CƏMİYYƏT
A- A A+

Xalqına layiq şəxsiyyət və ya zərrəciklərdən başlayan yol

2016-02-03 23:40:50

Hər bir xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi onun elm və təhsilininin inkişafı ilə şərtlənir

 

 Bu mənada xalqımızın maariflənməsində, elm və təhsilin inkişafında alim və ziyalılarımızın əvəzsiz xidmətləri danılmazdır. Bilik və elmi həyat amalı seçmiş, bütün şüurlu ömrünü təhsilin və elmin inkişafına, gənc nəslin təlim, tərbiyəsinə və yüksək ixtisaslı kadrların hazırlanmasına sərf etmiş ziyalılarımızdan biri də İsmət Nəcəfov olmuşdur.

2016-cı il fevral ayının 6-sı dünya şöhrətli alim, respublikanın əməkdar müəllimi, Bakı Dövləlt Universitetinin “Nəzəri fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “Şöhrət” ordenli İsmət Nəcəfovun vəfatından bir il ötür.
İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Azərbaycanın dilbər güşələrindən olan Qax rayonunun Sarıbaş kəndində dəmirçi ailəsində anadan olub. Atası Məhəmməd Nəcəfov Qax rayonunda tanınmış sənətkarlardan idi. O, çox istəyirdi ki, övladlarının hamısı ali təhsilli olsun. Odur ki, 5 övladını ömrü boyu halal zəhmətlə böyüdərək, hamısına ali təhsil vermişdi. Evin böyük oğlu Ənvər Nəcəfov texnika elmlər namizədi, Azərbaycan Texniki Universitetinin dosenti; Niyazi Nəcəfov Respublikanın əməkdar həkimi, 15 ildən artıq rayon xəstəxanasının baş həkimi; İsmət Nəcəfov respublikanın əməkdar müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü; Xalid Nəcəfov elmlər namizədi, uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru; evin sonbeşiyi Xamis Nəcəfov isə elmlər namizədi, Riyaziyyat və Mexanika institutunun baş elmi işçisi vəzifələrinə qədər yüksəliblər.

İ.Nəcəfov ilk təhsilini 1940-1950-ci illərdə Qax rayon orta məktəbində alıb. O, məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə fizika ixtisası üzrə daxil olub. Ali məktəbdə də əlaçı olan İsmət Nəcəfov o vaxtın ən ali mükafatı sayılan Stalin təqaüdünə layiq görülən say-seçmə tələbələrdən idi.

İ.Nəcəfov 1955-ci ildə Universiteti fərqlənmə diplomu ilə başa vuraraq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Nəzəri fizika” ixtisası üzrə aspiranturasına qəbul olunur. Burada da o, Azərbaycanı ləyaqətlə təmsil edir. Dünya Şöhrətli alim N.N. Boqolyubovun rəhbərlik etdiyi Nəzəri fizika kafedrasında məşhur alim prof. A.A. Sokolovun rəhbərliyi altında, MDU-nun gənc aspirantı İ.M. Nəcəfovun elmi fəaliyyətinin etibarlı təməli qoyulur. Dissertasiya işi nəzəri və riyazi fizikanın aktual məsələlərinə aid olan İ.Nəcəfov 1959-cu ildə Moskva Dövlət Universitetində “Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polarizasiya effektləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir.

O, Bakıya qayıtdıqdan sonra ilk əmək fəaliyyətinə (1959-cu il 1 fevraldan 31 avqusta qədər) Azərbaycan EA Fizika İnstitutunda baş elmi işçi əvəzi vəzifəsində başlayıb. Lakin, ertsəi gün (sentyabrın 1-də) onun müəllimlik fəaliyyətinin təməli qoyulub. Belə ki, gənc, perspektivli mütəxəssis ADU-nun (indiki BDU) “Nəzəri fizika” kafedrasına baş müəllim vəzifəsinə dəvət olunub və o, bütün ömrünü həmin kafedraya bağlayaraq şərəfli müəllimlik peşəsinə sona qədər sadiq qalıb.

İ.Nəcəfov pedoqoji fəaliyyətilə yanaşı, zəhmətsevərliyi, əzmkarlığı və qabiliyyəti sayəsində yorulmaz tədqiqatlar aparırdı. O, ilk dəfə kristal mühitdə yüksək enerjili zərrəciklərin polarizasiyasını nəzərə alaraq kristalda tormozlanma şüalanması və elektron cütünün fotodoğulması proseslərinin tam nəzəriyyəsini təqdim edib. Alimin bu önəmli və maraqlı tədqiqatları 1975-ci ildə “Yüksək enerjilərdə sərt fotonların iştirakı ilə elektromaqnit prosesləri” mövzusunda doktorluq dissertasiya müdafiəsi üçün təqdim olunur və həmin ildə ona fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi verilir. 
Prof. İ.M.Nəcəfovun elmi maraq dairəsi geniş və çoxşaxəli olduğundan, işləri yalnız nəzəri yox, həm də tətbiqi əhəmiyyətə malik idi. Onun elmi yaradıcılığında 3 istiqamət mühüm yer tutur:
o Təklənmiş nüvə sahəsində zərrəciklərin yaratdığı qeyri-elastiki elektromagnit effektləri;
o Yüksək enerjili polyarizələnmiş leptonların (elektron, mümezon və s.) və γ-kvantların kristal mühitlə qarşılıqlı təsiri və orada yaranan qeyri-elastiki proseslər;
o Bir-birilə qarşılaşan polyarizələnmiş elektron-pozitron dəstələriində gedən annihilyasiya və doğulma prosesləri və Vaynberq-Salam-Qleşou (VSQ) elektro-zəif Standart modelin yoxlanması məsələləri və s.
1956-cı ildə görkəmli fiziklər Vu və Li Janq çox önəmli kəşfə imza atdılar. Sübut olundu ki, zəif qarşılıqlı təsirlərdə fəza cütlüyü pozulur. Buradan belə nəticə çıxır ki, nüvələrin β-parçalanmasında yaranan elektronun spini hərəkət istiqamətində yönəlməlidir (uzununa polyarizasiya). Belə elektronun polyarizasiyasını müəyyən etmək üçün ən asan üsul onun nüvə sahəsində tormozlanma şüalanmasının polyarizasiyasını tədqiq etməkdən ibarətdir.
Bu kəşflə əlaqədar İ.M.Nəcəfov yönəlmiş spinə malik elektron və γ-kvantın nüvə sahəsində yaratdığı tormozlanma şüalanması və elektron-pozitron cütünün fotodoğulması proseslərini tam nəzəri tədqiq etdi və ilk dəfə olaraq zərrəciklərin spin hallarını nəzərə almaqla çox mühüm-fundamental nəticələrə nail oldu. Bu proseslərdə tormozlanma fotonunun, elektronun və pozitronun polyarizasiya dərəcələri üçün çox mühüm, yığcam düsturlar alındı və onların elektron sürətləndiricilərinə tətbiqi müəyyən edildi. İ.M.Nəcəfovun aldığı bu elmi nəticələr sonralar ən məşhur nəzəriyyəçi fizik olan Daysonun və digər alimlərin – MakVoy, Banarye, Fronsdal, Überal, Olsen və başqalarının işlərində bu və ya digər xüsusi halda təkrar və təsdiq edilib.
İ.M.Nəcəfov sonra nüvəyə nöqtəvi yox, mürəkkəb quruluşa malik bir sistem kimi baxaraq onun elektromaqnit quruluşunu xarakterizə edən həm elastik formfaktorlarını (F1,2 (q2)), həm də qeyri-elastik struktur funksiyalarını (W1,2 (q2, pq)) nəzərə almaqla məsələni genişləndirmiş, nəzəriyyəni zənginləşdirmiş və tamamlamışdır. O, çoxfotonlu tormozlanma şüalanması və nüvə sahəsində γ -kvantın e+ e--cütü və bir neçə fotonu yaratması proseslərini nəzəri araşdırılmış və konkret nəticələrlə yanaşı (spin effektləri), bu proseslərdə ümumi bir qanunauyğunluq aşkar etmişdir.
1970-ci illərdən başlayaraq dünyanın müxtəlif elmi mərkəzlərində (İtaliya, Rusiya, Almaniya və s.) yüksək enerjili elektronların və γ-kvantların monokristallik radiatorlarda (hədəflərdə) yaratdığı kvazimonoxromatik tormozlanma şüalanması və e+ e--cütünün fotodoğulması prosesləri həm təcrübi, həm də nəzəri olaraq intensiv tədqiq edilirdi. Bu məqsədlə prof. İ.M.Nəcəfov polyarizələnmiş yüksək enerjili leptonların və γ -kvantların kristal mühitlə qarşılıqlı təsirini və burada baş verən koherent və qeyri-koherent effektləri tədqiq etmişdir. O, göstərmişdir ki, koherent effektlər nəticəsində tormozlanma şüalanması və e+e--cütünün doğulması proseslərinin effektiv kəsiklərinin difraksion artması (≈ 10 dəfə) baş verir.
Prof. İ.M.Nəcəfov ilk dəfə kristal mühitdə yüksək enerjili zərrəciklərin polyarizasiyalarını nəzərə alaraq kristalda tormozlanma şüalanması və e+e--cütünün fotodoğulması proseslərinin tam nəzəriyyəsini vermiş, mühitin koherent və qeyri-koherent struktur funksiyalarının oynadığı rolu müəyyən etmişdir. Onun kristal mühitdə tormozlanma fotonunun, elektron və pozitronun polyarizasiya dərəcələri üçün verdiyi düsturlar dünyanın 14 elmi mərkəzində (Amerika, Fransa, Almaniya, İtaliya, Rusiya və s.) sürətləndiricilər üçün işçi düsturları olmuşdur.
Yüksək enerjili yüklü zərrəciklər və γ-kvantlar mühitdən keçərkən, onların mühitin atomlarının nüvələri ilə qarşılıqlı təsiri nəticəsində, mühitdə elektromaqnit leysanı yaranır. İndiyə qədər yalnız amorf mühitdə yaranan leysanın nəzəriyyəsi mövcuddur (Oppengeymer, Landau, Sokolov və s.). İ.M.Nəcəfov ilk dəfə kristal mühitdə yaranan elektromaqnit leysanının kaskad nəzəriyyəsini vermiş, leysan zərrəciklərinin polyarizasiyasını nəzərə almaq üsulunu təklif etmiş və alınmış inteqro-diferensial tənliklərin həllərini tapmış və çox yığcam işçi düsturları ala bilmişdir.
Elmi axtarışları həmişə diqqət mərkəzində saxlayan prof. İ.M.Nəcəfov eyni zamanda klassik şüalanma nəzəriyyəsi ilə məşğul olaraq bir sıra original nəticələr alıb. Alimin elmi işləri nəinki respublikamızda və keçmiş SSRİ-də, eyni zamanda xarici elmi ədəbiyatlarda geniş əks olunub. Onun aldığı elmi nəticələr Dubna şəhərində yerləşən Birləşmiş Nüvə tədqiqatları İnstitutunun, Protvinoda yerləşən Yüksək Enerjilər Fizika İnstitutunun, Moskva Dövlət Universitetinin, eləcə də dünyanın digər məşhur elmi mərkəzlərində təsdiq olunaraq tətbiqini tapıb. Onun 50-dən artıq elmi məqaləsi isə dünyanın ən böyük elmi mərkəzi olan ABŞ-ın Stenford Universiteti və Stenford xətti sürətləndiricisi Beynəlxalq mərkəzinin elmi fonduna daxil edilib.
Vətənini, xalqını canından artıq sevən professor İsmət Nəcəfov fizika sahəsində bir sıra tədbirlərin Bakıda keçirilməsinin fəal iştirakçısı və təşkilatçılarından idi. Belə ki, 1972-ci ildə keçirilən “Yüksək enerjili adronların qarşılıqlı təsiri” – Beynəlxalq seminarın, 1976-cı ildə keçirilən “Gənc fiziklərin X Beynəlxalq məktəbi”nin” və 1976-cı ildə “Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu” – 26-cı Beynəlxalq müşavirənin məhz Bakıda keçirilməsi İ.Nəcəfovun fəal iştirakı və təşkilatçılığı ilə baş tutub. 1988-ci il 12-15 aprel tarixində isə Bakı Dövlət Universitetinin Rusiya EA və Respublika EA ilə birlikdə Universitetdə keçirdiyi “Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu” – 38-ci Beynəlxalq konfrans məhz İsmət müəllimin əzmi, iradəsi və elmi nüfuzu sahəsində Bakıda keçirilmişdir. Qürurverici haldır ki, azərbaycan alimi konfransın təşkilatçısı və həmsədri olmuşdur.
Dünya miqyaslı, genş diapazonlu alim olan İ.Nəcəfov ona tapşırılan müxtəlif ictimai vəzifələri uğurla icra edib. O, 1962-ci ildən ADU-nun “Nəzəri fizika” kafedrasının dosenti, 1977-ci ildən professoru, 1988-2004-cü illərdə həmin kafedranın müdiri, 1990-cı illərdə isə Fizika fakültəsinin dekanı olub. İ.Nəcəfov həmçinin Respublikada fizika üzrə namizədlik və doktorluq dissertasiyalarının müdafiə Şuralarının sədri, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Sədri, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, BDU-nun Böyük Elmi Şurasının və fizika fakültəsinin elmi şürasının üzvü olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı İ.M. Nəcəfovun respublikamızda ali və orta təhsil sisteminin təkmilləşdirilməsi və inkişafında , elmi biliklərin geniş yayılmasında böyük rolu olmuşdur. Ali və orta məktəblər üçün Azərbaycan dilində fizika üzrə dərslik sahəsində mövcud olan boşluğu aradan qaldırmaq üçün də İ.Nəcəfov əvəzsiz xidmət göstərib. Belə ki, o, məşhur fiziklərdən S.Q.Kalaşnikovun “Elektrik bəhsi”ni, Leviç və başqalarının “Nəzəri fizika kursu”nu (1 cild), IX-XI siniflər üçün “Fizika” dərsliklərini Azərbaycan dilinə tərcümə edərək tələbələrin ixtiyarına verib. Ömrünün son illərində isə o, ali məktəblərin bakalavr-magistr pilləsi üçün tələbələrin çox böyük ehtiyac duyduğu “Müasir klassik elektrodinamika” adlı fundamental dərs vəsaitini yazaraq çap etdirmişdi. Həmin dərslik və tərcümələr bu sahə ilə məşğul olanların stolüstü kitabı hesab edilir.

Mahir pedaqoq İ.Nəcəfov fəaliyyətə başladığı ilk gündən Klassik elektrodinamika, Kvant mexanikası, Statistik fizika və Nəzəri fizikadan ixtisas kursları üzrə yüksək səviyyədə müzahirələri ilə tələbələrinin sevimlisinə çevrilmişdir. Qətiyyətlə deyə bilərik ki, bir çox tələbələr gələcəkdə ağır sahə olan fizikanı məhz sevimli müəllimləri İ.Nəcəfova görə seçmişlər. İndi o tələbələr nəinki Azərbaycanda, eləcə də respublikamızın hüdudlarından kənarda da ölkəmizi ləyaqətlə təmsil edirlər. 
Elə gələcək ömür-gün yoldaşını da dərs dediyi auditoriyada görüb, bəyənmişdi İsmət müəllim. Belə ki, 1963-cü ildə Maisə xanım ( Neft kimyası və fiziki kimya üzrə elmlər doktoru, Neft-Kimya prosesləri İnstitutunun baş elmi işçisi) o zamanlar 3-cü kursda oxuyurdu. İsmət müəllim isə bu qrupa Klassik elektrodinamikadan dərs deyirdi. Maisə xanımın ədəb-ərkanı, özünü aparması və dərsə münasibəti gənc müəlliminin diqqətini cəlb edir... Lakin, İsmət müəllim düz iki il gözləyir və Maisə xanım universiteti bitirdikdən sonra ona öz fikrini bildirir. Bu izdivacdan da onların iki övladı – Hikmət və Nicat dünyaya gəlir.

Prof. İ.M.Nəcəfov nəzəri fizika, nüvə və elementar zərrəciklər fizikası, yüksək enerjilər fizikası sahəsində Respublikada və onun hüdudlarından kənarda tanınmış məşhur mütəxəssislərdən idi. Prof. İ.M. Nəcəfov respublikada və xarici ölkə jurnallarında dərc olunmuşı 170-dən çox elmi məqalənin müəllifi idi. O, 40-dan artıq Beynəlxalq konfransa dəvət olunmuş və məruzələri dünya alimləri tərəfindən rəğbətlə qarşılanmışdır. Elə bu sahənin ən tanınmış nümayəndələrinin həmyerlimiz haqqında yazdıqları fikirlər dediyimizə bariz misaldır. Belə ki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Nəzəri fizika” kafedrasının müdiri, professor V.U. Jukovskinin qeydlərində oxuyuruq: “Prof. İ.M.Nəcəfov elementar zərrəciklər fizikası və kvant sahə nəzəriyyəsi sahəsində görkəmli nəzəriyyəci fizikdir. Prof. İ.M. Nəcəfov hər il keçirilən “Nüvə Spektroskopiyası və Atom nüvəsinin quruluşu”na aid konfranslarda və elementar zərrəciklər fizikası üzrə digər beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak edir və orginal məruzələrlə çıxış edir”.

Moskva Dövlət Universiteti nəzdində Mikroaləmin Nəzəri Problemləri İnstitutunun direktoru professor O.A.Xrustalyev isə yazır: “Nəcəfovun işləri zərrəciklərin elektromaqnit və zəif qarşılıqlı təsir nəzəriyyəsinin aktual məsələlərinin geniş sahəsini əhatə edir. Nəcəfovun elmi işləri Rusiya və xarici elmi ədəbiyyatlarda geniş əks olunmuşdur”.
Qürurverici haldır ki, İsmət müəllimin elmi fəaliyyətinə ayrı-ayrı təşkilatların da verdiyi qiymət hər zaman yüksək olub. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu adından Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Cəmiyyəti İttifaqının prezidenti V.Q.Kadışevski İsmət müəllimin elmi fəaliyyətini belə qiymətləndirir: “Prof. İ.M. Nəcəfov elementar zərrəciklər və kvant sahə nəzəriyyəsi sahəsində görkəmli nəzəriyyəçi fizikdir. Professor İ.M. Nəcəfov tərəfindən alınan elmi nəticələr CERN və DESY-də aparılan eksperimentlərin nəticələri ilə yaxşı uzlaşır”.
Moskva Dövlət Universiteti fizika fakültəsinin “Kvant nəzəriyyəsi və yüksək enerjilər fizikası” kafedrasının professoru Y.M. Loskutovun fikirləri isə daha maraqlıdır: “İ.M. Nəcəfov elementar zərrəciklər və kvant sahə nəzəriyyəsi sahəsində məşhur nəzərriyəçi fizikdir. Onun elektromaqnit və zəif qarşılıqlı təsirə aid işləri, xüsusən də annihilyasiya proseslərində polyarizasiya effektlərinin tədqiqi və lepton, foton, hadron və nüvələrin iştirakı ilə səpilmə məsələləri, elm ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir. Xüsusi ilə onun sonuncu elmi işlərini qeyd etmək istərdim:qarşı-qarşıya gələn elektron və pozitron cütünün annihilyasıyasında leptonların və hadronların yaranması, elektron-neytrino radiasion səpilməsi, yüksək enerjili polyarizə olunmuş elektron və foton dəstələrinin kristallardan səpilməsi ilə bağlı qeyri-elastiki elektromaqnit proseslər, kristallarda elektromaqnit leysanının kaskad nəzəriyyəsi, tərs tormozlanma şüalanması hesabına kristallarda elektron dəstələrinin özbaşına sürətlənməsi effekti və s.”.

İ.Nəcəfov yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması sahəsində də böyük fəaliyyət göstərib. Bilavasitə özünün rəhbərliyi və elmi məsləhətçiliyi ilə 8 namizədlik, 2 doktorluq, 20 magistr işi müdafiə olunub. Onlarla aspirant və dissertanta opponentlik edib, yaxud rəy yazaraq işinə xeyir-dua verib.

Fizika elminin inikişaşafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə İ.M. Nəcəfov müstəqil respublikamızın Şöhrət ordeninə, Respublikanın əməkdar müəllimi fəxri adına, Təhsil Nazirliyinin və Universitetinin fəxri fərmanlarına layiq görülmüşdür.

Bəli, İsmət müəllim geniş biliyə malik şəxsiyyət, qayğıkeş, lakin prinsipial pedaqoq, fizikanın aktual məsələlərinə yaxından bələd olan yorulmaz tədqiqatçı, dünyada qəbul edilən alim, ləyaqətli insan, nümunəvi ailə başçısı idi. O, 26 yaşından pedaqoji fəaliyyətə başlayaraq, halal zəhməti ilə sıravi müəllimlikdən Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər yüksələ bilmişdir. Onun fizika elminin inkişafında, eləcə də gənc alimlərin formalaşmasında əməyi danılmazdır. Məhsuldar elmi, təşkilati və ictimai fəaliyyətinə görə professor İsmət Nəcəfovun keçdiyi mənalı ömür yolu gələn nəsillərə nümunədir. Və nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan elmi var, İsmət Nəcəfovun əziz xatirəsi onu tanıyanların - dostlarının, yoldaşlarının və saysız tələbələrinin qəlbində əbədi yaşayacaq!!! Allah rəhmət eləsin!!!!

Məmməd Rəcəbov 
Bakı Dövlət Universiteti  “Nəzəri fizika” kafedrasının müdiri,  fizika-riyaziyyat elmləri namizədi, dosent,

 Anar Məmmədov
Bakı Dövlət Universitetinin dosent əvəzi, şair-publisist, 
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 808

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...