2016-02-23 21:55:23 | TƏDQİQATLAR-ANALITIKA
Xocalıya ədalət xalq diplomatiyası kimi

“Xocalıya ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası beynəlxalq humanitar hərəkatların avanqardı kimi, müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlər sırasında layiqli yer tutur

2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir. 
Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dünya birliyində ifşası yönündə Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri kimi yaradılan “Xocalıya ədalət” modeli Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında, kütləvi qırğın aktına hüquqi-siyasi qiymətin verilməsində əhəmiyyətli rol oynayır.
Məhz sözügedən beynəlxalq kampaniyanın sistemli fəaliyyətinin nəticəsi olaraq, bu gün dünya dövlətləri əvvəlki illərdən fərqli, erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. Aparılan məqsədyönlü tədbirlərin nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Bosniya və Herseqovina dövlətlərinin parlamentində, eləcə də  ABŞ-ın bir sıra ştatları bu qətliamı soyqırımı aktı kimi tanımış və xüsusi qətnamə qəbul etmişlər.
 Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü və səmərəli işlər nəticəsində “Xocalıya ədalət”in miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələrini verir. Bütün bunlar “Xocalıya ədalət”in xalqın mövqeyini əks etdirən qeyri- rəsmi diplomatiya - xalq diplomatiyası olduğunu deməyə əsas verir. Bu diplomatiya dövlətimizin xarici siyasətini əks etdirməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin demokratik yolla həllində olduqca əhəmiyyətlidir.
“Xocalıya ədalət” kampaniyası Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq istəyənlərə, Qafqazda müstəqil və güclü bir türk dövlətinin mövcudluğunu gözügötürməyənlərə, erməni terrorçuluğuna və təcavüzünə qarşı hazırlanmış çoxspektrli informasiya mübarizəsi, insanlıq dəyərlərinə ehtiram bəsləyən humanist taktika, eyni zamanda, yeni diplomatik cəbhədir. Bu ideyanın fəlsəfəsi ondan ibarətdir ki, millətin azadlığı və bütövlüyü onun mübarizə ruhundadır. Özünə qapanıb ağlamaq millətin mübarizə ruhunu öldürür, əzmini sarsıdır. Sadəcə, ağlamaq deyil, dərdimizə, faciəmizə, məruz qaldığımız haqsızlıqlara dünyanı tarixi faktlarla inandırmaq gərəkdir.
Xocalı həqiqətlərini, haqq səsimizi dünyaya yaymaq gərəkdir: biz dünya ictimaiyyətindən yalnız bunu - cinayətkarlara cəza, Xocalıya ədalət istəyirik. Bu mübarizədə millət olaraq bizim silahımız yalnız tarixi həqiqətlər, danılmaz faktlar və onları beynəlxalq birliyə funksional səviyyədə qəbul etdirmək səylərimizdir. Erməni cinayətini, qəddarlığını, vəhşiliyini ifşa edən və Xocalı həqiqətinin bətnindən doğan doğru sözün, düzgün mövqeyin qüdrətini biz son altı ilin nəticələri ilə gördük. 
Dünyanın bir sıra dövlətləri ilə əməkdaşlıq, Azərbaycan xalqının işğala məruz qalması ilə bağlı faktların beynəlxalq aləmə çatdırılması ilə xaricdə ictimai rəyi formalaşdırmaq, xarici auditoriyanı məlumatlandırmaq və beləliklə də, Azərbaycanın xarici siyasətinin prioriteti olan Dağlıq Qarabağ məsələsinin ədalətli həlli, Xocalı soyqırımına hüquqi, siyasi, mənəvi qiymətin verilməsi istiqamətində fəaliyyət göstərmək “Xocalıya ədalət” xalq diplomatiyasının strategiyasıdır. 
“Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunan aksiyalar, tədbirlər planı bu fikri bir daha təsdiq edir. Dünyanın müxtəlif şəhərlərində Xocalı soyqırımı mövzusunda keçirilən elmi-praktik konfranslar, xatirə gecələri, “Xocalıya ədalət” informasiya veb-saytının təqdimatı ilə əlaqədar genişmiqyaslı aksiyalar, “Uşaqlar və müharibə” mövzusunda müxtəlif rəsm sərgiləri, fotosərgilər Azərbaycan xalqı ilə dünya xalqları arasında mədəni, mənəvi körpü yaradır. Eyni zamanda, incəsənətin, mədəniyyətin dili ilə Xocalı soyqırımı beynəlxalq ictimaiyyətə çatdırılır. Bu tədbirlərin digər aspekti kimi, tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabı, Robert Arakelovun “Erməni ziyalısının etirafı” kitabı, “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmi, “Xocalı. 22 il. 10 hekayə, bunlar gerçək ola bilərdi” kitabı böyük əhəmiyyət kəsb edir. 
İnformasiya cəmiyyətinin formalaşdığı qloballaşma, modernləşmə dövründə xalq diplomatiyasının çox geniş yayılmış formalarından biri kimi çıxış edən sosial şəbəkələr Facebook, Tvitter və s. kütləvi kommunikasiyanı, informasiya və təbliğatı təmin edir. Digər tərəfdən, rəsmi diplomatiyadan fərqli olaraq, xalq diplomatiyasında iştirakçıların sayı qeyri-məhdud olur. Kütləvi diplomatiyada vətənə sadiq, milli maraqları təmsil edən şəxslərin sosial statusu da müxtəlifdir.
Bu baxımdan, xalq diplomatiyası olaraq xarakterizə etdiyimiz “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyətinin əsas istiqamətlərindən biri Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin internet resursları, sosial şəbəkələr vasitəsilə işıqlandırılması, dünyaya çatdırılmasıdır. “Facebook” səhifəsində “Ədalət naminə dostunu işarələ” qlobal aksiya, Koreya dilində Xocalı haqqında saytın yaradılması, “BUTA” Azərbaycan-Koreya tələbə Təşkilatının xətti ilə “Kojaly genoside” adlı internet və facebook səhifəsi dünya ictimaiyyətini bu faciə barədə məlumatlandırmağa xidmət edir. 
Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində azərbaycanlı gənclərin iştirak etdiyi bir sıra milli təşkilatlarla səmərəli əməkdaşlıq edən kampaniya xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması, “İrəli” İctimai Birliyi internet resurslarında-sosial şəbəkələrdə təbliğat kampaniyasını həyata keçirir. Həmin kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı gənclərin maarifləndirilməsi və dünya ictimaiyyətinə informasiya ötürmək məqsədilə dünyanın əksər ölkələrinin təşkilatlarına, rəsmi qurumlarına, qərarverici şəxslərinə elektron məktublar yazılmış, yerli və beynəlxalq elektron şəbəkələrdə “History of Tragedy” video klipi və soyqırımı ilə bağlı digər audio-video materiallar yerləşdirilmişdir.
Dünyanın 30-a yaxın universitetində keçirilmiş “flash-move” aksiyasında isə azərbaycanlı tələbələrlə yanaşı, əcnəbi gənclərin də iştirak etməsi, dünyanın müxtəlif ölkələrindən olan 125 mindən çox insanın kampaniyaya qoşulması “Xocalıya ədaləti”in beynəlxalq aləmdə tanınması deməkdir. 
“Xocalıya ədalət” kampaniyasının xalq diplomatiyası olmasına əsas verən digər önəmli faktor beynəlxalq təşkilatların üzvü olan şəxslərin kampaniyada iştirakının təmin olunmasıdır. Qeyd etmək lazımdır ki, indiyədək kampaniyaya dünyanın 125-dən çox təşkilatı qoşulmuşdur. Xocalı faciəsinə beynəlxalq aləm tərəfindən ədalətli siyasi- hüquqi qiymətin verilməsi baxımından böyük əhəmiyyət kəsb edən, Avropa Parlamentinin müxtəlif ölkələrindən olan deputatlarının, nümayəndələrinin də iştirakı ilə reallaşan beynəlxalq konfranslar artıq ənənə halını almış, əhatə dairəsi, coğrafiyası genişlənmişdir. 
“Xocalıya ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının ardıcıl və məqsədyönlü tədbirlər silsiləsi göstərir ki, kampaniya dövlət siyasətinin böyük əhəmiyyət kəsb edən strateji mərhələlərindən biri kimi Xocalı soyqırımına, Qarabağ həqiqətlərinə dünya ictimaiyyəti tərəfindən hüquqi, siyasi və mənəvi qiymətin verilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurla davam etdirilən alternativ siyasətdir. Soyqırımının tanınması prosesinin sürətlənməsi, bu kampaniyaya getdikcə daha çox insanın qoşulması, “Xocalıya ədalət”in fəaliyyətinin səmərəli nəticələri kampaniyanın genişlənərək xalqın və dövlətin maraqlarını müdafiə edən, ümumən dünyada soyqırımı, terror, işğala qarşı təbliğat aparan, humanist, xalq diplomatiyası olduğunu deməyə əsas verir.
Leyla RƏŞİD,
Bakı Dövlət Universitetinin doktorantı

Baxış sayı : 1738
Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28