2022-07-14 18:05:23 | CƏMİYYƏT
Sirr qadın qəlbinə yükdür - Adilə Nəzərova

Populyar roman ümumi mənada geniş oxucu kütləsini cəlb edən, oxucuda maraq, həyəcan, mərhəmət kimi emosiyalar oyatmaq məqsədi daşıyan, sürətlə finala doğru yönələn, sıradan hadisələr və sadə insanlar üzərində qurulan ədəbi-bədii əsərdir ki, dəqiq xətlərlə açılır və gözlənilməz təsadüflərlə ortaya çıxır. Ədəbiyyatda geniş kütlə tərəfindən bəyənilən belə əsərlərin ən çox oxunan janrı isə sevgi romanlarıdır.

Əsas mövzusu sevgi olan "Sirr" Təranə Məmmədin ilk romanıdır. Əsərin baş qəhrəmanları gənc həkim Ayna və mühəndis-texnoloq Elçindir.
Qeyd edim ki, Təranə Məmmədin hekayələrindəki "romantik sevgi" romanına da hopub və baş qəhrəmanların taleyinin dramatik gedişatında incə naxışlarla təqdim olunur. Əsər ilk baxışdan yaranan sevgi ilə başlayır, sonra aradakı hüzünlü, bəzən də dalğalı-fırtınalı məsafədə davam edir və bədbəxt-xoşbəxt sonluqla bitir.  

"Sirr" romanında sevgi ideal həyat arzusu ilə yaşayan İradə xanımın nəzərində ali həyat müstəvisində mənəvi münasibət kimi diqqəti çəkir. O, əsərdə ikinci əsas qadın qəhrəmandır. Sevgi ilə qurulacaq nizamlı evliliyə qarşı çıxan, həyatın xoşbəxtliyini var-dövlətdə, yüksək vəzifədə, təmtəraqlı yaşayışda görən İradə xanım qızına bu həyatı yaşadacaq ər axtarışındadır. Həyat isə ona ağıla gəlməyən sürprizlər hazırlayır.  

Obrazların və hadisələrin müəyyən cizgilərlə bir-birindən ayrıldığı əsərdə mənfi ilə müsbət tərəflər bir qəlibdə işlənərək, həyata baxışı natamam olan, xəbisliyi, dünyagirliyi və digər mənfi xarakterləri ilə İradə xanım obrazında təqdim edilir. Belə ki, İradə xanım Ayna üçün qızını bəxtəvər görmək istəyən, bununla belə onun taleyinə müdaxilə edən, xoşbəxtliyinə mane olan ana, klinikasının işçiləri üçün sərt müdir, Elçin üçün qızı üzərindən oyunlar quraraq şöhrətinə şöhrət, dövlətinə dövlət qatmaq istəyən fürsətcil insan, özü üçünsə özünü istədiyi kimi təsdiq etməyə imkan tapmamış narahat bir qadındır. O, qızının ən üst səviyyədə olmasını istəyir. Ondan ötrü Ayna övladdan çox, reallaşdırmağa çalışdığı arzularına verilən ikinci şansdır. İradə xanım güclüdür, zabitəlidir, hər şeyə qarışandır, qərar verəndir. Onun kimi olmadığı üçün qızını zəif görür, "zəifliyinə" görə onu danlayır, onun qərarlarına hörmət etmir, niyyətinə, istəyinə əhəmiyyət vermir. Tanrı kimi onun taleyini həll edir. 

Bütün müsbət tərəfləri ilə Humay ana əsərdə İradə xanıma qarşı qoyulan obrazdır. Bu iki fərqli xarakterli qadın obrazların timsalında sanki xeyir və şərin savaşı gedir. Övladlarını ehtiyac içində böyüdən Humay dünya görmüş qadındır. İki oğluna - Elçinlə Elvinə həm analıq, həm atalıq edir.

Onların hər dərdlərinə çarə olmağa çalışır. 

Hər hansı bir əsərin yazıldığı zaman cəmiyyəti məşğul edən siyasi, sosial və mədəni məsələlərin, xüsusən də gündəlik həyata təsir edən hadisələrin ədəbi əsərlərdə öz əksini tapmaması mümkün deyil. Buna müharibələr də daxildir. 

Tarixi hadisələr bəzən romanın mərkəzində baş verir, bəzən də şəraitə uyğun olaraq, başqa bir missiya daşıyır, - illər sonra hadisələr fikir və zaman miqyasından süzülür, ədəbi əsərlərdə öz yerini tapır - "Sirr" romanında olduğu kimi. Əsərdə Elvinin hərbi xidmətə çağırış vaxtı "Aprel döyüşləri"nə təsadüf edir. Böyük ruh yüksəkliyi ilə xidmətə yollanan Elvin döyüşlərdə şəhid olur. Humay ana oğlundan sonra çox sarsılır və dünyasını dəyişir. Ölümündən əvvəl Elçin onu xəstəxanaya yatırmaq istəsə də, anası qəbul etmir, şəhid oğluna tez qovuşmaq üçün ölümə hazır olduğunu bildirir. Bir-birinin ardınca yaşanan dramatik olaylar Elçini ruhdan salır. Özünü həyatın burulğanında itirən Elçinin tək tutunacaq yeri olan sevgilisi Aynadır ki, İradə xanım qızını ondan uzaqlaşdırıb, daha varlı və yüksək ixtisaslı həkim Malikə ərə verir. Yaşadıqları iki il müddətində onların övladları olmur və Malikin ata olma şansının olmayacağı xəbəri, onsuz da təməli möhkəm olmayan bu evliliyin sonunu gətirir.
Bütün romanlarda romantik sevgi münasibəti yaşanan hadisələrə görə formalaşır. "Sirr"in fırtınasında boğulan Ayna da həm canını, həm sevgisini, həm də sevdiyi adamı qorumağa çalışır. Amma baş verənlər həyatın axarını dəyişir. 

Sevginin, sədaqətin əvəzində gördüyü haqsızlıqları daxili əzabları ilə qarşılayan, sona qədər etibarını və fədakarlığını qoruyan baş qəhrəman Elçin həyatdan mükafatını alır. O, sevdiyi qıza gizlicə qovuşur və bu Ayna ilə onun ən böyük sirri olur. Tam evliliyə hazırkən həyat onlara yeni sürpriz yaşadır. 

Ayna hamilə olduğunu biləndə, təşvişə düşür. Anası bilsə nələr olacağını düşünmək belə istəmir. Günlər keçdikcə yaşadığı qorxu, narahatçılıq, hamiləlik sevincini yaşamağa imkan verməyən nikahın olmaması problemi Aynanın səhhətində olan problemlərin üzə çıxmasına səbəb olur. Bir neçə ay davam edən xoşbəxtlik yenə yarıda kəsilir. Aynanın xəstəliyi onlara sevgilərinin meyvəsini dadmağa mane olur və onun hamiləliyi sonlanır. Həyatının davamını gətirə bilmədiyi körpəsinin itkisi onların da birgə həyatlarının sonunu gətirir.  

Xalq arasında belə bir deyim var ki, qadınlar sirr saxlaya bilmir. Sirr qadın qəlbinə yükdür. Bəlkə də Aynanı xəstə edən bu yükün ağırlığı idi.
F.Nitşe yazırdı ki, "Yaratmaq fikrinə düşmüsənsə, özündən də ali bir şey yaratmalısan. Amma bunun üçün əvvəlcə gərək özün aliləşəsən, kamilləşəsən, cismən də, ruhən də təkmilləşəsən".

İradə xanım obrazı isə nəinki kamil deyil, hətta günahkardı. O, öz xudbinliyi ucbatından qızının həyatını qaraldır. (Əslində müasir anaların çoxu bir az İradə xanımdır.) Qızını məsləhət gördüyü adamla evliliyə məcbur edir, amma buna sevinməyə imkan tapmamış həyatının ən böyük məğlubiyyətinə uğrayır. Bir-birinin ardınca yaşanan bədliklər - həm qızının ərindən ayrılması, həm də onun ciddi xəstəliyə tutulması xəbəri bu sərt qadını dərindən sarsıdır və sındırır. Belə ki, Aynanın xəstəliyinin erkən vaxtlarında ona motivasiya olsun deyə, Elçin İradə xanıma Aynanı İstanbula gəzməyə aparmasına icazə verməyi təklif edir. İradə xanım bu təkliflə dərhal razılaşır, hətta sevinir, - təki Aynanın az da olsa eyni açılsın. Əsərdə bu səhnə Elçinin fikrilə təqdim olunur: "Eh, İradə xanım, gərək elə bizi dərd birləşdirəydi, gərək səni dərd sındıraydı? Axı bütün bunlar olmaya bilərdi, - deyə Elçin fikrə daldı".

Təkəbbürlü qəhrəman artıq səhv etdiyini anlayır, yeganə övladının bədbəxtliyinə səbəb olduğuna görə özünü qınayır, qızının xəstəliyinə çarə aramaq üçün gecə-gündüz çırpınır. Əsərin bu bölümləri İradə xanımın həqiqəti tapmaq cəhdidir, özünüdərk yoludur. Bu yol onun gözlərini əbədi yumarkən, qızına etdiyi "Ayna, müalicənə davam et, özündən muğayat ol" vəsiyyəti ilə başa çatır. 

Həqiqəti axtarmaq yolu sərt ana obrazında o qədər inandırıcı görünməsə də, müəllif əsərin davamında obrazın bütün hərəkətləri, susqunluqları ilə əzab çəkən və əməlindən peşman olan insanın duyğularını oxucuya ötürə bilir. Oxucu Ayna ilə Elçinin sirrindən agah olsa da İradə xanımın şüuraltındakı sirri aça bilmir. Bəlkə elə müəllif də ağılla duyğunun qeyri-mütənasibliyindən yaranan bu sirri çözmək üçün bütün yazıçıların yaratdığı oxşar obrazı yenidən yaratmağı düşünüb. Hər halda bəşərin bağrına qara yara kimi yapışan nəfs adlı bu sirri açmaq istəyi insanın qara qutusunun açarını axtarmaq istəyidir. Bu, müəllifin uğurudur. 

Qəhrəmanın ölümü də onun bir növ öz günahları ilə üzləşməkdən qaçışıdır. Oxucu, anasının ölümünü heyrətlə qarşılayan Ayna ilə eyni çaşqınlığı yaşayır, sonda isə bir yüngüllük hiss edir.   

Romanda canlı obrazlardan başqa daha bir qəhrəman da var. Bu, Elçinin İçərişəhərdəki babadanqalma evidir. Əsərdə bu ev Elçinin (sonradan Aynanın da) olduğu hər yerdədir. Bu ev sevginin cisim halıdır. İki sevən gəncin duyğularının və ağlının vizuallaşdırılan daxili dünyası - ürəyi və beynidir. Üzdə köhnə, qədimiliyini qoruyan, xatirələrdə canlı, sevgi dolu, təzə-tər arzuların gerçəkləşdiyi məkandır. 

Əsərdəki bu "obraz" səssizdir, stabildir, dəyişməzdir. Ara-sıra satılma mövzusu ortaya atılsa da, gerçəkləşmir. Əslində ev obrazı Ayna ilə çox oxşardır. Ayna da ev kimi yenilənir, (ev təmir olunur) bəzənib-düzənir, amma yenə də çağırış etmir. Sanki nə ev, nə də Ayna zamanın axınına tabeçilikdən xilas olmaq istəmir. Burada müəllifin hədəfi oxucunun emosiyalarını yox, düşüncəsini oyatmaqdır. Ayna obrazı özünü cəmiyyətin, ata-ana basqılarının qarşısında itirən bir çox Azərbaycan qızının ümumiləşdirilmiş obrazıdır. Əsərdə müəllif oxucuya həyatın reallığını göstərir, "acıdır-şirindir", "pisdir-yaxşıdır" demir, onu oyatsa da, öz qərarı ilə baş-başa buraxır. 

Aynanın qərarı "yox olmaq" olur, lakin bu fiziki ölüm deyil, Elçinin evlənib ailə qurması üçün fədakarlıq etmək niyyətidir. Bakı qəbristanlıqlarından birində adına saxta bir məzar hazırlatdıran Ayna Rusiyadakı ögey xalasının yanına gedir və orada öz həkimlik fəaliyyəti ilə, eyni zamanda, müalicəsi ilə məşğul olur. Uzun illərdən sonra Ayna yenidən ortalığa çıxır. Ayna geri dönəndə artıq Elçinin oğlu tələbə idi və həyat yoldaşı dünyasını dəyişmişdi. Şəxsi həyatında baş verənlər  Elçinə ilk sevgisini unutdurmamışdı, hətta arvadının sağlığında da Elçin sevdiyi qadının məzarına hər ay çiçək aparır, onun şəkli ilə danışırdı. 

Sonda Aynanın geri dönüşü ilə Elçinin yeni ailəsi formalaşır. 

Əsər ilk baxışdan bir sevgi romanı olsa da, ənənəvi dram janrında yazılıb. Əsərdə açıq şəkildə olmasa da xeyirxahlıqla bədxahlığın əlaqələndirilməsi, həyat yolunu müəyyənləşdirən təsadüflər (əslində zərurətlər) insan taleyinin öz əlində olmaması həqiqətini bir daha təsdiqləyir.

 İztirab çəkən gənc qadın, məkrli ana, xoşbəxtliyini tapdığı anda itirən talesiz kişi və s. getdikcə daha boz və ümidsiz görünən zamanın acı reallığının təsviri olmaqla, həm də obrazların daxili dünyasının ziddiyyətli metaforasıdır.

Oxucunun hissləri ilə oynayan bu melodram, sevginin bütün dövrlərdə əsas olduğu mesajı ilə yanaşı, insana anlaşıqlı və nəsihətamiz əxlaq dərsləri də verir.

Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru


 

Baxış sayı : 222
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”