QHT və MEDİA
A- A A+

Qələmlə yaxılmış rənglər

2016-01-11 09:45:26

“Duyğular” silsiləsindən

Cəfər Cabbarlının qızı Gülarə Cabbarlıyla görüşmək üçün onların Dağlı məhəlləsindəki evlərinə gedərkən özümü bir növ günahkar kimi hiss edirdim.
 Onda 2005-ci ilin yanvarı idi və mən də 60 yaşın astanasındaydım. “Günah” yiyəsi olmağım da ondan yanaydı ki, hələ yaşı 40-a çatmadan dünyalarca yaşayacaq əsərlər yaratmış bir sənətkarın, bizləri çox erkən tərk etmiş Cəfər Cabbarlının əziz-girami qız övladıyla görüşə gedirdim. Ona verəcəyim sualların ağırlığı çiyinlərimdən ağır yük kimi asılmışdı. Ən çox da biri: “Sizə elə gəlmir ki, əgər bir az da yaşasaydı, Cəfəri də 37-də güllələnənlərin aqibəti haqlayacaqdı?”
Ağır da olsa, Gülarə xanıma verdiyim o sualın cavabında qayıtdı ki, bilirsənmi İntiqam, bu sualı mənə sənəcən də verənlər olub. Sənnən uzaq, açığı bu mənim xətrimə dəyib. Bilirsənmi niyə? Təki bizim ailənin də aqibəti 37-ci ildəkilərin aqibəti kimi olaydı - bizi də tutaydılar, Sibirə, Qazaxıstan çöllərinə sürgün edəydilər. Təki atam 37-ci ilə qədər yaşayaydı. O sürətlə, ardıcıllıqla ki, o yazırdı, 2-3 ilə onlarla bir-birindən gözəl əsərlər dünyaya gətirəcəkdi. Üstəlik də ən azı 2-3 ildə onun o isti, o məhrəm əllərini saçlarımda hiss eləyər, nəvazişlərinə bələnərdim...
İndi bildinizmi niyə o zaman özümü günahkar qismində hiss edirdim?.. Bax, bu yazını yazdığım məqamlarda da o zamankı ovqatı yaşamaqdayam, çünki indi də 70 yaşın içindəyəm və ötən əsrin, demək olar, əvvəllərində 47 yaşında ürək tutmasından dünyasını dəyişmiş bir şair haqqında, onun gözəl şeiriyyatı barədə söz demək fikrinə düşmüşəm. Səməd Mənsuru deyirəm. İndilər bu incə ruhlu, klassik lirika uyarlı, kəskin satirik boyalar ustası şair haqqında danışmağa nə var ki. Hünərin vardı, bu barədə 50-60 il öncə söz açaydın, başına güllə çaxmasaydılar da, ağzına torpaq doldurub susdurardılar. Ancaq ADU-nun Jurnalistika şöbəsində oxuyarkən, 18-19 yaşımız vardı, bizə ərəb hürufatını öyrədən istedadlı müəllimimiz, unudulmaz pedaqoq Əli Fəhmi tədris elədiyi fənnə aid olmasa da, bizləri Səməd Mənsur dünyasıyla tanış elədi. Təkidlə bizdən tələb elədi söyləyəcəyi Səməd Mənsur yadigarı bir şeiri mühazirə dəftərimizə yazaq. Bu, o gözəl şairin yaradıcılığından tanış olduğumuz ilk şeir - “Naz et” adlı mənzumə idi. Başqa tələbə dostlarımı deyə bilmərəm, amma Əli müəllimin o diqtəsindən sonra şeir canıma necə hopdusa, həmən əzbərlədim. 
Sonralar, 70-ci illərin əvvəllərində mən Azərbaycan radiosunda çalışarkən Əli Fəhmi tez-tez redaksiyamızın qonağı olar və hər dəfəsində görüşərkən özünəməxsus ərklə deyərdi: “Alə, İsmayıllı balası, Səməd Mənsur yadındadı, bir-iki ağız de, görüm unutmamısan ki...”Və mən də əziz müəllimimin sözünü yerə salmazdım. 
Naz et 
Ey rəhmli canan, eləmə ülfətə adət,
Nazınla vüqarın verir ətvarına zinət.
Bihudə gülümsünmə, vüsalında nə ləzzət,
Sıx qəlbimi, yansın cigərim, qanımı qəynət,
Cövründə dəri-sirri-nihanı mənə baz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et.

Gər olmaya dövründə gülün xari-dilənduz,
Gər mümkün ola bülbül üçün vəsl şəbü ruz,
Nə bülbül olur dəhrdə, nə nəğmeyi-cansuz,
Qoyma ki, camalın ola üşşaquva dilduz,
Hicrində məkatib səbəbi-talei-firuz
Təhsilimi, təlimimi, ey şux, diraz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et...
Səməd Mənsur XIX əsrin sonlarında Bakıda anadan olub. İmkansızlıq üzündən təhsil ala bilməyib, hələ yeniyetməykən ağır işlərdə çalışıb başını dolandırmaq zorunda qalıb. Amma söz sənətinə vurğunluq, o dövrün adlı-sanlı söz sərrafları Mirzə Əbdülxalıq Cənnəti, Buzovnalı Azər, Əliabbas Müznib, Əliağa Vahid kimi şairlərə olan sevgisi onu günlərin birində “Məclisi-şüəara” adlı məşhur şairlər məclisinə gətirib çıxarır. 
Burda Səmədin 1-2 qoşqusunu dinləyən kimi onu öz sıralarına qəbul edir, üstəlik adının yanına “Mənsur” ləqəbi də yaraşdırırlar. Tezliklə aşkar olur ki, Səməd Mənsur digər şairlərdən həm də yazılarındakı satirik ahəngi, tənqidə meylliyi ilə seçilir. Belə ki, o, istər çar dövründə, istər 23 aylıq Demokratik Cümhuriyyət zamanında və həm də 1927-ci ilə qədər yaşayıb şahidi olduğu sovetlər dönəmində rastlaşdığı nöqsanlara, neqativ faktlara qarşı lal seyrici kimi baxmayıb, həyatda üzləşdiyi zülmə, cəhalətə, avamlığa, şüarçılığa, yalana, kosmopolitizmə qarşı kəskin münasibətini bildirib. Onun “ Cavan həkimlərimizə”, “Ya şeyx”, “Bulvar qəhrəmanları”, “Bakılı”, “Vahid Rusiya”ya ithaf” kimi şeirləri, “Ziyalılarımız” adlı silsilə felyetonları buna misal ola bilər.
Səməd Mənsurun satirasından söz düşmüşkən, onun “Qaçmaq günüdür” adlı bir taziyanəsinin timsalında daxilimdə hasil olan bir duyğumu sizlərlə bölüşmək istərdim. Əvvəlcə 1918- ci ilin martında müsəlman qətliamından bir qədər sonra “Şeypur” məcmuəsində nəşr olunan və sovetlər əyyamında uzun müddət tədqiqatçıların gözündən yayınan o şeirdən bir-iki bəndi xatırlayaq, sonra o duyğuma qayıdaram.
Qaçmaq günüdür
Top nərəsi, qurşun səsi, at kişnəməsindən,
Köylər dağılar, evlər uçar gülgüləsindən,
Türk ordusu duysa ki, onun nərə səsindən
Aləm dağılar, vaz keç hökumət həvəsindən,
Qaçmaq günüdür, ingilis, Osmanlı gəlir, arş,
Qaçmaqa Mkrtıç sənə, Arşak sənə yoldaş.

Derdin Bakı, Dərbənd, Dağıstan sənin olsun,
Tiflis də sənin, Qars da sənin, Van sənin olsun,
Hayrun olasan, cümlə Hayıstan sənin olsun,
Türk qoymadı əfsus bir ovdan sənin olsun,
Qaçmaq günüdür, ingilis, Osmanlı gəlir arş,
Qaçmaqda Mkrtıç sənə, Arşak sənə yoldaş... 
Ötən əsrin 70- ci illərinin sonunda Azərbaycan radiosunda müəllifi olduğum silsilə “Maraqlı müsahiblər” verilişinin bir sayını da respublikamızın Xalq artisti, Akademik Milli Dram Teatrının baş rejissoru və... 
Səməd Mənsurun oğlu Tofiq Kazımova həsr eləmişdim. O veriliş ərəfəsində böyük sənətkarla görüşdüm. 
Onunla aramızda olan mükalimələr, nəhayət, efirdə səslənən lent yazısı bir ayrı söhbətin mövzusudur. 
Bircə orasını deyim ki, veriliş istər baş redaktorumuzun, istərsə də o vaxtkı radio rəhbərliyinin o qədər xoşuna gəlmişdi ki, radionun Qızıl Fonduna daxil eləmişdilər. Az sonra həmin verilişin lent yazısı proqram rejissorumuzun səhlənkarlığı üzündən pozuldu və bununla da çox nadir hallarda müsahibə verən, ortaya yalnız bir-birindən maraqlı tamaşalar qoymağı həyat kredosu hesab edən bu əvəzsiz səhnə xadiminin çox maraqlı fikirlərlə, teatr düşüncələri, aktyorlara, teatr ictimaiyyətinə, sənətkarlara tövsiyələriylə zəngin o son efir çıxışı yox oldu. Sonradan mən Tofiq Kazımovla görüşüb onu daha geniş formatlı “Sorğular, cavablar” verilişində təqdim etməyə razı salmışdım.Təəssüf ki, amansız əcəl, yaradıcılığının ən bəhrə verən çağlarında onu haqladı, avtomobil qəzasında həyatını əlindən aldı. Eynən atası - 47 yaşında faciəli surətdə həyatdan köç etmiş atası Səməd Mənsur kimi...
İndi budur, mən vaxtilə Cəfər Cabbarlının Dağlı məhəlləsindəki mənzilinə, bu gün onun adını daşıyan ev muzeyinə, qızı Gülarə xanımla görüşə gedərkən keçirdiyim ağır xəyallar əhatəsində qiyabi olaraq Tofiq Kazımovun Milli Akademik Dram Teatrının 2-ci mərtəbəsindəki rejissor otağına daxil olur və xəyalən ona sual verirəm : “Tofiq müəllim, necə bilirsiz, əgər atanız 1927-ci ildən bu yana daha 10 il yaşasaydı, hələ 1919-cu ildə yazdığı, amma nədənsə 1926-cı ildə “Ədəbi parçalar” adlı məcmuədə işıq üzü görmuş “Həpsi rəngdir” seirinə görə onu həbs edib güllələyərdilərmi və ürəyinizdən belə duyğu keçirmi ki, nə yaxşı atam o dəhşətli repressiya illərinə gəlib yetişmədi, yoxsa aqibətimiz necə olardı! Və Tofiq müəllim də çox vaxt aktyorlara mizanları başa salarkən yüksələn cingiltili səsilə guya mənə belə cavab verir: “Onda mənim nə yaşım vardı ki - 3 ya 4. Atam 10 il də yaşasaydı, əlimdən tutub məni məktəbə aparardı, əynimə pal-paltar alardı, evimizi, ailəmizi firavan dolandırardı, boyuma baxıb fərəhlənirdi. On il də on ildir də. Nə qədər şeirlər, satiralar, pyeslər, vodevillər yaza bilərdi. 47 yaş nədir ki - bir igidin ömrü də deyil. 37-ci ilə qalsaydı, heç olmasa surəti hafizəmə həkk olunardı...”
Yox, Səməd Mənsur 1937-ci il repressiyasına çata bilməzdi. Çünki o repressiya bir ayrı sifətdə hələ 20-ci illərin başlanğıcından özünü göstərməyə başlamışdı və o vaxtacan dəyişməz qalan Səməd Mənsur sovetlərin də düz-əməlli quruluş olmadığını incə şair duyğusuyla fəhm etmiş, ard-arda yazdığı şeirləri, satiraları, taziyanələriylə millətin qanıyla suvarılmuş meydanda at oynadan bolşeviklərin lap o öndə gedənlərinin gözünün içinə nifrinlərini yağdırmışdı. Belə ki “Ya rəbb!”, “Meydana çıx “, “ Söyüşün”, “Yeznə, yəni Nikolay dayı”, “ Bakılı”, “Bənzətmə “, “Vahid Rusiya” ya ithaf”, “Cavan həkimlərimizə”, “Çarşablı qadınlar”, “Bulvar qəhrəmanları” şeirləri ilə Səməd Mənsur çoxdan kəfənini boynuna dolamışdı və əvvəl-axır cəllad qılıncı onun boynuna enəcəkdi. Odur ki, zaman-zaman üstünə leysan kimi yağan tənələrə, məruz qaldığı hücumlara, yaşadığı məşəqqətli ömrə - günə 1927- ci ilin ilk günlərinəcən dözə bildi. 47 yaşınacan. Sonralar amansız rejim illərlə, on illərlə Səməd Mənsuru unutdurmağa, yaddaşlardan silməyə cəhd elədi. Bəzən buna nail də oldu. Bununla belə çətinliklə də olsa qorxa-qorxa, ehtiyatlana-ehtiyatlana elə oğullar, elə xanımlar ortaya çıxdı ki, Səməd Mənsuru əvvəlcə qismən, daha sonra bütün boyu, dəst-xətti, hüsn-təravətilə gün işığına çıxara bildilər. Bu yolda Əli Fəhminin, Əliheydər Hüseynovun, Abbas Abdullayevin, Təranə Hüseynovanın adlarını minnətdarlıq hissi ilə çəkmək yerinə düşərdi. Səməd Mənsur şeirlərinin mahir ifaçıları olmuş Mikayıl Mirzənin, Həsən Əbluçun, Həsənağa Turabovun, bu günümüzdə yaşayıb-yaradan, yeri gələndə S.Mənsur yaradıcılığının hələ açılmayan səhifələrinin tədqiqilə məşğul olan istedadlı qiraət ustası Əli Nurun adlarını çəkməyə bilmərəm. 
S.Mənsur ağır maddi çətinliklərə baxmayaraq, hələ 1917-ci ildə “Turan” adlı elektrik mətbəəsi təsis etmiş, burada ta 1920-ci ilin may ayına, bolşevik istilasına qədər naşirlik işiylə məşğul olmuşdu. Məhz bu illərdə ölkədə baş verən gərgin olaylar onun şüurunda ciddi təkamülə səbəb olur, şeirlərinin siyasi-ictimai mündərəcəsi daha da kəskinləşirdi. Bəlkə də sonrakı daha qəddar repressiya illərində onun xatirəsinin xalq yaddaşında yaşamasında həmin illərdə qələmə alıb dərc etdirdiyi “Sən mənim olsan”, “Naz et”, “Gülməlidir”, “Həpsi rəngdir” şeirlərinin böyük rolu olub. Və zənnimcə, bu möhtəşəm şeir qafiləsinin, onların da sarbanı olan “Həpsi rəngdir” adlı əbədiyaşar mənzumənin buçağacan olduğu kimi bundan sonrakı əsrlərin də sərhədlərini aşıb uzaq qərinələrə, yüzilliklərə getmək şansı, hüququ, haqqı var.
Həpsi rəngdir
Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.
Mey riya, məşuqə qəşş, hüsnü vəcahət rəngdir
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

Görmədim bir zərri-xalis buteyi-nasutidə,
Mənəvi min ləkə gördüm ləldə, yaqutidə,
Biqərəz insan olur görmək fəqət tabutidə,
Bilməzəm varmı sədaqət aləmi-lahutidə,
Azma, fikrim, cümlə ecazi-kəramət rəngdir.

İndi ki mümkün deyil aləmdə olmaq kamiyab,
Ey gözün qurbanı, saqi, ver genə sagər şərab,
Ver genə sagər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsur rahət iktisab,
Yoxsa bu aləmdə yoxdur istirahət, rəngdir.

 İntiqam Mehdizadə


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1106

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...