CƏMİYYƏT
A- A A+

Yoxluğun inanılası deyil...

2016-01-09 09:35:31

UNUDULMAZ ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ

Təyinatımla əlaqədar rayonda işləsəm də, ayda 3-4 dəfə telefon zəngilə hal-əhval tuturdum. 
Deyim ki, o da mənimlə, iş çətinliyimi bilib zəngləşirdi. Sonuncu dəfə qızının toyu ilə əlaqədar söhbət etmişdik. Aradan on gün keçmişdi, zəng vurub toyla əlaqədar vaxtı soruşmaq istədim. Telefonu cavab vermədi...  Səhəri gün bir də zəng etdim. Həyat yoldaşı Təranə xanım doluxsunmuş halda cavab verdi ki, Arif dünən xəstəxanada ağır əməliyyat olunub. Bakıya onu yoxlamağa gələndə onkoloji xəstəxanada idi. Tibb bacısı dedi ki, şənbə günü olduğundan bağ evinə aparıblar. Telefon edib yenə Təranə xanımdan vəziyyəti soruşdum. "Bağ çətin yerdədir, - dedi, - tapa bilməzsən". Mən də elə yaxşı vəziyyətdə deyildim. Diabetim 390-418, ürək də bir tərəfdən. Təranə xanım: "Müalicəni götür, şənbə günü gələrsən" - dedi. Bəli, şənbə günü. Gəldim, amma dəfnə. Arifi, otuz illik yaxın dostumu, Azərbaycan alimini, qeyrətli bir oğulu, böyük ziyalını son mənzilə yola salmaqdan ötrü.

1980-ci illərin ortaları idi. "Abdulla Şaiqin bədii nəsri" mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdim. Nizami adına Ədəbiyyat İnstitutunda elanlar lövhəsində "Drujba narodov" jurnalında çap olunan məqaləsinə görə İnstitut rəhbərliyi Arif Məmmədovu təbrik etmişdi. Yaddaşım məni aldatmırsa, o məqalə "Mən xoşbəxtəm ki, anlamağa qadirəm" adlanırdı və Xalq yazıçısı Anarın "Sizsiz" əsəri haqqında idi. Arif professor Kamran Məmmədovun rəhbərlik etdiyi şöbədə işləyirdi. Mənim də elmi rəhbərim həmin şöbənin professoru Əflatun Saraclı  olduğundan şöbənin əməkdaşlarının nəinki yeni nəşr olunan kitabları, hətta məqalələri ilə maraqlanır, uğurlarına sevinirdim. Arif Məmmədovla - yaşından böyük görünən, ciddi, az danışan, elmi mübahisələrdə güzəştə getməyən bir gənci az bir vaxtda şöbədə tanıdım. O vaxtları professorlar Muxtar İmanov, Əflatun Saraclı, Zaman Əsgərli, Kamran Əliyev, İslam Ağayev, Hüseyn İsrafilov, Şamil Vəliyev, Alxan Məmmədov bizim şöbədə işləyirdilər.

Moskvada çap olunan məqaləsi ilə əlaqədar Arifi təbrik etdim. Sonralar digər yoldaşlar kimi onunla isti ünsiyyətimiz yarandı. Kənddə yaşadığım üçün "Əkinçi" qəzetində, Arifin nəşr edilən yeni kitabı haqqında "Tanıdığım imza" sərlövhəli məqaləmi yazdım. Arif o illər Azərbaycan Televiziyasında "Ədəbi jurnalların səhifələrində" adlı bir veriliş də aparırdı. Tale elə gətirdi ki, yaradıcılıq yaxınlığı ailə yaxınlığına çevrildi. Təbii ki, biz ailəlikcə Bakı şəhərinə köçəndən sonra. Arif nəyi və kimi oxuyurdusa onu müzakirə etməkdən, məziyyətlərindən, o əsərin səciyyəvi xüsusiyyətlərindən danışmaqdan doymazdı. Həm də elə situasiya yaradırdı ki, əgər sözü gedən əsəri oxumamısansa, tezliklə oxuyub deyilən münasibətlərə "hə, yox" deməyi bacarmalıydın. Mən "İki sahil", "Arqumentı i faktı" qəzetlərində əməkdaşlıq edərkən ədəbiyyatın problemləri ilə əlaqədar Arifdən yazılar yazmış, müsahibələr götürmüşəm. Onilliklər bir-birini əvəz etdikcə onun elmə olan münasibətində, vəziyyətlərdən asılı olmayaraq, qəti deyə bilərəm ki, dəyişiklik olmurdu. Hətta qızlarının orta və ali məktəblərdə oxuyarkən dərsləri, imtahanları ilə ciddi maraqlanması, həyat yoldaşı, riyaziyyat müəlliməsi Təranə xanımın dərsləri, işi ilə mütəmadi maraqlanması onu bir ailə başçısı kimi, bir ata kimi bütövlüyündən, şərqlilərə məxsus kişi xüsusiyyətindən xəbər verirdi.

Arif çox işləyirdi. Nə vaxt gedirdin, yazı masasının arxasında idi. Bizə gələndə də yeni aldığım kitabları tez nəzərdən keçirirdi. "Deyəsən hamısını oxumusan, qeydlərdən görürəm, niyə məqalə yazmırsan" - deyirdi. Daim məni kitab nəşr etdirməyə təhrik edirdi. 1990-cı ildə "Nəsrin poetikası" kitabını avtoqrafla mənə verəndə yazmışdı ki:"... "A.Şaiqin nəsri" kitabını oxumaq arzusuyla". Deyirdim, ay qardaş, mənə dedin, dedin, doktorluq dissertasiyasını işləyib qurtardım, bəs özün niyə tamamlamırsan?" Son illər ona acığım tuturdu ki, ətrafına bax, tez elə, dəstədən geri qalma, işini yekunlaşdır. "Baba, mütləq yekunlaşdıracağam", - deyirdi.

Klassiklərimiz, əsasən də M.F.Axundov və C.Məmmədquluzadə haqqında nə qədər söz deyilib, kitab yazılıbsa bu ünlü sənətkarlar haqqında Arif Məmmədov kimi nəzəri, onların əsərlərinin poetikası haqqında fikir deyən olmayıb. (Bu fikirləri Arifin dəfn mərasimində akademik İsa Həbibbəyli də vurğuladı -B.B)

Forma və məzmunun öyrənilməsinin bir sıra problemlərini birləşdirən müəllif obrazının, eləcə də bütövlükdə narratologiyanın (təhkiyənin qanunauyğunluqlarının öyrənilməsi haqqında elmdir - B.B) tədqiqi Azərbaycan ədəbiyyatşünaslığı üçün həm xüsusi elmi-nəzəri, həm də praktik əhəmiyyətli məsələ olduğundan Arif bizim ədəbiyyatşünaslıqda məncə bu işlə və xronotopla ilkin məşğul olan nəzəriyyəçi alimlərdəndir. Rus ədəbiyyatşünaslığından isə M.Baxtin və D. Lixaçov bu sahəni- nəsrin poetikasının komponentlərindən olan narratologiya və xronotopla ilk məşğul olan alimlərdən olmuşlar.

"Ədəbiyyat qəzeti"ndə Arifin "Epik sözün poetik gücü" adlı kitabı haqqında məqalə yazmışdım. M.F.Axundzadə haqqında, nəsr əsərlərinin poetikasından bəhs olunurdu. Arifi tələbələri də çox istəyirdi. Mən özəl universitetlərin birində tədris işləri üzrə prorektor və jurnalistika kafedrasının müdiri olduğum vaxtlarda onu dərs deməyə dəvət edəndə də, Azərbaycan Müəllimlər İnstitutunda magistratura və doktorantura şöbəsinin müdiri olanda da onu, zəruri ehtiyac bilib, ora dəvət etmişəm. Tələbələrin və alim həmkarlarının onu necə sevdiyinin şahidi olmuşam. Nə qədər geniş qəlbli, erudisiyalı, çox mütaliə edən bir ziyalı idi.

