QHT və MEDİA
A- A A+

QURD BALASINDAN “QURD BALASI” ƏRMAĞANI

2015-12-28 09:15:00

Kitab haqqında

Azərbaycan qəhrəmanlar məskənidir. Bizim Babək, Cavanşir, Şah İsmayıl, Cavad xan, Qaçaq Nəbi, Laçınlı Sultan bəy və neçə-neçə belə mərd ərənlərimiz zaman-zaman ölümün gözünə dik baxaraq, yurdu yaddellilərdən qoruyub, Vətənin işıqlı sabahı üçün canlarını fəda etməkdən belə çəkinməyiblər. Bu dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Əsrlərin sınağından üzü ağ çıxan qədirbilən xalqımız da belə igidlərinə daima böyük ehtiramla yanaşıb, xatirəsini uca tutub, adlarına dastanlar bağlayıb. Azərbaycan radiosunun redaktoru, yazıçı-jurnalist Ötərxan Eltacın Türk Dünyasının igid oglu, əfsanəvi kəşfiyatçı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynlinin qəhrəmanlıgından bəhs edən “Qurd balası” kitabı da bu qəbildəndir. 
2015-ci il dekabrın 26-sı tarixində Beynəlxalq Mətbuat Mərkəzində həmin kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə kitabın rəyçilərindən olan professor Ziyadxan Nəbibəyli, ağsaqqal ziyalı Kamil İsmayıl, "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqının sədr müavini, yazıçı-jurnalist Mübariz Süleymanlı, Radionun “Hərbi-Vətənpərvərlik verilişləri” redaksiyasının redaktoru, müəllifin otaq yoldaşları Tural Quluzadə, Xəyalə Cəfərova və Əsmət Məmmədova, “Musiqi verilişləri” baş redaksiyasının bədii redaktoru Dilşad Mirzəyeva,YAP fəalı Gülnar Əmiraslanova, Millixəbər.az saytının rəhbəri Zamin Zeynal, tədqiqatçı Sultan Həmid, tarixçi-alim Qorxmaz Mustafayev, hüquqşünaslar Ərşad Hüseynov və Vüqar Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Pərviz İsmayılov, yazar Vüqar Əsgərov, "Laçın yurdu" jurnalının baş redaktoru Arif Məmmədli, "Qadın və Sülh" jurnalının baş redaktoru Bəsirə Məmmədli, yazarlar Ramilə Qardaşxanqızı, Ruslan bəy, eləcə də İbad Hüseynovun döyüş yoldaşları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər canlı əfsanə İbad Hüseynlinin keçdiyi həyat və döyüş yolundan ətraflı danışıblar. Xatırlanıb ki, İbad Hüseynov 1993-cü il dekabrin 26-da düşmən tərəfə mövqeyimizi genişləndirərək səngərlər qazıb. Geri donərkən isə xidməti avtomobilində tank əleyhinə minaya düşub. Sürücüsü param-parca olub, özü isə möcüzə nəticəsində sağ qala bilsə də, ölümcül yaralanıb. 4 həftə koma vəziyyətində qalıb. Bundan sonra xeyli müalicə olunub, illərlə qoltuq agaclarından istifadə edib. 
Çıxışçılar qeyd etdilər ki, gənc nəsil məhz İbad kimi qəhrəmanları özlərinə örnək seçməli və torpaqlarımızın işğaldan azad olması üçün hərə öz sahəsində bütün qüvvələri ilə çalışmalıdır. Bunun üçün də ilk növbədə Vətəni İbad Hüseynli kimi sevmək gərəkdir. 
Millixəbər.az saytının rəhbəri Zamin Zeynal orta ümumtəhsil məktəblərində Azərbaycan və Türk dünyasının qəhramanı İbad Hüseynli ilə şagirdlərin görüşünün keçirilməsinin vacibliyindən danışdı. 
Tədbir iştirakçıları vətənpərvərliyin təbliği baxımından “Qurd balası”nı faydalı bir əsər kimi qiymətləndirərək, belə kitabların gələcəkdə də yazılmasının gərəkliyini xüsusi vurğuladılar. 
Tədbirin sonunda Ötərxan Eltac çıxışına: “Yaşasın Türkiyə, Yaşasın Azərbaycan” sözləri ilə başladı. Qeyd olundu ki, işıq üzü görən kitab Türkiyə-Azərbaycan qardaşlığının bu gün də uğurla davam etməsinin bariz nümunəsidir. Daha sonra müəllif tədbirə təşrif buyuranlara dərin minnətdarlığını bildirərək poemadan parçalar oxudu.

“Qurd balası” poemasında müəllifin belə bir fikri var:
Azərbaycan...
Azərbaycan...
Odlar yurdum
parçalanmış məmləkətim,
Sənsən eşqim
məhəbbətim,
sənsən sevgim 
səadətim.

Bəli, sevgimizin ünvanı, səadətimizin beşiyi olan Azərbaycanın tarixi şərəfli qəhrəmanlıq səhifələri ilə zəngindir. Amma bu gün bu xalqın qəhrəmanlıq səhifələrini İbad Hüseynli kimi oğullarımız yazır. Və nə yaxşı ki, belə qəhrəmanlarımızın əməllərini yaşadaraq gələcək nəsillərə çatdıracaq Ötərxan Eltac kimi qələm sahiblərimiz var. Mən, Ötərxan Eltacı 2010-cu ildən tanıyıram. Yaradıcılıq birliyində olduğum ilk gündən müşahidə etdiyim birinci növbədə onun məsuliyyəti və işə can yandırması oldu. Hazırladığımız “Vətən yaşasın...” verilişi hər həftə (hər cümə axşamı saat 18.05-də) efirə gedir. Veriliş Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğul və qızlarımızın ömür yoluna işıq tutur (İbad Hüseynli haqqında da buraxılışımız olub). Birgə hazırladığımız “Yaddaşlara yazılsın” verilişində isə erməni qəsbkarlığı nəticəsində işğal altında inləyən dədə-baba torpaqlarımızdan danışıldığından verilişin buraxılışları xalqımız üçün ağrılı-acılı işgal günlərində efirə gedir. Bu verilişlərdə şəhidlik zirvəsinə ucalanların qəhrəmanlıqdan keçən keşməkeşli və ibrətamiz həyat yollarının təcəssümü də var, şahidlik məqamını yaşayanların yurd yerləriylə bağlı ürək göynədən xatirələri də. Əvəzi tapılmayan atasını, anasını itirmiş səbirli övladın qəlb sızladan ömür hekayəti də var, laçın kimi oğlunu, Həcər qeyrətli qızını itirmiş ata, ananın göz yaşlarıyla dolu xatirələri də. Elə insanlarla həmsöhbət olmaq heç də asan gəlməsin kiməsə. Qəm dolu duyğuları, həsrət dolu hissləri efirdən çatdırmaqda bəzən söz də aciz olur körpü salmağa. Onu da deyim ki, hər iki verilişin öz auditoriyası, öz sadiq dinləyiciləri var. 
Ötərxan verilişin hər sayına ən azı bir həftə əvvəldən hazırlaşır. Əsl gərgin iş verilişin növbəti sayının kimin haqqında olmasını müəyyənləşdirdikdən və rəhbərliklə razılaşdırdıqdan sonra başlayır. Həmin insan haqqında material toplamaq, həyat yoluna işıq tuta biləcək müsahib tapmaq, ssenarini yazmaq, çıxışı ssenariyə uyğun bölmək (bəzən də bunun əksi) yuxusuz gecələrin və böyük zəhmətin məhsuludur. Sonra da başlayır verilişin yazılışlı studiya və bədii tərtibatlı montaj dövrü. Artıq beş ilə yaxındır ki, Ötərxanla bu şirin əziyyəti birgə paylaşırıq. Və etiraf edim ki, onunla çalışmaq bir rejissor kimi xoşdur mənə. Çünki o, həm sözün, həm də söz sahibinin qədrini biləndir. 
Olduqca təvazökar təbiətə malik Ötərxan Eltacla iş prosesində qələm sahibinin daha bir istedadı üzə çıxdı mənim üçün (xeyli sonralar). Bu da onun şairlik və nasirlik istedadıdır. Belə ki, onun 2012-ci ildə işıq üzü görən “Bir ovuc torpaqdır yarama məlhəm” kitabı oxucuların ixtiyarına verildi.
2013-cü ildə Ötərxan Eltac növbəti kitabını onu sevənlərə ərmağan etdi. İstedadlı qələm sahibi və əziz həmkarımız Qoşqar Salmanlı ilə yuxusuz gecələrin, gərgin axtarışların bəhrəsi olan bu kitabda söhbət “General-polkovnik Tofiq Ağahüseynovun həyat yolu”ndan gedir. Bu kitabda Tofiq Ağahüseynovu şəxsən tanımayanlarda bu insan haqqında tam, dolğun bir obraz canlanır - şəxsiyyətli insan və qürurlu hərbçi obrazı. 
2013-cü ildə Ötərxan Eltacın daha bir kitabı - mərhum jurnalist, nəcib insan, bizim dostluğumuza körpü salan Zakir Sadatlının ömür yoluna işıq tutan “Ayrı adam” kitabı çap olundu. Məncə bu kitab adi, sıradan xatirə kitabı deyildi. Yaddaşlarda ancaq xoş xatirələrlə xatırlanan, üzərində böyük haqq-sayı olan sələfinə xələfin minnətdarlıqla dolu ehtiramı idi. Elə kitabın adı da çox uğurlu seçilmişdi - “Ayrı adam”. Zakir Sadatlı bütün insani məziyyətləri ilə həqiqətən ayrı adam idi. Odur ki, Zakir Sadatlını tanımayan, lakin, “Ayrı adam”ı oxumağa vaxt tapanlarda bu insan haqqında tam, dolğun bir obraz canlanır. Şəxsiyyətli insan və qürurlu jurnalist obrazı. 
Mən, ürəkdən inanıram ki, Ötərxanın belə dəyərli kitablarının ardı-arası kəsilməyəcək. Buna onun haqqı yoxdur!!!
Bir qədər də Ötərxan Eltacın poeziyası barədə (təəssüf ki, onun ilk şeirlər toplusunu - “Həsrətindəyəm”i əldə etmək imkanım olmayıb). 
Əziz qələm dostumun müxtəlif vaxtlarda müxtəlif mövzularda yazdığı şeirlərini birləşdirən bir hiss, bir duyğu var - Vətən, Torpaq, Yurd sevgisi. El-oba məhəbbəti, yurda bağlılıq onun şeirlərinin əsasını təşkil edir:

Bürüyüb dağları inilti səsi,
Əsir qardaşların ahı, naləsi.
Tuş etdi Hoçazda Laçın həvəsi,
Şəhidin qoluna, qıçına bizi,
Laçın haraylayır Laçına bizi .

Mən, Ötərxanın şeirlərini oxuyanda gözlərim önündə Laçın canlanır-qəhrəmanlar diyarı, qartallar oylağı Laçın. O, Laçın həsrətiylə yaşayıb-yaradır, doğma Quşçu kəndi onun üçün dünyanın bütün səfalı, gözəl yerlərindən üstün olsa da, təəssüflər olsun ki, indi bir xəyal olaraq dolaşır beynində:

Kəklikli qayalar dinmir, lal olub,
Coşqun şəlalələr coşmur, sal olu.,
Doğma Quşçu kəndim bir xəyal olub, 
Yandırıb erməni xaçına bizi,
Laçın haraylayır Laçına bizi.

Ötərxan Eltac doğma yurdu, ocağı, torpağı, ulusu sevir. Hissi, fikri, torpağa bağlıdır və o, inanır ki, arılar çiçəksiz dolana bilmədiyi kimi, doğma ulusa dönəcəyi gün də uzaqda deyil:

Qayıt o dağların zirvəsinə çıx,
Anam Həkərinin əllərini sıx.
Çəmənlər çiçəksiz, çaylar bulanıq,
Arılar çiçəksiz dolanarmı heç?

Ötərxan Eltac nəfsinə hakim kəsilməyi bacarır. İstər həyatda, istərsə də poeziyada. Onun üçün bənövşəli dağlarda od-ocaq çatmağa, laləni nərgizə qatmağa onca gün yetər:

Yönüm düşə bənövşəli dağlara,
Qoynunda od-ocaq çatam onca gün.
Əllərim tutduqca dəstə bağlayam,
Laləni nərgizə qatam onca gün.

Ötərxan Eltacın yaradıcılığında müxtəlif istiqamətli şeirlərə təsadüf olunur. Onun mövzuları geniş və rəngarəngdir. Məsələn:

Qarışmadım əzəl gündən bu dünyanın işinə, 
Çernobılda nüvə sızır, sızması mənnik deyil.
Sanki dünya bir şiş kabab, hamı çəkir dişinə,
Kim kiməsə plan cızır, cızması mənnik deyil.

Sirr deyil ki, zəmanəmizdə “qəlbi boş”lara yetərincə rast gəlmək mümkündür. Belələri insanın dərdinə şərik olmaq əvəzinə, bəzən əksinə, dərdini artırırlar. Ötərxan da “qəlbi boş”lardan uzaq durmağı, mərd insanlarla süfrə açıb çörək kəsməyi hər şeydən üstün tutur:

İnsan var ki, həmsöhbətdi dərd ilə,
İnsan var ki, nəfəs alır şərt ilə.
Süfrəni aç, çörəyi kəs mərd ilə,
Qəlbi boşun süfrəsi də boşdu, boş.

Ötərxan Eltacın şeirlərini fərqləndirən digər cəhət onun təbiətə, ətraf mühitin gözəlliyinə özünəməxsus münasibətidir. Onun qələmindən çıxan şeirlərin böyük bir qismi təbiətə, onun əsrarəngiz gözəlliyinə həsr olunub:

A buzlu bulaqlar, a qarlı dağlar,
Coşqun şəlalələr, bəhrəli bağlar.
Nə vaxtı Ötərxan sizi qucaqlar,
O məğrur qaməti büküləndəmi?

Bu yerdə Ötərxanla bizi bağlayan daha bir tellər haqqında. Müxtəlif vaxtlarda, müxtəlif ali məktəblərdə təhsil almağımıza baxmayaraq, hər ikimizə görkəmli təbiətşünas alim, Azərbaycanda ekologiyanın banilərindən sayılan professor Qara Mustafayev dərs deyib. Qara müəllim təbiəti bizə elə sevdirib ki, hər ikimizin yaradıcılığında bu duyğu açıq-aşkar hiss olunmaqdadır. Ötərxan demiş:

Laçına çatanda saxla bir ayaq,
Odlara qalanmış Avazlara bax. 
Qartal yuvasında gəzir yapalaq,
Qartal yuvasına sar qonarmı heç?

Hesab edirəm ki, Qara müəllimdən təbiət dərsi almış tələbənin öz yaradıcılığında elmi səhv etməyə əsla haqqı yoxdur.

Yuxarıda qeyd etdim ki, Ötərxan çox istedadlı yazardır. Enerjisi bitib-tükənməzdir. O, daima axtarışdadır. Yeni-yeni sahələrdə özünü sınamaq iddiasındadır. Bu yaxınlarda isə (2015-ci ilin iyun ayında) əziz dostum baş redaktoru olduğu “Təki Vətən yaşasın” qəzetinin ilk sayını mənə təqdim etməklə böyük sevincimə səbəb oldu. Çünki, dostların uğuru – həm də bizim uğurumuzdur.
Mən, o zaman bir alqış etdim. Və böyük gələcəyi olan əziz dostum haqqında kiçik yazımı da məhz həmin alqışla bitirmək istəyirəm: Təki Vətən və Vətəni yaşatmağa çalışan Ötərxan Eltac kimi oğullar yaşasın!!! Amin!!!

 

Anar Məmmədov,
şair-publisist, 
Azərbaycan Yazıçılar 
və Jurnalistlər Birliklərinin üzvü.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1227

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...