TƏDQİQATLAR
A- A A+

Qan rəngli güllər

2016-03-27 19:40:29

Pompey ordusu ilə Azərbaycan torpaqlarına soxulanda bəlkə də heç ağlına gəlməzdi ki, basılmaz, cəngavər bir ordu ilə rastlaşacaq

Ölkənin şimalından içərilərinə doğru irəliləmək istərkən Bazardüzü və Şahdağın ətəklərində keçilməz bir sədlə üz-üzə gələcək. Görünür, Vətənimizin coğrafi mövqeyindən, xalqımızın igidliyindən xəbərsiz olub. Alazan çayının sahillərində qorxmaz oğullarımızla bərabər, dəyanətli qızlarımızı görəndə isə ordu başçısı hisslərini gizlədə bilməyib. Döyüşkən cəsur qızlarımızı “alazonlar” adlandırıb. Bəlkə də “cəngavər qadın” mənasını verən amazonlar, elə qədim Azərbaycan qızları - alazonlardır. Bəlkə də...
Keçən əsrin sonlarında  gözəlliklər diyarı olan Bülbül nəvalı, Xan sədalı, Səxavət haraylı Qarabağda baş qaldıran erməni qiyamını yatırmaq üçün Burla Xatun misallı, Tomiris qeyrətli qızlarımız silaha sarılaraq döyüş meydanına atıldılar. Belə bir dəhşətli, qan qoxulu gündə kimisi qələmini süngüyə çevirib informasiya savaşına qalxdı, kimisi yenicə yaranmaqda olan əliyalın ordumuzun silah-sursatla təmin olunmasında lazımi tədbirlər gördü, kimisi aptek çantasını çiyninə aşırıb cəbhə boyu  düşmənə qan udduran  azman oğullarımıza  tibbi yardım   göstərdi, kimisi...   

Gültəkin Məlik qızı Əsgərova da onların sırasında idi. Gültəkin Bakıda göz açmışdı dünyaya. Nərimanovdakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdu. Axı hələ orta məktəbdə oxuduğu illərdə  dəfələrlə riyaziyyat, fizika, kimya  fənni üzrə keçirilən  olimpiada yarışlarının qalibi idi. Ali təhsil ocağına ayaq basandan sanki qanad açıb uçurdu Gültəkin. Arzularının dalınca atdığı uğurlu addım, zamanın bəxş edəcəyi ənginliklərin qoynuna alıb qurduğu xəyalların dalınca aparırdı onu. Necə də xoşbəxt idi onda. Fərəhindən yerə-göyə sığmırdı. İstəklərinin çiçək açan vədəsi idi.

Artıq Daxili İşlər Nazirliyinin hərbi hissəsində böyük tibb bacısı işləyirdi. Qarşıda onu çətin olduğu qədər fərəhli, fərəhli olduğu qədər dəhşətli günlər gözləyirdi. Ancaq onlardan xəbəri vardımı?! Bir qədər sonra 8-ci Təcili  Yardım Stansiyasında, daha sonra isə Uroloji xəstəxanada tibbi fəaliyyətini davam etdirdi Gültəkin. Bütün kollektivin hörmətini qazanmışdı səmimiliyi,  işgüzarlığı ilə...
Gültəkin şəfqət bacısı idi. Onun şəfalı əlləri neçələrinə sağlam həyat bəxş eləmiş, neçələrini ölümün cəngindən qurtarmışdı. Onun Ay çöhrəsi də bir məlhəm idi xəstələrə. Baxışında bir şəfakarlıq vardı. Şirin Bakı ləhcəsi ilə hər kəsin qəlbini ovsunlayır,  insanlığa xas olan bütün müsbət cəhətlər onun nurlu çöhrəsini bir qədər də işıqlandırırdı sanki. Qəlbində arzu pöhrələrini sevinc iltifatı ilə suvaran vaxtı idi. Xoşbəxtliyin qanadlarında zirvələrdə çırpınan məqamlarda zalımın zülüm dəyənəyi Demokl qılıncı kimi başımızın üstünü aldı.

