MƏDƏNİ
A- A A+

Mirzə Qədim İrəvanının yaradıcılığı

2015-04-14 09:45:29

Qədim tarixə malik olan miniatür

Qədim tarixə malik olan miniatür üslubunun inkişafında XVII əsrin əvvəllərindən başlayaraq müşahidə olunan müəyyən sönüklük müxtəlif səbəblərlə yanaşı, həm də təsviri sənətə yeni bədii meyllərin gəlişi ilə bağlı olmuşdur.

Azərbaycan təsviri sənətində ilkin təzahürlərini XVIII əsrdən başlayaraq göstərməyə başlayan “Qacar üslub”u əslində Ağa Məhəmməd şah Qacarın hakimiyyəti dövründə bir-çox sənətkarların Avropada təhsil almaları ilə əlaqəli idi. Özündə həm Avropa, həm də Şərq rəssamlığı ənənələrini birləşdirən və əsasən kətan üzərində icra olunan bu üslub ölkədə hələ də miniatür əsərlərinin yaradılmasına baxmayaraq geniş yayılmağa başlamışdı. Bizim dövrümüzə gəlib çatmış müxtəlif azərbaycanlı rəssamların əsərləri doğrudan da bu üslub qovğağından yaranan tabloların özünəməxsus bədii dəyərə malik olduğunu təsdiqləyir. Həmin sənət əsərlərinin müəllifləri arasında yaradıcılığında Qərb və Şərq bədii ənənələrinin sintezini əks etdirən Mirzə Qədim İrəvani (1825-1875) özünəməxsus dəst-xətti ilə seçilmişdir. Müxtəlif janrlarda kətan və kağız üzərində yaratdığı əsərlərdə onun öz dövrü üçün yeni sayıla biləcək gözəllik duyumunun ən yaxşı xüsusiyyətlərini görmək mümkündür...

Tanışlıq üçün deyək ki, Mirzə Qədim 1825-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvan şəhərində sənətkar ailəsində anadan olmuşdur. Bəy nəslindən olan atası Hacı Məhəmməd Hüseyn öz dövrünün çox məşhur ağacoyma ustalarından olub. Elə balaca Qədimin rəssamlığa olan meylinin kökündə də onun göz açdığı vaxtdan evlərində atasının yaratdığı sənət möcüzələri ilə üz-üzə qalmasının durduğunu söyləmək olar. Qədimin uşaqlıq illərində çəkdiyi rəsmlər onun böyük istedadından xəbər verirdi. Bunu atası da, yaxın qohumları da yaxşı görürdülər. Başqa sözlə desək, onun zamanında böyüdükcə atasının yolunun davamçısı ola biləcəyini təsdiqləyəcək istedadı göz qabağında idi. Ancaq sənətə bu qədər böyük sevgisi olan Mirzə Qədimin sonradan professional təhsil almaması indiyə qədər də sual doğuran məsələlərdəndir. Belə ki, vaxtı çatanda atası İrəvanda ibtidai təhsil almış oğlunu Tiflis gimnaziyasına başqa bir peşəyə yiyələnmək üçün göndərir və o, təhsilini bitirəndən sonra doğma İrəvana qayıdaraq ömrünün axırına kimi şəhərdəki poçtda teleqrafçı işləmişdir.

Taleyinə 50 il ömür sürmək yazılmış M.Q.İrəvaninin adını bu gün Azərbaycan incəsənəti tarixində yaşadan təbii ki, onun yaşının nə qədər olması deyil. Heç şübhəsiz adi poçt məmuruna bu ölməzliyi qazandıran həmin yarım əsrin azlığı və yaxud çoxluğu olmayıb, onun bu müddətdə sənətlə bağlı olması, ecazkar bədii nümunələr yaratmasıdır. Rəssamın onun qalanlarla qalmasını təmin edən bədii yaradıcılığı - ərsəyə gətirdiyi portretlər və divar rəsmlərin bu gün öz xalqına başucalığı və qürur bəxş etməsi isə yəqin ki, həyatdakı ən böyük mənəvi qazancıdır. Varlığında kollej asessoru (çar Rusiyasında mülki rütbə) və rəssam taleyini birləşdirən M.Q.İrəvaninin onların hər ikisinə münasibəti demək olar ki, doğma - bərabər olub. Onun əsərlərini vaxtaşırı “Mirzə Qədim İrəvani” və “Qədim bəy”, bəzən də “kollej asessoru” kimi imzalaması da bunun əyani görüntüsüdür...

O, təsviri sənətin bir çox sahələrində , o cümlədən monumental rəngkarlıq və qrafika sahələrində fəaliyyət göstərmişdir. Onun bir o qədər də çox olmayan bədii irsində portret və ornamental kompozisiyalar geniş yer tutur. Rəssamın kağız, parça, dəri və şüşə üzərində işlənmiş əsərləri bu gün Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində, Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sant-Peterburqda Dövlət Ermitajında nümayiş etdirilir.

Tədqiqatçılar Mirzə Qədimin yaradıcılığını xronoloji olaraq üç mərhələyə bölürlər. 1840-cı ildən 1850-ci ilə qədərki dövr birinciyə aiddir. Bu illərdə onun daha çox insan təsvirləri ilə əlaqəsi olmayan yaradıcılıq işlərilə məşğul olması həm də onun gündən-günə, aydan-aya cilalanan istedadının tətbiqi sənət ustası olan atasından öyrəndiyi bədii-texniki vərdişləri başqalarına nümayiş etdirməyinin ifadəsidir. Onun divar tərtibatı və milli tikmələr (“təkəlduz” və “güləbatın”) üçün tərtib etdiyi orijinal çeşni - eskizlər, hazırladığı trafaret-qəliblər də bunu təsdiqləyir. Gözoxşayan milli naxışlardan ibarət belə çeşnilərin əksəriyyətini simmetriya əsasında qurulmuş, nəbatat və yaxud heyvanat aləmindən götürülmüş motivlər təşkil edir. Canlılar aləmindən götürülmüş motivlər arasında bülbül, qaranquş, tovuz quşu, nəbati ornamentlərdə isə ot kolu, qızılgül və nar gülü əsas yer tutur. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan və qızılgül şaxəsi üzərində oturan bülbülü təsvir edən rəsm bədii dəyərinə görə xüsusi maraq kəsb edir.

Onun yaradıcılığının ilkin mərhələsinə aid edilən əsərlər arasında onun şüşə üzərində ərsəyə gətirdiyi təsvirlər də mövcuddur. Onlardan ikisi bu gün Bakı muzeyinin kolleksiyasındadır. “Rəqqasə” və “Dərviş” adlanan bu kiçik ölçülü əsərlər yağlı boya ilə çəkilmişdir. Yaşıl fon-yerlikdə milli geyimdə qavalla rəqs edən qadının təsviri gənc Mirzə Qədimin artıq gələcək uğurlarının astanasında olduğunu göstərir.

Rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da ermənilərin 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildikləri nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakı muzeyində saxlanılır. Onları zamanında muzeyə rəssamın yaxın qohumları təqdim ediblər.

Onun bədii irsində yağlı boya ilə çəkilmiş əsərlər də xüsusi yer tutur. Elə rəssamın yaradıcılığının ikinci mərhələsini də bilavasitə həmin işlər təşkil edir. Bu işlər vaxtilə İrəvan xanlığının iqamətgahı kimi inşa edilən Sərdar sarayını (XVIII əsr) bəzəyirmiş. Zəngin xarici və daxili tərtibata malik olan bu sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslub”unda çəkilmiş portretlər bəzəyirdi. Buradakı portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm – Zal) o dövrdə 25 yaşı olmasına baxmayaraq məşhur rəssam kimi tanınan Mirzə Qədim çəkmişdi. Yeri gəlmişkən deyək ki, öz dövrü üçün duyulası dərəcədə ciddi bir sifarişin ona həvalə olunması ilk növbədə onun istedadına olan inamın göstəricisi idi. Qeyd edək ki, o, bu işləri 1850-ci ildə sarayın bərpa işləri ona tapşırılarkən yerinə yetirmişdir. Başqa sözlə desək, rəssam burada əvvəllər işlənmiş divar bəzəklərini bərpa etməklə, kətan üzərində yağlı boya ilə sarayın daxili tərtibatına daxil ediləcək yeni portretlər də çəkmişdi. Tarixi sənədlərə əsasən demək olar ki, saray XX əsrin əvvəllərində erməni millətçiləri-daşnaklar tərəfindən dağıdıldığı zaman Mirzə Qədimin işlədiyi iriölçülü (200x100 sm) portretlər divardan çıxarılıb Tiflisə aparılmışdır. Hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanan “Sərkərdə” və “Fətəli şah” əsərləri rəssamın Sərdar sarayı üçün işlədiyi portretlərdəndir...

O, xüsusi rəssamlıq təhsili almasa da, görünür Tiflisdə oxuyarkən burada dünyəvi-müasir tədris proqramı çərçivəsində təsviri sənətin ilkin vərdişlərinə yiyələnməsi, ona burada qazandıqlarını və atasının tövsiyyələrini əski milli dəyərlər – miniatürlər və el sənəti nümunələri ilə qovuşdurmağa, özünəməxsus üslubunu – dəst-xəttini müəyyənləşdirməyə imkan vermişdir. Doğrudan da M.Q.İrəvaninin yaratdıqlarını özündən əvvəl mövcud olanların – nə “Qacar üslubu”nun, nə də real - gerçəkçi sənət ənənələrinin birbaşa görüntüsü saymaq olmaz. Amma onun yaratdıqlarında hər iki ilhamverici mənəvi qaynağın təsiri olsa da, bütünlükdə onların çox fərqli biçimdə təfsiri-interpretasiyası duyulur. Ədalət naminə demək lazımdır ki. M.Q.İrəvaninin obrazları bütün mənalarda həm Azərbaycan, həm dünya rəssamlığında gördüyümüz bədii şərhlərdən çox fərqlənir. Bunları həm də milli təsviri sənətimizdə gerçəkləşməyə başlayan dəzgah rəssamlığı formalarının ilk görüntüləri hesab etmək mümkündür. Onun ərsəyə gətirdiyi portret-kompozisiyalarda bədii şərh özünəməxsusluğunun qabarıq ifadəsi obrazların real, onlar üçün fon - yerlik rolunu oynayan məkanın şərti-dekorativ biçimdə təqdim olunmasındadır. Bu vaxta qədər rast gəlinməyən bu cür ifadənin təsirli olmasına yardımçı olan bədii məziyyət rəssamın obrazların yerə yaxın hissələrini əhatələyən sahənin rəng və naxış örtüyündəki əlvanlığı bütünlükdə qoruyub saxlaması, onu şərti təqdim etməsi, onların çöhrələrinin “qonşuluğundakı” yaxın sahələrin rəng tutumunu isə “zəiflətməklə”, obrazların çeşidli yaşantılarını tamaşaçı üçün daha cəlbedici və qabarıq olmasına nail olmasıdır. Bunu onun daha çox sulu boya ilə işlədiyi portretlərdə müşahidə etmək mümkündür. Etiraf etmək lazımdır ki, rəssamın bir-neçə seansa gerçəkləşdirdiyi portretlərdə rənglərin təravətli olmasına yetişməsi, bununla da sulu boyanın ali ifadə keyfiyyətini qoruyub saxlaması heç şübhəsiz Mirzə Qədimin yüksək sənətkarlığının göstəricisidir. Özündə Şərq və Qərb rəssamlığının bədii xüsusiyyətlərini yaşadan “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın”, “Fətəli şahın portreti” və s. əsərləri bu qəbildəndir. Bu portretlərin çox önəmli və Azərbaycan təsviri sənəti üçün yeni olan bədii-estetik xüsusiyyəti onlarda insan psixologiyasının yaddaqalan ifadəsinə nail olunmasıdır. Bunu rəssamın müxtəlif yaşlı insanların çöhrələrinə verə bildiyi fərdi cizgilərdə duymaq mümkündür. Duyulası bədii kamilliyi ilə seçilən bu əsərlər Mirzə Qədimin çox da uzun sürməyən bədii yaradıcılığının elə son – üçüncü mərhələsini təşkil edir.

Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixinin səhifələrini bəzəyən müxtəlif rəssam adlarının demək olar ki, hər biri özündə bir-birindən çox fərqli sənətkar dünyasını ifadə edir, əldə etdikləri bədii-estetik məziyyətləri daşıyır. Başqa sözlə desək, sənətkarlar tərəfindən ifadə olunan bu dəyərlər, həm də onların təmsil etdikləri xalqın dünyaya baxışının və gözəllik duyumunun estetik tutumlu ifadəsidir. Elə düşünürük ki, Mirzə Qədim İrəvaninin yaratdıqları da bu mənada bu gün hər birimizə qürur bəxş edən və dəyər baxımından ölçüyəgəlməz qiymətə malik incəsənət xəzinəmizin ən yaddaqalan incilərindəndir. Elə bu səbəbdən də onun adı və xatirəsi vəfatından yüz qırx ilə yaxın bir vaxt keçsə də hər birimizə doğma və əziz olaraq qalmaqdadır...

Ziyadxan Əliyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 2228

QHT və MEDİA

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

2019-10-16 16:20:39

QHT və MEDİA
Müstəqil dövlətin azad övladları
Müstəqil dövlətin azad övladları

15.10.2019-cu il tarixində Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azər...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...