SOSİAL
A- A A+

Beynəlxalq terror: ikili standartlar fonunda genişlənən proses

2016-04-01 09:50:17

2016-cı ilin mart ayı müxtəlif ölkələrdə qanlı terror hadisələrinin baş verməsi ilə yadda qaldı

Türkiyədə və Avropada həyata keçirilən və yüzlərlə günahsız insanın həlak olmasına səbəb olan hadisələr beynəlxalq terrorla mübarizə məsələsini daha da aktuallaşdırdı. Mütəxəssislər terror aktlarının arxasında duran səbəblər haqqında fikir bildirir, problemin həlli üçün konseptual çıxış yolları barədə danışırlar. Belə aydın olur ki, terror şəbəkəsi Qərbdə geniş və dərin kök salıb. Bunun əsas səbəbi Avropa ölkələrinin illərdir yeritdiyi yanlış daxili və xarici siyasətdir. O cümlədən fərqli dini inanc sahiblərinin Qərb cəmiyyətlərinə inteqrasiyasında ciddi problemlər mövcuddur. Onlar arasında işsizlik səviyyəsi yüksəkdir. Bunlardan əlavə, psixoloji olaraq müsəlmanlar orada özlərini gərginlikdə hiss edirlər. Onlar süni ayrı-seçkiliyin hökm sürməsinə etirazlarını müxtəlif üsullarla bildirməyə məcburdurlar. İkili standartlar və islamofobiya bu kontekstdə daha çox narahatlıq yaradan məqamlardır. Lakin Avropa hələ də yol verdiyi səhvləri etiraf edib, obyektiv nəticələr çıxara bilmir.

XXI əsrin təhdidləri: terrorun sərt üzü

Beynəlxalq terror bəşəriyyət üçün ən böyük təhlükələrdən biridir. XXI əsrin başlanğıcından onun təsir gücü və dairəsi daha da artıb. Mütəxəssislər terrorun bu dərəcədə geniş yayılmasının səbəblərini izah etməyə çalışırlar. Xüsusilə Qərb ekspertləri müxtəlif versiyalar irəli sürürlər. Onlar konkret səbəblərdə fərqli mövqe tutsalar da, bir məqamda ortaq fikirdədirlər – beynəlxalq terror müasir dünyanın sosial-siyasi, mədəni, iqtisadi və geosiyasi faktorları ilə sıx bağlıdır. Bu mənada o, keçici deyil – həmin amillər qaldıqca, beynəlxalq terror da özünü göstərəcək. Bəs mütəxəssislər bu kontekstdə hansı məqamları vurğulayırlar?

Son zamanlar Fransada, Türkiyədə və Belçikada baş verən qanlı terror hadisələrini analiz edərək mütəxəssislər bir neçə faktorun üzərində dayanırlar. Onları ən çox məhz Avropada törədilən terror aktlarının səbəbləri maraqlandırır. Lakin, şübhəsiz ki, burada Türkiyədə həyata keçirilən qanlı aksiyaların səbəbləri də gizlənə bilər. "The Guardian" və "Le Figaro" nəşrləri mütəxəssislərin fikirlərini arqument kimi gətirərək vurğulayırlar ki, Qərb dövlətlərinin həyata keçirdikləri yanlış xarici siyasət və miqrantlara qarşı düzgün olmayan mövqe qitədə terror riskini artırıb (bax: məs., Emma Graham-Harrison. Why did the bombers target Belgium? / "Theguardian.com", 22 mart 2016; Christophe Cornevin. Attentats de Bruxelles: "Un pied de nez à la France et à la Belgique" / "Lefigaro.fr", 22 mart 2016).

Məsələnin kökü keçən əsrin 80-90-cı illərinə gedib çıxır. Həmin dövrdə Fransa və Belçikanı Yaxın Şərqdə yaranmış xaos fonunda terror dalğası bürümüşdü. Bir sıra mütəxəssis bu proseslərdə Əlcəzairdəki vətəndaş müharibəsinin də ciddi rol oynadığına əmindir. Məsələn, Ghent Universitetində terror üzrə ekspert kimi çalışan Rik Coolsaet məhz yuxarıda vurğulanan məqamları nəzərə alaraq deyir ki, "Fransa ilə Belçikada baş verən terror olayları arasında əlaqələrin çox uzun tarixçəsi vardır" (bax: Emma Graham-Harrison. Why did the bombers target Belgium? / "Theguardian.com", 22 mart 2016).

