CƏMİYYƏT
A- A A+

Sənətin bənzərsizliyi və möhtəşəmliyi

2016-06-30 12:05:45

Xoşbəxtlikdən, sənət adamları arasında dost-tanışım çoxdur. Bu məndə həmişə bir məmnunluq hissi doğurur

Adətən, əhvalımın təlx olduğu vaxtlarda dostlarla zəngləşib, görüşürəm. Çay masası arxasında xatirələr dilə gəlir, böyük sənətkarlar anılır, onların konsert salonlarında, toy-düyün məclislərində, tutuzdurduqları anlar - "tutuzdurmaq" sözü sənət adamları arasında yüksək ifa, məclisi ələ almaq anlamındadır - və yaxud başlarına gələn məzəli, eləcə də öz aralarındakı şux zarafat və olaylar xatırlanır.

Belə görüşlərdə Mirnazimlə çox oturub-durmuşam. O, gözəl müsahibdir, söz sərrafıdır, qarşısında oturanı qiymətləndirməyi bacarandır, yüksək yumor hissinə malikdir, ərki çatanlara şəbədə qoşmağı, yaxşı mənada, dolamağı başqa bir aləmdir. Sözsüz ki, hər şey əndazə daxilindədir...

Bəli, söhbət respublikanın Əməkdar artisti, dosent, mahir kamanzən Mirnazim Əsədullayevdən gedir. Bəs, onun sənətinə, musiqiyə olan münasibəti necədir?

Mirnazimin musiqi dünyasına ayrıca, özünə məxsus tərzdə bir baxışı var. Onun çalğısında saflıq, ecaz, dürüstlük daha qabarıq nəzərə çarpır. Sənətkarın qüdrəti sənətinə olan münasibətindən, ciddiyyətindən çox asılıdır. Sözsüz ki, sənətin zirvəsinə ucalmaq - bütün zamanlarda heç bir sənət adamı sənətinin zirvəsinə çatıb, onun fəthinə nail olmur -illüziyalardan keçmir, yüksəkliyə ucalmaq heç də rahat və hamar olmur, əksinə, mürəkkəb, olduqca keşməkeşli, əzablı bir ömrün sayəsində əmələ gəlir. Mirnazim öz sənətində iddiasız və fədakardır. Məhz elə bu fədakarlıq onun sənət aləmində yerini müəyyənləşdirib.

Mirnazimin 50 illik yubileyində iştirak etmişəm, məclisə bütün zümrələrdən olan insanlar -elm, incəsənət xadimləri, sadə zəhmət adamları toplaşmışdılar. Məclisdə unudulmaz sənətkarımız Habil Kaman dedi:

- Mirnazim, gün o gün olsun, səni Mirnazir görək!

Sözsüz, bu kiçik təbrikin cövhərində zarafat-yumor vardı. Digər tərəfdən, böyük sənətkarın sənətdaşının sənətinə olan bələdliyi imkan verirdi ki, o, kamança oxunu düzgün ünvana tuşlasın. İroniyasız, ciddi söz gülləsi hədəfə düzgün dəyəndə insanın sənətə olan təbini yaralamır. Əksinə, onu ucaldır, ən başlıcası isə, yaradıcılıq şövqünə böyük təkan verir. Habil Kamanın da Mirnazimi Mirnazir kimi görməsi real bir hadisə idi. Bu gün qətiyyətlə demək olar ki, Mirnazimin sənətinə olan ciddi münasibəti, aşinalığı, quru ağacda - kamançada nalə yaratmağı, yaralı könüllərə məlhəm qoymağı onu öz sənətində, elə Habil Kamanın dediyi kimi, Mirnazir ucalığına qaldırıb.

Əsl sənətkar ürəklə beyin arasında əlaqə yaradır. Bu əlaqədə ruh, təb, fəhm böyük rol oynayır. Boş yerə demirlər ki, filan sənətkarın böyük ürəyi var. Mirnazim də öz ifasında böyük ürək sahibidir. O, ruhundan, ürəyindən keçənləri öz sevimli kamanına ötürə bilmək qüdrətinə malikdir. Elə bu səbəbdən də onun çalğısı hər zaman canlıdır.

Bəzən kamanla Mirnazim arasında heç kimin görmədiyi, heç kəsin duymadığı, hiss etmədiyi -musiqi sərrafları istisna olmaqla - döyüş-duel başlayır. Sonda onlar qucaqlaşıb barışırlar. Bir-birini yola verirlər. Belədə qazanan dinləyici, tamaşaçı olur.

Sənətkarın televiziya və radionun fonotekasında solo ifaları yetərincədir. O, "Rahab", "Şüştər" və sair muğamları özünəməxsus şəkildə ifa edir. Onu dinləyəndə çalğı manerasını, öz dəst-xəttini hiss edirsən. Özünü, üzünü görmədən ifanın Mirnazimə aid olduğunu duyursan. Bu da Mirnazimin sənət uğurudur.

Oxuyanı - xanəndəni hər çalğıçı müşayiət edə bilmir. Xanəndəni oxutduran, ona ruh və coşqu verən tarzənlə kamanzəndir. Müqtədir sənətkarlarımızdan Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayevi və bir çox ifaçıları Mirnazim müşayiət edib.

Sevindirici haldır ki, bəzi məqamlarda Mirnazimin ifasında sanki kamançanı deyil, onunla üzbəüz oturub guşəxanlığı, xırdalığı ilə məclisə təravət verən xanəndəni dinləyirsən. Bu da yenə Mirnazimin sənətdəki uğurudur, qabiliyyətidir.

Böyük xanəndə və pedaqoq Hacıbaba Hüseynovu uzun illər qastrol-konsertlərdə, toy-düyünlərdə Mirnazim və Xalq artisti Ağasəlim Abdullayev müşayiət etmişlər. H.Hüseynovu müşayiət etmək, onun ifa manerasını, "him-cim"ini havada tutmaq, ifa zamanı fəhmlə onu anlamaq hər müşayiətçinin işi deyildi. Xanəndənin gözlənilmədən modulyasiya etməsi, ağlagəlməz guşəxanlıqları qarşısıalınmaz - fors-major idi. Bir çox müşayiətçilər xanəndə ilə çıxış etməkdən ehtiyatlanırdılar. Hacıbaba Hüseynov, Ağasəlim Abdullayev və Mirnazim Əsədullayev üçlüyü isə hər çıxışlarında tamaşaçıları ovsunlamaq güc-qüdrətinə malik idi.

Bir gün söhbət əsnasında dostum, gözəl ziyalı, görkəmli iqtisadçı alim, millət vəkili, eyni zamanda musiqinin xiridarı olan Ziyad Səmədzadədən Mirnazimin sənətinə olan münasibətini soruşdum. O, sənətkarla bağlı yüksək fikirlərini ifadə etməklə yanaşı qeyd etdi ki, Mirnazim Azərbaycan mədəni irsini ləyaqətlə qoruyan ifaçıdır. Dəyərli tarzən, Əməkdar artist Vamiq Məmmədəliyevin də Mirnazim barədə fikirləri dəqiq və maraqlıdır: "Mirnazimin sənəti sifətində yazılıb, hətta onun imzasında da kamança şəkli var. Çox böyük sənətkarlarla oturub-durub. Zəhmətkeşliyi hər kəsdə olan məziyyət deyil..."

Mirnazimin kiçik oğlu Toğrul atasının yolunu şərəflə davam etdirir. Respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Böyük oğlu Elnur da gözəl musiqiçidir. Məclislərin birində onun kanonda "Çahargah" kompozisiyasını dinlədim. Əslində o, ifasıyla məcbur etdi ki, ətrafındakılar ona diqqət kəsilsin. Kanonda çox ifalar eşitmişəm. Doğrudur, yaxşı ifaların şahidi olmuşam. Elnurun o çıxışınısa hələ də unuda bilmirəm. Yüksək sənətkarlıqla çalınan kanonda yeni imkanlar, bənzərsizlik duyulurdu. Əfsus ki, Elnur müəyyən səbəb üzündən bu gün başqa bir sahədə çalışır. Arzu edirəm ki, o, sevimli kanonunu və pərəstişkarlarını unutmasın... Oğullarının belə pərvəriş tapmasında, kamil musiqiçi kimi yetişməsində ata Mirnazimin böyük əməyi var. Bəzən onların çıxışı zamanı Mirnazim haldan-hala düşür, yerində sakit otura bilmir, qurcalanır. Onların ifa yükünü çiynində hiss edir Mirnazim. Bu da səbəbsiz deyil. Çünki o, sənətkardır, sənətin ciddiliyini, ağırlığını, məsuliyyətini dərk edir.

Bu gün də Mirnazim böyük məhəbbətlə, şövqlə, yeni improvizələri ilə yorulmadan öz dinləyicilərinin qəlbində kövrək, lirik, həzin hisslər oyadır. Əziz dostum, qoy bu təb və coşqu açılan yeni sabahlarda hər an səninlə olsun!

 

Əkrəm Qaflanoğlu 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 477

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...