
Azərbaycanın qüdrətli dövlətə, ədalətli cəmiyyətə, təminatlı və sağlam vətəndaşlar diyarına çevrilməsi istiqamətində qazandığı uğurlar bəzi xarici qüvvələri qıcıqlandırır
Onlar Azərbaycanın uğurlu inkişaf prosesinə mane olmaq məqsədilə riyakarlığa əl ataraq mövcud gerçəkliklərə ikili standartlarla yanaşır, ölkəmizin daxili sabitliyinə xələl gətirmək üçün hər cür iyrənc vasitələrdən istifadə etməyə cəhd göstərirlər. Müəyyən dairələr isə belə mənfi məqamlardan istifadə edərək düzgün olmayan məlumatları xalqımıza çatdırmağa çalışmaqla xəyanətkar əməllərin iştirakçısı olurlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı fevralın 4-də “Hər birimiz bəşəriyyətin düçar edildiyi mövcud reallıqları bilməliyik” mövzusunda təşkil etdiyi mətbuat konfransında deyib.
Xanhüseyn Kazımlı Azərbaycanın dünya ölkələrini işgüzar əməkdaşlığa və terrora qarşı birgə mübarizəyə çağırışlarından, bu istiqamətdə yorulmadan həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır. Partiya sədri bir milyondan çox qaçqın və məcburi köçkünün həyat tərzinin yaxşılaşdırılmasının ötən 25 il ərzində ahəngdar təmin edildiyini xüsusi vurğulayıb. X.Kazımlı gənc Azərbaycan dövlətinin bu uğurları fonunda hazırda Avropa ölkələrinin miqrant böhranı ilə üz-üzə qaldığını qeyd edir.
