2021-02-24 09:20:35 | AKTUAL
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniyanın RND xəbər agentliyinə geniş müsahibə verib.

Almaniyanın RND xəbər agentliyinin jurnalisti Yan Emendörfer (Jan Emendörfer) Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovdan müsahibə alıb və müsahibə sözügedən agentliyin onlayn portalında, eləcə də “Madsak” nəşriyyat qrupuna daxil olan digər qəzetlərdə dərc olunub.

Müsahibə əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə həsr olunub. Səfir Ramin Həsənov Azərbaycanın Ermənistan tərəfindən irəli sürülən Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı təklifini rədd etməsinin səbəbləri ilə bağlı jurnalistin sualına cavab verərək bildirib ki, gündəlikdə ümumiyyətlə belə bir məsələ mövcud deyil, hər hansı səsvermə keçirilməsinə ehtiyac yoxdur və belə bir səsvermə tamamilə istisna olunur.

O, bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonu təqribən 30 il əvvəl Ermənistan tərəfindən işğal olunsa da, beynəlxalq hüquqa görə hər zaman Azərbaycanın tərkib hissəsi olaraq qalıb. Bu bölgədən 750 mindən çox, Ermənistanın özündən isə 250 mindən çox azərbaycanlı qovulub. Buna baxmayaraq Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həllinə çalışıb. Səfir bildirib ki, əks təqdirdə Azərbaycan, təxminən 30 il ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan, lakin uğursuzluqla nəticələnən sülh danışıqlarında iştirak etməzdi. Səfir qeyd edib ki, Ermənistan tərəfi dünya ictimaiyyətinin işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsinə dair tələblərinə və o dövrdə mövcud olan status-kvonun qəbuledilməz olması ilə bağlı çağırışlarına məhəl qoymayıb, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni də yerinə yetirməyib.

Səfir jurnalistin son müharibəyə gətirib çıxaran səbəblərlə bağlı sualına cavab olaraq bildirib ki, Ermənistanın yeni hökumətinin təxribatları döyüşlərin başlaması üçün həlledici olub. Belə ki, 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyan işğal olunmuş Dağlıq Qarabağa etdiyi təxribatçı səfərlərindən birində “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deyə bildirib. Elə həmin il, Ermənistanın o zamanki müdafiə naziri Davit Tonoyan, Nyu-Yorkda erməni icması ilə keçirdiyi görüşdə “yeni ərazilər üçün yeni müharibələr” strategiyasını elan edib. Bundan əlavə, Ermənistan qanunsuz məskunlaşma siyasəti əsasında Yaxın Şərqdən olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasını həyata keçirib. Həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu və idarə etdiyi qanunsuz rejim “mühüm inzibati idarələri” işğal altındakı Şuşa şəhərinə köçürmək niyyətində olduğunu elan edib.

Ramin Həsənov qeyd edib ki, ermənilər Şuşa şəhərinin azərbaycanlılar üçün tarixi, mədəni və etnik baxımdan həlledici əhəmiyyətə malik olduğunu bilə-bilə bu addımı qəsdən atıblar. Bununla kifayətlənməyən Ermənistan 2020-ci ilin iyulunda işğal altında olan ərazilərimizdən uzaq məsafədə yerləşən Azərbaycanın Tovuz sərhəd bölgəsinə hücum edib və hücum zamanı ağır silahlardan istifadə olunub. Nəticədə bir mülki şəxs və bir ordu generalı da daxil olmaqla çoxsaylı hərbi qulluqçu həyatını itirib. Səfir əlavə edib ki, onun fikrincə bu cəhd daha geniş və daha böyük bir hücum üçün sınaq rolunu oynayıb. Ermənistan bu hücumla üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı ölkələri münaqişəyə cəlb etmək niyyətində olub. Bu ölkələr isə reallıqları görərək erməni təxribatına getməyiblər. Eyni zamanda, Ermənistandan Tovuz istiqamətində edilən hücum həmin ərazinin yaxınlığından keçən neft və qaz infrastrukturuna ziyan vurmaq, eləcə də Cənub Qaz Dəhlizinin fəaliyyətə başlamasının qarşısını almaq məqsədi daşıyıb.

Lakin ermənilər məqsədlərinə çata bilməyiblər və Azərbaycan Ordusu hərbi hücumu qətiyyətlə dəf edib. Ermənistan daha sonra iyul-sentyabr ayları arasında ölkəmizə hərbi təxribat qrupu göndərib və bu cəhd də boşa çıxıb. Qrup üzvləri zərərsizləşdirilib, qrupun rəhbəri isə həbs olunub. O rəhbərlik etdiyi qrupun Azərbaycanda terror aktları həyata keçirmək istədiyini etiraf edib.

Səfir vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri o vaxtki cəbhə xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv hücum etməyə başlayıb. Azərbaycan isə əks-hücuma keçərək təqribən 30 il müddətində işğal altında olan ərazilərini azad edib.

Jurnalist Emendörfer Ermənistanın Azərbaycanı ermənilərin Dağlıq Qarabağdan məcburi köçürülməsinə görə tənqid etdiyini, Ermənistanda geri qayıtmağa cəsarət etməyən təxminən 40 minə qədər qaçqının olduğunu qeyd edib və səfirdən buna münasibət bildirməsini istəyib.

