İQTİSADİ
A- A A+

İqtisadi islahatlar cəmiyyətə nə vəd edir?

2020-06-23 08:05:19

İstanbul Universitetinin bakalavrı Nicat Muradzadə Azərbaycanda aparılan çoxşaxəli iqtisadi islahatlar barədə fikirlərini dünya ölkələri ilə müqayisəli təhlil fonunda oxucularla bölüşür

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçün dəyişiklik” mənasını daşıyır. Nəzəri cəhətdən islahat məfhumu keçmişlə gələcək arasında körpü rolu oynayan bir anlayışdır. Başqa sözlə, bir proses kimi islahatların fundamental məqsədi sistemin əsasları dəyişdirilmədən bir qisminin transformasiyasını nəzərdə tutaraq, cəmiyyətdəki mexanizmlərin səmərəli fəaliyyətini və bu cəmiyyətdə təmərküzləşən subyektlərin həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bu baxımdan, bəşər övladının həyatının ayrılmaz bir hissəsi olan iqtisadiyyat da tarixin müxtəlif zaman kəsiklərində islahat prosesinə məruz qalıb.

Fact-info.az AZƏRTAC-a istinadən İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsini təqdim edir.

Şübhəsiz ki, qədim və çağdaş dünyada baş verən islahat xarakterli istənilən proses hər zaman sükutla qarşılanmayıb və zaman-zaman cəmiyyətin bəzi seqmentləri tərəfindən formalaşdırılan impedansla müşayiət olunub. Tarixi perspektivdən baxdıqda, qeyd edilən impedansın dərəcəsi ilə islahatın müvəffəqiyyəti arasında qarşılıqlı əlaqənin olduğu müşahidə edilir. Çünki islahatın başlıca məqsədlərindən biri dayanıqlı və davamlı inkişafın önündə baryer rolunda çıxış edən müəyyən vərdişlərdə əsaslı dəyişiklik etməklə, təkmilləşməyə zəmin hazırlamaqdır. Buradan anlaşılır ki, istənilən islahatın mahiyyətini və ona qarşı təşəkkül tapan müqaviməti anlamaq üçün vəziyyəti şərtləndirən amillərin tədqiqi müstəsna əhəmiyyət kəsb edir. Məsələn, Türkiyə Respublikasının sələfi olan Osmanlı İmperiyasında XVIII əsrdən etibarən iqtisadi, siyasi və mədəni modernizasiya istiqamətində atılan addımlar o dövrdə, cəmiyyətin konservativ kateqoriyasının ardıcıl müqaviməti ilə üzləşdiyi üçün səngimiş və hətta qarşıya qoyulan məqsədlərə çata bilməmişsə də, türk cəmiyyətində bərqərar olan yenilikçi ab-hava nəticə etibarı ilə, modern Türkiyənin qurulması üçün müxtəlif aspektlərdən sağlam fundament hazırlayıb. Buna əlavə olaraq, iqtisadi nöqteyi-nəzərdən daha spesifikləşdirilmiş islahata ən yaxşı nümunələr sırasında Çin Xalq Respublikası öndədir. 1978-ci ilin sonlarından etibarən Çin Kommunist Partiyasının daxilindəki reformist qrup fəallaşaraq “Çin dəyərləri ilə zənginləşdirilmiş sosializm” adlı iqtisadi doktrinanın qəbul edilməsinə müyəssər olub. Sözügedən islahatın nəticəsində, 2005-ci ilə qədər özəl sektorun ÜDM-in formalaşmasındakı payı 70 faizə yüksəlib, illik iqtisadi artım isə 9,5 faiz olub. Bu qəbildən olan uğurlu iqtisadi islahatlara digər örnək isə özünün iqtisadi sabitliyi, maliyyə mənbələrinin çeşidliliyi və inkişaf etmiş infrastrukturu ilə Yaxın Şərq regionunda və dünya iqtisadi sistemində mühüm rola malik olan İsraildir. Yaranmış əlverişsiz iqtisadi vəziyyəti nizamlamaq üçün 1985-ci ildə təqdim edilmiş “İqtisadi stabilizasiya proqramı” mahiyyət etibarilə, onun ardınca təqdim edilmiş bazar iqtisadiyyatıyönümlü müfəssəl iqtisadi islahatların fundamenti hesab edilir. Beləliklə, hiperinflasiya ilə mübarizə, büdcə balanslaşdırılması, əmək və kapital bazarlarının rekonstruksiyası, tədiyə balansının tənzimlənməsi kimi bir qisim məxsusi tədbirləri özündə ehtiva edən hərtərəfli islahatların ardınca 1985-ci ildə 27,5 milyard ABŞ dolları olan ÜDM, 1995-ci ildə 100,4 milyard ABŞ dollarına yüksəlib.

Dünya təcrübəsindən hasil edilən nüanslar onu deməyə əsas verir ki, iqtisadi islahat anlayışı, məhsuldarlıq və effektivlik nöqteyi-nəzərindən mövcud iqtisadi institutları təkmilləşdirmək, habelə zərurət halında yenilərini formalaşdırmaq məqsədilə bilavasitə iqtisadi aktorların davranışlarını istiqamətləndirməyə və zaman-zaman onları transformasiya etməyə hesablanmış uzunmüddətli və kompleks bir prosesdir. Bu baxımdan, Azərbaycanın islahat zərurətinin qaynağını anlamaq üçün XX əsrə qısa nəzər salmaq kifayətdir. Belə ki, ölkəmiz ötən əsrdə 4 siyasi, iqtisadi, sosial sistem görüb və hər bir keçid dövründə kifayət qədər ciddi itkilərə məruz qalıb. Qeyri-peşəkarlıqla müşayiət olunan sonuncu keçid prosesi isə respublika üçün dağıdıcı xarakter daşıyıb və ölkə sərhədləri daxilindəki institutların sıradan çıxmasına rəvac verib. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra, yeni dünya sisteminə inteqrasiya prosesində mümkün maddi və mənəvi itkiləri minimallaşdırmaq məqsədi ilə respublikamız üçün həyati əhəmiyyət daşıyan dövlət quruculuğu, sivil cəmiyyətin təsis edilməsi və makroiqtisadi stabilliyin təmin edilməsi istiqamətində köklü islahatlara başlayaraq total tənəzzül prosesini tərəqqiyə çevirməyə nail olub. İqtisadi cəhətdən arqumentləşdirsək, genişmiqyaslı torpaq islahatları, dövlət əmlakının özəlləşdirilməsi və sürətli inkişafın əsas elementi olan neft strategiyasının formalaşdırılması kimi mühüm islahatların reallaşdırılması məhz bu dövrə təsadüf edir.

Gənc dövlətimiz, 2003-cü ildən başlayaraq yeni islahatlar mərhələsinə qədəm qoyub. İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən Prezident seçilməsi ilə islahatların əhatə dairəsi daha da genişlənərək ölkəmizin iqtisadi sektoruna da sirayət edib, bu hal isə öz növbəsində, respublikanın iqtisadi potensialından maksimum dərəcədə istifadəyə imkan yaradıb. Beləliklə, rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğundan uğurla çıxan məmləkətimiz, yaşamın bütün sferalarında tərəqqiyə nail olaraq mədəni dünyada öz yerini Cənubi Qafqazın lider dövləti kimi tutub. Rəqəmlərlə müqayisəli təhlil aparsaq, 2004–2010-cu illər ərzində ÜDM ildə orta hesabla 16,9 faiz yüksəlib, iqtisadiyyat 6 dəfə böyüyüb, adambaşına düşən milli gəlir 5 dəfədən çox artıb. Həmçinin dövr ərzində bank sektorunda aktivlik yüksəlib, əmanətlərin həcmi 11 dəfə, kreditlərin həcmi 19 dəfə artıb. Qeyd edilən zaman kəsiyində, ölkədə qiymətlərin sabitliyi qorunub, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılıb, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunub.

Müqəddimədə də qeyd edildiyi kimi, islahat “daha yaxşısı üçün dəyişiklik” mənasını daşıyır və bu baxımdan, dövlətimiz dünyada gedən prosesləri yaxından izləyir, o cümlədən, yeni çağırışlara adekvat şəkildə cavab verir. Çağdaş dünyada ortaya çıxmış yeni situasiyanı düzgün qiymətləndirən Azərbaycan Prezidenti ölkədə konseptual yenilikləri özündə ehtiva edən islahatlar proqramının bütün istiqamətlərini 2018-ci il Prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində açıq-aydın ictimaiyyətə çatdırıb və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə söykənərək ölkədə siyasi və iqtisadi islahatların yeni mərhələsinə start verib. Kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, informasiya kommunikasiya texnologiyalarının prosesə inteqrasiyası və ölkə iqtisadiyyatının qlobal rəqabət qabiliyyətinin maksimallaşdırılması kimi amillər iqtisadi islahatların əsas prioritetləri kimi qəbul olunub. Olduqca mütərəqqi istiqamətlərlə zəngin olan iqtisadi islahatların bazisini təşkil edən strukturlaşma ilə onların effektivliyi tam zəmanət altına alınıb. Məsələn, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) formalaşdırılması və ötən dövr ərzində fəaliyyəti, iqtisadi diversifikasiyaya xidmət edərək qeyri-neft sektorunun inkişafı çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin biznes əməliyyatlarını şaxələndirməsinə müsbət təsir göstərib.

Məlumdur ki, iqtisadiyyatın tətbiq sahəsi cəmiyyətdir. Bu baxımdan, dövrün tələbinə uyğun iqtisadi islahatların məxsusiliyi və çoxşaxəli olması Azərbaycan cəmiyyəti üçün yeni perspektivlər vəd edir. Öncəki qismlərdə təhlil edilən dünya təcrübəsindən göründüyü kimi islahat uzunmüddətli və mürəkkəb olmasına rəğmən olduqca müsbət nəticələnən bir prosesdir. Bu nöqteyi-nəzərdən, qeyri-neft sektorunun inkişafı çərçivəsində sahibkarlığa dövlət qayğısının daha da artması, rəqəmsallaşmanın dövlət səviyyəsində stimullaşdırılması, müəssisələrin ixraca təşviqi onu deməyə əsas verir ki, orta və uzun müddətdə respublika iqtisadiyyatı rezilient model üzrə öz dinamik inkişafının ardıcıllığını təmin edəcək. Yeni modeldə vətəndaş özlərinin yığım və istehlak, həmçinin investisiya vərdişlərində ciddi dəyişikliyə gedərək, öz gəlirlərini maksimallaşdırmaq məqsədilə real iqtisadiyyata yatırım edəcəklər. Bu məqamda hesab edirəm ki, vətəndaşlar tərəfindən kiçik və orta biznes subyektlərinə dövlət nəzarəti və zəmanəti ilə kapital qoyuluşunu stimullaşdıracaq mexanizmlərə ehtiyac var. Bütövlükdə isə, dövlətimiz tərəfindən əsası qoyulan yeni islahat prosesi şübhəsiz ki, sıravi vətəndaşlarımızın həyat səviyyəsində öz əksini tapacaqdır. Fikrimcə, biz vətəndaşlar yeni dövrün çağırışları qarşısında dövlətimizin yanaşmasını əldə rəhbər tutmalı və fəaliyyətimizi təkmilləşdirməklə ölkədəki islahatlar prosesinə dəstək verməliyik.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1157

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...