Dəhşətli, vahiməli gecə idi. Sovet İmperiyasının Bakıya yeritdiyi olduqca böyük və yetərincə silahlanmış ordu (böyük əksəriyyəti ermənilərdən ibarət idi) silahsız azadlıq mücahidlərinə dərs vermək üçün gəlmişdi. 71 il xidmətində durduğumuz imperiyanın bu qədər dağıdıcı və qəddar olacağına heç kəsin şübhəsi yox idi. Nə yazıqlar olsun ki, o gecə şübhələr özünü doğrultmadı. Tankların ətürpədən nərəsi, avtomat və pulemyotların qopardığı haray,  fəryad, ah-nalə yarımürgülü şəhərin yuxusuna haram qatmaqla bərabər, özü ilə ölüm gətirdi, neft səltənətini qırmızı rəngə boyadı o gecə.  O gecə işıqlar da yanmırdı, şəhər də gecə rəngində idi.

  -Deyəsən, Sovetin bayrağına bürünmüsən?!-deyə, həkimlərdən biri Gültəkinə sarı çevrildi. Gültəkin yalnız indi hiss elədi ki, yaralı daşımaqdan cırıq-cırıq olan ağ xalat həqiqətən qan rəngli sovet bayrağına oxşayır. O gecə nələri yaşamadı Gültəkin. O 20 yanvar gecəsi neçələrinə qan, neçələrinə can verib həyata qaytarmadı.

 Az kecmədi ki, o müdhiş gecənin davamı olaraq Dədə yurdumuz Qarabağda yeni bir müharibə ocağı çatdılar. Ər igidlərimiz də cavab tədbirləri görməkdə idi. Xalq ayağa qalxmışdı, düşmənin burnunu ovmaq üçün məqam gözləyirdilər. Gültəkin cərəyan edən hadisələrdən xəbərdar olduğu üçün bir məktub yazdı anasına, altı yaşlı qızını da ona ismarladı:

-“Ana, dünən gecə yuxuda Qarabağı gördüm. Əsrarəngiz gözəlliyi, füsunkar təbiəti, quşların cəh-cəhi, bulaqların zümzüməsi məni valeh etdi. Əyilib bulaqdan su içdim, ruhumu titrətdi. İlahi, görəsən bu gözəllikdən indiyə qədər niyə xəbərsiz olmuşam-deyə, özümü danladım. Bu gözəllik uğrunda vuruşmağa, hətta ölməyə dəyər. Ana, özündən muğayat ol, bir də qızımın əmanəti.  Mən Qarabağa gedirəm. Sizi əvvəlcədən  xəbərdar etmədiyim üçün məni bağışlayın.”

Gültəkin məktubu  tamamlayıb masanın üstünə qoydu və birbaşa ən qaynar nöqtə olan Şuşaya-Turşsuya yollandı.

Gültəkin bir əlinə tibbi ləvazimat, o biri əlinə isə avtomat almışdı. Gah yaralıları təhlükəsiz yerə daşıyaraq onlara məlhəm qoyur, gah da silah gücünə quldurları susdurmağa çalışırdı. O, qorxu nə olduğunu bilmirdi. Döyüş yoldaşları onu geriyə- səyyari hospitala göndərməyə çalışsalar da,  cəsarətli el qızı qorxmazlığı ilə  ölümə meydan oxudu. Neçə dəfə yaralandı. Aldığı yaraları da elə səngərdəcə müalicə etdi. Bir addım da olsun geri çəkilmədi.

Şuşanın işğalı hər kəsi sarsıtmışdı. Silahlı dəstələr pərakəndə halda Laçın, Kəlbəcər, Qubadlı istiqamətinə çəkilmişdilər. Gültəkin də həmin dəstələrin tərkibində Qubadlıda gedən döyüşlərə qoşuldu. Cəngavər el qızı ən qaynar nöqtələrdə yaralıların dadına çatır, onları ölümün cəngindən qurtarırdı. Az keçmədi ki, Qubadlını da itirdik. Bu arada Ağdamın Naxçıvanik və Aranzəmin kəndləri düşmənin aramsız hücumlarına məruz qalırdı. Bu səbəbdən Gültəkin həmin kəndlərdə vuruşmağı qərara aldı. Həmişə olduğu kimi silahdaşları onu yenə də ön xətdən geri çəkməyə çalışdılar. Ancaq Gültəkinin qətiyyəti və inadkarlığı onları susmağa məcbur etdi.

Döyüş getdikcə qızışır, ölüm-dirim savaşı gedirdi. Hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi.  Düşmənin artilleriyası heç də susmaq bilmir, topun, pulemyotun əks-sədası qayalarda dalğalanırdı. Əhval-ruhiyyə də qat-qat yüksək idi. Gültəkin səngər seçdiyi qayanın düşmənə tərəf olan hissəsindəki yaralını sürüyərək təhlükəsiz yerə yenicə çatdırmışdı ki, ətrafa düşən topun qəlpələri toz-dumanla birlikdə onların başına səpələndi. Ancaq Gültəkin öz işini vaxtında sona çatdırmaq üçün heç fərqinə də varmadı. Yaranı sarıyıb avtomatı götürmək istəyirdi ki, daha qorxunc bir səs  sanki aləmi zülmətə bürüdü.

 Onun sinəsindən qan axır, nəfəsi güclə sezilirdi. O çətinliklə də olsa, güc toplayıb həsrətində olduğu uca dağlara, gün düşməyən meşələrə və al-yaşıl çəmənlərə boylana bildi. Məhz həmin an qəhərdən özünü güclə saxladı. Hansı ki, bayaqdan bəri  ağrılar içində həyatla vidalaşarkən nə fəryad qoparmışdı, nə də ağrılarını büruzə vermişdi. Onun çəkdiyi həsrət yuxusunda gördüyü büllur bulaqlar, əlçatmaz dağlar idi. Onu da doyunca görə bilmədən vidalaşırdı.

 ...günəş  yavaş-yavaş qüruba çəkilirdi.

O gün namərd gülləsi Gültəkinin həyatına son qoydu. Qəlbi Vətən eşqiylə alışıb-yanan bir qeyrət mücəssəməsinin qanı Qarabağ torpağına qarışdı. Bəlkə də indi orada açan güllər elə qan rəngindədi.  Bəlkə də axar suların ruhuna hopan Gültəkin sevgisi, Gültəkin vətənpərvərliyi, Gültəkin harayı hələ də dərələrdə əks-səda verir. Bəlkə də çiçəklər də, torpaq da qan qoxuyur. Bəli, o qan rəngli yerdə bir qayalıq vardı; əlçatmaz, uca, sıldırım. Gültəkinin ömrünə orada nöqtə qoyulduğu üçün hamı “Gültəkin qayası” deyirdi o yerə. Əfsuslar olsun ki, nə o qayanı, nə də o kəndləri qoruya  bildik.

Qorxmazlığı və cəsarətiylə ölümsüz bir həyat yaşadı Gültəkiın Əsgərova. Göstərdiyi igidliklər onu “Azərbaycanın Milli Qəhrəmanı” səviyyəsinə qaldırdı. Oxuduğu 200 saylı orta məktəb və Xəzərdə üzən gəmilərdən biri şəhid qəhrəmanımızın adını daşıyır. Nərimanov rayonunda isə büstü qoyulub. Beləcə, qısa, lakin mənalı ömür yaşadı Gültəkin. Elə bir ömür ki, ibrət götürüləsi, nümunə olası...
Ötərxan Eltac

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1099

QHT və MEDİA

2019-07-17 17:25:02

QHT və MEDİA
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...
Demokratik Cəmiyyət və Qadın Hüquqlarını...

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdaf...

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...