2021-04-06 07:50:32 | AKTUAL
Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməlidir

Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar ADA Universitetində keçirilmiş tədbirdə işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsindən bəhs olunub

Aprelin 5-də Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar ADA Universitetində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri və xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Tədbiri açan universitetin prorektoru Fariz İsmayılzadə mövzunun Azərbaycan üçün aktual olduğunu və böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev diqqətə çatdırıb ki, BMT-nin müvafiq qətnaməsi ilə qeyd olunan 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü diqqəti ilk növbədə mülki əhalinin təhlükəsizliyinə, həmçinin minalanmış ərazilərdə iqtisadi, sosial təsirlərin aradan qaldırılmasına yönəldir.

“Təəssüf ki, Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. Bu amil müharibədən sonra daha çox aktuallıq kəsb edib. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Bu, Ermənistanın hərbi cinayətlərinin təzahürü olmaqla, eyni zamanda, beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin xəritəsini vermir və beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Bu, Ermənistanın etnik təmizləmə siyasətinin bir hissəsidir. Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı da azərbaycanlı əhaliyə qarşı bu cür cinayətləri törədib.

Prezidentin köməkçisi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin aparıldığını bildirərək deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olur: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir”.

Ərazilərin minalardan təmizlənməsi prosesinin kifayət qədər bahalı və çətin olduğunu söyləyən Hikmət Hacıyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti üçün prioritet olan bu məsələ müxtəlif qurumların birgə fəaliyyət göstərdiyi istiqamətdir. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin strukturu dəyişdirilib. İndi texniki baxımdan onun potensialının artırılması prosesi həyata keçirilir.

“Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist çıxış edərək bildirib ki, bugünkü tədbir minaların və partlamamış sursatların təhlükəsinin aradan qaldırılmasına sadiqliyi ifadə etmək üçün vacibdir. Həmçinin minaların təhlükəsinə dair məlumatlandırmanın artırılması çox mühüm bir fəaliyyətdir. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü minaların yalnız fərdi həyatlara yaratdığı təhlükənin qarşısını almaq üçün deyil, həm də onun iqtisadi inkişafa vurduğu ziyanın qarşısının alınması üçün qeyd edirik.

Vurğulanıb ki, minaların və partlamamış sursatların yaratdığı təhlükə aradan qaldırılmalıdır. Yalnız minalar təmizləndikdən sonra infrastruktur, məktəblər, xəstəxanalar yaradıla bilər. Göstərilən səylərə baxmayaraq, minalar hələ də mülki vətəndaşlara təhlükə yaradır. 2020-ci ildə on mindən çox insan minaların, yaxud da partlamamış hərbi sursatların qurbanına çevrilib. Bütün bunlar kifayət qədər mürəkkəb və ciddi problemdir. Uşaqlar məktəbə, qadınlar işə, bazara getdikdə minaların qurbanına çevrilirlər. Hər dörd mina qurbanından biri məhz uşaqdır. Buna görə də dünyadakı mövcud vəziyyət bütün dövlətlər tərəfindən ciddi nəzərə alınmalıdır. BMT-nin fəaliyyət istiqamətlərindən biri də partlamamış sursatların təhlükəsi haqqında məlumatlandırma prosesinin təşkilindən ibarətdir. Çünki minaların və partlamamış sursatların təmizlənməsi peşəkar bacarıqlar tələb edir.

“Bununla əlaqədar daha bir fəaliyyət istiqaməti tərəfdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycan hökuməti, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaradılması bu məsələlərdə mühüm nailiyyətlər əldə etməyə imkan verir. Əgər hər hansı dövlət minaların və partlamamış sursatlardan azad olmayıbsa, orada dayanıqlı inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq”, – deyə Çaru Bist qeyd edib.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri bildirib ki, insanların həyatını xilas etməklə yanaşı, mina və digər sursatlardan zərərçəkənlərə də dəstək göstərilməlidir. BMT-nin dəstəyi ilə 1999-cu ildən bəri Azərbaycanda ANAMA 6 mindən çox mina təmizləyib və bunun nəticəsində 160 mindən çox köçkünün geri qayıtmasına şərait yaranıb.

“Biz ANAMA ilə daha yaxından əməkdaşlıq edirik. İki həftə əvvəl yeni bir sazişə imza atmışıq. Bu məqsədlə BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan 1 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu vəsait həm işçi heyətə təlim keçirilməsinə, həm də avadanlıqların alınmasına yönəldiləcək. Biz Azərbaycanda bu istiqamətə dəstəyimizi artırmışıq. ANAMA-ya mina xəbərdarlığına dair ehtiyacların araşdırılmasında və tədqiqat sahəsində də dəstək olacağıq. Fəaliyyətimiz, həmçinin mina avadanlığının satın alınmasını, minalardan təmizlənən ərazilərin bərpasını və minaları aşkarlayan itlərin təlimləndirilməsi prosesini də əhatə edəcək”, - deyə o qeyd edib.

ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov agentliyin fəaliyyət göstərdiyi müddətdə ərazilərin minalardan təmizlənməsi sahəsində gördüyü işlərdən danışıb.

Tədbirdə çıxış edən Füzuli sakini Asif Əhmədov bildirib ki, təsərrüfatla məşğul olduqları otlaq sahəsində basdırılmış mina 2020-ci il noyabrın 14-də partlayıb və qardaşı həlak olub, özü isə sol ayağını itirib. O, mülki əhalini minalanmış ərazilərə getməməyə çağırıb, bunun çox təhlükəli olduğunu vurğulayıb.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev qeyd edib ki, komitə mina və partlamamış sursatların təhlükəsinin aradan qaldırılması, Ermənistanın qadağan olunmuş raket və silahlardan istifadə etməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir: “44 gün ərzində düşmənin yerüstü arsenalı məhv edilsə də, yer altındakı gizli arsenalı hələ qalmaqdadır. Minalar işğaldan azad olunmuş ərazilərdə elektrik xətləri boyunca, yol kənarlarına, kənd və qəsəbədaxili cığırlarına, çay kənarlarına və digər yerlərə basdırılıb. Mina təhlükəsinin qarşısının alınması istiqamətində hökumət, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. İnsanları minalanmış ərazilərə getməkdən çəkindirmək üçün yerli və xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili vacibdir. Həmin ərazilərdə mina risklərinin aradan qaldırılmasına müəyyən zaman lazımdır. Beynəlxalq təşkilatları minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.

Baxış sayı : 130
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36