Səfir Həsənov bildirib ki, Ermənistanın bu məsələdə Azərbaycanı tənqid etməyə haqqı yoxdur. Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra bu ərazilərdə etnik təmizləmə həyata keçirib. Azərbaycanlı qaçqın və məcburi köçkünlər elementar hüquqlardan, yəni yaşamaq, azadlıq və digər əsas hüquqlardan məhrum edilib. Azərbaycan isə 44 günlük müharibə dövründə həmişə beynəlxalq humanitar hüquqa riayət edib. Azərbaycan heç vaxt erməni millətindən olan vətəndaşlarımızın Dağlıq Qarabağda yaşamaq hüququnu şübhə altına almayıb və həmişə birlikdə yaşamaq üçün səy göstərib. Şübhəsiz ki, artıq 50 mindən çox erməninin Dağlıq Qarabağa qayıtması da Azərbaycanın razılığı olmadan mümkün olmazdı. Azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması da tezliklə mümkün olmalıdır. Azərbaycan Dağlıq Qarabağda dinc, yanaşı yaşamağın təmin ediləcəyini bəyan edib. Bu səbəbdən, Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla birlikdə yaşamaq barədə “qorxuları” əsassızdır. Bu gün Azərbaycanda demək olar ki, 30 min erməni problemsiz yaşayır. “Bu insanlar bizim vətəndaşlarımızdır və başqaları ilə eyni hüquqlara malikdirlər. Azərbaycanda çoxmədəniyyətli və tolerant cəmiyyət mövcuddur. Ölkəmizdə məscidlər, sinaqoqlar, kilsələrin yanaşı mövcud olduğunun və müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadıqlarının şahidi ola bilərsiniz”, - deyə səfir bildirib.

Jurnalist qeyd edib ki, Ermənistan Azərbaycanı hərbi əsirləri hələ də geri qaytarmamaqda və onlarla pis rəftarda günahlandırır.

Ramin Həsənov bildirib ki, bu doğru deyil. İmzalanmış üçtərəfli bəyanatda cəsədlərin və əsirlərin mübadiləsi də yer alıb. Azərbaycan bu öhdəliyi yerinə yetirib. 1300-dən çox cəsəd və 100-dən çox hərbi əsir Ermənistan tərəfinə təhvil verilib. Ancaq bəyanatın imzalanmasından təqribən bir ay sonra 62 nəfərdən ibarət olan terror və təxribat qrupu Ermənistandan terror hücumları həyata keçirmək tapşırığı ilə Azərbaycana göndərilib. Onlar mülki şəxsləri və əsgərləri öldürdükdən sonra yaxalanıblar. Bu qrupun üzvləri beynəlxalq humanitar hüquqa görə hərbi əsir kimi təsnif edilmir. Onlar terrorçudurlar və etdiklərinə görə cinayət məsuliyyəti daşıyırlar.

RND müxbiri internetdə əsirlərlə pis rəftarı əks etdirən məlumat və şəkillərin olduğunu bildirib və bu barədə Azərbaycan səfirinin fikrini öyrənib.

Səfir bildirib ki, bu iddialar dərin araşdırma və təsdiq tələb edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq bu işləri araşdırır və müvafiq reaksiya verir. Artıq Azərbaycan silahlı qüvvələrindən olan 4 əsgərə qarşı sözügedən ittihamlar əsasında cinayət işi başlanılıb və onlar həbs ediliblər. Bəzi digər iddiaların isə əsassız olduğu ortaya çıxıb. Səfir vurğulayıb ki, internetdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsgərləri ilə pis rəftarla bağlı daha çox şəkil və video tapmaq mümkündür. Təəssüf ki, erməni əsgərlərinin pis rəftara görə məhkum olunduğu barədə hər hansı məlumat yoxdur. O, bu əsnada 1992-ci ildə baş vermiş Xocalı soyqırımını xatırladıb. Xocalıda yaşayan mülki əhaliyə qarşı edilən soyqırımı nəticəsində bir gecədə 63 uşaq və 100-dən çox qadın daxil olmaqla 613 mülki şəxsin vəhşicəsinə öldürüldüyünü bildirib. Səfir əlavə edib ki, Ermənistanın hərbi cinayətləri 44 günlük müharibə dövründə də davam etdirilib. Müharibənin gedişində erməni tərəfi mülki obyektlərə, o cümlədən Gəncə, Bərdə və sair kimi döyüş bölgəsindən uzaq məsafədə yerləşən sıx məskunlaşmış şəhərlərə ballistik raketlər və kasetli bombalar atıb. Azərbaycan tərəfi bu hücumlar nəticəsində 100-dən çox mülki itki verib. Ramin Həsənov bu barədə “Amnesty International”, “Human Rights Watch” təşkilatı, eyni zamanda, alman mətbuatında da məlumatların yer aldığını və bu hesabatların da jurnalistə tanış olduğuna ümid etdiyini bildirib.

Səfir jurnalistin iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı sualına cavab olaraq bildirib ki, müharibə bitib və ümid edirik ki, münaqişə də, həmçinin sona çatıb. Biz qonşuyuq. Nə ermənilər regionu tərk edəcəklər, nə də biz. İndi fəal siyasi proses gedir. Ermənistan öz gələcək yolunu seçməlidir. Uğurlu gələcəyin təmin edilməsinə qonşuların dövlət sərhədlərinin tanınması və onlarla əməkdaşlıq edilməsi daxildir. İndi iki ölkə arasındakı bütün kommunikasiya yolları açılmalı və dağıdılmış infrastruktur yenidən bərpa olunmalıdır. Ermənistan regional əməkdaşlıqla əlaqəli bir çox təşəbbüs və layihələrdə iştirak edə və onlardan bəhrələnə bilər. Bunun üçün birlikdə yaşamağı istəmək kifayət edir. Beynəlxalq ictimaiyyət də Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma işini dəstəkləməlidir. Bölgəmizdə də dinc, yanaşı yaşamağın mümkün olduğuna qəti şəkildə inanırıq və bunun üçün öz tərəfimizdən əlimizdən gələni edəcəyik.(Azərtac)

Baxış sayı : 133
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36