Beynəlxalq terrorun uzun müddətdir ki, yetişdiyini təsdiqləyən və "aysberq nəzəriyyəsi" adlanan yanaşma da meydana gəlib. Onlar da Avropada terrorun keçən əsrin 80-ci illərindən başlayaraq formalaşan şəbəkədən qaynaqlandığını iddia edirlər. Bu səbəbdən Fransa və Belçikada baş verən terror olaylarının birbaşa iştirakçılarının aysberqin yalnız görünən tərəfinin olduğu tezisini irəli sürürlər (bax: Natasha Bertrand. The Brussels attacks hint at a worrying 'iceberg' theory about terror networks in Europe / "Business Insider", 22 mart 2016).

Həmin mövqedə olan analitiklər son terror hadisələrinin Avropada radikal qruplaşmaların "dərin kök saldığını" təsdiqlədiyini vurğulayırlar. Terrorla mübarizə üzrə tanınmış mütəxəssis sayılan Ben Taub Brüssel terrorundan sonra "Twitter"də qısa yazıb: "Şəbəkə çox dərinə işləyib" (bax: əvvəlki mənbəyə). Bu fikri təsdiq edirmiş kimi hələ 2015-ci ildə William McCants yazırdı ki, "İŞİD müasir dünyada ən potensiallı terror qrupudur və o, Yaxın Şərqdən min kilometrlərlə uzaqda belə qara bayrağını dalğalandıra bilir" (bax: The ISIS Apocalypse: The History, Strategy, and Doomsday Vision of the Islamic State. New York: St. Martin's Press, 2015, 256 p.).

"Avropaya atılan əlcək": ədalət prinsipindən uzaqlaşanda

Bütün bunların yekunu olaraq ərəb və müsəlman dünyası üzrə mütəxəssis Mathieu Guidere Brüssel terrorunu "Avropa ictimaiyyətinə atılan əlcək" kimi qiymətləndirib. O hesab edir ki, İŞİD belə bir mesaj verib: "Siz bizim yalnız bir üzvümüzü həbs etmisiniz (söhbət Brüsseldə ələ keçirilən Paris terrorunun təşkilatçılarından biri olan Salah Abdeslamdan gedir – Newtimes.az), indi görün peşəkarlar necə işləyir" (bax: Christophe Cornevin. Attentats de Bruxelles: "Un pied de nez à la France et à la Belgique" / "Lefigaro.fr", 22 mart 2016).

Qərb analitik və mütəxəssislərinin son vaxtlar baş verən terror hadisələrinə olan münasibətinin yuxarıda vurğulanan məqamları geosiyasi aspektdə maraqlı qənaətlər əldə etməyə əsas verir. Burada bir sıra faktorları vurğulamağa ehtiyac duyuruq. Hər şeydən əvvəl, avropalılar hesab edirlər ki, beynəlxalq terrorun hədəfinə çevriliblər. Bu prosesdə əsas düşmən kimi İŞDİ-i və ona yaxın olan qrupları görürlər.

Qərb mütəxəssisləri "beynəlxalq terror" dedikdə, digər terror qruplarını, məsələn, erməni və məzhəb amilinə görə Yaxın Şərqdə terror aktları törədən təşkilatları dilə gətirmirlər. Bu məqam hələ də Avropanın problemə obyektiv və hərtərəfli yanaşmadığını göstərir. Onlar yalnız özlərini təhdid edə biləcək təhlükələr üzərində dayanmağa adət ediblər. Bu isə problemi kökündən həll etməyə heç zaman imkan verməz. Bəzi ekspertlər Belçikada radikal düşüncəli insanları təqib etmək üçün polis qüvvəsinin az olduğundan şikayətlənirlər. Lakin bu çox səthi və birtərəfli yanaşmadır. Onu Qərb analitiklərinin özlərinin terror haqqında fikirləri təkzib edir.

Məsələ ondan ibarətdir ki, Avropada artıq terror şəbəkəsinin qitədə geniş və dərin kök saldığına əmindirlər. Onların Yaxın Şərqdən gəlməsinə ehtiyac yoxdur. Özü də Avropada bu proses illərlə gedib. Bizcə, əsas sual məhz bu məqamdan qaynaqlanır. Yəni, nəyə görə müsəlmanlar Avropada doğulsalar da, yaşadıqları ölkələrə qarşı qəzəblidirlər?

Ekspertlər burada daha çox aşağıdakı səbəbləri göstərirlər: müsəlman azlığın yerli cəmiyyətlərə zəif inteqrasiyası, onlar arasında işsizlik səviyyəsinin yüksək olması, silahların sərbəst yayılması və siyasi qeyri-sabitlik (bax: Emma Graham-Harrison. Why did the bombers target Belgium? / "Theguardian.com", 22 mart 2016).

Belə çıxır ki, Avropada terrorun yayılmasının kökündə əsasən bu məkanda yerləşən ölkələrin yanlış daxili və xarici siyasəti dayanır. Xüsusilə Avropa İttifaqına üzv olan dövlətlər qərəzli və ikili standart xarakterli kurs həyata keçirirlər. Təsadüfi deyil ki, məhz bu quruma daxil olan ölkələrdən son illər İŞİD-ə daha çox qatılanlar olub. Statistik göstəricilərə görə, Belçika bu sahədə birinci yerdədir (2012-2014-cü illərdə bu ölkədən 500 nəfər İŞİD-ə qoşulub). Sonra Danimarka, İsveç, Fransa, Avstriya, Niderland, Finlandiya, Norveç və Almaniya gəlir (bax: əvvəlki mənbəyə).

Yuxarıda vurğulanan məqam kontekstində son terror hadisələri ilə bağlı Türkiyəyə Avropa ölkələrindən laqeyd münasibət göstərilməsi və orada baş verən terror hadisələrinin səbəbləri haqqında susqunluğun hökm sürməsi təsadüfi deyil. Hətta ABŞ Belçika hadisələrinə görə bayrağını 3 günlüyə yarıya qədər endirdi, lakin Ankara və İstanbuldakı terrora görə Vaşinqton sözdə başsağlığı verməkdən o yana keçmədi. Açıq görünür ki, Qərb dövlətləri xarici siyasətdə ikili yanaşmanın ən yüksək səviyyəsinə qalxıblar və ədalət hissini tamamilə itiriblər. Belə şəraitdə beynəlxalq terrora necə qalib gəlmək olar?

Digər tərəfdən, Qərb erməni və PKK terrorundan bir kəlmə belə kəsmir. Qərb dövlətləri sanki bunları unudublar. Əksinə, Brüsseldə terror qruplaşması kimi tanıdıqları təşkilatın tədbirlər keçirməsinə imkan yaradır, bunun üçün müxtəlif bəhanələr gətirirlər. Təbii ki, Allahın öz qanunu var və bumeranq prinsipi həmişə işləyir. Eyni məntiqlə Cənubi Qafqazda minlərlə dinc insanın qanını axıtmış erməni terroruna, onun Xocalıda törətdiyi vəhşiliklərə göz yuman Avropa vicdanının səsini belə eşitmək istəmir. Aİ-yə üzv bəzi ölkələrin rəhbərləri "biz dəyərlərimizdən dönməyəcəyik" deyə bağırırlar. Görünür, onlar tarixdən ibrət dərsi götürə bilmirlər.

Bütün bunların nəticəsi bütövlükdə dünya üçün faciəli ola bilər. Beynəlxalq terrora qarşı ayrı-seçkilik etmədən birləşmək gərəkdir. "Mənim terrorçum, sənin terrorçun" ayrılığına son qoyulmalıdır. Terrorla mübarizə, terrorçunun kimliyindən asılı olmayaraq, qətiyyətlə aparılmalıdır. Bu aspektdə Avropa ilə Asiya, Cənubla Şimal, Şərqlə Qərb, Amerika ilə Avrasiya birləşməlidir. Bizcə, başqa yol qalmayıb!

 

Newtimes.az


Kateqoriya : SOSİAL Baxış sayı : 873

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...