2021-12-16 10:30:46 | MƏDƏNİYYƏT
“Arazdan Turana” məqalələr toplusu

Abdulla Şaiqin Mənzil-Muzeyində görkəmli ədibin 140 illiyinə həsr edilmiş virtual konfransın materiallarından ibarət “Arazdan Turana” adlı məqalələr toplusunun təqdimatı keçirilib.

Təqdim olunan yeni “Arazdan Turana” kitabında konfransda səslənən çıxışlar və elmi məruzələr, ədibin şeirlərindən örnəklər və Mənzil-Muzeyin əsas fondunda qorunan fotoşəkillər yer alıb. Toplunun layihə rəhbəri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, tərtibçisi Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, məsləhətçiləri Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva, redaktoru Arzu Hacıyevadır.

Tədbiri giriş sözü ilə açan Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə bildirib ki, bu il Abdulla Şaiqin anadan olmasının 140 illiyi çərçivəsində bir sıra tədbirlər keçirilib. Abdulla Şaiqin və onun oğlu, akademik Kamal Talıbzadənin ruhu bu gün şaddır. Çünki qədirbilən mötəbər ziyalılar bu gün Şaiq ocağının qonağıdır.

Akademik İsa Həbibbəyli öz çıxışında deyib: “Bura gəlmək bir çox cəhətdən əlamətdardır. Bu ocağın Azərbaycan gəncliyinin yetişməsində böyük rolu var. Abdulla Şaiq realist-romantikdir. Ədibin əsərləri uşaq ədəbiyyatının qızıl fonduna daxildir. Bu balaca muzey ədibin dostlarını, çevrəsini, yaradıcılığını, maarifçilik fəaliyyətini əks etdirən nümunəvi muzeydir. Təqdim olunan kitabda təkcə Abdulla Şaiqə deyil, onun bütün maarifpərvər silahdaşlarına qiymət verilir. Abdulla Şaiq maarifçi, azərbaycançı, türkçüdür. Əfsuslar olsun ki, hələ ədibin həyat və yaradıcılığını əhatə edən kitab yoxdur. Biz bu istiqamətdə iş aparmalıyıq”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdimat mərasiminin məhz Abdulla Şaiqin Mənzil-Muzeyində keçirilməsinə xüsusi önəm verib: “Şaiq turançıdır. Abdulla Şaiqin əsərlərində turançılıq bir mədəniyyət birliyidir. Abdulla Şaiq maarifçidir, uşaq ədəbiyyatının formalaşmasında daha çox araşdırılıb. Onunla bağlı digər məsələlər kölgədə qalıb. Məsələn, qardaşı Yusif Ziya arzuolunan səviyyədə tanınmır. Abdulla Şaiq Azərbaycanda Türk Ocaqlarının qurucularından biri idi. Təəssüf ki, onun fəaliyyətinin bu tərəfi gündəmə gəlməyib. Sovet işğalı zamanı o, maarif cəbhəsində vuruşmağı münasib bildi. Ədib yaradıcılığının hər bir dövründə xalqına xidmətin yolunu tapdı. Nə yaxşı ki, ziyalılarımızdan bəziləri kimi Abdulla Şaiq də repressiyadan qurtuldu və xalqa xidmətə davam etdi. Nə yaxşı ki, Azərbaycanın Şaiqi var. Nə qədər ki, Azərbaycan var, Abdulla Şaiq yaşayacaq”.

“Arazdan Turana” adının təsadüfi seçilmədiyini deyən Qənirə Paşayeva bildirib ki, bu ad fədakar maarifçi, turan sevdalı ədibin vizyonunu göstərir. Abdulla Şaiqin dünyabaxışı, həyat yolu onun şeirlərində öz parlaq inikasını tapıb. Çünki könlü, ömrü yaradıcılığına çöküb. Abdulla Şaiqin ictimai fəaliyyətində Əhməd Cavadla “Türk Ocaqları”nın Azərbaycan bölməsini yaratması xüsusi yer tutur. “Çox şadıq ki, bu gün də hamımız üçün doğma olan “Türk Ocaqları” həm qardaş Türkiyədə, həm də Azərbaycanımızda fəaliyyət göstərir. Abdulla Şaiq ailəsinin davamçısı, Abdulla Şaiqin Mənzil-Muzeyinin rəhbəri, gözəl ziyalımız Ülkər xanım Talıbzadə ilə, Akif Aşırlı ilə, Əhməd Cavadın ailə üzvləri ilə, Əli Bəy Hüseynzadənin ailə üzvləri ilə yanaşı mən də Azərbaycanda “Türk Ocaqları”nın bərpaçıları arasındayam”, - deyə Qənirə Paşayeva əlavə edib.

Azərbaycanda “Türk Ocaqları”nın başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Abdulla Şaiqin “Türk Ocaqları”nda fəaliyyətindən danışıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Abdulla Şaiqin Azərbaycan maarifçiliyinin inkişafında, yeni nəslin tərbiyəsində xidmətlərindən danışıb: “Bu il “Nizami Gəncəvi İli”dir. Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı bir sıra layihələr hazırlamışıq. Məsələn, Nizami irsinin uşaqlar üçün uyğulanması çərçivəsində Abdulla Şaiqin də Nizamidən etdiyi tərcümələrə müraciət etmişik”.

Abdulla Şaiqin tərcümələrini çox yüksək dəyərləndirən G.Əfəndiyeva, onun nəinki Şərq ədəbiyyatından, bütün dünya ədəbiyyatından etdiyi tərcümələr barədə danışıb, Abdulla Şaiqlə bağlı müxtəlif birgə layihələr keçirməyə hazır olduqlarını bildirib.

Digər çıxış edənlər yeni nəşrlə bağlı fikirlərini bölüşüb, Abdulla Şaiqin çox geniş yaradıcı və ictimai pedaqoji fəaliyyətindən söhbət açıblar.

Sonda muzeyin direktoru Ülkər Talıbzadə ədibin 140 illiyinə həsr olunmuş “Arazdan Turana” məqalələr toplusunun nəşrinə görə Qənirə Paşayevaya, zəhməti keçən hər kəsə oxucular və muzeyin kollektivi adından təşəkkür edib.

Xatırladaq ki, bu il martın 18-də keçirilən konfrans Milli Məclisin Mədəniyyət komitəsinin, Mədəniyyət Nazirliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkilatçılığı, Abdulla Şaiqin Mənzil-Muzeyinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin, “Türk Ədəbiyyatı Vəqfi”, Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU-nun Quba filialının dəstəyi ilə baş tutmuşdu. Həmin yubiley konfransında Abdulla Şaiqin pedaqoji və ictimai fəaliyyəti, geniş ədəbi yaradıcılığının müxtəlif qolları haqqında məruzələr və çıxışlar səslənmişdi.

Baxış sayı : 366
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub