2022-02-02 08:20:30 | TƏDQİQATLAR-ANALITIKA
Əbədi müəllim ömrü

Azərbaycan ədəbiyyatşünaslıq elminin son yarım əsrlik dövrünü görkəmli alim, əvəzsiz şəxsiyyət Bəxtiyar Məmmədzadənin elmi yaradıcılığını, pedaqoji fəaliyyətini düşünmədən təsəvvür etmək çox çətindir.

Uzun illər Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi olmuş Bəxtiyar Məmmədzadə (1947-2010) 1979-cu ildə "Nəcəf bəy Vəzirovun komediyalarında sənətkarlıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1980-ci ildən baş müəllim, 1984-cü ildən ömrünün sonuna kimi dosent vəzifəsində çalışıb, 1994-cü ildən vəfatına qədər Bakı Asiya Universitetinin şərqşünaslıq və filologiya fakültəsinin dekanı olub. Ustad alim bu müddət ərzində XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, mətnşünaslıq və əruzun nəzəri əsasları fənlərini yüksək səviyyədə tədris edib. Bu sahədəki xidmətlərinə görə Təhsil Nazirliyi və BDU tərəfindən Fəxri fərmanlarla təltif olunub. Akademik Nizami Cəfərov mərhum həmkarı haqqında "Alim... Müəllim... və İnsan..." adlı yazısında Bəxtiyar müəllimi böyük ziyalı kimi təqdim edərək yazır: "...Onun bir xidməti də yaxşı tələbələr yetişdirməsi, xüsusi kurslarda, seminarlarda istedadlı uşaqları fərqləndirib onlara ayrıca məsləhət verməsi, qayğı göstərməsi idi. Elə bir vəzifə mövqeyi olmasa da, universitetin mövqeli insanları onun rəyi ilə hesablaşırdılar. Odur ki, Bəxtiyar müəllimin etimadını qazanmış tələbənin qarşısında müəyyən perspektivlər açılırdı. Çünki hər kəs bilirdi ki, Bəxtiyar Məmmədzadə obyektiv adamdır, istedadsız tələbəni, lap övladı da olsa, tərifləyən deyil".

Həyatım boyu dərs aldığım yüzlərlə müəllim içərisində Bəxtiyar Məmmədzadə özünün həm elmi-pedaqoji səviyyəsi, həm də şəxsi keyfiyyətlərinə görə, parlaq obrazı ilə daima seçilib. Professor İfrat Əliyeva "Dünyadan bir gözəl insan getdi" adlı xatirəsində Bəxtiyar Məmmədzadə ömründən, onun elmi fəaliyyətindən söz açır, onun bir insan kimi hələ sağlığında ölməzlik zirvəsinə yüksəldiyini, böyük hörmət-izzət sahibi olması, səmimiyyəti, daxili mədəniyyəti, ziyalılığı, intellektual səviyyəsi ilə fərqləndiyini vurğulayır. İ.Əliyeva B.Məmmədzadənin mehriban, xeyirxah, təvazökar, nəfsitox, millətini, soy-kökünü, dilini sevən bir şəxsiyyət olduğunu, klassik ədəbiyyatı dərindən bildiyini, savadını, təcrübəsini təmənnasız olaraq başqalarıyla bölüşdüyünü, bir pedaqoq kimi tələbələrin sevimlisinə çevrildiyini hərarətlə qeyd edir: "Onun tərtib etdiyi fənn proqramları Azərbaycan ədəbiyyatşünaslığının öyrənilməsi sahəsində çox qiymətli vəsait olmaqla Bəxtiyar müəllimin çox zəngin və təcrübəli bir pedaqoq kimi peşəkarlığını aşkara çıxarır".

Ustad alimimiz elmi-pedaqoji mühit və tələbələr üçün sadəcə Bəxtiyar Müəllim idi. İlk kitabımı ona verəndə belə bir avtoqraf yazmışdım: "Bəxtiyar tələbələrin bəxtinə düşən Bəxtiyar müəllimə". Hər dəfə Bəxtiyar müəllimə kitab verəndə nəsə yeni bir söz yazmaq istəyirdim, amma hər dəfə qələmimə eyni sözlər gəlirdi: "Ən sevimli müəllimim Bəxtiyar Məmmədzadəyə". Bəzən söz düşəndə müəllimlərim içərisində qibtə ilə, hətta paxıllıqla gileylənənlər də olurdu buna görə. Amma onları qınamıram, axı, Bəxtiyar müəllimin içindəki aləmi görmək üçün adi göz kifayət deyildi. Professor Cəlil Nağıyev "Özəl insan, böyük ziyalı - Bəxtiyar Məmmədzadə" adlı məqaləsində Bakı Dövlət Universitetində beş il bir qrupda oxuduğu, eyni fakültədə işlədiyi və Bakı Asiya Universitetində çiyin-çiyinə çalışdığı dostu haqqında "...Bəxtiyar Məmmədzadə bütün şüurlu həyatını təmənnasız-filansız müəllimliyə həsr etdi" yazır və Azərbaycan xalqının say-seçmə insanlarından hesab etdiyi həmkarını sevimli müəllimi Əli Fəhmi ilə müqayisə edir, "Bu böyük insanları birləşdirən çox-çox gizli, gözlə görünməyən bağlar var" deyə vurğulayır, hər ikisinin əsl insan, əsl alim və müəllim olduğunu diqqətə çatdırır.

Bəxtiyar Məmmədzadə elə müəllim idi ki, heç dərs oxumayan tələbələr belə onun mühazirəsinə qulaq asırdılar. Mühazirəni elə deyirdi ki, ona diqqət kəsilməmək mümkün deyildi. Auditoriyanı elə idarə edirdi ki, artıq bəzi müəllimlər kimi "səs salmayın, sakit olun, qulaq asın" kimi müraciətlərə ehtiyac olmurdu. Yaxşı oxuyan tələbələr Bəxtiyar müəllimin dərsindən doymurdular, dərsdən kənarda, universitetin dəhlizində də onunla elmi söhbətlər etmək, lazımi suallarına cavab almaq üçün onun, özünəməxsus tərzdə, siqaret çəkib qurtarmasını səbirsizliklə gözləyirdilər. Bəxtiyar müəllim hansı tələbəninsə ona yaxınlaşmaq istədiyini duyan kimi siqareti yarımçıq çəkib zibil qutusuna atar, tələbənin ona yaxınlaşması üçün şərait yaradardı. Filologiya elmləri doktoru Sənan İbrahimov "Bəxtiyar müəllimi xatırlayarkən..." adlı yazısına belə başlayır: " - Necəsiniz, Bəxtiyar müəllim? - Kəmşirin. - Yəni yaxşı? - Elə də demək olar..." Bu, Bəxtiyar Məmmədzadənin çoxlarının xatirində qalan məşhur cavablarıdır. Xatirə müəlifi yaddaşında bu cür yumorlu danışığı, mehribanlığı, elmin incəliklərinə bələd olması ilə seçilən əsl pedaqoq kimi qalan müəllimini, əziz həmkarını belə xatırlayaraq yazır: "Bəxtiyar müəllim bizim üçün bir nümunə idi. Onu bir pedaqoq kimi xatırlayanda dərs prosesində söylədiyi məzmunlu mühazirələr, pedaqoq davranışı, tələbələrə olan mehriban, səmimi münasibəti yada düşür. O, tələbəni incitməyi xoşlamazdı, tələbəni kəsmək də onun adəti deyildi. Ancaq lazım olan bilikləri elə tərzdə tələbəyə verirdi ki, dərsi bilməyən tələbə onun qarşısında vicdan əzabı çəkirdi. İndi biz anlayırıq ki, Bəxtiyar müəllim qeyri-adi pedaqoq idi. O, tələbə vicdanını oyadan və vicdanının hökmü ilə onu oxumağa vadar edən bacarıqlı bir pedaqoq idi. Onun dərslərini indi biz əvəz edirik, ancaq dərsləri deyərkən danışan biz oluruq, sözlər isə Bəxtiyar müəllimin olur. Hətta nitqimizdə belə sözlər işlədirik: "Bu mövzunu rəhmətlik Bəxtiyar müəllim belə təqdim edirdi". Çalışırıq ki, onun üslubunu, nitqini, dediklərini dəyişməyək. Bəxtiyar müəllim öz sözləri, üslubu ilə, nümunəvi davranışı ilə xatirələrimizdən silinmir".

Biz də bəzən yazı yazanda, ya kiminsə bir elmi sualına cavab verəndə tələbə vaxtı öyrəndiklərimizdən istifadə edirik və çox vaxt da Bəxtiyar müəllimin mühazirələrini xatırlayırıq, hərdən onun fikirlərini səsləndiririk. Çox maraqlı insan, hər cəhətdən təkrarsız şəxsiyyət idi. Təkcə insan kimi deyil, alim kimi, müəllim kimi başqalarından fərqlənirdi. Ağayana, lakin təvazökar davranardı.

Filologiya elmləri doktoru Tofiq Müzəffəroğlu "Bəxtin sənə yar oldumu" adlı xatirəsində tələbənin müəllimi haqda xatirə yazmasının çətinliyini qeyd edir, B.Məmmədzadənin böyüklə böyük, kiçiklə kiçik, vəzifəsinə fərq qoymadan bütün işçilərlə eyni səmimiyyətlə söhbət edən, hamıya qayğı ilə yanaşan, həmişə düz danışan bir insan olduğunu vurğulayaraq yazır: "Bəxtiyar müəllim yaranışdan müəllim idi; dərs deməkdən, tələbələrə elmin sirlərini açmaqdan xüsusi həzz alardı. Mühazirəni elə şövqlə, elə qaynarlıqla deyərdi ki, ona qulaq asan mühazirədə olduğunu unudar, özünü bu aləmin içərisində və bu aləmin bir parçası hesab edərdi. Bəxtiyar müəllim güclü tədqiqatçı olduğundan, danışığı da güclü məntiqə malik idi; o heç vaxt dəqiq bilmədiyi, inanmadığı faktı, elmi fikri yeritməyə çalışmazdı. Tələbəni müsahibə yoldaşı hesab edər, mühazirəni özü üçün yox, onlar üçün söylərdi. Onun mühazirəsində, yaxud məşğələ dərsində yorulmaq, bezmək mümkün deyildi, əksinə dərsin nə zaman başa çatdığını heç kim bilməzdi. Zəngin biliyi, geniş erudisiyası, dərin məntiqi, gözəl natiqlik məharəti ilə auditoriyanı asanlıqla idarə edə bilirdi".

İkinci təhsil aldığım üçün müəllimlərim mənimlə tələbədən çox, bir dost kimi davranırdılar. Bu mənada Bəxtiyar müəllim mənim üçün ideal dost idi. Universitetdə çox sevdiyimiz müəllimlərdən olan, öz ədəbi, səmimiyyəti, tələbələrə münasibəti, bir sözlə gözəl müəllimlik xüsusiyyətləri ilə yaddaşımızda iz buraxan filologiya elmləri doktoru Hüseyn Əsgərov "Əsl müəllim, böyük mərifət sahibi" adl yazısında alimin, müəllimin ən böyük xidmətinin yazdığı əsərlər və yetişdirdiyi tələbələr olduğunu, Bəxtiyar müəllimin yetirmələrinin bu gün Azərbaycanda və xaricdə uğurla fəaliyyət göstərdiklərini, ölkəni ləyaqətlə təmsil etdiklərini xüsusi vurğulayır, müəllimini belə səciyyələndirir: "Müəllim adına kölgə sala biləcək hər şeydən uzaq, sözün həqiqi mənasında dərs deməyin, müəllimliyin örnəyi idi Bəxtiyar müəllim. Bəxtiyar müəllim əlaçı tələbələri ilə bir müəllim-tələbə kimi yox, bir həmkar kimi davranar, onların problemlərini həll etməyə çalışar, ən çətin anlarda belə dözüm, səbr, təmkin nümayiş etdirərdi. Tədris etdiyi fənnə vurğunluq, fikrini səlis bir dillə ifadə etmək bacarığı hamımızı valeh edərdi".

Bəxtiyar müəllim, həqiqi mənada, unudulmaz müəllimdir. O öyrətməyi sevirdi. Tələbəni oxumağa sövq etməyi var idi. Hər dərsdə yeni bir bilgi eşitmək ümidilə Bəxtiyar müəllimin dərslərini gözləyirdik. Dərsin nə vaxt başa çatdığını bilmirdik. Həmişə "zəng nə tez oldu" deyə təəssüflənirdik. Tanınmış alim Məti Osmanoğlu "Yeri görünür" adlı məqaləsində Bəxtiyar Məmmədzadə ilə bağlı xatirələrini oxucularla bölüşürkən, onu çətin, lakin hamını heyrətə salan möhkəm xarakterə malik, sadə, lakin daxilində fırtınalar gəzdirən bir insan, hərtərəfli biliyə malik ciddi ədəbiyyatşünas alim və həm də tələbələrin sevimlisi olan bir pedaqoq kimi xarakterizə edərək yazır: "Mən bu təfərrüatları xatırlayarkən diqqətə çatdırmağa çalışıram ki, hələ universitet müəlliliyinə təzə başlamış, ilk elmi tədqiqatlarını aparan Bəxtiyar Məmmədzadə tələbələr arasında yeni ab-hava yaratmağa müvəffəq olan şəxsiyyətlərdən idi. O, tələbənin düşüncəsində suallar oyatmağa üstünlük verir, tələbənin oxuduqlarını qiymətləndirə bilməsi üçün onda düşüncə formalaşdırmağa nail olurdu".

Allah Bəxtiyar müəllimə qəni-qəni rəhmət eləsin, ruhu şad olsun!

Sona XƏYAL

Baxış sayı : 380
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib