SOSİAL
A- A A+

Mədəniyyətlərin yolayrıcında

2016-04-22 10:15:54

Bu il dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edən müasir Azərbaycan Respublikası həm dünya miqyasında, həm də türkdilli ölkələr arasında xüsusi yeri olan nüfuzlu və inkişaf etmiş dövlətdir

Qədim və zəngin tarixə malik olan Azərbaycan əsrlər boyunca mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşib. Bütün bunlar Azərbaycan mədəniyyətinin təşəkkülündə, tolerantlığın formalaşmasında, xalqın ana dilinin ən yüksək elmi və bədii fikirləri ifadə etmək imkanlarının genişlənməsində mühüm rol oynayıb.

Ölkənin tarixi keçmişi kəşməkəşlidir. Lakin müxtəlif ictimai-siyasi, iqtisadi formasiyalarda müxtəlif növlü dövlətçilik ənənələrinə malik olmuş Azərbaycan xalqı hər zaman özünün milli ruhunu qoruyub, azadlıq və müstəqillik ideallarına sadiq qalıb. Azərbaycan öz zəngin tarixi və mədəni irsini qoruyub saxlayaraq yüksək səviyyədə bəşəri dəyərləri təmin edən müasir türkdilli, eləcə də multikulturalizm və tolerantlığın hökm sürdüyü bir məmləkətdir.

Müstəqilliyinin bərpasından ötən 25 ildə Dağlıq Qarabağ münaqişəsi ölkədə çaxnaşma yaradaraq dəhşətli insan faciəsinə yol açıb, lakin buna baxmayaraq Azərbaycan bütün sahələrdə böyük uğurlar qazandı, xalqın rifah halı yaxşılaşdı, ölkənin sosial-iqtisadi inkişafında böyük nailiyyətlər əldə olundu.

Azərbaycanın nailiyyətlərini saymaqla qurtarmaz. Ölkədə gedən abadlıq və quruculuq işləri yalnız paytaxtı deyil, bölgələri də əhatə edir. Həmin bölgələrdən biri də ölkənin şimal-qərbində yerləşən, vaxtilə Şəki xanlığının mərkəzi olmuş Şəki rayonudur. Şəkidə qorunub saxlanılan Xan sarayı, Karvansaray və digər tarixi abidələr bu şəhərin qədim memarlığını, sənətkarlıq nümunələrini müasir nəsillərə möhtəşəm şəkildə təqdim edir. Gözəl təbiəti, dadlı-ləzzətli mətbəxi ilə turistləri cəlb edən Şəki bu il, yəni, 2016-cı ildə “Türk dünyasının mədəni paytaxtı” elan olunub.

Xəzərin incisi sayılan Bakı gündən-günə gözəlləşir. Şərq-Qərb memarlığının vəhdətini əks etdirən bu şəhər öz gözəlliyi və əzəmətli müasir tikililəri ilə dünyanın istənilən paytaxt şəhəri ilə rəqabət aparmağa qadirdir. Bakının memarlıq siması öz keçmişini və milli ornamentlərini qayğıkeşliklə qoruyaraq ən cəsarətli layihələri reallaşdırmaqla gələcəyə doğru addımlayır.

Hazırda beynəlxalq ictimaiyyət Azərbaycanı öz inkişafında bir çox nailiyyətlərə imza atan etibarli tərəfdaş kimi tanıyır. Ölkə həm də nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi edir. 2016-cı il aprel ayının 25-dən 27-dək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi faktı dünyanın bu ölkəyə etimad və ehtiramının parlaq sübutudur. Bu, məhz Prezident İlham Əliyevin cari ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyi bir zamanda baş tutur.

Müstəqilliyin nailiyyətləri sırasında bir mühüm hadisəni də qeyd etməyi vacib bilirəm. 2015-ci ildə Bakıda çox yüksək səviyyədə, incə zövqlə və mükəmməl şəkildə təşkil edilmiş birinci Avropa Oyunları dünya miqyasında qarşılıqlı anlaşma və ehtiram dəyərlərinin təbliğinə böyük töhfə verdi. Bu, idman sahəsində çox möhtəşəm və mədəni hadisə oldu. Həmin idman yarışları ortaq türk irsinin bir hissəsi olan zəngin Azərbaycan mədəniyyətinin tam çalarları ilə təqdim edilməsinə böyük imkan yaratdı.

Digər mədəniyyətlər və dinlərə ehtiram, tolerantlıq türkdilli xalqlar arasında dərin köklərə malik dəyərdir. Bu xalqlar geniş coğrafi ərazidə məskunlaşaraq müxtəlif dinlərin bir sıra qolları da daxil olmaqla, İslam, xristianlıq, iudaizm, buddizm, şamanizmə etiqad edirlər. Türkdilli xalqların mədəniyyətləri coğrafi məskunlaşma və digər icmalarla sıx qarşılıqlı əlaqələr baxımından müxtəliflik təşkil edir, həmçinin onların xarici görünüşü də müxtəlif insan irqlərinə məxsus xüsusiyyətləri özündə birləşdirir.

Məlumdur ki, hər bir vətəndaşın və ailənin rifahı və firavanlığı hökumət üçün prioritet məsələdir. Azərbaycanda dövlət ölkənin ərzaq təhlükəsizliyi sahəsində strateji məqsədlərinə nail olub ki, bu da iqtisadiyyatın şaxələndirilməsi sahəsində müsbət nəticələr verib. Yerli istehsal mallarının daim artan kəmiyyət və keyfiyyəti dediklərimizə bariz sübutdur.

Hökumət sosial məsələlərin həllində bütün mümkün addımları atır. Əməkhaqları və pensiyalar əhəmiyyətli dərəcədə artıb, ölkədə yoxsulluq dərəcəsi 5 faizə enib. Son 12 il ərzində Azərbaycanda 1 milyon 500 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimidir. Əhalinin sayı 9.7 milyona çatıb. Son 10 il ərzində sosial infrastrukturun inkişafı daha təsirli olub: 400-dən artıq tibb müəssisəsi, 2700 məktəb və müxtəlif təyinatlılar da daxil olmaqla, 50-yə yaxın idman obyekti tikilib və ya tamamilə yenilənib.

Azərbaycan hökumətinin uzunmüddətli strateji məqsədləri “Azərbaycan–2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əks olunub. Bu konsepsiya ölkənin inkişafında yeni mərhələyə qədəm qoyduğu bir zamanda gələcək hədəf və prioritet məqsədləri müəyyənləşdirir. Konsepsiyada qeyd edildiyi kimi, Azərbaycan hazırda dünya miqyasında hökm sürən qlobal iqtisadi böhran fonunda tədricən iqtisadiyyatın diversifikasiyasına nail olub və neft sektorundan asılılığı əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan üçün postneft dövrü artıq başlayıb və hökumətin bu istiqamətdə atdığı addımlar öz səmərəliliyini göstərir. Bu addımlar qlobal iqtisadi böhran fonunda öz nəticələrini vermiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Türkiyədə keçirilmiş G20 Sammitinə dair xüsusi buraxılışda “Ümumi strategiyanın formalaşdırılması” sərlövhəli məqalədə bu istiqamətlər barədə qeyd edib: “İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilib, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılıb. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılıb”.

Yola saldığımız 25 ilə nəzər salarkən görürük ki, iqtisadi nailiyyətlər kifayət qədərdir. Faktlara müraciət edək:

- Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə artıb;

- Qeyri-neft sektoru və sənaye istehsalında 3 dəfə artım olub;

- Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı son 12 il ərzində artırılaraq 2015-ci ilin ilk səkkiz ayında 70 faizə çatdırılıb;

- 2003-cü ildən Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya cəlb edilib.

- Kənd təsərrüfatı sektorunda artım (bu sahəyə son illərdə xüsusi diqqət yetirilib) 6,6 faizədək artım qeydə alınıb;

- Dünya İqtisadi Forumu iqtisadi baxımdan göstəricilərinə və dünya miqyasında rəqabət qabiliyyətinə görə Azərbaycanı 40-cı yerdə sıralayıb.

Onu da vurğulamaq lazımdır ki, son illər Azərbaycan hökuməti yerli istehsala çox böyük əhəmiyyət verir. Həm dövlət, həm də özəl sektorlara maliyyə vəsaitləri ayrılıb. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatda və maliyyə sektorunda şəffaflığının təmin edilməsi məqsədilə ciddi iqtisadi islahatlar aparılır.

Məlum olduğu kimi, Azərbaycan qlobal enerji təhlükəsizliyində önəmli rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri kimi qlobal regional layihələrin həyata keçirilməsində aktiv iştirak edən Azərbaycan neft-qaz ehtiyatları ilə Avropanın enerji təminatçısına çevrildi və qlobal enerji təhlükəsizliyində mühüm rol oynadı.

Böyük İpək Yolunun ayrılmaz hissəsini təşkil etməklə, Azərbaycan geostrateji mövqeyi ilə nəqliyyat dəhlizlərinin yaradılmasında da geniş potensiala malikdir. Ölkə regional nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməklə real olaraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzi olub. 2014-ci ildə istismara verilmiş Bakı Beynəlxalq Dəniz Limanı, həmçinin müasir beynəlxalq hava nəqliyyatı sistemi, yaxın gələcəkdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı–Aktau bərə xəttinin inkişafı nəqliyyat sektorunun ipək dəmir yolu, ipək dəniz yolu, ipək enerji yolu, ipək fiber optik yolu, mədəniyyətlərin ipək yolu və s. kimi yeni məzmunlarının meydana çıxmasına rəvac verib.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan qardaş türkdilli ölkələrin arasında əlaqələrin inkişafına çox böyük töhfələr bəxş edib. Azərbaycanın hərtərəfli dəstəyi ortaq köklərə malik olan xalqlar arasında sürətlə inkişaf edən əməkdaşlığın institutlaşmasına təkan verib. Bu yaxınlarda Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə türk mədəniyyətini, incəsənətini və tarixi dəyərlərini dünyaya təşviq etmək məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu yaradılıb. 2010-cu ildən fəaliyyətə başlamış TürkPA Katibliyinin Bakı şəhərində yerləşməsi təsadüfi deyil. Tarixdə ilk türkdilli respublika - Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə məhz burada yaradılıb. Qısaömürlü olsa da, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasına davamlı miras buraxıb.

Ölkənin son 25 ildə əldə etdiyi nailiyyətlərdən danışarkən Dağlıq Qarabağ münaqişəsindən yan keçmək çətindir. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) həlli uzadılmış bu münaqişənin hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanaraq, sülh yolu ilə həllinə çağırıb. Münaqişənin həlli regionda uzunmüddətli sabitliyə, rifah və ölkələr arasında qarşılıqlı perspektivlərə imkan yaradar.

Azərbaycan Respublikasının ən son nailiyyətləri hökumətin tarazlaşdırılmış, uzunmüddətli və düşünülmüş siyasəti ilə yanaşı, Azərbaycan xalqının, bu millətin öz ana vətənini dinamik inkişaf edən iqtisadiyyatla müasir firavan dövlətə çevirmək ideyasına sadiqliyi nəticəsində mümkün olub. Ölkə bu günə qədər elmin, təhsilin və gənc nəslin inkişafına nəhəng sərmayələr qoyub. Şübhəsiz ki, bundan sonra da qabaqcıl elmi-texnoloji potensialı, yüksək səviyyəli insan resursları mədəniyyətlərin və sivilizasiyaların yolayrıcında yerləşən Azərbaycan üçün parlaq üfüqlər açacaq.

Jandos Asanov
TürkPA-nın baş katibi

 

 

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1108

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...