2021-12-14 09:25:34 | MƏDƏNİYYƏT
Dahi Azərbaycan şairinin əsəri türkmən dilində nəşr olunub

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən biri kimi Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən dahi şairin seçilmiş əsərlərindən ibarət türkmən dilində kitab nəşr etdirilib.

Azərbaycanın Türkmənistandakı səfirliyində kitabın təqdimatı keçirilib.

Tədbirdə Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii-mənəvi fikir salnaməsində möhtəşəm səhifə açmış nadir şəxsiyyət olduğunu bildirib.

Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri dünyanın misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqda olduğunu qeyd edən H.Zeynalov Nizami Gəncəvinin bütün ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratdığını, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirdiyini diqqətə çatdırıb.

Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığını deyən səfir mütəfəkkir şairin çox sayda davamçıları olan böyük bir ədəbi məktəbin təməlini qoyduğunu, eləcə də öz əsərləri ilə ən nüfuzlu kitabxana və muzeyləri bəzəyən Şərq miniatür sənətinin inkişafına da güclü təkan verdiyini vurğulayıb.

Nizami Gəncəvi dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu xatırladan Həsən Zeynalov Azərbaycanda dahi şairin irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyünü, əsərlərinin dərin elmi-tənqidi mətninin hazırlandığını, kitablarının nəfis tərtibatda və kütləvi tirajla nəşr edildiyini bildirib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazının yaradıldığını deyən səfir mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsinin, Azərbaycanın və dünyanın müxtəlif şəhərlərində abidələrinin ucaldıldığını, adının institut, muzey, küçə və rayonlara verildiyini, haqqında bədii film çəkildiyini qeyd edib.

Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini yada salan Həsən Zeynalov dahi şairin 800 illik yubileyinin onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratdığını vurğulayıb.

Xalqımızın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni imkanlar açdığını qeyd edən Həsən Zeynalov sənətkarın 1981-ci ildə Ümummilli Liderin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlərinin ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrildiyini bildirib.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması münasibətilə və dahi şair, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam verdiyini deyən Həsən Zeynalov bununla əlaqədar səfirliyin də Türkmənistanda Nizami irsinin tapılması istiqamətdə müəyyən araşdırmalar apardığına və bunun nəticəsində 1948-ci ildə Nizami Gəncəvinin türkmən dilinə tərcümə olunmuş seçilmiş əsərlərindən ibarət bir kitab nəşr olunduğunu ortaya çıxardığına, kitabın nadir nüsxələrinin qaldığına dair məlumat verib.

Kitabın Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə nəşrə hazırlandığını güman etdiklərini deyən səfir bunun İkinci Dünya müharibəsinin başlanması ilə təxirə düşdüyünü, yalnız 1948-ci ildə Aşqabadda dağıdıcı zəlzələnin olduğu il nəşr edildiyini qeyd edib.

Həmin kitabda “Leyli və Məcnun” poeması, “Yeddi gözəl” poemasının “Bəhramın Fitnə ilə ova gedişi” və “Şahzadə rus qızı haqqında nağıl” hissələri, “Sirlər xəzinəsi” poemasının “Zülmkar padşah ilə həqiqətsevər adam haqqında hekayə” hissəsi, on beş qəzəl və üç şeir - “Oğluma nəsihət”, “Az danışmağın gözəlliyi”, “Gələcək nəslə xitab” toplandığını deyən Həsən Zeynalov kitabın Türkmənistanın Xalq yazıçısı Qara Seyitliyev tərəfindən hazırlandığını, eləcə də həmvətənimiz Ruhi Əkbər Alıyevin redaktəsi və “Ön söz”ü ilə nəşr olunduğunu bildirib. Kitabın yeni nəşrinin AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylinin “Ön söz”ü ilə başladığını qeyd edən səfir keçmişə hörmət və ehtiram əlaməti olaraq Ruhi Alıyevin 1948-ci ildə yazdığı “Ön söz”ün də yeni nəşrdə saxlanıldığını diqqətə çatdırıb.

