2022-04-05 08:10:26 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistanın aprel avantürası: 6 illik zaman kəsiyindən baxış

2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların “məğlubedilməzliyi” haqqında mifin bir neçə gün ərzində Azərbaycanın şanlı Ordusunun əks-həmləsi ilə darmadağın edilməsinə gətirib çıxardı.

Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrinin hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü təmin edildi. Bu, bir həqiqətdir ki, Azərbaycan Ordusu dünyada ən güclü 50 ordusu sırasındadır. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşıb. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib: “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Bu məntiqlə də 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı.

Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Ordumuzun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik Ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi Prezident İlham Əliyevin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi.

Bu təxribatın səbəbləri də bəllidir. Prezident İlham Əliyev Aprel döyüşlərindən 4 gün sonra - 2016-cı il aprelin 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında silahlı təxribatı şərtləndirən amillərə toxunaraq qeyd edib: “Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”. Prezidentin qeyd etdiyi kimi, Ermənistan işğalçı dövlət olaraq münaqişənin daimi olaraq davam etməsində, status-kvo vəziyyətinin qorunub saxlanmasında maraqlı idi. İşğalçı dövlət münaqişənin həllində müsbət tendensiyaların işartısını gördükdə belə bütün qüvvələrini səfərbər edir və həmin prosesin qarşısını alırdı. Bu məqsədlə arsenalında olan bütün ənənəvi təxribat üsullarından istifadə edir, bir çox hallarda hərbi avantüraya əl atırdı.

Fikrimizi əsaslandıraq: Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilən IV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ Prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES vardır. Bu dəvət ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlı idi. Dövlətimizə olan böyük etimaddan qaynaqlanırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerri və vitse-prezident Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdı. Düşmən ölkə Cozef Baydenin artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngü ilə qarşılamışdı. Burada heç bir halda Ermənistanın daim əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söhbət getmirdi. Onu da xüsusi olaraq qeyd edək, əslində, ABŞ-ın vitse-prezidentinin bu mövqeyi elə Prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir.

ABŞ Konstitusiyasına görə, vitse-prezidentin həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma həm də ABŞ-ın ali qanunverici hakimiyyətinin mövqeyi anlamındadır. Bu hadisə Ermənistanda günün günorta çağı şimşək effekti yaratdı. Rəsmi İrəvan bu vəziyyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatlanaraq növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı. Əslində, ermənilər yalnız milli Ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Nəticədə dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi.

Bu vəziyyətdə qəhrəman Azərbaycan Ordusunun əks-həmləsi artıq labüd idi. Nəticəsi isə hamıya bəllidir. Bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik üzərində milli bayrağımız dalğalanmağa başladı. Düşmən böyük itkilər vermiş, çoxsaylı hərbi texnikası məhv edilmişdi. Ordusunda mənəvi düşkünlük və fərarilik kəskin şəkildə artmış oldu. Təkcə təmas xətində deyil, Xankəndi, Şuşa və digər Azərbaycan ərazilərində yaşayan erməni əhalisi də kütləvi köç etməyə başladı. Bu proses əvvəllər də var idi. Lakin Azərbaycan Ordusunun rəşadəti sayəsində bu proses daha sürətli xarakter aldı.

Ermənistanın son hərbi təxribatı və ona Azərbaycan ordusunun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir. Çoxsaylı nəticələr sırasında 3-ü üzərində xüsusi olaraq dayanmaq istəyirəm.

Birinci nəticə: Həmin dövrdə baş verən bir sıra hadisə və proseslərə real zaman rejimində istinad etməklə mövqeyimizi əsaslandıraq. Ermənistan ordusunun və qondarma “Dağlıq Qarabağ Respublikası silahlı qüvvələri”nin kifayət qədər güclü olması, ən müasir silahlarla təchizatı və əsgər-zabit heyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mif sabun köpüyü kimi dağıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahlarından istifadə etdiyi həqiqəti bəlli oldu. Ermənistanın Baş naziri Ovik Obramyanın İrəvana səfər etmiş Rusiyanın Baş naziri Dmitri Medvedevə 200 milyon dollar kredit üzrə silah-sursatın verilməsinin hələ də Moskva tərəfindən yubadıldığını xatırlatması və bu məsələdə köməklik göstərilməsini az qala yalvararaq xahiş etməsi yuxarıda söylənən fikirlərin düzgünlüyünü təsdiqləyir.

Bundan savayı, Ermənistan prezidenti Serj Sarkisyan Almaniyada səfərdə olarkən iki hadisənin onu üzdüyünü dilə gətirməkdən çəkinməmişdir. Birincisi, Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunubdur. İkincisi, müttəfiqləri olan Rusiya Azərbaycana müasir silah-sursat satır. Əli Xocalıda dinc, günahsız soydaşlarımızın qanına bulaşmış “Serj Sarkisyanı heç vaxt bu qədər bədbin və inamsız görməmişdik” fikri də erməni ekspertlərinə məxsusdur.

İkinci nəticə: Beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar əsasən Azərbaycanın haqq işini müdafiə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin...qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik”.

Hətta iş o yerə gəlib çatdı ki, Ermənistanın Xarici İşlər Nazirliyi beynəlxalq qinaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə Ermənistanın hər zaman istinad edərək Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ayrı-ayrı üzvlərinin davranışı rəsmi İrəvanın “yuxusuna haram qatdı”. Qazaxıstan və Belarusun Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə etməsini böyük məmnunluq hissi ilə qeyd edirik. Türkiyə hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın yanında oldu. Dövlətlərimizin qardaş, dost, strateji müttəfiq olması həqiqəti növbəti dəfə tarixin sınağından çıxdı. Ermənistan mətbuatı və ziyalıları isə ölkələrinin təkləndiyini, müttəfiqsiz qaldığını acı etiraf olaraq səsləndirməkdə davam edirdilər.

Üçüncü nəticə: 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə endirə bilməsi bir sıra amillərlə bağlıdır. Xüsusi olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğuna prioritet sahə kimi yanaşması və bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilmişdir. Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilmişdir. Ölkə büdcəsində hərbi xərclər birinci mövqedədir. Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün qoşun növləri arasında unikal koordinasiya mövcuddur. Ən başlıcası isə, hakimiyyət və xalq arasında monolit birlik vardır.

Xalq Prezidentini sevir, Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Bütün bunlar Ermənistanda yoxdur. Ermənistan iqtidarının sosial bazası çoxdan tükənmişdi. Erməni xalqı Sarkisyan rejiminə nifrət edir və öz övladlarını bu rejimin müdafiəsi naminə müharibəyə göndərmək istəmirdi. Elə bu səbəbdən də Ermənistanda yeni müxalifət düşərgəsi - “Əsgər anaları hərəkatı” formalaşmışdı. Ermənistan ordusunun “aprel itkiləri” fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmış oldu. Bu reallıqlar işğalçı Ermənistan üçün dərs olmalı idi. Əks halda, Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyirdi. Elə belə də oldu.

Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və nadir əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı. Bu, faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə verilmədən işğaldan azad olundu.

8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı var - Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz Ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident-Ordu- Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir. Bu tarixi Zəfəri ilə Prezident İlham Əliyev adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyət nəticəsində Ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır.

Eyni zamanda, onu da vurğulayaq ki, tarixi Qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda, ilk növbədə, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər.

Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar. Hər zaman olduğu kimi, qeyd edilən mürəkkəb məsələlərin həllində də milli birliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi tarixi zərurətə çevrilmişdir. Bu dəmir məntiqdən çıxış edərək son 19 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və xüsusilə də pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu, zamanın çağırışıdır!

Milli Məclisin deputatı,

professor Elman Nəsirov

Baxış sayı : 328
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir