QHT və MEDİA
A- A A+

Almaniya mətbuatında Azərbaycan səfirinin məqaləsi dərc olunub

2020-06-05 10:05:23

Almaniyanın Federal Tullantıların, Suyun və Xammalların İdarəolunması Assosiasiyasının (BDE), eləcə də Federal Bərpa Olunan Enerji Assosiasiyasının (BEE) bugünkü internet səhifələrində ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənovun “Davamlı enerjinin “yaşıl” iqtisadiyyatın təşviqində rolu: Azərbaycan modeli” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə ölkəmizdəki enerji “landşaft”ı, davamlı enerji sahəsində gələcəyə baxış, tullantıların idarə olunması və “sirkulyar” iqtisadiyyat, bərpa olunan enerji mənbələrindən istifadə sahəsində uğurlarımız, qlobal ekoloji təhlükəsizliyə töhfələrimiz, eləcə də SOCAR tərəfindən ətraf mühitin davamlılığının təşviqi üzrə həyata keçirilən tədbirlər barədə məlumat təqdim olunur. AZƏRTAC məqalənin xülasəsini təqdim edir.

Enerji “landşaft”ı

Azərbaycan zəngin yeraltı sərvətlərə malikdir. Uzun müddət ərzində karbohidrogen rezervləri ölkənin iqtisadiyyatının təməl daşını təşkil etmişdir. Müstəqilliyini bərpa etdikdən sonra regionun və Avropanın təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji təchizatlarının və marşrutlarının şaxələndirilməsi məqsədilə Azərbaycan beynəlxalq enerji layihələrinin təşəbbüskarı olmuşdur. Azərbaycan, həmçinin qonşu ölkələrə elektrik enerjisi ixracatçısıdır. Azərbaycan qlobal səviyyədə enerji cəhətdən ən yüksək özünü təminat göstəricisinə malik olan ölkələrdən biridir.

Dünyanın ən mühüm enerji istehsalçılarından və ixracatçılarından biri olan ölkə olaraq Azərbaycan, həmçinin mədən hasilatı sənayelərində şəffaflığı, yaxşı idarəçiliyi və hesabatlılığı təşviq edir. Azərbaycan özünü çox etibarlı tərəfdaş qismində təsdiq etmiş və aparıcı transmilli enerji korporasiyaları tərəfindən ölkədə fəaliyyətlərinin qurulması üçün stimullar təmin edib. Enerji sektorundakı inkişaf bərpa olunan enerjilər daxil olmaqla, ölkə iqtisadiyyatının digər sektorlarına da müsbət təsir göstərib.

Davamlı enerji üzrə gələcəyə baxış

Ölkə, həmçinin bərpa olunan enerji mənbələri sahəsində ekstensiv potensiala malikdir və davamlı enerji sisteminin yaradılması iqtisadi prioritetlərdən biridir. Neft və təbii qaz sektorundan əldə olunmuş gəlirlər digər iqtisadi sektorlarla yanaşı bərpa olunan enerji mənbələrinin də inkişafına yönəldilir. Bərpa olunan enerjilərin inkişafı iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, enerji təhlükəsizliyini təmin edəcək, ixrac potensialını təkmilləşdirəcək, ətraf mühit davamlılığını təşviq edəcək, innovativ texnologiyaların tətbiqini gücləndirəcək və yeni iş yeri imkanları yaradacaq. Azərbaycanın günəş, külək, su, bio-kütlə, geo-termal enerji mənbələri üzrə perspektivləri ölkəni bərpa olunan enerji sahəsində də regional liderə çevirir. Bərpa olunan enerji mənbələri üçün əlverişli məkanlar ölkə ərazisi boyunca, xüsusən də Bakıda, Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, eləcə də Xəzər dənizinin sahil zolağı, Kür çayının hövzəsi, Böyük və Kiçik Qafqaz dağları boyu yerləşən rayonlarda geniş yayılıb. Ölkənin iqtisadi gücü, lazımi infrastrukturu, əlverişli coğrafi yerləşmə və iqlim şərtləri kimi faktorlar bərpa olunan enerjilərin istehsalının maksimallaşdırılmasında müstəsna rol oynayır.

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bərpa olunan enerji növlərinin intensivləşdirilməsi üçün üfüqlər açıb. Bərpa olunan enerji növlərinin inkişafı ilə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış” milli inkişaf strategiyasında, eləcə də “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsi” əksini tapıb. “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bərpa olunan enerji növlərinin genişləndirilməsinə və özəl sərmayələrin cəlb olunmasına təkan verəcək. Eyni zamanda, Azərbaycan davamlı olaraq biznes və tənzimləyici mühiti təkmilləşdirir, əlverişli biznes imkanlarını təşviq edir, o cümlədən xarici sərmayələri cəlb etməklə və özəl sahibkarlığı dəstəkləməklə bərpa olunan enerjilərin tətbiqinin inkişafı üçün çoxsaylı stimullar təklif edir.

Ölkədə bərpa olunan enerji mənbələri arasında su, külək, bio-kütlə və günəş enerjisi ən böyük “instalyasiya” potensialına malikdir. Azərbaycanın bərpa olunan enerji potensialından tam şəkildə faydalanmaq məqsədilə ölkə özünün elektrik enerjisi stansiyalarının kəmiyyətini artırmaqda davam edir. Hazırda bərpa olunan enerji növlərinin ümumi enerji istehsalında payının 2020-ci ilin sonunadək təxminən 20 faizə çatması gözlənilir. Ölkənin hədəfi hazırkı payın 2030-cu ilədək 30 faizə çatıdırılmasından ibarətdir. Böyük potensialın açılması məqsədilə Azərbaycan ikitərəfli və çoxtərəfli miqyasda əməkdaşlığını genişləndirir. Azərbaycan, Avropa İttifaqının “INOGATE” və “EU4Energy” proqramlarının fəal iştirakçısıdır.

Tullantıların idarə olunması və “sikrulyar” iqtisadiyyat

Azərbaycan kənd təsərrüfatı sektorunu inkişaf etdirir və bu aspekt bio-enerjinin istehsalı üçün böyük imkanlar yaradır. Bu xüsusda, Azərbaycan tullantıların emalını və təkrar istifadəsini genişləndirmək niyyətindədir. Tullantıların davamlı idarə olunması ölkənin sosial-iqtisadi siyasət istiqamətinin tərkib komponentidir. Ölkədə ev təsərrüfatlarının bio-tullantılarından enerjinin istehsalı üçün nəzərəçarpacaq potensial var. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya” sirkulyar iqtisadiyyatın inkişafında mühüm mərhələ olub. Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tullantıların insinerasiyası sisteminin bariz nümunəsidir. Xüsusən ətraf mühit vəziyyətinin optimallaşdırılması məqsədilə dövlətə məxsus olan “Təmiz Şəhər” ASC-yə müasir standartlara uyğun olaraq ev təsərrüfatı tullantılarının idarə olunması funksiyası verilib. Balaxanı poliqonu gündəlik əsasda toplanılan bərk məişət tullantılarının zərərsizləşdirilməsi məkanıdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində bərk məişət tullantılarının idarə olunması sistemi Bakı şəhərində çox səmərəli fəaliyyət göstərir. Hövsan Aerasiya Stansiyası Cənubi Qafqazda ən böyük tullantı suların təmizlənməsi mərkəzidir və toplanılmış tullantılardan enerjinin istehsal olunması məqsədilə bio-enerji zavodunun inşası planlaşdırılır. Eyni zamanda, sənaye şirkətləri xüsusən texnologiyalarının modernizasiyası vasitəsilə tullantıların idarə olunması sistemlərini davamlı olaraq təkmilləşdirirlər.

Nailiyyətlər

“Yeni Yaşma Külək Parkı” Cənubi Qafqazda fəaliyyət göstərən ən böyük unikal külək stansiyasıdır. “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” Azərbaycanda inşa edilmiş ilk hibrid-tipli bərpa olunan enerji stansiyasıdır. “Samux Aqro-enerji Yaşayış Kompleksi” elektrik enerjisinin və istiliyin istehsalı məqsədilə bərpa olunan enerji növləri ilə təchiz edilib. Pirallahı və Çilov adalarında təsis olunacaq “Külək adası-1” layihəsi dənizdə neft istehsalı zonasında tikiləcək ilk külək stansiyalarından biri olacaq. Digər əlamətdar layihə Sabirabad rayonunda bio-yanacağın inkişaf etdirilməsi üçün zavodun inşasıdır. Eyni zamanda, gələcəkdə Azərbaycanda üzən günəş panel şəbəkəsinin təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, Xəzər dənizində mövcud olan əlverişli imkanlar sayəsində dalğa və dəniz külək enerjisi böyük imkanlar təklif edir. Həmçinin ölkənin əsasən dağlıq rayonlarındakı dərin geo-termal resurslarından elektrik enerjisinin istehsalı əlverişli perspektivlər vəd edir.

Ətraf mühit təhlükəsizliyi

Azərbaycan istixana qaz emissiyalarının azaldılmasına əhəmiyyət verir. Bununla əlaqədar olaraq iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə qlobal səylərə qoşulan Azərbaycan İqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması üçün beynəlxalq həmrəyliyə töhfəsini verib. Ölkəmiz az-emissiya siyasətinə üstünlük verir. Azərbaycanın iqlim dəyişikliyinin mənfi təsirlərini qəbul edən tərəf olmasına baxmayaraq, ölkə “karbon dioksid” emissiyalarının qlobal azaldılmasına çalışır. Qlobal istiləşmə ilə mübarizə aparaq məqsədilə universal səylərin dəstəklənməsi üçün Azərbaycan 2030-cu ilədək istixana qaz emissiyalarının səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı salınmasını hədəf götürüb. Digər tədbirlərlə yanaşı, qabaqcıl texnologiyaların, “nou-hau”nun və ekspertizanın tətbiqi vasitəsilə yerli sənayenin istehsal üsulları davamlı olaraq müasirləşdirilir. Bu xüsusda, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ekoloji davamlılıq üçün mühüm hərəkətverici qüvvə olacaq.

SOCAR: bərpa olunan enerji mənbələrinin ətraf mühit cəhətdən təmiz təcrübələrdə əsas xəttə çevrilməsi

Dünyanın qabaqcıl transmilli enerji şirkətlərindən biri olan SOCAR biznes proseslərində istifadə olunması məqsədilə bərpa olunan enerjilərə sərmayə yatırır. Özünün sıfır-emissiya hədəfinin tərkib hissəsi kimi, ekoloji davamlılığa töhfə vermək və təmiz enerjini təşviq etmək məqsədilə SOCAR Bakı şəhərində Ekologiya Parkı yaradıb. Ekologiya Parkı neftlə çirklənmiş ərazinin təmizlənməsi sayəsində yaradılıb. Eko-parkda külək enerjisi turbini və günəş paneli instalyasiya edilib. SOCAR-ın əsasən ənənəvi enerji mənbələri üzrə ixtisaslaşmasına baxmayaraq, şirkət bərpa olunan enerji mənbələrindən özünün neft-təbii qaz mədənlərində istifadə edir və dənizdəki obyektlərinə enerjinin təchiz olunması məqsədilə bərpa olunan enerji variantlarını nəzərdən keçirir. SOCAR digər istehsal obyektlərində də günəş və külək enerjisi sistemini, eləcə də ətraf mühit cəhətdən təmiz texnologiyaların və metodların tətbiqini genişləndirməyi planlaşdırır. “Yaşıl” Bina və Səmt Qazının Tutulması Proqramları, o cümlədən dayanıqlı nəqliyyat sistemi SOCAR tərəfindən implementasiya olunan ətraf mühit davamlılığı fəaliyyətlərinin bariz nümunələridir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 140

QHT və MEDİA

2020-07-14 17:25:04

QHT və MEDİA
Azay Quliyev QHT-lərə müraciət etdi
Azay Quliyev QHT-lərə müraciət etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri...

2020-07-14 08:35:35

QHT və MEDİA
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...
Hikmət Hacıyev: Ermənistanın hərəkətləri...

Bu cür hərbi avantüra sayəsində Ermənistan üzv olduğu siyasi və hərbi təşkila...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...