Kitabın yeni nəşri qeyd olunduğu kimi, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin geniş “Nizami Gəncəvinin ədəbi irsi Türkmənistanda” adlanan “Ön söz”ü ilə başlayır. “Ön söz”ün müəllifi öz yazısında dahi şairin şəxsiyyəti və yaradıcılığı haqqında türkmən oxucular üçün maraqlı məlumat verir, Nizami “Xəmsə”si və onu təşkil edən poemalar haqqında ayrı-ayrı diqqətçəkən məqamlara toxunur.

Şairin poemalarında qabardılan problemlərdən bəhs edən İsa Həbibbəyli bununla dahi şairin fikirlərinin dərinliyini və doqquz əsrdən sonra müasir dövrümüzdə də aktuallığını qoruduğunu aydın şəkildə göstərir. Nizami ədəbi irsinin hökmdarla xalq arasında körpü olduğunu hesab edən “Ön söz” müəllifi, bu yolu ədəbiyyatın ipək yolu adlandırır. Nizami Gəncəvi irsindən ilhamlanan dünyaşöhrətli Əmir Xosrov Dəhləvinin, Əbdürəhman Caminin, Əlişir Nəvainin yaradıcılıqlarında bu yolu davam etdirdiklərini qeyd edən akademik öz yazısında 1948-ci ildə işıq üzü görən Nizami Gəncəvinin seçilmiş əsərlərini ərsəyə gətirən yaradıcı insanların da əməyinə yüksək qiymət verir.

Azərbaycan-Türkmən ədəbi əlaqələrinin möhkəmləndirilməsində oynadıqları böyük rola və fədakar əməyə görə onları rəhmətlə anan İsa Həbibbəyli 2021-ci ildə yenidən türkmən dilində işıq üzü görən kitabı Azərbaycanın Türkmənistandakı səfirliyinin və səfir Həsən Zeynalovun dost və qardaş xalqlar arasında mədəni-elmi əlaqələrin daha da möhkəmləndirilməsi yolunda atdığı addım kimi qiymətləndirir.

İsa Həbibbəyli sonda “Nizami Gəncəvi” külliyyatının 73 il sonra yeni Aşqabad nəşrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birlikdə ölkələrimiz arasında bütün sahələr üzrə çoxcəhətli əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində apardıqları müdrik siyasətin parlaq təcəssümü hesab etdiyini vurğulayır.

500 tirajla yenidən nəşr olunmuş kitab səfirlik tərəfindən Türkmənistanda fəaliyyət göstərən orta və ali təhsil müəssisələrinə paylanılması üçün Türkmənistanın Təhsil Nazirliyinə və kitabxanalara, Türkmənistanın Mərkəzi Kitabxanasına təqdim edilib. Kitabın nüsxələri Aşqabadda səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinova və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevə təqdim olunub, bir neçə nüsxəsi isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və Azərbaycan Milli Kitabxanasına göndərilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan klassik şairlərinin əsərlərinin türkmən dilində nəşri və təbliği, eləcə də onların əsərlərinin türkmən dilində əvvəllər nəşr olunmuş nüsxələrinin tapılıb üzə çıxarılması Azərbaycanın Türkmənistandakı səfirliyinin hər zaman gündəliyindədir. İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ildə səfirlik TÜRKSOY-la birlikdə “İmadəddin Nəsimi dünya dillərində” kitabının nəşri zamanı şairin əsərlərinin türkmən dilinə tərcüməsində yaxından iştirak etmiş, eləcə də XX əsrin 60-cı illərində şairin türkmən dilində nəşr olunmuş az sayda nüsxəsi qalmış üçcildlik “SeyitImadutdin Nesimi”, “SeyitImadutdin Nesimi şıqırlar” və “Nesimi” kitablarını taparaq Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir.

Baxış sayı : 394
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub