TƏDQİQATLAR
A- A A+

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

2015-12-22 09:45:35

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

Ön söz

1919-cu il Mayın 28-də Azərbaycan Xəlq Cümhuriyyətinin “bir illik dövri-istiqlalı” münasibətilə “Müsavat” firqəsi Mərkəzi Komitəsi “İstiqlal” adlı bir məcmuə nəşr etmişdi. Məcmuədə Azərbaycanın, Bakının, Cümhuriyyətin tarixinə dair çox qiymətli məqalələr dərc olunmuşdur. Mən bu məcmuəni orijinalla bərabər 2014-cü ildə oxuculara təqdim etmişəm. İki ildən sonra, 2018-ci ildə Cümhuriyyətimizin 100 illiyini yəqin ki çox geniş səviyyədə bayram edəcəyik.

Çoxminillik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil, demokratik dövlətimizin yaradılması işinə başçılıq etmiş M.Ə.Rəsulzadə məcmuədə dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” sərlövhəli geniş həcmli, dərin mənalı, elmi səciyyəli məqaləsini bizlərə, gələcək nəsillərə müraciətlə bu sözlərlə yekunlaşdırmışdı:

“Müasir bir azərbaycanlı üçün Azərbaycan Cümhuriyyətinin istiqlalı, onun hürriyyəti bir takım maddiyyatla ölçülür şeylərdən degildir. Bayrağındakı rənglərin mədlulu (aydın olan) vəchlə bu yeni təşəkkül edən Türk Cümhuriyyəti Aləmi-İslamda təşəkkül edən ilk cümhuriyyətdir ki, Milliyyət, Beynəlmiləliyyət və Müasirlik əsası üzərində müstənəd yeni bir tərzi-idarə qurmaq cəhdi-alisindəndir.

Bu cəhdindən bir tizə olsun nişan vermək üzrə Azərbaycan millətinin məskunati-milliyyəsindən (gizli saxlanmış milli keyfiyyətlərindən) birər nümunə olaraq bu məcmuə vasitəsilə təşhir ediyoruz (açıqlayırıq). Burada millətimizin istedadi-fitrisini göstərəcək nümunələr adətən bundan bir əsr əvvəl Bakı ərazisindəki axar qara altunun miqdar və əhəmiyyətini qətiyyən bugünki aləmşümul bir dərəcədə göstərməyən əlamətlərə bənzər. O zaman qara çıraqda yakılmaqdan başqa bir şeyə yaramayan Bakı nefti bədə (sonra) nasıl sənaye və ticarəti ilə pək ziyadə tərəqqi etmiş olan məmləkətlərin müasir bir mayeyi-həyatı ola bildisə, əminəm ki, eyni topraq üzərində yaşayan xəlqin fitrətində təbiətin bir mühübbəsi (dostu, məhəbbəti) olaraq gizli qalan istedadı dünyaya “odsuz yanar və sudan qorxmaz atəşi-müqəddəs” qədər əsli bir mədəniyyət əhd etsin:

- Azad Türk mədəniyyəti!

Vətəndaşlar! Bu mədəniyyət naminə çalışalım, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal və Cümhuriyyəti başlarımız üstündə dik tutalım!”

Burada bir mühüm yeniliyə diqqət edək. M.Əmin “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu müstəqilliyin birillik tarixinə və gələcəyinə həsr etdiyi əsərində bayrağımızın məna və təfsirini yeniləşdirir. “Türkləşməyi “pantürkizm”, islamlaşmağı “panislamizm” kimi mənalandırmaq meylləri qarşısında onu “Milliyyət, Beynəlmiləliyyət və Müasirlik” kimi yeni təfsirdə işlətmişdir. Bu yeniliyi məncə görmək və müasir ədəbiyyatda bu cür yazmaq və işlətmək lazımdır.

Bu il Azərbaycan Xəlq Cümhuriyyətinin 98 yaşı tamam olacaq - 100-ə az qalıb. Cümhuriyyət tarixinin ən mötəbər salnaməsi “Azərbaycan” qəzetidir. Bu möhtəşəm dövrün 23 aylıq tarixi zamanın kollektiv yaddaşı olan bu qəzetin 443 nömrəsinin səhifələrində həkk olunmuşdur. Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının, M.Ə.Rəsulzadə başda olmaqla onların məslək və əqidə arkadaşlarının mötəbər tribunası olan 1918-ci il sentyabrın 15-dən nəşrə başlayan “Azərbaycan” gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi” idi. “Azərbaycan” qəzeti həqqində az yazılmayıb. M.Ə.Rəsulzadə, Ü.Hacıbəylinin qəzetdə dərc olunmuş məqalələri, Ə.Cavad, H.Cavid və digər görkəmli şair və ədiblərin əsərləri, ədəbi-bədii ədəbiyyat nümunələri barədə xeyli məqalələr vardır. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyilə əlaqədar - 1998-ci ildə Baş Arxiv İdarəsinin rəisi tarix elmləri doktoru Ataxan Paşayevin rəhbərliyi ilə 2 cildlik Parlamentin stenoqrafik hesabatları, həmçinin Cümhuriyyətin fəaliyyətinə dair digər 6 kitab və kitabça nəşr olunmuşdur. Bu nəşrlərdə arxiv sənədlərilə yanaşı “Azərbaycan” qəzetinin dərc etdiyi rəsmi sənədlər və materiallardan da istifadə edilmişdir. Cümhuriyyət tarixçiləri üçün də “Azərbaycan” qəzeti ən mötəbər mənbə olmuşdur. Lakin görüləsi işlər də çoxdur. Bu xüsusilə Azərbaycan Məclisi-Məbusanı - parlament həyatı ilə əlaqədar hesabatlar və şərhlərə aiddir.

Məlumdur ki, qanunvericilik və icra orqanının fəaliyyəti ilə əlaqədar qəzetdə xeyli qiymətli yazılar var. Mən burada millət vəkilləri, hökumət başçıları və nazirlərin, fraksiya rəhbərləri və üzvlərinin, müxtəlif komissiyaların fəaliyyətinə dair yazıları nəzərdə tuturam. Məsələn, mən M.Ə.Rəsulzadənin parlamentdəki çıxışlarını toplayıb xüsusi bir cilddə vermək istəyirdim. Ancaq gördüm ki, onları parlament müzakirələrindən ayırıb nəşr etmək mümkün deyil. Bu Cümhuriyyətin digər görkəmli xadimlərinin, millət vəkillərinin məruzə və çıxışlarına da aiddir.

Oxucular təqdim etdiyim Məclisi-Məbusanın qəzetdə dərc olunmuş 16 iclasının hesabatı və parlamanın çağrılması və fəaliyyətinə dair şərhlərdir. Növbədə parlamentin yerdə qalan və baş tutmuş 112 iclasının hesabatları və bunlarla əlaqədar olan şərhlər durur. Yəqin ki, onlar da bir neçə cild olacaq.

Cümhuriyyətimizin qarşıdakı 100 illik yubileyi münasibəti ilə oxucuları indidən təbrik edirəm.

Şirməmməd Hüseynov
dekabr 2015

Azərbaycan Parlamanı

Qəzetəmizdə xəbər verilmiş olduğu üzrə Azərbaycan Milli Şurası məmləkətin ümuri-ixtiyarını bugünki hökumətə tapşırarkən altı ay zərfində Azərbaycan Məclisi-Müəssisanı dəvətini şərt qoymuşdu. Şimdi haman vəqt yaklaşıyor. Binaənileyh hökumət nəzdində Məclisi-Müəssisan dəvəti hazırlamaq üçün bir komissiya təşkil edilmişdir. Fəqət bu komissiya heç şübhəsiz iki ay müddətində bunca böyük işi hazırlaya bilməyəcəkdir. Zira bunun üçün əqəllən dörd ay vəqt lazımdır. Halbuki cahan müharibəsi, ümumi sülh, ovzai-siyasiyyə və dövlətlərin münasibatı əsasından dəgişir. Böylə dəgişiklər yəqin Azərbaycana da təsir etməmiş qalmayacaqdır. Bu surətdə də hökumətimiz tərəfindən bəzi iqdamat və təşəbbüsatı mucib olacaqdır. Böylə ağır günlərdə hökumət bütün dövlət işlərini yalnız öz məsuliyyətilə apara bilməz: siyasi məsələlərin həllində millət, cəmaət özü dəxi bilavasitə iştirak etməlidir.

Bu surətlə hökumət və Məclisi-Müəssisan dəvətinə məmur komissiya mühüm bir məsələ qarşısında duruyor:

Vəqt müsaidə etmədigi bir zamanda xəlq nümayəndəligi dəvəti.

Həqiqi demokratik əsaslar ilə parlaman dəvətinin - vəqt yoxluğundan - mümkün olmayacağını nəzərə alaraq, hökumət məzkur komissiyaya tapşırmışdı ki, daha asan vəchlə parlamanı əvəz edəcək bir nümayəndəlik dəvəti həqqində öz təsəvvüratını bildirsin. Komissiya dəxi xüsusi bir müşavirəsində tam demokratik əsaslar üzərinə Məclisi-Müəssisan dəvətinə hazırlaşmaqla bərabər, eyni zamanda tezlik ilə bir nümayəndəlik şurası dəvətini lazım görmüşdür.

Burada iki məqsəd təqib etməlidir:

1- Ağır siyasi günlərdə hökumətə xəlq nümayəndəligindən ibarət bir istinadgah vermək.

2- Bu məclisi mümkün olan qədər tez çağırmaq.

Bizcə komissiya Xəlq Nümayəndəligini seçki filan əsasilə dəvət etmək istəsə nə qədər müxtəsər vəchlə olsa belə yenə uzun bir müddət tələb edəcəkdir. Binaənileyh zənnimizcə gərək hökumət və gərək komissiya hal-hazırda işə tez əncam vermək üçün Məclisi-Müəssisan çağrılanadək hazır bir qüvvədən istifadə edərək parlaman əvəzinə sabiq Zaqafqaziya Seyminin müsəlman fraksiyasından ibarət olub da Azərbaycan istiqlaliyyətini elan etmiş Milli Şurayı dəvət edə bilər. Çünki məzkur şura əvvəla miqdarca azdır, saniyən də ümum Azərbaycanın nümayəndəligini təşkil etmiyor, ona görə Milli Şuraya izin verər ki, təkmil üçün şurada nümayəndəsi olmayan, yaxud az olan şəhər və qəsəbələrdən və rus, erməni, gürcü, yəhudi və sair millətlərin milli şuralarından dəxi bir neçə üzv dəvət etsin. Bu surətlə hökumətimiz parlamansız qalmayıb bütün Azərbaycanın nümayəndələrindən ibarət  bir şuraya malik olar.

Yəqin ki, məzkur şura müvəqqəti olar və komissiya ciddən çalışaraq tezliklə Məclisi-Müəssisan seçkisi hazırlar.

Xəlil İbrahim
“Azərbaycan”, 10 noyabr 1919, №35

Məmur - tapşırılmış  

Parlaman sədrinə məktub

Bu yaxınlarda Bakıda vüqu bulacaq milli parlaman dəvəti münasibətilə Azərbaycan Rəisi-Vükəlası Fətəli xan Xoyski həzrətləri parlaman sədri Rəsulzadə Məhəmməd Əmin bəyə böylə bir məktub yazmışdır.

Möhtərəm Məhəmməd Əmin!

Azərbaycan Məclisi-Müəssisanı dəvəti qəbul edildiyi münasibətilə Azərbaycan Məclisi-Müəssisanına seçki qanun layihəsi tərtibinə şüru edilmişsə də üsuli-intixabın qarışıq və çətin olduğuna görə seçki bir qədər təxirə uğraya biləcəkdir. Fəqət dövlət nöqteyi-nəzərindən qarşımızda durmuş mühüm məsələlər həllində bütün xəlqin iştirak etməsini imkandan xaric görmüş hökumət, 9 təşrini-sani tarixli iclasında bu ayın 16-da Bakıda hazırki hökuməti intixab etmiş və kəndi qətnaməsilə buraxılmış Məclisi-Milliyi dəvət etməgi təhti-qərarə almışdır.

Bununla bərabər hökumət arzu ediyor ki, Məclisi-Milli ən qərib bir zamanda öz heyətini müəyyən bir üsul üzrə əqəliyyət təşkil edən millətlərin nümayəndələrini dəvətlə təkmil etsin. Bu xüsusu zati-alilərinizə bildirərək Milli Şura sədri olmağınız həsəbilə rica ediyorum ki, Məclisi-Millinin vəqti-müəyyəndə yığışmasına səy edəsiniz.

“Azərbaycan”
11 noyabr 1918, №36

Azərbaycan Şurayi-Millisi rəyasətindən

Azərbaycan Cümhuriyyəti hökumətinin qərarına və Heyəti-vükəla rəisi Fətəli xan Xoyski müraciətinə binaən Azərbaycan Şurayi-Millisinin noyabrın 16-da iniqad edəcəgini bütün Azərbaycan vətəndaşlarına elan ilə bərabər Şurayi-Milli əzasının yovmi-məzkurda Bakıda bulunmalarını rica ediyoram. Hər nə səbəbdənsə xüsusi dəvətnamə alamamış olan əzanın işbu elannamə ilə iktifa etmələri müstədadır.

Azərbaycan Şurayi-Millisi rəisi: Rəsulzadə Məhəmməd Əmin
“Azərbaycan”, 11, 12, 13 noyabr 1918, №36, 37, 38

Azərbaycan Parlamanı dəvəti münasibətilə

Demokratik seçki üsulilə Məclisi-Müəssisan dəvətinədək məmləkəti parlamansız buraxmamaq, həm bunca mühüm tarixi və nazik siyasi dəqiqələrdə dövlət ümurinin bütün ağırlıqlarını bir kaç ricaldan ibarət hökumət öhdəsinə atmamaq qəsdilə Azərbaycan Milli Şurasının dəvətinə lüzum görülmüş və müəyyən qərar verilmişdir. Bu surətlə təşrini-saninin 16-da Milli Şura çağırılıyor. 44 əzadan ibarət Şura birinci iclaslarında bütün məmləkətin mürəvvici-əfkarı olan bir Parlaman təşkil etmək üçün dairəsini müəyyən əsaslar ilə genişlətməli, əzasının miqdarını artırmalı olacaqdır. Fəqət bu məsələyi gələcək məqaləmizə buraxaraq bu gün ancaq Milli Şuranın mahiyyətindən və sabiq fəaliyyətindən bəhs etməgi lazım gördük.

Müvəqqəti Parlamanımızın bünövrəsini təşkil edən Şurayi-Milli sabiq Zaqafqasiya Seyminin 44 kişidən mütəşəkkil müsəlman fraksiyasıdır ki, burada bütün siyasi cərəyanların nümayəndələri iştirak ediyorlar (nəhayət sol sosialistlərdən başqa). Bunların həpsi ümumi, müstəqim, müsavi və gizli seçki əsası üzərinə intixab edilmiş Məclisi-Müəssisan üzvləri olmaq həsbilə tam mənasilə xəlq nümayəndələridir. Şimdi məmləkətə xəlq nümayəndəligi lazım və yeni seçkilər icrası üçün vəqt qeyri-müsaid olan bir zamanda müvəqqəti parlaman əzalığına hamıdan ziyadə haman məzkur Şura müstəhəqdir. Digər tərəfdən məzkur Şuranın bütün heyəti və hər üzvü ayrılıqda sabiq fəaliyyəti ilə dəxi böylə istehqaq qazanmışlardır.

Söz burasındadır ki, Zaqafqasiya Seymi dəvəti və onun içərisində Azərbaycan Türk Milli Şurası elanı və hər ikisinin fəaliyyəti öylə bir zamana təsadüf etmişdir ki, bütün Qafqasiya hərc-mərc atəşi içində olaraq bir şəhərdən digərinə degil, bir köydən o birinə belə xəbər çatmıyordu. Buna görə də Azərbaycan əhalisi Şurayi-Millinin fəaliyyətindən tamamilə bixəbər qalmışdır. Bu səbəblədir ki, şimdi Milli Şura yenidən dəvət edildikdə cəmaətə onun sabiq fəaliyyətindən məlumat verməgi vacib bildik.

Az bir müddət davam etmiş olan Seym və Milli Şura bütün fəaliyyətini Dövləti-Osmaniyyə ilə Zaqafqasiya münasibatına həsr etmişdir. Zaqafqasiya siyasiyununun bütün fikrini Qafqasiya cəbhəsinin əlverişli bir surətdə ləğvi və Osmanlı ilə əlaqənin qaidəyə salınması məsələləri işğal etmişdir. Bu xüsusda mənafelərin ixtilafı meydana çıxmışdır.

Milli Şura hərc-mərcdən dolayı cəmaətdən ayrı düşdügündən öz fəaliyyəti və planları barəsində məlumat verə bilməmişdir; bundan əlavə bir çox məsələlər və siyasi mülahizələr şəraiti-mövcudədən dolayı açıla bilmiyordu. Bu zaman hərc-mərc içində və bolşevik təhlükəsi altında qalmış cəmaət müsəlləh qüvvəyə ehtiyac olduğunu hiss ediyordu. Fəqət bu qüvvəyi nə Milli Şura verə biliyordu, nə də Seym. Ona görədir ki, cəmaətin də gözü Osmanlı qardaşlarımızın ordusunda idi, çünki nicatını ancaq Türkiyədə görüyordu. Və intizar içində qaldığı halda türklərin gec gəlmələrindən darılaraq siyasi nümayəndələrimizi müqəssir tutuyorlardı. Siyasi nümayəndələrimiz bunu hiss ediyorlardı. Cəmaət ilə nümayəndələrimizin rəyləri bir idi, fəqət bununla belə Milli Şura çox ağır şərait altında işliyordu. Bir tərəfdən iğtişaş, həqsizlik və zülmlərdən təngə gəlmiş cəmaət Milli Şura fəaliyyətindən bixəbər qalaraq heç əsası olmadığı etimad və etibarsızlıq ibraz ediyordu. Digər tərəfdən mütəşəkkil qara fikirli adamlar tam ciddiyyətlə çalışıyorlardı. Bunlar siyasi nümayəndələrimizi xəlq nəzərində etibardan salmaq üçün cəmaət arasında danışıyorlardı ki, nümayəndələrimiz ermənilərə, ingilislərə, daha bilməm kimlərə satılmışlar, bunlar Osmanlı qoşununun Azərbaycana gəlməsinə razı degildirlər. Qara fikirlilərin böylə təbliğatına yorulmuş, təngişmiş cəmaət inanıyordu və nəticədə cəmaət ilə fikri və arzusu bir olan Milli Şura ilə cəmaət miyanında fəlakətli bir uçurum çıxdı. Fəlakətli nəticəsi də çox tez meydana çıxdı.

Digər tərəfdən Tiflisdə dəxi Milli Şuramız hər tərəfdən ədavətkaranə zəhərlə məsmum mühit içində qalmışdı.

Bu xüsusda yarın.

X.İ.
“Azərbaycan”, 13 təşrini-sani (noyabr) 1918, №38

Azərbaycan Parlamanı dəvəti münasibətilə

II

Dünki nömrəmizdə Milli Şuranın daxildə nə kibi maneə və əngəllərə düçar olduğundan bəhs etmişdik. Eyni zamanda Milli Şura xaricdən dəxi münasibatı ədavətkaranə və hücumlara məruz idi. Hələ bolşeviklərin ümumiyyətlə müsəlmanlara və xüsusən “bəylər və ağalar məcməi” adlandırdıqları Milli Şuraya qarşı nə kibi mövqe tutduqları və məzkur müəssisə əleyhində nə qədər ciddiyyətlə çalışdıqları kənarda dursun, erməni və gürcü başçıları dəxi Müsavat firqəsini Osmanlı dövlətinin agentəliyi kibi hesab ediyor və türklərə qarşı nə vəziyyət almışdılarsa eyni vəziyyəti Milli Şuraya qarşı da tutmuşlardı. Hətta kəraətlə Zaqafqasiya Seymi kürseyi-xitabətindən müsavatçılara vətənfüruş (Zaqafqasiya ümumi vətən ədd edilmək üzrə), erməni və gürcülərə nisbətlə yoldaşı satan Zaqafqasiya Cümhuriyyəti həqqində dövlət xaini adlandırmışlardı. Bütün nahiyəyə aid mühüm siyasi məsələlərin həpsi seymin müsəlman fraksiyasından, hətta o vəqtki Zaqafqasiya hökumətinin müsəlman nazirlərindən xəlvət həll ediliyordu. Azərbaycan siyasi nümayəndələri cəmaətdən ayrı düşmüş və eyni zamanda bunca ağır şərait altında qalmış olduqlarından, digər tərəfdən də qonşu millətlərin böylə suyi-rəftarları müqabilinə tədbirlər görmək imkanından məhrum qaldıqlarından fövqəladə müşkül dəqiqələr keçiriyorlardı. Onlar etiraf ediyorlardı ki, Zaqafqasiya millətlərinin böylə rəftarı və məmləkətin ümuri-ixtiyarı və bütün sərvəti sair millətlərin əlində olduğu halda onların Tiflisdə qalmaları Azərbaycanın daxili təşkilatı nöqteyi-nəzərindən biməna və mənfəətsizdir. Amma xarici siyasət məsələləri onların sair Zaqafqasiya millətləri içində qalmalarını tələb ediyorlardı.

Zaqafqasiya millətlərilə Türkiyə arasında sülh müzakiratı başlandıqdan axıradək Milli Şura həmişə cəmaətimizin mənafeyi və arzusuna müvafiq bir surətdə çalışmışdır. Şura biliyordu ki, Zaqafqasiyada qanun və hüquq təmin edilməsi üçün nə yalnız müsəlmanların qüvvəsi kifayət edər, nə də Zaqafqasiya hökuməti bacarar. Milli Şuranın ümum əzası bilaistisna etiraf ediyordu ki, cəmaəti Bakı tərəfindən gələn daşnaq-bolşevik hücumundan və hərc-mərcdən ancaq xarici bir qüvvə ilə müdafiə və mühafizə etmək olacaqdır. Şura var qüvvəsilə Bakıyı tezlik ilə düşməndən təmizləməyə çalışıyordu. Daxili qüvvələrin həpsini kullanmış, özümüzdən mümkün olan tədbirlərə təvəssül edilmişdi.

Məsələn, Kürdəmir cəbhəsinə göndərmək üçün bir danə zirehli tiren ilə bir qədər mərmi ala bilmək üçün Milli Şura böyük məşəqqət və həqarətlərə təhəmmül etmişdi. Gərək Seym və gərəksə xüsusi dostluq vasitələrilə çox çalışdı, fəqət lazım olan kömək göstərilmədi. Osmanlı qoşunu gəlməsəydi Azərbaycanın mövcudiyyəti belə mümkün degildi. Binaənileyh Milli Şura bütün səyi və himmətilə türk qoşunu dəvətinə çalışdı, fəqət böylə iqdamatda sərhesab olmalı, siyasi və diplomasi taktikaya riayətlə davranmalı idi.

O vəqt Milli Şura ilə millət arasına soyuqluq salan, Milli Şura əzasını qara fikirlilərin təşviq və təhrikilə min dürlü müfəttinanə hücumlara məruz buraxan səbəblərin ümdəsi də haman burası idi. Bu məsələ üstündə Zaqafqasiya millətləri arasında ixtilaf çıxaraq üç millət biri-birindən ayrıldı. Zaqafqasiya millətlərinin siyasi meyllərinin hankı tərəfdə olduğu aşkara çıxdı. Azərbaycan cəmaətinin mənafeyi və siyasi mülahizələri Milli Şurayı Azərbaycan istiqlalı elanına vadar etdilər. Tiflisdə Azərbaycan istiqlaliyyəti elan və bu xüsusda ümum Avropa dövlətlərinə müraciətlə deklarasiya nəşr etdikdən sonra Milli Şura böyük qardaşımız olan Osmanlı dövlətinə müraciətlə kömək istədi və paytaxtımızı düşməndən təmizləməgi istida etdi. Dövləti-Aliyi-Osmaniyə zimmamdarları dəxi azərbaycanlı qardaşlarının müsibətinə laqeydanə bir surətdə baxmayaraq kömək əlini uzatdı. Bundan sonra Azərbaycan Milli Şurası müvəqqəti paytaxtı olan Gəncəyə köçərək hökumət intixab etdi. Ümuri-ixtiyarı hökumətə tapşırdı və altı ayadək Azərbaycan Məclisi-Müəssisanı çağırmaq şərtilə özü-özünü tərxis etdi.

Bu surətlə Azərbaycan Milli Şurası öhdəsinə düşən tarixi vəzifəsini tamamilə hüsni-ifa etmişdir.

Azərbaycan Milli Şurası necə ki, görüyorsunuz hini-təsisindən son zamanlaradək az müddət həyatında böyük məşəqqətlərə düçar olmuşsa da əzasının himmət və qeyrəti sayəsində millət hüzurunda alnı açıq, üzü ağdır. Ona görədədir ki, vətənimiz yenidən mühüm siyasi və tarixi günlər keçirdikdə Məclisi-Müəssisan dəvətinədək yenə haman Şuranın dəvəti lazım idi ki, hökumətimiz dəxi bunu etirafla ayın 16-da Şura çağırmağı təhti-qərara aldı.

X.İ.
“Azərbaycan”, 14 noyabr 1918, №39

Hin - vəqt, zaman, çağ
immamdar - idarə edən

Şurayi-Milli rəyasətindən

Şurayi-Milli iclası bu gün saat 1-də Duma zalında açılacaqdır. Şura əzalarından saat 12-də gəlmək rica olunur.

Düvəli-əcnəbiyyə nümayəndələrindən ötrü xüsusi mövqe hazırlanmışdır.

Şurayi-Milli rəisi: Rəsulzadə Məhəmməd Əmin
“Azərbaycan”, 16 noyabr 1918, №41
Şirməmməd HÜSEYNOV


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 688

QHT və MEDİA

2018-04-20 20:05:48

QHT və MEDİA
Şura QHT-lər üçün məlumatlandırma sessiy...
Şura QHT-lər üçün məlumatlandırma sessiy...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ...

2018-04-20 10:55:20

QHT və MEDİA
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib...

CƏMİYYƏT

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

2018-04-20 07:45:17

CƏMİYYƏT
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə y...

İQTİSADİ

2018-04-20 07:55:10

İQTİSADİ
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...

2018-04-16 21:45:12

İQTİSADİ
UNEC ilə Türkiyənin İnönü Universitetini...
UNEC ilə Türkiyənin İnönü Universitetini...

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıla...