isə bələdiyyə üzvü seçilə bilməz. Təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olacaqdır. Bundan savayı, prezident seçkilərində tətbiq olunan yaş senzi (35 yaş) ilə bağlı məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, Fransada da prezident seçilmək üçün heç bir yaş senzi mövcud deyildir. Bu dəyişikliklər ölkəmizdə gənclərin özünütəsdiqi və inkişafı baxımından gənclər siyasətinin təntənəsi hesab oluna bilər. Konstitusiyanın 101-ci maddəsinin I hissəsində edilən dəyişiklik nəticəsində isə Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsi nəzərdə tutulmuşdur. Obyektivlik naminə qeyd edək ki, anoloji praktika bir çox ölkələrdə (İtaliya, İrlandiya, İsrail, Qazaxıstan, Tacikistan, Özbəkistan və s.) uğurla tətbiq olunmaqdadır və ictimai-siyasi sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın qorunub saxlanılması mənafeyinə xidmət göstərir. 
Yuxarıda qeyd olunduğu kimi, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108 və 110-cu maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən,  ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət  postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. 
Beləliklə, möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin  daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir.

Elman NƏSİROV,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
siyasi elmlər doktoru,  professor


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1100

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...