2021-03-29 09:10:56 | MƏDƏNİYYƏT
“İrəvan xanlığının bölgə mətbəxi” kitabında əksini tapan tarixi həqiqətlər

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan “İrəvan xanlığının bölgə mətbəxi” kitabının İstanbulda nəşr olunması diqqət çəkən hadisə kimi qarşılanıb. AZƏRTAC bununla əlaqədar kitabın layihə rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimlinin qeydlərini təqdim edir.

Azərbaycan torpaqlarını zaman-zaman işğala məruz qoyaraq etnik təmizləmə aparan ermənilər, eyni zamanda, bizim mədəni irsimizi də özününküləşdirməyə çalışıblar. Bunun daha bir əyani təzahürünü 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ torpaqlarında gördük. Bununla yanaşı, mənfur qonşularımız tarix boyu Azərbaycan mətbəxini və yeməklərini də özününküləşdirib “erməni yeməkləri” kimi təqdim edir, bu saxtakarlığı indi də davam etdirməyə cəhd göstərirlər. Azərbaycan Milli Kulinariya Mərkəzi erməni saxtakarlıqlarının ifşa edilməsi, habelə milli mətbəximizin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir. Mətbəx tarixinin araşdırılması və milli mətbəximizə aid kitabların nəşri bu baxımdan xüsusilə təqdirəlayiqdir. İstanbulda çap olunmuş “İrəvan xanlığının bölgə mətbəxi” kitabı Tahir Əmiraslanovun rəhbərlik etdiyi Milli Kulinariya Mərkəzinin Azərbaycan gerçəkliklərini beynəlxalq müstəvidə yaymaq istiqamətində atdığı uğurlu addımların məntiqi davamı olaraq diqqət çəkir. Çoxillik tədqiqatların məhsulu olan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu gün istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tarixi qaynaqlara və 1500-dən çox etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu monoqrafiya azərbaycanlıların qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir. Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları və yemək növlərinin adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq “Армянская кулинария” adlı kitab nəşr etdirib. Lakin “İrəvan xanlığının bölgə mətbəxi” kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının, hazırda “Ermənistan” adlanan tarixi torpaqlarımızda yaşayan azərbaycanlı əhalinin qida rasionunda yer tutan yemək və içkiləri özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına baxmayaraq, orada yer alan yeməklərin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların əksəriyyətinin adları (boranı, əriştə, xəşil, küftə, dolma, qovurma, bozartma, çığırtma, xaşlama, kətə, lavaş, gögüplov, odplov, müəmmərplov, imam bayıldı və sair) Azərbaycan dilindədir. Ermənilər Azərbaycan mətbəx terminologiyasındakı yemək-içmək adlarında bəzi hərfi dəyişiklər etməklə özlərinə saxta “mətbəx mədəniyyəti” yaratmaq iddiasında olublar. Artıq beynəlxalq ictimaiyyət erməni yalanlarının üzə çıxmasını diqqətlə izləyərək onların necə aradan qaldırıldığının şahidi olur. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi ermənilərin iddiasına rəğmən, lavaşın türk xalqlarının çörəyi, 2017-ci ildə dolmanı Azərbaycana məxsus mətbəx növü kimi Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil etməsi buna əyani sübutdur.

“İrəvan xanlığının bölgə mətbəxi” kitabının dəyərlərindən biri də İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin - Sərdar Sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlərin nəşrdə yer almasıdır. Bu sənədlər sırasında, İrəvan quberniyasının şeyxülislamı olmuş axund Şeyx Məhəmmədbağır Qazızadənin Gürcüstan dövlət arxivində saxlanan və 1874–1910-cu illərə aid şəxsi qovluğundan əldə edilmiş İrəvan Ruhani məclisinin sədri və Quberniya qazisi təyin olunması haqqında İrəvan qubernatorunun sərəncamları da var. Böyük maarifpərvər Şeyx Məhəmmədbağır Qazızadə öz evində rus-tatar məktəbini açmış və pedaqoji fəaliyyətinə görə 1898-ci ildə 3-cü dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdu. Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, rus şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər, çar II Nikolayın yüksək qiymətləndirdiyi Sərdar Sarayının bərpa edilməsi haqqında arxiv materialları İrəvan xanlığının azərbaycanlıların yaşadığı qədim ərazilər olduğunu göstərən danılmaz faktlardır.

Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək və içki adları və onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisində azərbaycanlıların yaratdığı mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır. Kitab hər bir azərbaycanlını ruhən doğma yurd yerlərinə aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır.

“İrəvan xanlığının bölgə mətbəxi” kitabının nəşri COVID-19 pandemiyası dövrünə təsadüf etdiyi üçün onun təqdimatı Diasporla İş üzrə Dövlət Komitəsinin “E-Akademiya” layihəsi vasitəsi ilə onlayn keçirilib. Videokonfransda Azərbaycan diasporunun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə kitabın məziyyətləri və beynəlxalq aləmdə təqdim olunması barədə müzakirələr aparılıb.

Nəşri barədə xəbərlərin Türkiyə və Fransa mətbuatında yer aldığı “İrəvan xanlığının bölgə mətbəxi” kitabı hazırda İsveçdə Alfred Nobelin (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden) ev-muzeyində sərgilənir. Kitabın Avropa ölkələrində planlaşdırılmış təqdimatının postpandemiya dövründə həyata keçirilməsi nəzərdə tutulur.

Baxış sayı : 145
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36