Uzun illər Bakı Dövlət Universitetində çalışdı, Azərbaycan Yazıçılar Birliyində katib işlədi. Yazıçılar Birliyində iş otağına dərsdən sonra gedərdim. Ədəbi prosesdən söhbətlər edər, evə gedəndə yeni nəşrlərdən payımı verərdi, yaxınlıqda yaşadığımıza görə köhnə "Qaz-31"i ilə evimizə qədər gətirərdi. Ərinməz, yorulmaz, çox zövqlü, canıyanan insan idi. Yazıçılar Birliyinin sədri Anar müəllimə ehtiramı və məhəbbəti ürəkdən idi. Dedikcə çox istəyirdi Anar müəllimi, onun şəxsiyyətinə və yaradıcılığına böyük qiymət verirdi. Fikrət Qocanı poeziyasının özünəməxsusluğuna görə fikir, düşüncə poeziyasının öndə gedənlərindən sayırdı. Arif vəzifə həvəsində olan insan deyildi. Dərs deməyə, gənclərlə ünsiyyətdə olmağa, yazı yazmağa daha çox həvəsli idi. Bir vaxtlar Prezident Aparatında işləyəndə də "Yaradıcılıqdan qaldım" - deyirdi. Gənclərə xüsusi qayğı göstərirdi. İstedadlı   gənclərə daha çox köməklik göstərməyə cəhd edirdi, əlbəttə, imkanları daxilində. Arxasızlara dayaq duran idi Arif Əmrahoğlu.

Arifin "Ədəbiyyatımız, mənəviyyatımız" (bəlkə də bu kitabda Arif ürəyini boşaldıb. Yaşlı nəsillərlə yanaşı, yaşıdları və ya bir az ondan yaşlı olan yazıçı, şair, alimlər haqqında hər kəsin özünə uyğun, əlbəttə, əsərləri barəsində fikir-düşüncələrini bildirib. Onun məqalə və resenziyalarının hər biri o şəxslər və ya əsərlər haqqında manifestə bənzəyir. Gənc, gələcək tədqiqatçıların bu yazılardan dəyərli bir məxəz, həm də məramnamə kimi istifadə edəcəklərinə şübhə etmirəm) məqalələr, resenziyalar kitabı nəyə görəsə "Biz bu dünyadan gedər olduq...." bölməsi ilə açılır. Elə bil gedəsi olduğu ürəyinə damıbmış, fəqət onun ürəyi etibarlı oldu. Özü mənə bir dəfə dedi ki, ürəyim kişi oldu, xəbərdarlıq etdi ki, ağrıyıram. O vaxtlardan müalicəsinə başladı. Nankorluq edən başqa xəstəlik, başqa orqan oldu...

Açıq ürək əməliyyatı keçirdiyim vaxtda - 30 dekabr 2015-ci ildə, bir soyuq qış gecəsi birnəfəsə yazdım bu yazını.

Yoxluğun inanılası deyil, əziz dost...

Baba BABAYEV
Filologiya elmləri doktoru

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1461

QHT və MEDİA

2019-12-16 09:05:13

QHT və MEDİA
Milli Qəhrəman Albert Aqarunovun xatirəs...
Milli Qəhrəman Albert Aqarunovun xatirəs...

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli Qəhrəman Albert Aqaruno...

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

CƏMİYYƏT

2019-12-14 10:15:33

CƏMİYYƏT
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əl...
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əl...

“Rossiyskaya qazeta” nəşrində Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üç...

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

İQTİSADİ

2019-12-16 09:55:08

İQTİSADİ
Ödənişli İstehsalat təcrübəsi proqramını...
Ödənişli İstehsalat təcrübəsi proqramını...

2019-cu ildə SOCAR-ın Ödənişli İstehsalat Təcrübəsi proqramı çərçivəsində 2 a...

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...